Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən prosesdir. Bu prosesdə bir tərəfdən sosial-psixoloji, digər tərəfdən pedaqoji əlaqə və asılılıqlar özünü göstərir. Bu əlaqə və asılılıqlar bir-biri ilə sıx surətdə bağlıdır. Onları nəzərə almadan tərbiyə prosesini düzgün təşkil etmək olmaz. Sosial əlaqə və asılılıqlar dedikdə, tərbiyə prosesinin gedişində şagirdlərin ictimai sərvətləri mənimsəməsi zamanı özünü göstərən əlaqələr və asılılıqlar nəzərdə tutulur.
Pedaqoji əlaqə və asılılıqlar uşağı əhatə edən mühit və tərbiyə qüvvələri tərəfindən göstərilən təsirlərlə bağlı olan əlaqə və asılılıqlardır. Uşaq həmişə müəyyən mikro və ya makro mühitdə yaşayır, həmyaşıdları, valideynləri, bacı-qardaşları ilə ünsiyyətdə olur, məktəbin, müəllimlərin təsirinə məruz qalır, səhnə və ekran əsərlərinə, televizor verilişlərinə baxır, kitab və qəzet oxuyur, radionu dinləyir və s.
Tərbiyənin bir sıra nisbi mənada tərkib hissələri müəyyənləşdirilmişdir ki, tərbiyə olunanda həmin keyfiyyətlərin aşılanması məqsədəmüvafiqdir. Onları aşağıdakı kimi ayırmaq olar: əxlaq tərbiyəsi, mənəvi tərbiyə, intellekt tərbiyəsi (zehin tərbiyəsi), əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə. Bütün bunlarla bərabər tərbiyə prosesində uşaqların hüquq, ekoloji, iqtisadi, ruhi tərbiyəsi ilə də məşğul olunur. Bütün bunlar tərbiyənin məzmununu təşkil edir. Amma, nəzərə almaq lazımdır ki, tərbiyənin bütün tərkib hissələri bir birilə sıx bağlıdır. Hər hansı bir tərbiyənin tərkib hissəsində digər keyfiyyətlər də tərbiyə olunur və ya olunmalıdır. Bu cəhətdən tərbiyənin tərkib hissələri bir növ şərti xarakter daşıyır, insanın tərbiyə prosesində bütün bu tərbiyəvi keyfiyyətlər kompleks şəkildə həyata keçirilir.
Tərbiyə fəaliyyətində xüsusi, təşkilati cəhətindən söhbət getdikdə, adətən, burada müəyyən şəxsiyyətin formalaşmasına olan təsir assosiasiyası nəzərdə tutulur. Tərbiyə ənənəvi olaraq xüsusi inkişaf edən şəxsiyyətə, onun formalaşması məqsədi ilə cəmiyyət tərəfindən müəyyənləşdirilmiş sosial xassə və keyfiyyətinə pedaqoji təsiridir.
Tərbiyə dedikdə, biz pedaqoji prosesdə həyata keçirilən müxtəlif növlü fəaliyyətin stimullaşdırılmasını və təşkilini nəzərdə tuturuq ki, onlar ictimai təcrübə əldə etmək üçün şəxsiyyətə imkanlar verir. O, bilik, bacarıq, sosial və mənəvi münasibətləri ilə formalaşır.
Tərbiyə cəmiyyətimizin demək olar ki, bütün sahələrində həyata keçirilir. Ailənin, uşaq bağçasının, ümumtəhsil məktəblərinin, texniki peşə məktəblərinin, orta, ali ixtisas məktəblərinin, kolleclərin, idarə, müəssisə və təşkilatların tərbiyə imkanları genişdir. Başqa sözlə, sadalanan ictimai qurumlar tərbiyənin həyata keçirildiyi yerlərdir.
Ümumiləşdirilmiş formada desək, tərbiyəçilər və tərbiyə olunanlar tərbiyənin iştirakçılarıdır. Valideynlər, müəllimlər, ustalar, idarə, müəssisə və təşkilatların rəhbərləri və s. şəxslər tərbiyəçilər kimi fəaliyyət göstərirlər.
Dostları ilə paylaş: |