Müəllim əkşi, çatıq yüzlə püritabü qəzəb,
Görüncə Ənvəri, qaldırdı:
– Еy! Çocuq, bana baq!
Sən, iştə hanki cəhənnəmdə, söylə, nеrdə idin?
Düşünmə, söylə!
– Əfəndim, şеy...
– Ah, dəni, yaramaz!
Nasıl da baq dalıyor, sanki tilkidir qurnaz!..
Çocuqcığazda cavab: iştə bir sükuti-həzin...
Gözündə dalğalanır incə bir bahar buludu,
O həp baqıb duruyor, yoqdur onda hiylə və suç...
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı:
“Aman, vay, annəciyim!..”, sonra qəşş olub gеtdi;
Bu səs sınıfda olan cümlə qəlbi titrətdi.
Hüseyn Cavid bu kiçik şeirlə böyük pedaqoji məsələni müəllimlərə çatdırmaq istəyir ki, uşaqlara qarşı diqqətli, qayğıkeş və mərhəmətli olsunlar. Uşaqları, onların ailədəki həyatını dərindən öyrənsinlər.
Hüseyn Cavid uşaqların məktəbə hazırlanmasında ev tərbiyəsinin roluna ayrıca yer verirdi. “Ev tərbiyəsi necə olmalıdır?” sualına ailələrdə mövcud olan xoşagəlməz tərbiyə üsulları ilə cavab verir: “Uşaqlar damdabacalarla qorxudulur. Başıaçıq çölə çıxsan göydən başına adamcıl qurd düşər. Qaranlıq bir yerə getsən cinlər, divlər səni təhdid edər” və i. a.
Şair ailə tərbiyəsində yalançılığı, kindarlığı, qorxaqlığı, itaətsizliyi, xurafat və mövhumatı tənqid edir və valideynlərin xoşagəlməz müraciət üsullarına qarşı çıxaraq yazır: “...Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş çönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlasın” - diyor”.
Hüseyn Cavid tərbiyə işində anaların roluna böyük əhəmiyyət verirdi və bu məsələ onu daim qayğılandırırdı. O yazırdı: “Cocuq tərbiyəsinə diqqət etmək üçün tərbiyə görmüş analar lazım deyilmi? Hanı ana yetişdirəcək məktəblərimiz! Hər hansı qəzetəyə baxsan millət böylə? Vətən şöylə? - olmalı kimi bir çox məqalələr, xülyalar görünür. Lakin xülya ilə, boş xəyal ilə iş aşarmı? Vətəni, vətənin qiymət və əhəmiyyətini, tərəqqi və səadətini kimdən bəkləyə bilərik? Beli bükülmüş, ətəh və ətalətə uğramış ixtiyarlardanmı? Bir para biqeyd, laübali gənclərdənmi? Yaxud, saf, təmiz, məsum, ləkəsiz növzadlardanmı. Şübhəsiz ki, vətənə, millətə, millətin gələcəyinə ağlayacaq, tərəqqisinə çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb sıralarında çırpınan məsumlar ola bilərlər. Fəqət bu növzadların yeyib-içməsinə, geyinib-gəzməsinə, təlim-tərbiyəsinə diqqət edəcək analar hanı?”
Övladının tərbiəysi qeydinə qalmayan valideynləri Cavid əfəndi belə sözlərlə qınayır və söyləyir: “Xeyirsiz, xain, ədəbsiz övlad yetişdirib onları tərbiyə və islaha çalışmayan ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq üçün bir sürü əxlaqsız, bir yığın sərsəri yetişdirmiş olurlar. Böylə qeydsiz, tərbiyəsiz ata-ananın nə dərəcə məsul olacağı... hər kəsə məlum və aydın bir həqiqətdir.... Bu gün azacıq təbiətə qarşı durub övladını tərbiyədən məhrum buraxanlar, yarınkı gün cigərguşələrinin zillət, fəlakət odunda yanıb-qovrulduqlarını ağlaya-ağlaya seyr edəcəklər… Cocuqlar məsumdurlar, onunçün etdikləri işlərin heç birinə məsul deyildirlər, onların hal və hərəkətlərindən məsul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə müsamihə göstərən valideyn qanun və əxlaq nəzərində şiddətlə məsul tutulmalıdır. Çünki cəmiyyəti-bəşəriyyə üçün müzür bir adam hazırlamış olurlar”.
Göründüyü kimi Hüseyn Cavidin pedaqoji fikirləri bu gün də aktual və əhəmiyyətlidir.
Dostları ilə paylaş: |