Maddə 505. Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma
Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda -
ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür.[73]
2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.[74]
Maddə 506. Banklar və ya digər kredit təşkilatları tərəfindən müvafiq icra hakimiyyəti orqanının qərarlarının icra edilməməsi
Banklar və ya digər kredit təşkilatları tərəfindən gömrük ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında müvafiq icra hakimiyyəti orqanının vəsatətlərinin icra edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə -
ödənilməmiş gömrük ödənişlərinin məbləğinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Maddə 507. İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalı
İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə -
inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Maddə 508. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda idxal edilməsinə görə -
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür.
Maddə 509. Gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsi, yaxud bu cür fəaliyyət qaydalarının və şərtlərinin pozulması
509.1. Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərilməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
509.2. Gömrük brokerinin (gömrük təmsilçisinin), səlahiyyətli iqtisadi operatorun və ya gömrük daşıyıcısının qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunla nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri (təmsilçisi) kimi fəaliyyət göstərilməsinin gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə -
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
FƏSİL 38
İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar
Dostları ilə paylaş: |