VitamiNLƏR, TƏSNİfati, FİZİKİ-KİMYƏVİ xassəLƏRİ. BİTKİ xammalindan alinmasi. EyniLİk və Mİqdari TƏYİNİ Üsullari. TƏKİBİNDƏ VİtamiNLƏr olan dərman biTKİ VƏ xammallari



Yüklə 252,36 Kb.
səhifə5/29
tarix14.12.2023
ölçüsü252,36 Kb.
#176769
1   2   3   4   5   6   7   8   9   ...   29
Farmakoqnoziya 1 II kurs mühazirə 8 aze

B qrupu vitaminləri
Piridoksin (B6 vitamini). O, aşağıdakı ümumi formulaya malik olan və oxşar kimyəvi quruluşlu bir neçə maddəni özündə birləşdirir:



Piridoksin

Piridoksinin törəmələri bir-birlərinə çevrilmək xüsusiyyətinə malikdir.


Piridoksinə düyünün kəpəyində, buğdanın və qarğıdalının rüşeymində, soyada, no-xudda, vələmir ununda rast gəlinir. Mayada, qaraciyərdə, ətdə, balıqda, yumurta sarısında və d. məhsullarda çox miqdarda toplanır.
Piridoksin əsəb sisteminə, dəriyə və həzm orqanlarına təsir döstərir.
Tiamin (B1 vitamini). Tiaminin kimyəvi tərkibinin əsasını bir-birilə metil radikalı vasitəsilə birləşmiş iki heterotsiklik birləşmə: pirimidin və tiozol təşkil edir.

Tiamin
Tiamin mayanın, taxıl bitkilərinin dəninin (vələmir, buğda, qarğıdalı, qarabaşaq) rüşeym və qabıqlarının, həmçinin qozun, yerfındığının, yumurta sarısının, iri üyüdülmüş un çörəyinin, üzümün, lobyanın, kahının, ispanağın, yerkökünün, soğanın, mərcinin və s. tərkibində olur.
Bu vitamin ağır fiziki və zehni əməklə məşğul olan insanlara, hamilə və südəmər körpəsi olan qadınlara, sulu karbonlu ərzaq məhsulları ilə daha çox qidalanan şəxslərə, həmçinin, əsəb yorğunluğuna məruz qalanlara daha çox zəruridir. Maddələr mübadiləsi yüksələn hallarda (isitmədə, hipertireozda), su ifrazı çoxaldıqda və d. çatışmazlıqlarda bu vitaminə olan tələbat artır.
Riboflavin (B2 vitamini). Riboflavininin kimyəvi tərkibinin əsasında iki heterotsik-lik birləşmədən- pirazindən və pirimidindən təşkil olunmuş izoalloksazin sistemi yerləşir.
İzoalloksazinin pirimidin nüvəsi laktam tsikli xarakterli olub, tərkibində 2 keto qrup vardır:

İzoalloksazin Riboflavin
Riboflavinin kimyəvi quruluşu yüksək dərəcədə səciyyəvidir, onda baş verən hətta cüzi dəyişikliklər vitamin fəallığının itirilməsinə və ya antoqonist maddələrin əmələ gəl-məsinə səbəb olur. Riboflavinə buğda dəninin rüşeymində, vələmirdə, sarı qarğıdalıda, düyü kəpəyində, qara yoncada, ispanaqda, pamidorda, yaşıl noxudda, lobyada, qoz meyvəsində, həmçinin mayada, iri üyüdülmüş unun çörəyində, süddə, pendirdə, böyrəkdə və digər məhsullarda təsadüf edilir.
Riboflavin suda həll olan boy artımı vitaminidir. O, hüceyrələrdəki oksidləşmə proseslərini tənzimləyən bir sıra ferment sistemlərinin tərkib hissəsidir. Bu vitamin sulu-karbonların mübadiləsini yaxşılaşdırır, yağların və aminturşuların pozulmuş mübadiləsini nizama salır.
