28. Kiçik məktəbli şəxsiyyətinin formalaşması
Plan:
1. Kiçik məktəblinin formalaşmasında məktəbin rolu
2. Kiçik məktəblinin formalaşmasında kollektivin rolu
3. Kiçik məktəblinin formalaşmasında müəllimin rolu
4. Kiçik məktəblinin formalaşmasında tələbat və maraqların rolu
Kiçik məktəbli şəxsiyyətinin inkişafında psixi, fiziki və mənəvi keyfiyyətlərə şüurlu münasibət, özünüqiymətləndirmə mühüm rol oynayır. Bu prosesdə uşaq müstəqilliyə daha çox meyl edir, yaşlılardan asılılıq tədricən azalır, ətraf mühitlə əlaqə genişlənir. Bu da imkan verir ki, uşaq özünü dərk etsin, həmkarlarının ləyaqətini və çatışmayan cəhətlərini qiymətləndirsin.
Kiçik məktəblinin formalaşmasında məktəb mühüm rol oynayır. Uşağın sinif kollektivinə daxil olması bir tərəfdən onda kollektivçilik hissinin meydana gəlməsinə, digər tərəfdən isə şəxsiyyətlərarası münasibətlərin yaranmasına səbəb olur. Kollektiv daxilində kiçik məktəblilərin bir-birinə münasibətində tədricən əsaslı dəyişikliklər nəzərə çarpır. Birinci sinifdən başlayaraq şagird tədris fəaliyyətinə sinfin qarşısında dayanan ümumi vəzifə kimi baxır. Tədris fəaliyyəti tədricən uşaqları bir-biri ilə bağlayır və onların bir-birinə qarşılıqlı köməyini, tələbkarlığını təşəkkül etdirir. Kiçik məktəblilərdə məktəbin ictimai həyatı ilə əlaqədar maraq, meyl və münasibətlər də meydana gəlir. Bu vaxt müəllim uşağın fəaliyyətinə rəhbərlik və nəzarət edir ki, bu da şagirdlərdə kollektiv ictimai rəyin formalaşmasına səbəb olur. Müəllim sinifdəki uşaqların qarşısında başqa adamlarla hesablaşmaq, əxlaq normalarını mənimsəmək, öz davranış qaydalarına nəzarət etmək kimi məsələlər qoyur. Bu da öz növbəsində uşaqları həm yoldaşları ilə, həm də sinfin işi ilə maraqlanmağa təhrik edir. Uşaqlar tədricən özlərini kollektivin ayrılmaz hissəsi hesab edirlər.
Kiçik məktəblinin formalaşmasında kollektiv mühüm rol oynayır. Hər cür birgə fəaliyyət kollektiv münasibəti formalaşdırmır. Bunun üçün birgə fəaliyyəti elə təşkil etmək lazımdır ki, şagirdin icra etdiyi iş digərinin fəaliyyəti ilə sıx əlaqədə olsun. Aparılan müşahidələr göstərir ki, I-II siniflərdə formalaşan kollektiv münasibət şagirdlərin dərsdəki davranışı və təlim prosesi ilə əlaqədardır. III və IV siniflərdə isə bu hal genişlənib müxtəlif xarakter alır. Deməli kiçik məktəbli tədricən kollektiv davranış qaydalarını mənimsəyir və onda yeni-yeni əxlaqi keyfiyyətlər təşəkkül tapır. Birinci sinif şagirdlərinin əksəriyyəti, ikinci sinif şagirdlərinin isə müəyyən hissəsi müəllimin tapşırıqlarını səy və məsuliyyətlə yerinə yetirməklə bərabər, başqa yoldaşlarının da həmin tapşırığı icra etməsinə tələbkarlıq göstərirlər. Bu tələbkarlığın xarakteri tədricən dəyişir. Belə ki, üçüncü sinif şagirdləri yoldaşlarının hərəkət və davranışını öz aralarında müzakirə edir, onlara təsir göstərməyə çalışırlar. Bu halın genişlənməsi kollektiv daxilində münasibətlərin formalaşmasına müsbət təsir göstərir.
Kiçik məktəblinin formalaşmasında müəllim mühüm rol oynayır. Müəllimin fikri, rəyi kiçik məktəblilər üçün əsas hesab olunur. Uşaqlar öz müəllimlərinin hörmətini sözsüz saxlayırlar, onu ən yaxın köməkçi, məsləhətçi kimi qəbul edirlər. Ona görə də özlərinin hər cür dərd-sərlərini müəllimlə bölüşməyə hazır olur, hər cür təsadüfi, kiçik və şəxsi məsələlərdə onunla məsləhətləşir, kömək gözləyirlər. Qarşılıqlı münasibətin formalaşması sayəsində kiçik məktəblilər müəyyən əxlaqi tələbləri mənimsəyirlər.
Məktəbə daxil olmuş uşaqların tələbat və maraqları olduqca müxtəlif və rəngarəng xarakter daşıyır. Təlim prosesi ilə əlaqədar şagirdlərdə məktəbin daxili qanun-qaydalarını gözləmək, dərsdə sakit əyləşib müəllimin söylədiklərini dinləmək tələbatı təşəkkül tapır. Bu cür tələbatların meydana gəlməsində müəllimin nümunəvi rəftarı, səmimi tələbkarlığı, şəxsi nüfuzu mühüm rol oynayır. Müəllim şagirdin gözü qarşısında ətraf varlığın zənginliklərini bir növ nümayiş etdirir. Bu da uşaqda təlim maraqlarının inkişafına səbəb olur. Oxumaq get-gedə ən maraqlı prosesə çevrilir. Kiçik məktəbli müntəzəm olaraq qavradıqlarından əlavə, hadisələrin sonrakı inkişafı da onu maraqlandırır. Onun maraq dairəsi genişlənir, o, yeni arzu və xəyallarla yaşayır.
Kiçik məktəblilər adamların rəftar və davranışlarını qiymətləndirməyə də maraq göstərirlər. Eyni zamanda, onlarda başqasının qeydinə qalmaq, insanlara həssaslıq göstərmək, onlara hörmət etmək kimi meyllərə də təsadüf edilir. Həmçinin kiçik məktəblilərdə səyahətə, sərgüzəştli hadisələrə, idman oyunlarına, xüsusilə futbola maraq inkişaf edir. Lakin belə hadisələr şagirdlərin dərs öyrənməsinə mane olur. Ona görə də elə etmək lazımdır ki, bu cür hadisələr onların dərs oxumasına mane olmaq əvəzinə, əksinə, onları tədris işinə təhrik etsin. Tələbat və maraqların həyatla, şagirdlərin praktik fəaliyyəti ilə sıx birliyi onları daha yaxşı inkişaf etdirir. Beləliklə, şagirdlərin formalaşmasında kollektivdə qarşılıqlı münasibətlərin, tələbat və maraqların olduqca böyük əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |