5. Əmək tərbiyəsi prosesində fərdi əməklə kollektiv əmək əlaqələndirilməlidir. Fərdi əmək tərbiyə olunanlarda müvafiq əmək vərdişləri, fərdi məsuliyyət formalaşdırır, iradəni inkişaf etdirib möhkəmləndirir. Kollektiv əməkdə isə bu cəhət kollektiv səylə birləşir, ictimai əhəmiyyət kəsb edir, daha səmərəli şəkil alır. Kollektiv əməkdə əsas cəhət ondan ibarətdir ki, ümumi əmək kollektiv üzvləri arasında bölüşdürülür, kollektiv üzvləri fəaliyyət baxımından bir-birindən asılı olur, kollektiv əməyin müvəffəqiyyətli nəticəsi hər fərdin əməyindən asılı olması hər fərdin məsuliyyətini birə-iki qat artırır, onlar daha diqqətli olmağa çalışırlar. Əgər fərdi əmək zamanı fərd yalnız öz işinin nəticəsi üçün məsuliyyət daşıyırsa, kollektiv əmək zamanı isə bütün kollektivin əməyi üçün məsuliyyət daşıyır.