Fol turşusu (B6 vitamini). Bu vitamin bitki aləmində geniş yayılmış, bütün təzə tərəvəzlərdə, xüsusilə ispanağın yaşıl yarpaqlarında, kahıda, paxlada, taxıl bitkilərində, cəfəridə, kələmdə, soğanda, qarğıdalıda, kartofda, yerköküdə, qara qarağatda və s. toplanır.

Pteridin qalığı n-aminobenzoy Qlütamin
turşusunun qalığı turşusunun qalığı

Fol turşusu


Bu vitaminin adı «folium» (yarpaq) latın sözündən götürülmüşdür ki, bu da onun bitkidə lokalizasiyasını (toplandığı yeri) əks etdirir. İnsan orqanizmində fol turşusu bağır-sağın mikroflorası tərəfindən hasil edilir. Fol turşusu eritrositlərin sümük iliyində yaranmasını stimulə edir.
Sianokobalamin (B12 vitamini). Bu vitamin təbiətdə mikroorqanizmlər, başlıca olaraq, bakteriyalar tərəfindən sintez olunur. İnsan və heyvan orqanizmində sianokobalaminin biosintezi bağırsaq mikroflorası tərəfindən həyata keçirilir, orqanizm üçün tələb olunan qalan hissəsi isə heyvan mənşəli qidalarla qəbul edilir. Bitki mənşəli qida məhsullarında isə bu vitamin olmur.
Sianokobalamin tibbdə anemiyanın, polinevritin və huşsuzluq sklerozunun müali-cəsində istifadə edilir.
Aşağıda bu vitaminlərdən bəziləri haqqında ətraflı məlumat verilir.
C vitamini oksidləşmə-reduksiya proseslərində, toxuma tənəffüsündə, aminturşuların mübadiləsində və zülalların sintezində iştirak edir, güclü antioksidant təsirə malikdir, dəmirin mənimsənilməsini təmin edir, böyrəküstü və qalxanvarı vəzilərin, eləcə də yumurtalıqların fəaliyyətini təmin edir, damarların divarlarının normal vəziyyətdə qalmasında vacib rol oynayır və onların elastikliyini qoruyur. C vitamini çatışmadıqda ilk növbədə qandaşıyıcı damarların divarları zədələnir (göyərmələr, qansızmalar və s.), həmçinin sinqa inkişaf edir.
Askorbin turşusu ilə daha çox təzə bitkilər, meyvələr və giləmeyvələr: limon, narıngi, portağal, müxtəlif alma çeşidləri, itburnu, qara qarağat, zirinc, aktinidiya (kivi), çaytikanı, təzə göyərtilər (kahı, kələm, çuğundur və s.), şam ağacının iynəyarpaqları və tumurcuqları, gicitkən yarpağı, novruzçiçəyi və s. zəngindir.
A vitamini retin turşusunun törəməsidir. A vitaminin bioloji fəal formaları retinol, retinal və retin turşusunun özüdür. Retinola bitki mənşəli qida məhsullarında rast gəlinmir, lakin onların əksəriyyətinin tərkibində provitaminlər (karotinlər) var ki, bunlar da orqanizmdə fermentlərin təsirindən A vitamininə çevrilir. A vitamini böyüməyə, inkişafa, toxumanın tənəffüs və enerji mübadiləsinə təsir göstərir, hüceyrə səviyyəsində qocalma prosesini yavaşıdır və regenerasiya prosesini gücləndirir.
Retinol dəridə buynuzlaşma, piy yaranma (piy vəzilərinin yaranması); immunitet proseslərini tənzimləyir, orqanizmin bədxassəli şiş əleyhinə müdafiəsində iştirak edir. Retinol işığın və rəngin qəbulu proseslərini təmin edir. A vitamini çatışmazlığında görmə funksiyası pozulur - bəzən bu “toyuq korluğu”na gətirib çıxarır, boyun inkişafı dayanır, sümüklərin dözümlülüyü azalır, yorğunluq inkişaf edir, orqanizmin infeksiyalara qarşı müdafiəsi azalır, dəridə quruluq və kələ-kötürlük (“balıq pulcuğu”) müşahidə edilir.
