On üçüncü fəsil ZARAFAT, NƏRD, ŞAHMAT VƏ ONLARIN ŞƏRTLƏRİ HAQQINDA Bil, ey oğul, deyiblər: "zarafat şərrin müqəddiməsidir",
yə'ni zarafat bütün bəlaların bələdçisidir.
Bacardıqca şit zarafatlardan qaç, əgər zarafat etsən, heç
olmazsa, məst vaxtı etmə, belə halda şərr və bəla daha çox olar.
İstər ayıq ol, istərsə məst-nalayiq zarafatlardan və söyüş
söyməkdən utan, xüsusilə nərd və şahmat oynadıqda, çünki bu
iki oyunda adamlar daha tez əsəbiləşir və zarafata az davam
gətirirlər. Çox nərd və şahmat oynamağı özünə adət etmə
oynamalı olsan, hərdənbir oyna, quş, qoyun, qonaqlıqdan və ya
bunlardan daha kiçik olan bir şeydən oyna. Girov və puldan
oynama, puldan oynamaq tərbiyəsizlikdir və qumar hesab
edilər. Oynamağı yaxşı bilirsənsə, qumarbazlıqda ad qazanmışla
oynama ki, sən də qumarbaz kimi tanınarsan; oynayırsansa.
özündən daha adlı-sanlı və daha şöhrətlisi ilə oyna.
Nərd və şahmatda nəzakət qaydası belədir ki, gərək sən
əvvəlcə zərə əl atmayasan, qoy hərif istədiyini götürsün. Əgər
nərd oynasan, zərləri qoy əvvəlcə rəqib götürsün, şahmatda da
ilk gedişi ona ver. Lakin türklər, cığalbazlar, xidmətçilər,
arvadlar, uşaqlar və tündxasiyyətli adamlarla girovdan oynama,
içindən cəncəl çıxar. Zərin xalları üstündə rəqiblə mübahisə
edib hay-küy qaldırma, and içmə ki, filanı atmışdım. Andın
doğru olsa da, camaat onu yalan güman edər. Bütün şərr və
fəsadın əsası zarafat dır; zarafat etməkdən özünü qoru. Hərçənd
zarafat nə günahdır, nə eyib. Peyğəmbər də zarafat edib.
Aişənin evində bir qarı var idi, bir gün peyğəmbərdən
soruşdu: "Ey Allahın elçisi, mənim üzüm behiştə gedənlərinki
kimidir ya cəhənnəmə", yə'ni: "Mən behiştliyəm, ya
cəhənnəmlik?" Deyiblər ki: "Allahın elçisi zarafat edərdi, lakin
həm də doğrusunu deyərdi". Sonra peyğəmbər zarafatyana
qarıya demişdir: "O dünyada heç bir qoca qadın behiştdə
olmayacaqdır". Qarının kefi pozulur, ağlamağa başlayır.
Peyğəmbər gülərək deyir: "Ağlama, mənim sözümdə xilaf ola
bilməz, doğru dedim ki, heç bir qoca behiştdə olmayacaqdır,
çünki qiyamət günü hamı qəbirdən cavan qalxacaqdır". Qarının
könlü açılır. Zarafat etmək olar, lakin söyüş söymək yaramaz.
78 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Əgər söyüş söyməli olsan, barı az söy və öz taylarına de ki,
cavab qaytarsalar, eyib olmasın. Şit zarafat etdikdə də ona
ciddilik qarışdır, lakin söyüşdən qaç. Doğrudur. hər zarafatda
bir şitlik olar, lakin həddini bilmək lazımdır. Hər nə desən onu
da eşidərsən, xalqa nə edirsənsə, onu da xalqdan gözləməlisən.
Lakin heç kəslə dalaşma, dalaşmaq kişi işi deyil, arvad və uşaq
işidir. Əgər, işdir, biri ilə dalaşmalı olsan, bildiyin və bacardığın
hər şeyi etmə, elə dalaş ki, barışığa yer qalsın. Çox da sırtıq və
inad olma. Alçaq adamların ən pis xasiyyəti sırtıqlıq və inaddır.
Ən gözəl sifət təvazökarlıqdır. Təvazö elə bir vergidir ki, heç
kəs ona həsəd etməz. Hər sözbaşı demə: "a kişi!", çünki
səbəbsiz olaraq "a kişi" deyən adam, kişini kişilikdən salmış
olar.
Şərab içmək, zarafat etmək, eşqbazlıq-bunların hamısı
cavanların işidir, lakin işlərin əndazəsini bilsən, bunları elə
gözəl təşkil etmək olar ki, camaat sənə irad tuta bilməz.
İndi ki, şərab içmək, zarafat etmək, nərd və şahmat
haqqında bir neçə söz deyildi, istər-istəməz məhəbbət, eşqbazlıq
qaydaları və onların şərtləri haqqında da bə'zi şeylər demək
lazım gəlir.
Yerinə yetirib yetirməyəcəyini bilmirəm, çünki, ürəyə
hökm etmək çətin işdir.