Verilənlərin lüğəti və ya metaverilənlər bazası tətbiq sahəsini əhatə edən obyektlər, onların atributları, obyektlər arasındakı qarşılıqlı əlaqələr, verilənlərin alınma mənbələri,
mümkün qiymətlər dairəsi, təsvir formatları, istifadəçilər və onların sorğuları və s. haqqında məlumatı mərkəzləşdirilmiş şəkildə özündə saxlayır.
Hər bir müəssisə və təşkilatlarda verilənlər bazasının tətbiqi uzun vaxt tələb edir. Tətbiq proqramlarının yaradılması və inteqrallaşdırılması ilə əlaqədar olaraq verilənlər bazası genişləndirilir. Yeni verilənlər daxil edilir, köhnələri isə silinir və ya dəyişdirilir. Verilənlərin lüğəti bütün bu dəyişikliklər və ümumiyyətlə, verilənlər ehtiyatları haqqında informasiyanı özündə saxlayır.
Verilənlərin lüğəti istifadəçilərə və adminstratora aşağıdakı funksiyaların yerinə yetirilməsində kömək edir:
Istifadəçilər haqqında məlumatın əldə edilməsi və onlar arasında əlaqə yaradır.
Sistemə eyni verilənlərin daxil edilməsi və ya mövcud verilənlərin təsvirinin dəyişdirilməsi ilə əlaqədar olaraq məlumatın alınması.
Verilənlərdə təkrarlanmaların azaldılması və ziddiyyətlərin aradan qaldırılması.
Tipik sorğular, menyular və çıxış sənədləri haqda məlumatın əldə edilməsi .
Verilənlərdə edilən dəyişikliklərin bütövlükdə VB-yə təsir dərəcəsinin təyini.
VB-nın yaradılması və genişləndirilməsini sadələşdirmək məqsədilə verilənlərin idarə olunmasının mərkəzləşdirilməsi.
Göründüyü kimi,verilənlərin lüğətinin əsas vəzifəsi verilənlərin sənədləşdirilməsindən ibarətdir. Metaverilənlər bazasının təşkili və istismarı da müəyyən dil, proqram və təşkilatları tələb edir. Metaverilənlər bazasının yaradılması və istismarı VB-nın adminstratorunun funksiyalarına daxildir.
Çoxbazalı sistemlərdə metaverilənlər bazasında həmçinin verilənlər bazaları və onlar arasındakı əlaqələr haqqında da məlumat olur. Bundan əlavə, hansı proqramın və ya istifadəçinin hansı verilənlər bazasından istifadə etdiyi, verilənlərin mühafizə kodu və onlara müraciətin məhdudluğu haqqında informasiya da qeyd olunur.