Əngəlləri tanımaq niyə önəmlidir?
Vaxtın səmərəli və məhsuldar istifadəsində yarana biləcək əngəlləri tanımaq
onların öhdəsindən gəlməyi asanlaşdırır. Vaxt üçün maneə təşkil edəcək əsas
obyektlər fərdin özüylə bağlı ola bilər, gördüyü işlə əlaqədar ola bilər və işdəki
rəhbərlikdən qaynaqlanan səbəblərdən ibarət ola bilər. Bu əngəllərin qarşıya necə
çıxması və onları aradan qaldırmaq üçün lazım olan əsas addımlarla tanış olaq.
Şəxsin özündən asılı olan əngəllər
Vaxtdan səmərəli istifadə üçün insan hərşeydən öncə özünə bir həyat planı və ya məqsədlər paketi
hazırlamalıdır. Nizamlı və şüurlu bir plan tərtib edilmədiyi təqdirdə məqsədlərin çox az bir hissəsini
həyata keçirmək mümkün olur. Vaxtdan səmərəli istifadə etmək, gecə-gündüz işləmək mənasını
vermir. İnsanın işi də daxil olmaqla digər fəaliyyətlərinə yetərincə vaxt ayıra bilməsi vaxtdan səmərəli
istifadəni göstərir. Bunun da yolu plan qurmaqdan keçir. Vaxtdan səmərəli istifadəyə mane olacaq
əsas səbəbləri aşağıdakı kimi ifadə edə bilərik:
Şəxsi hədəfin qeyri-müəyyənliyi. Başlanılan işin sonunu düşünmək fərd üçün
motivasiya mənbəyidir. Harada olmaq istədiyini bilmək, ona çatmağın yollarını
aydınlaşdımaqda əsas şərtdir. İnsanın cəhdiylə enerjisini birləşdirməsi bir hədəf
olduğu zaman baş verir. Hədəf təyin etmədən atılan addımlarda fərd üçün əbəs yerə
24
vaxt və enerji itkisi baş verir. Hədəflər qiymətləndiriləbilən, aydın və reallaşa biləcək
şəkildə olmadıqda da fərdin sərf etdiyi vaxt və enerjisi heç bir məna ifadə etməyəcək.
Təxirə salmaq. Bir işi təxirə salmaq insanın özü-özünü aldatmasının bir üsuludur.
Mövcud vaxtın ediləcək işlər üçün kifayət etməyəcəyini düşünmək motivasiyanı da
yox edir. Burada əsas problem, təxirə saldığınız işlərə sonralar da vaxt ayıra
bilməməniz və nəticədə işin həyata keçməməsidir. Təxirə salmada ən böyük
səbəblərdən biri uğursuz olma inancıdır. Təxirə salma vərdiş halını aldıqda edilməmiş
işlərin sayının artması qaçınılmazdır.
Març Markini tərəfindən, təşkilati baxımdan işlərin təxirə salınmasında əsas səbəblər
kimi:
- verilən vəfizəyə razı olmamaq,
- dəyişiklikdən qorxmaq,
- uğursuz olmaq qorxusu,
- qeyri-müəyyən iş axını,
- qeyri-müəyyən hədəflər,
- mükəmməlliyyətçilik,
- işləri eyni anda və qısa müddətdə etmə istəyi göstərilmişdir.
Bir işi təxirə salmaqda bir digər səbəb fərdin verilən işdə yetkinliyinin olmamasıdır.
Bu baxımdan, vaxtdan səmərəli istifadə etmək üçün aşağıdakı tədbirləri görmək tövsiyə
edilir:
təxirə salınan iş sahələrinin təyin edilməsi;
işlərin vaciblik sırasına uyğun şəkildə sıralanması və problemlərin sıra
ilə həll edilməsi;
gündəlik işlərə və fəaliyyətlərə ayrılan vaxtın təyin edilməsi;
çətin problemlərdən qaçılmaması;
tam əmin olanadək işləri təxirə salmamaq.
Masanın dağınıq olması. Dağınıq masa, sənədlərin düzgün tərtib edilməməsi işçi üçün əsas
vaxt əngəllərindən biridir. Yaponlar iş yeri təmizliyinə və səliqəsinə ciddi fikir verərək, bu mövzuda 5S
fəlsəfəsini irəli sürürlər. 5S fəlsəfəsi yapon dilində təsnifatlandırma, nizamlama, təmizlik,
standartlaşdırma, məsuliyyət sözlərini özündə ehtiva edir. Səliqəsizlik boşa keçən vaxtların ən böyük
səbəbkarıdır. Lazım olan sənədin, ləvazimatın axtarışına çox vaxt sərf olunursa, o zaman icra ediləcək
işlərdə də ləngimələr qaçınılmaz olacaqdır. Bu baxımdan iş masasında yalnız və yalnız lazımi sənəd və
ləvazimatlar saxlanılmalıdır. Gündəlik icra ediləcək işlərə aid sənədlərin olması, işçiyə görəcəyi işi
xatırladacaqdır. Sənədlərin sayının artması, növbəti mərhələlərdə sənədlərin qarışmasına və
səliqəsizliyə gətirib çıxaracaq.
