Mövzu 15. Yağlama materiallarının sərfinin normalaşdırılması və saxlanılma üsulları
Nəqliyyat vasitələrində işlədilən mühərrik, transmissiya və plastik yağların sərfinin norması işlənilən yanacağın miqdarından asılı olaraq müəyyən edilir. Belə ki, hər 100 litr yanacaq sərfinə müvafiq olaraq yağların miqdarı normalaşdırılır. Verilmiş norma əsasında sutkalıq yanacaq sərfi və yağın ehtiyatda saxlanılma müddəti də nəzərə alınmaqla ehtiyat üçün lazım olan yağın miqdarı hesablanır, alınan həcmə görə avadanlıq nəzərdə tutulur. Sutkalıq yanacaq sərfi nəqliyyat vasitəsinin tipindən və istismar amillərindən asılı olaraq ümumi qəbul edilən metodika əsasında hesablanır.
Yağların kimyəvi strukturlarından tərkibindən asılı olaraq müxtəlif konstruksiyalı saxlama avadanlığı seçilir. Mühərrik və transmissiya yağları standart rezervuarlarda çənlərdə, plastik yağlar isə çəlləklərdə saxlanılır. Yağlama materialları növündən asılı olmayaraq zirzəmilərdə, yarım zirzəmilərdə və yer səthində planlaşdırılmış ambarlarda yağlama postuna yaxın yerləşdirilir. Həm sahədən səmərəli istifadə edilməsi və həm də yağın avtomobil-sisternadan boşaldılması zamanı xüsusi avadanlığın-nasos qurğusunun tələb etməməsi baxımından yağların zirzəmilərdə saxlama üsulu daha çox tətbiq edilir. Yağ ambarında işlənmiş, regenerasiyaya göndəriləcək yağlar üçün də həcm – qab nəzərdə tutulmalıdır. İşlənmiş yağların miqdarı təzə yağların həcminin 15%-i qəbul edilir.
Yağlardan qənaətlə istifadə etmək üçün onların daşınmasına, saxlanılmasına və dəmiryol nəqliyyatına paylanılmasına verilən tələblərə maksimum riayət edilməlidir. Vaqonların konstruksiyasında nəzərdə tutulmuş yağlama sistemlərinin texniki vəziyyətlərinin mənfi tərəfə dəyişməsi yağ itkilərinin artmasına səbəb olur.
Mövzu 16. Yağların özlülük xassəsi və özlülüyün indeksi.
Vaqonların mühərriklərinin, başqa maşın və mexanizmlərin istismarı zamanı yağlama materiallarının özlülüyü mühüm rol oynayır. Yağların seçilməsində özlülük əsas parametr hesab edilir. Ona görə də yağların böyük əksəriyyəti özlülüyə görə markalanır. Yağın markası təyin edildikdə onun temperaturu sürtünən hissələrin işçi temperaturundan asılı olaraq götürülür. Özlülüyü seçəndə nəzərə almaq lazımdır ki, o temperaturdan asılı olaraq dəyişir. Bunula belə dəyişmə xarakteri bütün yağlar üçün eyni olub temperatur azaldıqca qzlülüy artır və əksinə artdıqca azalır. Temperaturu dəyişərkən özlülüyün dıyişmə dərəcəsi yağın karbohidrogen tərkibindən asılıdır. Yağın karbohidrogen tərkibi olduqca mürəkkəb və müxtəlif olduğuna görə temperaturun dəyişməsi ilə onun hərəkət tərzini hesablamaq, yaxud qabaqcadan bilmək çətindir.
Dövlət Standartında yağlara temperaturdan asılı olaraq özlülüyün dəyişmə dərəcəsini göstərən özlülük indeksi verilib. Özlülük indeksini təyin etmək üçün iki seriya etalon yağ olmalıdır. Sınaq edilən və etalon yağın temperatur dəyişməsi müvafiq düsturla müqaisə edilərək özlülük indeksi hesablanır. Özlülük indeksi eyni zamanda neft məhsullarına texniki tələbatda verilən cədvəl vasitəsilə də müəyyən edilə bilər. Özlülük aşağı temperaturda daha intensiv dəyişir. Əgər temperatur 100 oC-dən 110 oC-ə yüksələndə özlülük cüzi azalırsa, 10 oC-dən 0 oC-ə enəndə təxminən iki dəfə artır.
Yağların işə salma xassəsini qiymətləndirmək üçün hüdud özlülük anlayışı yayılmışdır. Soyuq mühərrikin işə salınması mümkün olan özlülüyün maksimum qiymətinə hüdud özlülüyü deyilir.
