Seyid Əzim Şirvani (1835-1888) böyük şair olmaqla bərabər, həm də böyük pedaqoq və məktəbdar olmuşdur.
Əvvəlcə, babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim, sonra Şamaxıda mədrəsə təhsili almış, daha sonra Şərq ölkələrinə səyahətə çıxmış, dövrünün böyük alimləri ilə görüşmüş, elmini, dünyagörüşünü daha da genişləndirmişdir. 1856-cı ildə Seyid Əzim əvvəlcə İraqda, sonra Nəcəf və Bağdadda, daha sonra da Suriyanın Şam şəhərində ali ruhani təhsil almışdır. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik etmişdir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan, fars, rus dillərini təlim etmiş, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat vermişdi.
Bu məktəblə bağlı məşhur ədəbiyyatşünas, maarifpərvər Firidun bəy Köçərli yazır: “Axirül-əmir Hacı Seyid Əzim öz vətəni Şamaxı şəhərinə müraciət edib burada bir məktəb binası qoymuşdur ki, onda türk, fars və rus dilləri təlim olunurdu. Və lakin o vaxtlarda təlim-tərbiyə məsələsi çox çətin əmrlərdən birisi hesab olunurdu. Çünki üsuli-cədid üzrə uşaqlara oxumaq və yazmaq öyrətmək la-yiqincə müntəşir olmamışdı və təlim işlərinə mübaşir olan əşxasın üsuli-cədid nədən ibarət olduğundan xəbəri yoxdu və köhnə qaydadan bir müəllim dışarı çıxsaydı və təlim üçün təzə və yüngül bir cığır açsaydı, camaat ona rəğbət göstərməyib, nifrətlərini çox namərbut və kobud əda və hərəkətlər ilə izhar qılardılar”.
Heç təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçı və şairlər Seyid Əzimin açdığı bu məktəbdə oxumuşlar. Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir.
S.Ə.Şirvani həm də ictimai xadim olmuşdur. Onun çox gözəl təşkilatçılıq bacarığı olmuşdur. Məşhur “Beyt üs-Səfa”nın (ərəbcə “Səfanın evi” anlamındadır; 19-cu əsrin 60-cı illərində yaradılmış şairlər məclisi idi. Şamaxılı şair Məhəmməd bəy Səfanın evində yaradılmışdı. Şirvan şairlərindən Mollağa Bixud, Ağababa Zühuri, Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və başqa tanınmış şairlər bu məclisin fəal üzvlərindən idilər. Məclisə S.Ə.Şirvani və M.Bixud başçılıq edirdilər. “Beyt üs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcmə üş-şüəra” ədəbi məclisləri ilə sıx yaradıcılıq əlaqələri saxlayırdı) yaradıcılarından və rəhbərlə-rindən idi.
Azərbaycan uşaq ədəbiyyatının görkəmli yaradıcılarından biri kimi şöhrət qazanmış, təlim-tərbiyə mövzusunda yazdığı əsərlərində yazıçı-pedaqoq kimi özünün məharətini göstərmiş Seyid Əzim Şirvaninin ədəbi irsinin mühüm hissəsini uşaq və gənclərin təlim-tərbiyəsinə həsr etdiyi əsərlər təşkil edir. “Qafqaz müsəlmanlarına xitab”, “Təlim-tərbiyə haqqında”, “Əkinçi” qəzetinə yardım üçün”, “Həsən bəy Məlikov Zərdabiyə”, “Puşkinə heykəl qoyulması münasibətilə” və s. şeirlərində o, bir maarifçi kimi feodal-patriarxal qayda-qanunların əleyhinə çıxmış, qabaqcıl ideyaların carçısı olmuşdur.
Seyid Əzim insanlara dərin və hərtərəfli bilik qazanmağı tövsiyə edir və bunula bərəbər gözəl əxlaq və ədəbə yiyələnməyi zəruri hesab edirdi.
Seyid Əzimin nəcib ideyalar tərbiyə edən əsərlərini məktəb şagirdləri bir əsrdən artıqdır sevə-sevə oxuyub əzbərləyirlər. Şairin öz oğlu Mir Cəfərə müraciətlə yazdığı şeirlərdə təbliğ olunan fikirlər əslində bütün uşaqlar və gənclər üçün olduqca faydalıdır.
Şair “Alimlərə hörmət haqqında moizə” şeirində oğlu Mir Cəfərə müraciətlə yazır:
Dostları ilə paylaş: |