Üçcildlik Azərbaycan dilçiliyi müntəxəbatı



Yüklə 53,65 Kb.
Pdf görüntüsü
tarix07.01.2024
ölçüsü53,65 Kb.
#211807
cildlik Az rbaycan dil iliyi m nt x bat



Üçcildlik Azərbaycan dilçiliyi müntəxəbatı
Hər bir elm öz tarixini yaratmaq, özünü təsdiq 
etmək üçün müəyyən inkişaf yolu keçməlidir. Dünya 
dilçiliyindən, türkolojidən heç də geri qalmayan 
Azərbaycan dilçiliyi yüksələn xətt üzrə inkişaf 
etməkdədir. Orta yüzilliklərdə təməli qoyulmuş 
Azərbaycan dilçiliyi çox sürətlə inkişaf edərək öz 
nüfuzunu daha da artırdı. Sonrakı dövrlərdə elmi 
qrammatikamız formalaşdı, güclü potensialı olan 
Azərbaycan dilçi kadrları yetişdi, dilçiliyimizin yeni 
sahələri meydana gəldi, dilçiliyimizin nəzəri səviyyəsi 
yüksəldi, tətbiqi genişləndi.
Dilçilik tariximiz görkəmli alimlərimiz-dilçilərimiz 
tərəfindən də yüksək qiymətləndirilmişdir: "Dilçiliyimizin 
cəmi 60 il müddətində keçdiyi inkişaf yolu keçmişin bir 
neçə əsrindən qat-qat artıq olmuşdur" (akademik A.A. 
Axundov); "Azərbaycan dilçiliyi oktyabr meyvəsidir" 
(Ə.Dəmirçizadə). 
Beləliklə, bu dövrlərdə Azərbaycan dilçiliyi bir elm kimi tam formalaşa bildi. 
Dilçiliyimizin eninə və dərininə inkişafı həmin dövrləri səciyyələndirən ən başlıca 
amillərdəndir. 
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və 
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası 
Prezidentinin sərəncamında deyildiyi kimi, "1945-ci ildə Azərbaycan Elmlər Akademiyası 
təşkil olunduqdan sonra Azərbaycan dilçiliyi yeni mərhələyə qədəm qoydu. 1969-cu ildə 
müstəqil Dilçilik İnstitutunun fəaliyyətə başlaması ilə dilşünaslıq elmimizin sürətli inkişaf 
yolu tutaraq ardıcıl şəkildə müvəffəqiyyətlər qazanması 
üçün möhkəm zəmin yarandı". 
Bununla belə, Azərbaycan dilçiliyinin həllini tapmamış 
problemləri də mövcuddur. Bu problemlərdən biri də 
Azərbaycan dilçiliyi tarixindən ayrılmaz olan dilçilik 
müntəxəbatının hazırlanması və nəşri məsələsidir. 
Müntəxəbatın indiyə kimi olmaması ancaq təəssüf doğura 
bilərdi. 
Artıq üçcildlik "Azərbaycan dilçiliyi müntəxəbatı" 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 
29 may 2012-
ci il tarixli sərəncamına əsasən nəşr 
olunmuşdur. Müntəxəbatlar Azərbaycan xalqının ümummilli 
lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr 
edilmişdir. Qeyd edək ki, müntəxəbatlar akademik 
A.A.Axundovun 
və 
AMEA-nın 
müxbir 
üzvü 


K.M.Abdullayevin rəhbərliyi altında, filologiya elmləri doktoru, professor F.Y.Veysəllinin 
ümumi redaktəsi ilə nəşr edilmişdir. I cildin tərtibçisi, izah və şərhlərin müəllifi, filologiya 
elmləri üzrə fəlsəfə doktoru T.Quliyev, II cildin tərtibçisi, izah və şərhlərin müəllifləri 
filologiya elmləri doktorları, professorlar S.Mehdiyeva, S.Sadıqova və İ.Tahirovdur, III cildin 
tərtibçisi, izah və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İ.Kazımovdur. Nəşrin 
hazırlanmasında redaktə işlərini filologiya elmləri doktoru professor M.Mahmudov, filologiya 
elmləri üzrə fəlsəfə doktoru, dosent E.İnanç, professor S.Sadıqova və İ.Tahirov yerinə 
yetirmişlər. Mətnlərin toplanmasında filologiya elmləri doktoru, professor İ.Məmmədlinin də 
əməyini qiymətləndirmək olar. 
