Farmakoloji təsiri. İtburnu meyvələrinin müalicəvi təsiri onların tərkibində olan vitaminlər, flavonoidlər və karotinoidlər kompleksi ilə bağlıdır. Bitkinin meyvələri və onların preparatları sinqa əleyhinə təsir göstərir, orqanizmdə oksidləşmə-rediksiya proseslərini sürətləndirir, ödqovucu təsir göstərir, orqanizmin xarici mühitin zərərli təsirlərinə qarşı müqavimətini yüksəldir. Həmçinin ümumi gücləndirici, skleroz əleyhinə təsir göstərir, regenerasiya proseslərini və hormonların sintezini sürətləndirir, karbohidrat mübadiləsini və damarların keçiriciliyini normaya salır.
İstifadəsi. İtburnu meyvələri avitaminozda, orqanizmin infeksiyalara qarşı müqaviməti zəiflədikdə, uzun müddətli sinir, fiziki və zehni gərginlikdə, ağır xəstəliklərdən, zədədən və cərrahi əməliyyatdan sonra isitifadə edilir. İtburnunun ödqovucu xassəsindən xolesistitlərin və hepatitlərin müalicəsində istifadə olunur. İtburnu toxumlarının yarasağaldıcı xassəsi müəyyən edilmişdir.
İtburnu meyvələrinin dəmləməsi vitaminli və ödqovucu vasitə kimi, həmçinin böyrəklərdə və sidik kisəsində daş olduqda məsləhət görülür.
Müxtəlif növ itburnu meyvələrinin şirəsi, giləmeyvələrin (qırmızı quşarmudu, qara quşarmudu, başinağacı, yemişan və s.) ekstraktı ilə qarışdırılır, alınan qarışığa şəkər və askorbin turşusu əlavə edilir və «İtburnu şərbəti» hazırlanır. 1 ml şərbətin tərkibində 5 mq-a qədər askorbin turşusu, P vitamini və d. maddələr olur.
İtburnu bitkisindən alınmış çıxarış və ekstraktlar “Kanefron”, “Bronxikum” və s. preparatların tərkibinə daxildir.
İt itburnusunun (həmərsinin) və Canina seksiyasının digər növlərinin meyvələrindən şəkərli maye ekstraktından ibarət olan «Xolosas» (Cholosasum) preparatı hazırlanır ki, bu da ödqovucu vasitə kimi xolesistit və hepatit xəstəliklərində gündə 2-3- dəfə 1 çay qaşığı miqdarında tətbiq olunur.
İtburnu meyvələrinin karotinoidlərinin yağlı ekstraktı - «Karotolin» xaricə trofiki yaraların, ekzemanın, selikli qişaların atrofik dəyişikliklərində, eritrodermada, çətin sağalan zədələrin müalicəsində istifadə edilir. Preparat toxuma mübadiləsini normaya salır.
İtburnu meyvələri “Arfazetin”, “Mirfazin”, “Brusniver”, Rolekramin”, müxtəlif vitaminli, ödqovucu, sidikqovucu, böyrək, mədəd-bağırsaq və s. bitki yığınrtılarının tərkibinə daxildir.
Itburnunun bütün növlərinin fındıqcıqlarından (meyvəciklərindən) «İtburnu yağı» - Oleum Rosae pinguiae alınır və toxumaların regenerasiyası stimullaşdıran vasitə kimi südəmər körpəsi olan qadınların süd vəzilərinin çatlarında, trofiki yaralarda, dermatozlarda, yataq yaralarında, müxtəlif yanıqlarda, eləcə də qeyri spesifik yaralı kolitdə imalə şəklində istifadə edilir.