A vitaminin provitaminləri olan karotinlərlə çaytikanı, adi quşarmudu, itburnu, qara qarağat, rus alçası, xurma, şaftalı, ərik, qaragilə və sarı böyürtkən meyvələri, gülümbahar çiçəyi, yunan qozunun yarpağı, bataqlıq qurucasının otu, üçbölümlü üçbarmağın otu, yerkökünün meyvəkökü, balqabaq, pomidor, ispanaq, cəfəri, kahı, yaşıl soğan, at əvəliyi, qırmızı istiot və s. zəngindir. Onlara narıncı və ya qırmızı rəngə boyanmış meyvələrdə daha çox rast gəlinir.
A vitamini eləcə də çox miqdarda dəniz məməlilərinin (balinalar, dəniz itləri və s.) və balıqlarının (treska, kambala, paltus və s.) qaraciyərində var.
Qaraciyər yetkin insan orqanizmində A vitamini üçün depo rolunu oynayır və uzun illər ərzində orqanizmin bu vitaminə olan tələbatını ödəyir. İnsanın A vitamininə sutkalıq tələbatı 5000 BV-dir (təqribən 1,5 mq). Kiçik yaşlı uşaqlarda (1-6 yaşda) A vitamininə təlabat 1000-3300 BV, sonra isə yetkin insanlardakı kimi olur. A vitamininin az və ya çox az olması xarakterik simptomatik göstəricilərlə çox asan inkişaf edir. Retinol o vitaminlərdən hesab olunur ki, onu sutkalıq fizioloji normadan çox istifadə etdikdə hipervitaminoz yaradır. Bu zaman başağrısı, yuxulu vəziyyət, ürəkbulanma, qusma və s., eləcə də kəskin zəhərlənmə kimi ağırlaşmalar baş verə bilər. A vitamini ilə kəskin və xroniki zəhərlənmə yalnız onun dərman preparatlarını (draje, tablet, qranul, yağlı məhlul, A vitamini ilə zənginləşdirilmiş balıq yağı və s.) dozadan artıq istifadə etdikdə mümkündür. Bu baxımdan tərkibində A vitamininin provitamini olan bitkilər çox təhlükəsizdir. Bu provitaminlər müxtəlif dozalarda istər uşaqlarda, istərsə də böyüklərdə uzun müddət ərzində həm profilaktik, həm də müalicəvi məqsədlərlə istifadə edilə bilər. Karotinoidlərlə, xüsusən A vitamininin provitaminləri ilə yerkökü, çuğundur, itburnu, adi quşarmudu, zirinc, pomidor, şirin bibər, ərik, çaytikanı, cəfəri, əvəlik, ispanaq, yaşıl soğan, gicitkən, yatıqqanqal, gülümbahar, dağtərxunu, yunan qozu və s. bitkilər zəngindir.
K qrupu vitaminlərinə K1 və K2 vitaminləri aiddir və onlar qanın normal laxtalanması üçün vacibdir. K vitamini antihemorragik faktordur, qaraciyərin protrombin əmələgətirmə funksiyasını stimullaşdırır, qanın plazmasında protrombinin səviyyəsini artıtır və nəticədə onun laxtalanması yüksəlir. Yüksək dozada filloxinon (K1 vitamini) qəbulu tromboflebitə səbəb ola bilər. K1 vitamini qarayonca, ispanaq, gicitkən yarpağında, qarğıdalı saçağında, itburnu meyvəsində, quşəppəyi, boymadərən və qırmızibaş qırxbuğum otunda, başınağacı qabığında və s. çoxdur. K2 vitamini bitkilərin həyat fəaliyyətinin məhsuludur. Dikumarin və neodikumarin K qrupu vitaminlərinin antivitaminidir.
D qrupu vitaminləri – bunlar kimyəvi quruluşuna və göstərdikləri təsirə görə bir-birinə yaxın olan 2 maddə: erqokalsiferol (D2 vitamini) və kolekalsiferoldur (D3 vitamini). Bu vitaminlər yalnız canlı orqanizmdə, xüsusən, dəniz canlılarında sintez olunur və raxit əleyhinə təsirə malikdir. Bitkilərdə D vitamininin provitamini olan erqosterin və sitosterin tapılmışdır və bunlar daha çox mayada, göbələklərdə, taxıl bitkilərinin təzə cücərtisində, yumurta sarısında və s. olur. D vitamini yüksək miqdarda balıq yağında, kürüsündə, treskanın qaraciyərində, quş ətində, xamada, qaymaqda və s. olur. D vitamini müalicəvi məqsədlə raxit xəstəliyində, qalxanvari vəzinin funksiyasının pozğunluğunda və qurdeşənəyi (dəri vərəmi) olan şəxslərə təyin edilir.