Hər üç cilddə "Ön söz" verilmiş, burada Azərbaycan dilçiliyinin dünəni, bu günü izah 
olunmuş və sabahı proqnozlaşdırılmışdır. Eyni zamanda Kamal Abdullayev və Fəxrəddin 
Veysəllinin yazdıqları "ön söz"də dilimizə və dilçiliyimizə dövlət qayğısı əsaslandırılmışdır. 
Burada deyilir: "Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi 
əhəmiyyət daşıyan məsələləri müasir tədqiqat metodlarının köməyilə az və ya çox 
dərəcədə işlənib hazırlanıb, fonetika və fonologiya, morfologiya və morfonologiya, 
leksikoqrafiya və leksikologiya, sintaqmatika, praqmatika və semantika sahələrində 
müəyyən tədqiqatlarımız və uğurlarımız danılmazdır. Azərbaycanda son 20 il ərzində 
ümumdünya dilçiliyinin tərkib hissələri olan semiotika, transliterasiya, terminologiya, 
neyrolinqvistika, etnolinqvistika, psixolinqvistika və uşaq dilçiliyi kimi yeni elm sahələri 
formalaşmağa başlamışdır. İndi bizdə rusistika, germanistika, romanistika, mətn dilçiliyi, 
funksional dilçilik və koqnitiv dilçilik sahəsində yeni istiqamətlər formalaşmaqdadır, bu 
aspektlər üzrə ciddi elmi araşdırmalar aparılır" (s.6). 
Qeyd edək ki, Azərbaycan dilçiliyinin inkişaf konsepsiyasına müvafiq olaraq aparılan 
tədqiqatlar təkcə şəxsi karyera üçün aparılmamış, dövlətin, cəmiyyətin maraq və 
ehtiyaclarına xidmət etmişdir (akademik R.Mehdiyev). 
Bu gün yüksək səviyyədə hazırlanmış müntəxəbat 
d

dünya 
elm 
məkanına 
inteqrasiya 
kimi 
qiymətləndirilməlidir. 
Müntəxəbatın I cildi Mahmud Kaşğarlıdan I Türkoloji 
Qurultaya qədərki dövrü əhatə edir. Bu cild vaxtı ilə 
Azərbaycan dili haqqında söylənmiş fikir və mülahizələri 
özündə inikas etdirir. Həmin cilddə Mahmud Kaşğarlı, 
Mirzə Kazımbəy, Bəkir Çobanzadə, Ə.Cəfəroğlu kimi 
görkəmli türkoloqların elmi əsərlərindən müəyyən hissələr 
və fraqmentlər verilmişdir. I cilddə eləcə də I Türkoloji 
Qurultayın materiallarından-məruzələrdən seçmələr və 
onlar barədə dilçilərimizin verdikləri dəyərli fikirlər, qiymət 
əksini tapmışdır. 
I Türkoloji Qurultayın tarixi əhəmiyyəti bəllidir. 1926-
cı ildən sonra orada deyilmiş fikirlər, oxunmuş məruzələr 
arxivlərin künc-bucağında qalmış, məlumatsızlıq xeyli müddət davam etmişdir. Azərbaycan 
öz müstəqilliyini qazanandan sonra F.Ağazadənin, Aşmarin Nikolayın, B.Çobanzadənin, 
F.Köprülüzadənin, Şerba Levin, Nikolay Yakovlevin, Hənəfi Zeynallının məruzələri əldə 


edildi və bu müntəxəbatda da çap həllini tapdı. Birinci Türkoloji Qurultayın məruzələrindən 
seçmələrdə Türk dilində imla qaydaları (F.Ağazadə), türkologiyanın keçmişi və onun 
hazırkı vəziyyəti haqqında (Aşmarin Nikolay), türk ləhcələrinin yaxın qohumluğu haqqında; 
elmi terminologiya sistemi haqqında (B.Çobanzadə), türk xalqlarında ədəbi dilin inkişafı 
(F.Köprülüzadə), doğma dilin tədrisi metodikasında ən yeni cərəyanlar (Şerba Lev), 
orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti (Şerba Lev), türk millətlərinin 
sosial və mədəni şəraiti ilə əlaqədə əlifba sisteminin qurulması proqramı (N.Yakovlev), türk 
dilləri üzrə elmi terminologiya sistemi haqqında (H.Zeynallı) maraqlı tarixi məlumatlara 
yiyələnmək mümkündür. 