“Xeyir” deyə bilməmək. Vaxtını səmərəli istifadə etmək istəyən hərkəs lazımlı vəziyyətlərdə
“xeyir” ifadəsini işlətməyi bacarmalıdır. Vaxtın idarə olunmasında qızıl qayda başlanılmış işi
bitirməkdir. Yarım qalmış iş boş keçmiş vaxt deməkdir. Belə ki, fərd verilən işlərdə ciddiyyət
dərəcəsini əsas alaraq digər ciddi olmayan işlər üçün “xeyir” ifadəsini işlədə bilməlidir. İmtahanı olan
birinin ətrafdakı şəxslərin təkliflərinə yox deyə bilməsi, vaxtını səmərəli istifadə etdiyinə və hədəfə
çatmasında göstərdiyi cəhdinə nümunə ola bilər. Bir çox insan rədd cavabı verdikdə qarşı tərəfə
kobudluq etdiyini düşünür. Burada önəmli məqam “xeyir” cavabı verərkən nəzakət qaydalarını
gözləmək və düzgün jestlərdən, mimikalardan istifadə etməkdir. “Xeyir” demə bacarığına sahib ola
25
bilməyən şəxslər daima lazımsız qonaqlar, lazımsız telefonlar, lazımsız iş öhdəlikləri ilə boğuşmalı
olacaqlar.
Həddən artıq sosial münasibətlər. Bəzi insanların həyatında sosial münasibətlər xüsusi
önəmə malikdir. İşdə də ən məhsuldar saatlar sayılan səhər saatlarını daha çox söhbətə ayırmağa
üstünlük verirlər. Bu zaman həm özlərini, həm də iş yoldaşlarını ən səmərəli saatlardan məhrum
etmiş olurlar.
Qərarsızlıq. Qərar vermək – şəxsin özünün və ya başqalarının köməyi ilə problemləri dərk
etmə və təsnifatlandırma, məlumat və material toplama, həll yolları tapma, onları müqayisə edərək,
aralarından ən uyğununu seçmə fəaliyyətidir. Hər hansı işdə, prosesdə meydana gələn qərarsızlıq
vaxtdan səmərəli istifadəyə mane olan səbəblərdəndir. Hər hansı problem və ya mövzu ilə əlaqədar
əldə məlumat yoxdursa, o zaman qərar vermək mümkün deyil. Bu baxımdan, hər hansı qərar
mərhələsində olduqda atılacaq ilk addım yetərli məlumatın olub, olmadığını aydınlaşdırmaqdır. Əgər
lazımi qədər məlumat yoxdursa, vaxt ayrılaraq məlumat toplanılmalıdır.
Mükəmməlliyyətçilik. “Daha yaxşı, yaxşının düşmənidir”- ifadəsində olduğu kimi, bəzi insanlar
hər hansı bir işi icra etdiklərində yüz ölçüb bir biçirlər. Hər zaman mükəmməlin ardından qaçaraq,
idealı tapma istəyi vərdişə çevrildiyi andan etibarən vaxtın idarə edilməsində ən böyük maneəyə
çevrilə bilər. Həddən artıq mükəmməlliyyətçi şəxslər özlərindən başqa heç kimin işinə güvənməyərək
özlərini ağır işlə yükləyirlər. Nəticədə stresin yaranmasına və işlərin vaxtında yerinə yetməməsinə
səbəb olurlar.
Vacib işlərin təyin edilməməsi. Fərd və təşkilat üçün vacib olan işlərin dəqiq təyin
edilməməsi, lazımsız bir çox işin vaxt almasına səbəb olur. Bunun qarşısını almağın ən effektli yolu
işlərin vaciblik sırası ilə yazıldığı plan tərtib edilməsidir.
Stres və vaxt məhdudiyyəti. Stres insan həyatının ayrılmaz parçasıdır. Çünki fərdə
əhatəsindəki təsirlərə uyğunlaşma və daha yaxşı davranma fürsəti verir. Lakin bu normal səviyyədə
olan stres üçün keçərlidir. Stresin həddən artıq olması həyat üçün risk təşkil edir. Fərd yüksək stresdə
həddən artıq enerji sərf etməkdə və tükənməkdədir. Stressin psixoloji nəticələri narahatlıq,
yorğunluq, depressiya, işdə məmnuniyyət olmaması, daxili sıxıntı şəklində meydana çıxa bilər. Yüksək
stres görülən işdə effektivliyin azalmasına səbəb olur. Təşkilatlarda stressin əsas səbəbi kimi həddən
artıq işlə yüklənməni nümunə göstərmək olar. Stressin sağlamlığa təsirləri qastrit, yüksək təzyiq,
miqren, infarkt, dəri xəstəlikləri, diabet, xərçəng, depressiya şəklində ola bilər. Stressin bir digər
səbəbi isə verilən işin icrasında vaxt məhdudiyyətinin olmasıdır.
Dostları ilə paylaş: |