B1 vitamini oksidləşmə-reduksiya proseslərində iştirak edən kokarboksilaza fermentinin koenzimi hesab olunur. Asetilxolinin, histaminin və adrenalinəbənzər maddələrin sinir oyanmalarının ötürülməsində iştirak edir. Kokarboksilaza, xüsusən, sinir və əzələ toxumasının karbohidrat və enerji mübadiləsində vacib rol oynayır. B1 vitamini çatışmadıqda tez-tez baş ağrıları, qıcıqlanma, yaddaşın zəifləməsi, polinevrit, qıcolmalar və iflic müşahidə edilir. Nevralgiyalarda, nevrozlarda, aritmiyalarda, metabolik sindromlarda və s. xəstəliklərdə istifadəsinə göstəriş var. B1 vitamini fol və nikotin turşularının antivitamini hesab edilir. Onun tez parçalanmasına istilik (qızdırılma) və mühitdə dəmir duzlarının olması səbəb olur. Tiamin bir çox bitkilərin tərkibində var. Daha çox buğda, vələmir, qarabaşaq, düyü, balqabaq toxumlarında, pivə mayasında, kartofda, yerköküdə, kələmdə və s. olur. B1 vitamini ilə taxıl bitkilərinin rüşeymi və qılafları, qaba və üyüdülmüş undan bişirilmiş çörək məmulatları, qarabaşaq, buğda və vələmir yarması, paxlakimilər (noxud, soya, lobya və s.), donuz və mal əti zəngindir.
B2 vitamini bir çox bitki və mikroorqanizmlər tərəfindən sintez olunur, insan orqanizmində isə bioloji fəal formaya çevrilir. Flüoressensiyaedici piqmentlərə (flavin) aid edilir, fermentativ sistemlərin tərkibinə daxildir, oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir. Hemoqlobinin yaranmasında vacib olan B12 vitamininin qaraciyərdə toplanmasına yardımçı olur, hüceyrələrin inkişafında və tənəffüs prosesində iştirak edir. Orqanizm tərəfindən mənimsənilməsi zülalların iştirakı ilə fəallaşır, amma böyük miqdarda karbohidratlar onun istifadə olunan miqdarını artırır. B2 vitamininin çatışmazlığı zamanı stomatit və konyunktivit müşahidə edilir. Revmatik xəstəliklərdə, disbakteriozda və cinsi sferada olan iltihabi xəstəliklərdə məsləhət görülür. Onun böyrəklərə qıcıqlandırıcı təsir göstərdiyi nəzərə alınmalıdır. Katexinlər riboflavinin fəallığını azaldır, ağır metallar isə onu parçalayır. Bu vitaminin çatışmazlığı süd və süd məhsullarını az miqdarda qəbul etdikdə, mədə-bağırsaq traktının xroniki xəstəliklərində, bəzi medikamentləri (akrixin və onun törəmələrini) qəbul etdikdən sonra müşahidə edilir. Riboflavin kifayət miqdarda qarabaşaq və vələmir yarmalarında, turşudulmuş tərəvəzlərdə, buğda və çovdar cücərtisində, meşə və yunan qozunda, gicitkəndə, qara qarağatda, kulançar, şirin bolqar bibərində, cəfəridə, kərəvizdə, ispanaqda, yaşıl noxudda, pivə mayasında, süddə, ətdə, balıqda, yumurtada və s. olur.