Müstəqillik illərində respublikamızda Birinci Türkoloji Qurultayın 80 illiyi təntənəli 
şəkildə keçirildi. Dünyanın əksər ölkəsindən dəvət olunmuş alimlər bu qurultayda yaxından 
iştirak etdilər. Tarixi məruzələrə müxtəlif baxışlar formalaşdı. Müntəxəbatın I cildində 
qurultaydakı məruzələrə verilmiş dəyərləndirmələr də bu baxımdan xüsusilə seçilir. 
A.Axundovun "Birinci Türkoloji Qurultay və müasir türk dünyası", T.Hacıyevin "Birinci 
Türkoloji Qurultayın ədəbi dil məsələləri", S.Mehdiyevanın "Azərbaycan dili tarixi Türkoloji 
Qurultay işığında", Əbülfəz Quliyevin "80 ildə qədim türk etnonimlərinin öyrənilməsi 
məsələləri", M.Musaoğlunun "Türkoloji dilçilik Birinci Türkoloji Qurultaydan öncə və sonra", 
F.Veysəllinin "I Türkoloji Qurultay - 80 il əvvəl, sonra və əlifbamızın həll olunmamış 
problemləri". Bu qiymətləndirmə meyarları da sözügedən müntəxəbatda görünür və bu 
vəsaitin dəyərini bir daha artırır. 
Müntəxəbatın II cildi I Türkoloji Qurultaydan XX əsrin 60-cı illərinə qədərki dövrü 
əhatə edir. Bu mərhələni N.Ağazadə, Q.Bağırov, C.Cəfərov, S.Cəfərov, M.Cahangirov, 
Ə.Dəmirçizadə, Ə.Əfəndizadə, F.Kazımov, A.Qarayev, Ə.Mahmudov, H.Mirzəzadə, 
R.Məhərrəmova, Ə.Orucov, M.Hüseynzadə, Ə.Şükürlü, M.Şirəliyev, M.Tağıyev, 
Z.Tağızadə, A.Vəliyev, F.Zeynalov kimi görkəmli dilçilər təmsil etmişlər. Həmin dilçilər 
haqqında da müəyyən biblioqrafik məlumat verilir, onların ən lazımlı əsərlərindən parçalar 
müntəxəbatın sözügedən cildində verilmişdir. Həmin parçalardan məlum olur ki, 
N.Ağazadə müasir Azərbaycan ədəbi dilində şəkil kateqoriyasını ilk dəfə modallıq 
kateqoriyası ilə müqayisədə öyrənmiş, Q.Bağırov dilimizdə fellərin leksik-semantik 
inkişafını xalqımızın tarixi inkişafı ilə bağlı araşdırmış, C.Cəfərov tədqiqatlarını üç 
istiqamətdə- metodiki, tərcüməçilik və leksikoqrafik, elmi-nəzəri yönlərdə qurmuş, 
S.Cəfərov dilimizin lüğət tərkibini, söz yaradıcılığı prosesini hərtərəfli araşdırmış, 
M.Cahangirov Azərbaycan milli ədəbi dilinin təşəkkülü, təkamülü, aparıcı üslubları 
haqqında öz sözünü demiş, Ə.Dəmirçizadə Azərbaycan ədəbi dilinin tarixini dövrləşdirmiş, 
müasir dilimizin fonetikası, üslubiyyatı, tarixi qrammatikası barədə tutarlı fikirlər demiş, 
Ə.Əfəndizadə Azərbaycan dili orfoqrafiyasının prinsipləri, qaydaları və tədrisinin elmi 
əsaslarını müəyyənləşdirmiş, düzgün yazı təliminin əsas problemlərini tədqiq etmiş, 
F.Kazımov dilimizdə fonemi müəyyənləşdirmək üsullarını aydınlaşdırarkən dilimizin sait 
fonemləri üçün güclü mövqe söz kökünü hesab etmiş, məsələyə saitlərin fonematik mənası 
baxımından yanaşmış, ingilis dili ilə müqayisələr aparmış, A.Qarayev müasir Azərbaycan 
dilində Avropa mənşəli sözlərin semantik-statistik təhlilini vermiş, həmin sözlərin izahlı 
lüğətini yaratmış, Ə.Mahmudov Azərbaycan dilinin fonetik sisteminin və onunla əlaqədar 
olan fonetik hadisə və qanunların dəqiq və hərtərəfli təhlilini aparmış, H.Mirzəzadə nəsr dili, 
tarixi fonetika, tarixi morfologiya haqqında əsaslı təhlillər vermiş, R.Məhərrəmova ədəbi dil 
tariximiz, funks
ional üslublar, tarixi qrammatika, leksika məsələlərinə dair çoxsaylı kitablar 
yazmış, Ə.Orucovun ən böyük xidməti Azərbaycan dilinin izahlı lüğətinin nəzəri əsaslarının 


hazırlaması və həmin lüğətin dörd cilddə nəşr etməsi olmuş, M.Hüseynzadə Dövlət 
mükafatına layiq görülmüş morfologiya yazmış, Ə.Şükürlü qədim türk yazılı abidələrinin 
dilini tədqiq etmiş, dilimizə məxsus köməkçi nitq hissələrinin fonomorfoloji inkişaf tarixini 
nəzərdən keçirmiş, M.Şirəliyev Azərbaycan dialektologiyasının, Bakı dialektinin əsaslarını 
hazırlamış, M.Tağıyev rusca-azərbaycanca frazeoloji lüğətlərin nəzəri və praktik məsələləri 
ilə məşğul olmuş, Z.Tağızadə eksperimental fonetika, mürəkkəb cümlə məsələlərinə 
aydınlıq gətirmiş, A.Vəliyev Azərbaycan dilində keçid şivələrini xüsusi tədqiqat obyekti 
seçmiş, F.Zeynalov türk dillərində nitq hissələrini təsnif etmiş, əsas və köməkçi nitq 
hissələrinin müqayisəli qrammatikasını yaratmışdır. 
