XII fəsil YENİ AÇILMIŞ HALLAR ÜZRƏ İCRAAT Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
Maddə 101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır.
Maddə 102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.
Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
Maddə 104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir:
104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat;
104.1.2. icraatın təzələnməsi üçün əsaslar;
104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat;
104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat.
104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur.
Maddə 105. Məhkəmə qərarının icrasının yalnız ərizə (vəsatət) əsasında dayandırılması 105.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. 105.2. Məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur.
Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.
106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.
106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
Maddə 107. Yeni açılmış hallar üzrə icraat 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir.
107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir.