Diqqətin növləri. Diqqət mürəkkəb psixi hadisə kimi insan fəaliyyətinin bütün sahələrinə xidmət edir. Diqqətin növlərinin təsnifatı adətən, insanın reaksiyasının fərqlərinə görə aparılır. Diqqətin üç növü vardır.
1.İxtiyari diqqət
2.Qeyri-ixtiyari diqqət
3.İxtiyaridən sonrakı diqqət
1.İxtiyari diqqət-qarşıya qoyulmuş şüurlu məqsədlə əmələ gələn və müəyyən iradi səy tələb edən diqqətə deyilir. İxtiyari diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədilə bağlıdır. O, daha çox fəaliyyət prosesində əmələ gəlir və fəaliyyətin tənzim edilməsinə yönəlmiş olur. İxtiyari diqqət obyekti müəyyən sistem üzrə, həm də ətraflı öyrənməyə imkan verir. İxtiyari diqqətdə cisim və hadisələr insan üzərində deyil, əksinə, insan onların üzərində hakim olur. Məsələn, yazı işlərini yoxlayarkən müəllim qarşıdakı məqsəddən asılı olaraq, öz diqqətini yazının məzmununa, düzgün yazılmasına yönəldir. İxtiyari diqqət prosesində biz heç də təsir edən bütün qıcıqlandırıcıları deyil, yalnız məqsədimizə müvafiq olan qıcıqlandırıcıları seçirik. İnkişaf prosesində ixtiyari diqqət uşaqların böyüklərlə ünsiyyəti vasitəsilə ifadə olunur. Uşaq inkişaf etdikcə tədricən davranışını öz şəxsi əmrlərinə əsasən, müstəqil olaraq qarşıya məqsəd qoymaq yolu ilə qurur. Fəaliyyətin bütün növlərində, xüsusən də şagirdlərin təlim prosesində, davamlı ixtiyari diqqətin əmələ gəlməsi bir sıra şərtlərdən asılıdır.