B5 vitamini (pantoten turşusu) A kofermentinin tərkibinə daxildir. Təbiətdə geniş yayılmışdır (yunanca “pantoten” – hər yerdə olan deməkdir), ona görə də orqanizmdə onun qıtlığına az təsadüf edilir. Karbohidrat, zülal və yağ mübadiləsində, eləcə də asetilxolinin sintezində iştirak edir, kortikosteroidlərin sintezini stimullaşdırır. Orqanizmin müdafiə reaksiyalarında, zəhərlə, alkoqolla və dərmanlarla zəhərlənmələrdə, detoksikasiya proseslərində vacib rol oynayır. Qaraciyər və epitelə münasibətdə sitoprotektiv funksiya yerinə yetirir. Fiziki işlə güclü yüklənmələrdə orqanizmin bu vitaminə tələbatı artır. Stresə qarşı vitamin hesab olunur. Çatışmadıqda orqanizm inkişafdan dayanır, iltihabi proseslər artır, mədənin, bağırsağın və tənəffüs yollarının selikli qişasının degenerasiyası baş verə bilər. Dəri xəstəliklərində, qırmızı qurdeşənəyi, yanıqlarda, trofiki yaralarda, podaqrada məsləhət görülür.
Kifayət miqdarda dazı otu, suyoncası, xəşəmbül otunda, gicitkən yarpağında, gəcəvər kökümsovunda, söyüd qabığında, fıstıq, qoz meyvələrində, tərəvəzlərdə, mayada, taxıl məhsullarında, ərik, nar, qara qarağat, əncir və xurma meyvələrində, balqabaqda, kartofda, qarğıdalıda, gül kələmdə, kulançarda, noxudda, lobyada, yaşıl noxudda, buğdada, çovdarda, arpada və s. var.
B6 vitamini (piridoksin) koferment hesab olunur. Fermentlərin sələfi olub, triptofan, metionin, sistein, qlütamin turşusunun və s. aminturşuların mübadiləsində vacib rol oynayır. Lipidlərin və aminturşuların mübadiləsində iştirak edir, qanyaranmanı stimullaşdırır, nuklein turşularının sintezini həyata keçirir, təbii rezistentliyin saxlanmasına və sinir sisteminin normal funksiya göstərməsinə kömək edir və qocalmanın qarşısını alır. Qaraciyərin funksiyasını yaxşılaşdırır, ödemlərin inkişafının qarşısını alır. Bu vitamin çatışmadıqda qıcıqlanma, dəri örtüyünün və selikli qişanın zədələnməsi müşahidə edilir, eləcə də böyrəklərdə daşlar əmələ gəlir. Ekzema, psoriaz, dermatitlərdə və dazlaşmada məsləhət görülür.
B6 vitamini ilə daha çox paxlakimilər, qarabaşaq yarması, kartof, şirin bibər, cəfəri, qıtıqotu, sarımsaq, nar, banan, qoz, arpa, yemiş, kələm, un, maya, iribuynuzlu heyvanların qaraciyəri və s. zəngindir.
B12 vitamini (sianokobalamin) yalnız bakteriyalar və aktinomisetlər tərəfindən sintez edilir. Bitki və heyvanlar tərəfindən isə ümumiyyətlə sintez olunmur. B12 vitamini olmadan eritrositlərin normal inkişafı mümkün deyil. Bu vitamin qaraciyər toxumalarında toplanır. Onun çatışmazlığından pernisioz anemiya inkişaf edir, DNT və RNT-nin sintezi zəifləyir, sinir sistemi və həzm sisteminin orqanları zədələnir. Heyvan mənşəli qida məhsullarının tərkibində olmadıqda qeyd olunanlar baş verə bilər. B12 vitamini ilə heyvan mənşəli xammallar: qaraciyər, ət, kəsmik, pendir, süd və s. zəngindir.
E vitamini (tokoferol) oksidləşməyə qarşı təsirə malik olan 8 yüksək molekullu spirtdən ibarətdir. Onlardan ən fəalı a-tokoferoldur. Tokoferol A vitamini və karbohidrat mübadiləsində iştirak edən fermentləri tez oksidləşmədən müdafiə edir, hüceyrələrdə toksiki peroksid birləşmələrin toplanmasını əngəlləyir və nəticədə onların qocalmasının qarşısını alır. Orqanizmdə bədxassəli şişlərin, ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsini əngəlləyir, sinir toxumalarının, əzələ sisteminin, dərinin normal funksiyasını təmin edir, saçları və kapilyarların divarlarını möhkəmləndirir. Tokoferol çatışmadıqda cinsiyyət vəzilərinin funksiyası və hamiləliyin normal gedişi pozulur, eritrositlərin hemolizi güclənir, bağırsağın, süd vəzilərinin funksiyası pozulur, əzələ distrofiyası inkişaf edir və saçlar tökülür.
