2.Əkizlər metodu uşağın irsiyyəti, xüsusilə mikromühitdə aparılan təlim-tərbiyə ilə irsiyyət arasındakı münasibətləri müəyyənləşdirir. Əkizlər metodu əkiz cütlərin üzərində müşahidələrə, həmçinin ata və ana xətti ilə qohumluq əlaqələrinin tarixinə, daha geniş şəkildə qan qohumluğunun müəyyən edilməsinə, bu nəsillərin hansında əkizlərin doğulub-doğulmaması hallarının araşdırılmasına istinad edir. Irsi xüsusiyyətlərin inkişafına mikromühit bəzən imkan vermir və bunun nəticəsində istedadlı valideynlərdən doğulan uşaqlar öz irsini davam etdirmir. Fransız psixoloqu R.Zazzo əkizlər üzərində uzun illər boyu tədqiqatlar apararaq onlarda sosial mühitin təsiri ilə yaranan fərqlərin araşdırılmasına nail olmuşdur.
3.Ana gündəlikləri metodu böyük elmi faktlar mənbəyidir. Bir sıra psixoloqlar öz övladları və ya nəvələri üzərində bu tədqiqat metodundan istifadə etməklə, maraqlı faktlar əldə etmişlər. Sistematik aparılan qeydlərə əsaslanan “ana gündəlikləri” metodu uşağın psixi inkişaf tarixi haqqında qiymətli materiallar əldə etməyə imkan verir. Ayrı-ayrı psixi proseslərin təşəkkülü, psixi keyfiyyətlərin təzahürləri haqqında ana gündəlikləri vasitəsilə əldə edilən faktlar uşağın psixi inkişafının tam mənzərəsi haqqında zəngin məlumat mənbəyidir.
Ana gündəlikləri və əkizlər metodu uşağın ontogenezinin ilkin dövrlərində onların psixi inkişafının xüsusiyyətlərinin öyrənilməsinə xidmət etdiyinə görə ancaq uşaq psixologiyasının metodları kimi nəzərdən keçirilməlidir.
4.Söhbət (sorğu) metodu uşaq psixologiyasının metodları sırasında özünəməxsus əhəmiyyətə malikdir. Bu metod müsahiblə sıx qarşılıqlı şəxsi əlaqəyə əsaslanır. Uşaqlarla söhbət üçün sualların düzgün seçilməsi xüsusi məharət tələb edir. Söhbət metodunun xüsusi forması kliniki söhbətdir. Bu metod nisbətən sərbəst metoddur ki, bu zaman davranış reaksiyaları nəzərə alınmır. Son illər uşaq psixologiyasında geniş tətbiq olunan metodlardan biri də diaqnostik sorğu metodudur. Bu metod uşaqların psixodiaqnostik imkanlarının inkişaf səviyyəsini qiymətləndirmək məqsədinə xidmət edir. Söhbət metoduna aid edilən metodlardan biri də anket sorğusudur. Anket sorğusu statistik materialların toplanmasına xidmət edir. Anket metodu vasitəsilə hər bir uşağın qrupda, yaşıdları arasında mövqeyi, onlar arasında qarşılıqlı münasibətlərin xarakteri öyrənilir və qiymətləndirilir. Uşaq haqqında məlumat toplamaq üçün anket sorğusu valideynlərlə də aparıla bilər.
Dostları ilə paylaş: |