Mövzu 14. İşlənmiş yağların regenerasiya edilməsi.
Nəqliyyat vasitələrinin istismarında yağlardan qənaətlə istifadə edilmə yollarından biri də işlənmiş yağların regenerasiya edilərək təkrar tətbiq edilməsidir. Regenerasiya prosesindən məqsəd nəqliyyat vasitələrinin aqreqatlarında müxtəlif texnoloji proseslərə və işləmə rejimlərinə məruz qalmış, xidmət müddətini bitirmiş mühərrik və transmissiya yağlarının zərərli birləşmələrdən: mexaniki qarışıqlardan, sudan, yanacaq fraksiyalarından, üzvi turşulardan, asfalt və qətranlardan təmizləməkdir.
Regenerasiya edilmiş yağın keyfiyyətinə ilk növbədə təsir göstərən əsas amil onun yığılma texnologiyasıdır, üsuludur. Hər bir növ yağ üçün məxsusi tara seçilməlidir, işlənmiş yağın növü göstərilməlidir. Regenerasiya xüsusiyyətlərinə görə müxtəlif növlü yağları qarışdırmaq olmaz. Təcrübələr göstərir ki, bu halda tam istismar keyfiyyətlərinə malik təmizlənmiş yağ alınmır. Regenerasiya edilmiş yüksək fiziki-kimyəvi xüsusiyyətləri olan, yəni zərərli aşqarlardan tam təmizlənən yağlar almaq üçün işlənmiş yağlar saxlanılan rezervuarlar və cəlləklər müvafiq qapaqlarla elə örtürməlidirlər ki, içəriyə su, qum, toz və s. neqativ elementlər daxil olmasın.
İşlənmiş yağların başlanğıc keyfiyyətlərinin hansı səviyyədə, dərəcədə bərpa edilməsi regenerasiya prosesindən asılıdır. Regenerasiya üsulunun mahiyyətindən asılı olmayaraq əvvəlcə işlənmiş yağ, saxlanılan xüsusi qabda – mexaniki qarışıqların və suyun yığılması üçün müvafiq konstruksiyaya malik, çökdürülür. Çökdürmə üçün nəzərdə tutulmuş vaxtda yağın temperaturu 50-90 oC arasında saxlanılır. Çökdürmə vaxtı işlənmiş yağın çirklənmə dərəcəsindən və temperaturundan asılı olaraq 4 saatdan 48 saata qədər ola bilər.
İşlənmiş yağlar üçün ən sadə regenerasiya üsulları kimi çökdürmə və süzgəcdən keçirmə kombinasiyaları tətbiq edilir. Süzgəcdən keçirmə vasitələri kimi kağızdan – süzgəcli və sarğı tipli, süzücü xarakterli parçadan, voylokdan, suknodan və digər silgi materiallarından istifadə edilir. Bu üsulla ancaq transmissiya yağları regenerasiya oluna bilər. İşlənmiş yağları kontakt və süzgəc üsulları ilə regenerasiya etdikdə qızdırma və çökdürmə proseslərindən sonra yağa 3-10% miqdarında ağardılmış torpaq qatırlar, sonra yağı süzgəcdən keçirirlər.
Regenerasiya edilmənin texnoloji prosesinin mahiyyəti təmizlənəcək yağı aktiv maddələrə emal etməkdən, çökdürməkdən, ağardılmış torpaq və su ilə qarışdırmaqdan, yanacağı və suyu kənar etməkdən, süzgəcdən keçirməkdən və nəhayət, yağa aşqarlar əlavə etməkdən ibarətdir. Texnoloji prosesdə krekinqin (parçalanmanın) qarşısını almaq üçün 5% həcmində su yağla qarışdırılır. Çökdürücüdən qarışdırıcıya veriləcək yağ 70-80oC temperatura qədər qızdırılır. Sonra yağa aktiv maddələr və 30% ağardılmış torpaq əlavə edilir. Tam qarışdırıldıqdan sonra qarışıq 10-12 saat müddətində çökdürülür və boşaldılır. Ağarmış torpağın qalan hissəsi və su yağa qatılır, bir neçə dəqiqə qarışdırılır və sonra qızdırılmaq üçün (250-300 oC) borulu sobaya verilir. Sobadan yağ yanacaq və su buxarlarından azad olmaq üçün buxarlandırıcıya daxil olur. Yanacaq və su buxarları soyuducuya, yağ isə press-süzgəcə verilir. Təmizlənmiş yağ xüsusi həcmə verilir, orada ona aşqarlar əlavə edilir.
İşlənmiş yağlar mərkəzləşdirilmiş şəkildə (sənaye əsasları üzrə) regenerasiya edildikdə daha yüksəkkeyfiyyətlərə malik, istehsal edilən təzə yağların istismar göstəricilərindən heç də fərglənməyən yağlar alınır. Bu üsulla alınan yağların dəyəri də xeyli aşağı olur. Regenerasiya prosesi sənaye əsasları üzrə neftayırma zavodlarında təşkil edildikdə nəqliyyat müəssisələrin vəzifəsi regenerasiyaya göndəriləcək işlənmiş yağları təmiz taralarda yığmaqdan, saxlama və təhvil vermə qaydalarına tam əməl etməkdən ibarət olur.