Tokoferol kifayət miqdarda bitki yağlarında (zeytun, yerfındığı, soya, qarğıdalı, günəbaxan, küncüt və s.), həmçinin buğdanın rüşeymində, göyərtilərdə, brüssel və brokkoli kələmində, zəyərəkdə, zəncirotunda, qarameyvəli quşarmudunda, qara qarağatda, şaftalıda, ərikdə, çaytikanında, itburnuda, qozda, heyvan mənşəli yağlarda, ətdə, qaraciyərdə, süddə, yumurtanın sarısında və s. olur.
E vitamini bir çox bitkilərdə yayılmışdır, daha çox buğda toxumlarının rüşeyminin, pambıq toxumlarının, günəbaxan toxumlarının, soya toxumlarının və s. yağında var. Az miqdarda isə qarğıdalı, yerfındığı və zeytun yağında var. E vitamininə həmçinin buğda ununda, kərə yağında və mal ətində də rast gəlinir. Balıq yağında isə tokoferol yoxdur. Beləliklə, insan orqanizminə E vitamini doymamış yağ turşularının əsas mənbəyi olan bitki yağlarının tərkibində daxil olur. Orqanizmdə E vitamini çatışmadıqda müxtəlif xarakterik pozğunluqlar baş verir: 1. Hüceyrələrin və hüceyrədaxili orqanoidlərin (lizosomal, mitoxondrial, mikrosomal) membranların keçiriciliyi yüksəlir, hüceyrələrin mümkün autolizi (öz-özünə əriməsi) ilə müşahidə edilən lizosomal hidrolitik fermentlərin ifraz edilməsi, ferment azlığı, eritrositlərin hemolizə davamlılığının zəifləməsi müşahidə edilir; 2. Spermatozoidlərin hərəkətsizliyi, rüşeymin epitelinin degenerasiyası, embrionun məhvi və sorulması sayəsində dölsüzlük baş verir; 3. Sonradan skelet əzələlərində və miokardda distrofik dəyəşikliklərlə müşahidə olunan əzələ zəifliyi, qida rasionunda doymamış yağ turşuları, zülallar, aminturşular, kükürd və selen qıtlığı nəticəsində isə qaraciyərdə nekrotik ocaqlar yaranır.
P vitamini (bioflavonoidlər) bitki mənşəli fenol təbiətli birləşmələr: flavonoidlər (rutin, kversetin, hesperidin, eriodiktin və s.) və katexinlər qrupudur. Bioflavonoidlər kapilyarların keçiriciliyini tənzimləyir, onların kövrəkliyini azaldır. P vitamini askorbin turşusunun sinergizmi hesab edilir, oksidləşmə-reduksiya proseslərində iştirak edir. Bu vitaminin çatışmazlığı sinqa zamanı qanaxmanı atrırır. Bioflavonoidlər hiposensibilizəedici təsirə malikdir, damarların kövrəkliyini azaldır, toxuma tənəffüsünü stimullaşdırır, orqanizmdə C vitaminin toplanmasına şərait yaradır. Damarların keçiriciliyinin pozulması ilə müşahidə olunan xəstəliklərdə (hemorragik diatezdə, sinqada, hipertoniyada, şüa xəstəliyində və s.), qaraciyər xəstəliklərində, mədə-bağırsağın yara xəstəliklərində təyin edilir. P və C vitaminlərinin kompleksi böyrəküstü vəzin qabığının funksional vəziyyətini yaxşılaşdırır. Tromboemboliyada, psoriazda, məxmərək, allergik dermatozda istifadəsi məsləhətdir. P vitamini qanın laxtalanması yüksək olduqda əks göstərişdir.
