Fiziki mutagenlərə – ionlaşdırıcı radioaktiv şüalanma, ultrabənövşəyi
şüalar, yüksək temperatur, qlobal iqlim anomaliyaları, təbii fəlakətlər və s.
aiddir. İonlaşdırıcı şüalara rentgen və ϒ(qamma) – şüaları, β (beta) –
hissəcikləri, protonlar, neytronlar və s. aiddir. Hüceyrələrin şüalanması
nəticəsində hidrogen atomunun (H) və hidroksil qrupunun (OH) sərbəst
radikalları ayrılaraq, dərhal yeni birləşmələr, o cümlədən hidrogen peroksid
(H
2
O
2
) əmələ gətirir. DNT molekulu və kariotipdə əmələ gələn həmin
birləşmələr hüceyrənin genetik aparatının funksiyalarının dəyişilməsinə,
xromosom aberrasiyalarına və nöqtəvari mutasiyanın əmələ gəlməsinə zəmin
yaradır. İonlaşdırıcı (radioaktiv) şüalanmanın təsirindən xromosomların quruluşu
kəskin dəyişilərək gen mutasiyası törədir. Radioaktiv şüalanma nəticəsində
somatik hüceyrələrin bölünməsi prosesinin pozulması nəticəsində orqanizmdə
yaman keyfiyyətli şiş törəmələri və ölüm baş verir. Radiasiyanın əsas mənbəyi
isə atom və hidrogen bombalarının, reaktorlarının, generatorlarının partlaması,
texnogen qəzalar və s. sayılır.