Əsas anlayışlar və terminlər
Rabitə müəssisələrində elektriki ölçmələr apardıqda müxtəlif növ ölçmə vasitələrindən və çoxlu sayda terminlərdən istifadə edilir. Rabitə texnikasında ölçmə, ölçmə vasitələri, ölçmə xətaları, ölçü vahidi kimi terminlərə tez – tez müraciət olunur.
Ölçmə - fiziki kəmiyyətin qiymətinin xüsusi texniki vasitələrin köməyi ilə təcrübi yolla təyin edilməsidir. Ölçmə dedikdə verilmiş kəmiyyətin qiymətinin ölçü vahidinin ölçülən kəmiyyətin qəbul edilmiş ölçü vahidi ilə müqayisə edilməsi başa düşülür.
Ölçmələrin vahidliyi – bu ölçmələrin elə halıdır ki, bu zaman nəticə qəbul edilmiş vahidlərlə ifadə olunur və ölçmənin xətası müəyyən ehtimalla məlum olur.
Ölçmə xətaları – ölçmənin nəticəsinin ölçülən kəmiyyətin həqiqi qiymətindən fərqidir. Ölçmə xətası az olduqca dəqiqlik artır.
Ölçmənin dəqiqliyi – ölçmənin nəticəsinin ölçülən kəmiyyətin həqiqi qiymətinə yaxınlığını ifadə edən keyfiyyət göstəricisidir. Dəqiq ölçmələr xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir.
Ölçmə diapazonu – ölçülən kəmiyyətin Xmin və Xmax qiymətləri arasında qiymətlər çoxluğudur. Ölçmə diapazonu müəyyən sərhəd qiymətlərinə malik müvafiq yarımdiapazonlara ayrılır.
Ölçmə vasitələri – ölçmə zamanı istifadə olunan və normalaşdırılmış metroloji xüsusiyyətlərə malik olan texniki vasitələrdir. Obyekt və proseslərin halını xarakterizə etmək üçün müxtəlif fiziki kəmiyyətlərin ölçülməsi vacibdir. Ölçmə nəticələri ölçülən kəmiyyətin ölçü vahidi ilə ifadə olunur. Ölçmə texnikasının inkişafı ölçmə vasitələrinin daha geniş tətbiqinə şərait yaratdı. Yeni texniki vasitələr və ölçmə cihazları yaradıldı. Ölçmə üsulları yeni texnika və texnologiya hesabına təkmilləşdirildi və ölçmə sistemlərinin yaradılmasına səbəb oldu.
Ölçmə vasitələrinin sabitliyi – onların metroloji xarakteristikalarının zamandan asılı olmadan sabitliyini əks etdirən keyfiyyət göstəricisidir.
Ölçmə növləri və üsulları
Kəmiyyətlərin ədədi qiymətləri ölçmə yolu ilə hesablanır və tapılır. Ölçmə müqayisə prosesi olaraq təcrübi yolla tədqiq olunan kəmiyyət haqqında miqdari məlumat alınmasıdır. Belə ki, ölçülən kəmiyyətin qiymətinin müqayisə yolu ilə eyniadlı kəmiyyətin qəbul edilmiş ölçü vahidinə nəzərən münasibəti təyin olunur.
Rabitə texnikasında hər hansı bir kəmiyyəti ölçmək üçün müxtəlif ölçmə vasitələrindən və ölçmə üsullarından istifadə olunur.
Fiziki kəmiyyətlərin ölçülmə üsulları birbaşa ölçmə, dolayı ölçmə və birgə ölçmə növlərinə bölünür.
Birbaşa ölçmə dedikdə fiziki kəmiyyətin ədədi qiymətinin təcrübi yolla cihazlar vasitəsilə bilavasitə təyin olunması başa düşülür. Buna misal olaraq ampermetrlə cərəyan şiddətinin, voltmetrlə gərginliyin ölçülməsini göstərmək olar.
Fiziki kəmiyyətin qiyməti birbaşa ölçmələrin nəticələrinə görə riyazi yolla hesablamalardan alınarsa, bu dolayı ölçmə növü adlanır.. Cərəyan şiddəti və gərginliyin qiymətini birbaşa ölçmə üsulu ilə ölçüb gücün təyin edilməsi dolayı ölçmə üsuluna misaldır.
Birgə ölçmə növü isə eyni vaxtda bir neçə müxtəlif adlı kəmiyyətin ölçülməsi və onlar arasında funksional asılılığın təyin olunması üçün istifadə olunan ölçmə növüdür.
Ölçmə üsulları dedikdə ölçmə vasitələrinin və prinsiplərinin istifadə qaydası başa düşülür
Ölçmə üsulları birbaşa qiymətləndirmə və müqayisə üsullarına ayrılır. Birbaşa qiymətləndirmə üsulu fiziki kəmiyyətin qiymətinin birbaşa ölçmə cihazının hesablama qurğusunun göstərişinə əsasən təyin edilməsidir.
Müqayisə üsulu ilə ölçmə apardıqda ölçülən kəmiyyət ölçünün ifadə etdiyi qiymətlə müqayisə olunur. Müqayisə üsulu aşağıdakı növlərə bölünür: diferensial üsul, sıfır üsulu, qarışdırma üsulu, üst – üstə düşmə üsulu, qarşı- qarşıya qoyma üsulu.
Ifadə edilmə üsuluna görə ölçmələr mütləq və nisbi ölçmə üsullarına bölünür: Mütləq ölçmə üsulu - fiziki kəmiyyətin qiymətinin ölçmə vasitələrindən istifadə etməklə birbaşa ölçmə üsulu ilə tapılmasına deyilir. Nisbi ölçmə üsulu - kəmiyyətin qiymətinin qəbul edilmiş vahidə nəzərən (əvvəlcədən məlum olan) ölçmə yolu ilə tapılmasına deyilir. Nisbi ölçmə üsulu yüksək dəqiqlik tələb olunan sahələrdə tətbiq edilir.
Ölçülən kəmiyyətin zamandan asılılığına görə ölçmələr statik və dinamik olurlar. Ölçülən kəmiyyətin qiyməti zamandan asılı olmadıqda, belə ölçmə statik ölçmə adlanır. Cisimlərin uzunluğunun, çəkisinin ölçülməsini misal göstərə bilərik. Ölçülən kəmiyyətin qiyməti zamandan asılı olaraq dəyişirsə, belə ölçmələr dinamik ölçmə adlanır. Vibrasiya ölçmələri, fəza ölçmələri dinamik ölçmələrə aiddir. Simli rabitənin bütün sahələrində ölçmə aparılır.
Dostları ilə paylaş: |