Mühərrik üçün yağın özlülüyü seçilərkən onun quruluşu, texniki vəziyyəti və istismar şəraiti nəzərə alınmalıdır. Bununla əlaqədar olaraq eyni markalı mühərriklər üçün özlülüyü müxtəlif olan yağ tələb edilir. Yağ seçilərkən hər şeydən əvvəl iqlim şəraiti nəzərə alınmalıdır. İqlim şəraiti isti olan rayonlarda yay vaxtı yüksək, soyuq qış vaxtı isə az özlülüklü yağ tələb edilir; çünki temperaturun aşağı düşməsi ilə özlülük yüksələ bilər. Özlülük yüksək olduqda sürtünən hissələrə yağ vermək üçün yağ nasosunun təzyiqi kifayət qədər olmur və bunun nəticəsində yeyilmə artır. Yağın özlülüyü nə qədər az olarsa, mühərriki bir o qədər tez və aşağı temperaturda işə salmaq mümükündür, lakin bu yağ mühərrikin qərarlaşmış işində etibarlı yağ qatının əmələ gəlməsini təmin etməyə bilər. Özlülüyü az, lakin maye sürtünməni təmin edən yağ ən yaxşı hesab edilir.
Mövzu 17. Daxili yanma mühərrikləri üçün yağların iş şəraiti və onlara qoyulan tələblər.
Müasir daxili yanma mühərrikləri çoxlu işçi düyünlərdən ibarət olan mürəkkəb mexanizmdir. Hər bir mexanizm bu və ya digər dərəcədə yüksək temperaturun , təzyigin, sürətin və s.amillərin təsirinə məruz qalır. Mühərrikin işi zamanıbütün sürtünən hissələrə fasiləsiz olaraq sürtgü yağı verilir. Əksər nəqliyyat mühərriklərində əsasən eyni kombinə edilmiş yağlama sistemi həyata keçirilir. Yağ mühərrikdə müxtəlif temperaturda işləyir. O mənfi, bəzən də xeyli aşağı temperaturda mühərriklərin asan işə calınmasını təmin etməlidir. Aşağı temperaturda işləməyə başlayan mühərrikdə özlülüyü çox olan yağ nasosla baş yağ kanalına və sürtünən hissələrə verilməlidir. Müxtəlif quruluşlu mühərriklərdə hər hansı vaxtdan sonra (3-12 dəq.) sonra yağda mühərrikin verilmiş iş rejiminə uyğun gələn işçi temperatur bərpa olunur və yağın fasiləsiz olaraq verilməsi başlayır. Yağın temperaturu mühərrikin növündən və onun quruluş xüsusiyyətlərindən asılıdır. Daxili yanma mühərriklərində yağ müxtəlif temperaturda işlədiyinə görə yalnız yüksək və aşağı temperaturda yaxşı istismar xassəsinə malik olan yağdan istifadə edilməlidir.
Hansı mühərrikdə işlədilməsindən asılı olmayaraq yağ aşağıdakı istismar tələblərini ödəməlidir:
1. mümkün olan bütün iş rejimlərində yağ fasiləsiz olaraq mühərrikin sürtünən və soyudulan hissələrinə daxil olmalıdır.
2. mühərrikin hissələrinin minimum yeyilməsini təmin etmək və sürtünməni dəf etmək üçün enerji sərfi mümkün qədər az olmalıdır.
3. yağ korroziyaya qarşı yüksək xassəyə malik olmalıdır.
4. yağın uzun müddətli işi zamanı mühərrikin isti hissələrində mümkün qədər az qurum və lil çöküntüsü əmələ gəlməməlidir.
5. yağ gəbuledicinin torunda, yağ borularında və kanallarında yığılaraq sürtünən hissələrə yağın verilməsini dayandıran alçaq temperaturlu çöküntü əmələ qətirməməlidir.
Bu istismar tələbatları hər bir yağ üçün miqdarca qiyməti Dövlət Standartları ilə normalaşdıran bir sıra fiziki-kimyəvi parametrlərlə qiymətləndirilir. Ümumiyyətlə demək olar ki, daxili yanma mühərikləri üçün özlülüyü az, lakin maksimum yüklənmədə və temperaturda maye sürtünməni təmin edən yağ lazımdır. Sürtünən hissələrin ara boşluğunda möhkəm yağ təbəqəsi yaratmaq üçün təzyiqin yüksəlməsi ilə yağın özlülüyü çox artmalıdır. Mühərrikin işə salınmasını asanlaşdırmaq üçün özlülük indeksi yüksək olan yağ lazımdır. Yağ aşağı donma temperaturuna (mühərrik istismar olunan temperaturdan 5-10 oC aşağı) malik olmalıdır. Mühərrikin qərarlaşmamış iş rejimində, dəyişən yüklənmədə, işə salma və qızma müddətində sürtünən hissələrin az yeyilməsi üçün, yağ yüksək yağlılığa malik olmalıdır.
Dövlət Standartlarla yağlar üçün termooksidlşıdirici dəyanətlik və koksluluq ədədi (bəziləri üçün isə ball ilə yuyuculuq xassəsi) normalaşdırılır. Yanma nəticəsində az qurum və kül əmələ qəlməsi üçün yağ minimum koksluq ədədinə malik olmalıdır. Yağın yuyuculuq qabiliyyəti yaxşı olmalıdır. Yağda su, kükürd birləşmələri, mineral turşu, qələvi və zərərli mexaniki qatışıqlar olmamalıdır. Yağlar saxlanarkən öz xassəsini dəyişməməli, ucuz və zərərsiz olmaqla yüksək olmayan alışqanlığa malik olmalıdır.
Dostları ilə paylaş: |