P vitamini daha çox gilasda, qarameyvəli quşarmudunda, qara qarağatda, albalıda, narda, heyvada, mərcangilədə, rus alçasında, atəvəliyində, qara üzümdə, itburnunun qurudulmuş meyvələrində, sitrus meyvələrinin meyvəyanlığında və dilimlərarası hissəsində, yunan qozunun sütül meyvələrində, çayın yaşıl yarpaqlarında, qarabaşaqda, qırmızı bibərdə, üzümün toxumlarında, şam qabığında və s. olur.
Fol turşusu (folasin) anemiya əleyhinə faktor olub, nuklein turşularının (DNT və RNT-nin) biosintezində və aminturşuların metabolizmində iştirak edir. B qrupu vitaminlərinə aiddir. Embriogenezdə, xüsusən, beynin formalaşmasında onun rolu çox böyükdür. Dərinin və tüklərin vəziyyətini yaxşılaşdırır. Bu vitaminin çatışmazlığı anemiyanın inkişafı, boyun inkişafdan dayanması, leykopeniya, depresiya, süstlük, yuxusuzluq, nevroloji pozğunluq, həzmin pozulması və s. şəkildə özünü büruzə verir. Fol turşusu bağırsaqdakı bakteriyalar tərəfindən sintez olunur. Bu vitaminin əsas mənbəyi yerkökü, yemiş, ərik, avokado, ispanaq, gül kələmi, göbələklər, maya, qaraciyər və s.-dır. Meyvə və tərəvəzləri bişirdikdə fol turşusunun 70-90 %-i dağılır.
H vitamini (biotin) təbii mənbələrdə B qrupu vitaminlərinin müşayiətedicisidir. Yüksək temperatura, turşulara, qələvilərə və oksigenə qarşı davamlıdır. Karbohidrat, aminturşu, yağ mübadiləsində iştirak edir, dərinin və selikli qişanın funksiyalarını tənzimləyir, saçların vaxtından qabaq ağarmasının və tökülməsinin, eləcə də piy vəzilərinin həddən artıq fəaliyyətinin qarşısını alır. Bu vitamin çatışmadıqda iltihab, dəridə quruluq, hemoqlobinin səviyyəsinin azalması, yorğunluq və s. baş verir. Yumurtalıq zülalının komponenti olan avidonla birləşir, həll olmayan və qeyri-fəal birləşmə yaradır. Yeməklə çoxlu miqdarda yumurta qəbul etdikdə seborey (dəmrovlu) dermatit inkişaf edir, nəticədə saçlar tökülür və dırnaqlar dağılır. H vitamini neyrodermitdə, psoriazda və allergik vəziyyətlərdə effektlidir.
H vitamini kifayət miqdarda üzümdə, çiyələkdə, moruqda, çaytikanında, qara və qırmızı qarağatda, kələmdə (gül və baş), pomidorda, yaşıl noxudda, soyada, noxudda, qozda, cilalanmamış düyüdə, mayada və s. olur.
U vitamini (metilmetioninsulfonium-xlorid) tərkibində kükürd olan birləşmədir. Maddələr mübadiləsində sərbəst metil qrupu mənbəyi kimi iştirak edir. Xolinə və betainə analoji olaraq lipotrop təsir göstərir. Aydın müşahidə edilən yarasağaldıcı və antihistamin təsirə malikdir, allergenlərə qarşı yüksəlmiş həssaslığı azaldır. Mədənin və mədəaltı vəzinin sekretor funksiyasını bərpa edir. Koronar ateroskleroz zamanı lipid və elektrolit mübadiləsini yaxşılaşdırır, kaliumun və natriumun mübadiləsini normallaşdırır. Mədənin selikli qişasının xorasını törədən kortikosteroidlərlə birgə istifadəsi məqsədəuyğundur. U vitamini kolrabi və baş kələm çeşidlərində, pomidorda, yaşıl çayda, qarğıdalıda, çuğundurda, turp bitkisinin gövdə və yarpaqlarında, yaşıl göyərtidə (xüsusən, cəfəridə, kərəvizdə, kulançar və s.), çiy qaraciyərdə, çiy süddə və s. daha çox olur.

Yüklə 252,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin