Şəkil 10.6. Rezonans üsulunun sxemi
Rezonans tezlik ölçən cihaz dəyişən rəqs konturundan ölçülən tezliyin daxil edildiyi rabitə elementindən və rezonans göstəricisindən ibarətdir. Rəqs konturu ölçülən tezliklə rezonansa köklənir. Rezonans momentində rəqs konturunun elementinin dəyişməsindən asılı olaraq ölçmənin nəticəsi göstərici cihazda qeyd olunur. Rezonans tezlik ölçən cihaz tezliyin müxtəlif diapazonlarda rəqs konturunun tipinə görə fərqlənir. Orta dəqiqlikli rezonans tezliyini ölçən cihaz 100 MHs - ə qədər tezliklərdə ölçmə aparmaq üçün istifadə olunur. Cihaz dəyişən tutumlu C0 kondensatorundan, L0 dəyişən dolaqlar yığımından və rezonans göstəricisindən ibarətdir. Rəqs konturunun ölçülən rəqs mənbəyi və göstərici ilə əlaqəsi zəif olmalıdır ki, göstəricinin və sarğının dövrəsi kontura təsir edərək onun etibarlığını zəiflətməsin.
Tezlik ölçən rəqəm cihazı
Elektron üsulu ilə tezliyin ölçülməsi üçün istifadə edilən rəqəm ölçmə cihazının sadə sxemi şəkil 10.7 – də göstərilmişdir:
Şəkil 10.7. Tezlik ölçən rəqəm cihazının sadə sxemi
Cihazın iş prinsipi müəyyən zaman anında ölçülən fx tezlikli impulsların elektron hesablayıcısı tərəfindən qeyd olunmasına əsaslanır. A girişinə fx tezlikli siqnal daxil olur. I formalaşdırıcı qurğuda həmin siqnal birqütblü impulslar ardıcıllığına çevrilir. fx tezlikli bu impulslar zaman selektorunun birinci girişinə daxil olur. Onun ikinci girişinə idarəetmə qurğusundan müəyyən davametmə müddətinə malik ( məs: 1 san; 0,1 san; 0,01 san. və s. ) impuls daxil olur. Elektron sayğac həmin müddətdə daxil olan fx tezlikli impulsların sayını qeyd edir və rəqəm göstəricisi fx tezliyinin qiymətini göstərir. KG kvars generatoru və tezlik bölücüsündən ibarət zaman kalibratorunun sayəsində cihazın xətası çox cüzi olduğundan texnikada çox geniş yayılmışdır. Dəqiqliyi istismara münasib olmaqla tezliyin bütün diapazonlarında ölçmə aparmaq qabiliyyətinə malikdir.
Dostları ilə paylaş: |