Göründüyü kimi, tərtibçilər sözügedən müəlliflərin çox dəyərli və bir-birindən fərqli 
konsepsiyalarını əks etdirən mətnlərə müraciət etmişlər. 
Həcmcə ən böyük cild III cilddir. Müntəxəbatın III cildi XX əsrin 60-cı illərindən 
günümüzə qədərki dövrü əhatə edir. Bu mərhələni müntəxəbatda görkəmli və tanınmış 
dilçilər - Ə.Abdullayev, M.Adilov, V.Aslanov, A.Axundov, H.Bayramov, Z.Budaqova, 
T.Hacıyev, Ə.Cavadov, A.Ələkbərov, T.Hacıyev, M.Qasımov, M.Qarayeva, A.Qurbanov, 
A.Məmmədov, V.Məmmədəliyev, Y.Seyidov təmsil etmişlər. Müəllif-tərtibçi Ə.Abdullayevin 
"Azərbaycan dilində r-n nisbəti" məqaləsini, həmçinin onun "Müasir Azərbaycan dilində 
tabeli mürəkkəb cümlələr" monoqrafiyasından "Müasir Azərbaycan dilində mürəkkəb 
cümlənin təkamül meyilləri" adlı parçanı, M.Adilovun M.Füzulinin poetik dili və üslubunu 
əks etdirən "Semantik-üslubi xüsusiyyətlər" adlı hissəni, V.Aslanovun Azərbaycan dilinin 
tarixi leksikologiyasına dair tədqiqlərindən rekonstruksiya (bərpa) problemi kimi maraqlı 
parçanı, A.Axundovun "Ümumi dilçilik" kitabından "Dilin daxili quruluşu məsələləri", eləcə 
də 
"Seçilmiş 
əsərləri"ndən 
"Felin 
zamanlarının 
qrammatik 
və 
məna 
xüsusiyyətləri", H.Bayramovun "Azərbaycan dili frazeologiyasının nəzəri əsasları" 
kitabından "Frazeoloji cümlələr", "Azərbaycan frazeologiyasının məna quruluşu", 
Z.Budaqovanın "Müasir Azərbaycan dilində sadə cümlə" monoqrafiyasından "Cümlənin 
əlamətləri", Ə.Cavadovun "Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası" 
monoqrafiyasından "Dil vahidlərinin sıralanması sistemi", A.Ələkbərovun "Müasir 
Azərbaycan dilinin semasiologiyası" (kollektiv) kitabında verilmiş "Leksik semantikanın bəzi 
metodoloji məsələləri", həmçinin də onun "Müasir Azərbaycan dili" əsərində verilmiş "Söz 
nəzəriyyəsinə giriş", T.Hacıyevin "Azərbaycan ədəbi dili tarixi" fundamental cildlərindən 
"Azərbaycan ədəbi dilinin dövrləri", M.Qasımovun "Azərbaycan dili terminologiyasının 
əsasları" kitabından "Terminin spesifikası", M.Qarayevanın "Sintaksariy i modelirovanie 
yazıkovıx universaliy" əsərindən "İerarxiçeskaya svyaz strukturı yazıka", A.Qurbanovun 
"Azərbaycan dilinin onomalogiyası" kitabından "Giriş", A.Məmmədovun "Tyurkskiye 
soqlasnıye: anlaut i kombinatorika" kitabından "Teoretiçeskiye voprosı sravnitelno-
istoriçeskoqo izuçeniya soqlasnıx tyurkskix yazıkov: anlaut i kombinatorika", 
V.Məmmədəliyevin "Ərəb dilçiliyi" kitabından "Misir qrammatika məktəbi", "Misir ərəb 
dilçiliyi" və Y.Seyidovun "Azərbaycan dilində söz birləşmələri" adlı monoqrafik tədqiqatının 
mühüm hissələrini seçmişdir. 
Azərbaycan dilçiliyi tarixində belə dövrləşmə yenidir və həmçinin də həqiqi inkişaf 
tarixini və dilçilik mühitini əks etdirir. 
Bu müntəxəbatlar böyük türkoloq alim Mahmud Kaşğaridən üzü bəri görkəmli və 
tanınmış dilçilərin seçilmiş əsərlərinin ən yaxşı hissələrindən ibarətdir. Xrestomatiya 


materiyaları keçilən dövrü tam əks etdirir. Bunları seçilmiş əsərlər məcmuəsi, eləcə də 
dərslik də adlandırmaq olar. Həmin müntəxəbatlara müəlliflərin, alimlərin seçilmiş 
əsərlərindən və ya onların hissələrindən ibarət dərs vəsaiti kimi də baxmaq olar. Seçilmiş 
materiallar, əlbəttə, digər materiallardan öz məziyyətləri, dəyəri ilə seçilən, fərqlənən 
parçalardır. 
Mütəxəssislərin, dissertant və doktorantların, tələbələrin çox çətinliklə əldə etmək 
istədikləri dilçilik mətnləri bu toplularda öz əksini tapmış olduğu üçün aparılacaq tədqiqat 
işlərini də asanlaşdıra bilər. Bu baxımdan da müntəxəbatlar dəyərini qoruyub saxlayır. 
Çox yaxşı haldır ki, tərtibçilər bəzi müəlliflərin əsərlərinin bir çoxundan parçalar 
vermişlər, bu da müntəxəbatın əhəmiyyətini bir daha artırır. Məsələn, Əhməd Cəfəroğlunun 
"Azəri ləhcəsində bəzi monqol ünsürləri", "Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri", "Dil 
guşəsi", "Azəri sözlüyü" bu cür parçalardandır və ayrıca məqalə təşkil edir. 
Müntəxəbatda izah və şərhlər öz yığcamlığı və parçanın müəllifi barədə əsaslı 
məlumat verməsi ilə fərqlənir. Mətnlər həm Azərbaycan, həm də rus dillərindədir. Məsələn, 
M.Kazımbəyin məşhur qrammatikasından ("Obşaya qrammatika turesko-tatarskoqo-
yazıka" əsəri həm rus, həm də Azərbaycan dillərində verilmişdir. Həmin parçanı dilimizə 
Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru A.Ələkbərova çevirmişdir. 
Müntəxəbatın başlıca məziyyətlərindən biri də müəlliflərin digər əsərlərinin də 
siyahısının sonda verilməsidir. Bu da oxucunu həmin parça müəllifinin başqa əsərləri ilə də 
tanış olmaq imkanı yaradır. 
Müntəxəbatda təqdim olunan bəzi mətn hissələrinin dili sadələşdirilmişdir. Məsələn, 
Bəkir Çobanzadənin 1929-cu ildə "Azərnəşr" tərəfindən çap edilmiş "Türk qrameri" 
əsərindən verilmiş hissə tərtibçi T.Quliyev tərəfindən düzgün olaraq anlaşmanı təmin etmək 
üçün sadələşdirilmişdir. 
Müntəxəbatlarda "Ad göstəricisi", "Özək sözlər" də yerinə görə münasibdir, vəsaitlə 
daha yaxından, intensiv tanış olmaq işini yüngülləşdirir. 
Müntəxəbata düşməyən dilçilərimiz də var. Bu layihə davamlı olduğu üçün gələcək 
tədqiqatlarda həmin çatışmazlıq da nəzərə alınmalıdır. Belə dəyərli bir işin bəzi 
səhifələrinin texniki tələblərə cavab verməməsi təəssüf doğurur. Buna baxmayaraq, 
müntəxəbatlar milli dilçilik elmimizin inkişafına yeni bir töhfə kimi dəyərləndirilə bilər. 

Yüklə 53,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin