İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi də fəaliyyət göstərir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri arasında uşaq-gənclər şahmat məktəbləri xüsusi yer tutur. Şahmat məktəblərində məktəblilər şahmatla məşğul olurlar. Bir qayda olaraq şahmatçılar respublika və beynəlxalq yarışlarda iştirak edirlər.
Təhsil Nazirliyi tərəfindən ölkədə ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi sahəsində məqsədyönlü işlər aparılır. Məktəbdənkənar təhsil müəssisəsi kimi “Ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri” fəaliyyət göstərir və gənc nəsildə erkən yaşlardan ekoloji təfəkkürün, ekoloji mədəniyyətin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin formalaşması baxımından faydalı işlər görürlər. Uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, əməli bacarıq və vərdişlərə yiyələnməsi, onların mənəvi və intellektual inkişafı, potensial yaradıcılıq istedadlarının aşkara çıxarılması, elmi tədqiqatçılıq qabiliyyətlərinin formalaşdırılması ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin əsas vəzifələrindəndir.
Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin kompleks fəaliyyət proqramı ekoloji dərnəklərin fəaliyyətini, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, onların təbiətsevərlik, təbii sərvətlərə qayğı və vətənpərvərlik ruhunda tərbiyəsini, ekoloji kütləvi tədbirlərin keçirilməsini, ekskursiya və ekspedisiyaların təşkilini və digər məsələləri əhatə edir...”
İstər sinifdənxaric tərbiyə işləri olsun və istərsə də məktəbdənkənar tərbiyə işləri olsun onların fəaliyyəti :
- şagird şəхsiyyətinin formalaşmasına və məktəbdə təlim və tərbiyə keyfiyyətinin yüksəlməsinə xidmət edir;
- məktəblilərin təlim prosesində qazandıqları bilik, bacarıq və vərdişləri daha da zənginləşdirir və həyata tətbiq etmələrinə imkan yaradır;
- məktəblilərin fəallığını, təşəbbüskarlığını maraq, meyl və qabiliyyətlərini inkişaf etdirir;
- məktəblilərin asudə vaxtlarının ağıllı təşkilinə şərait yaratmaqla onları xoşagəlməz təsadüfi hadisələrdən və küçənin mənfi təsirindən qoruyur, şəxsiyyətlərarası əlaqələrini tənzimləyir, dostluq, yoldaşlıq kimi əxlaqi keyfiyyətlər yaradır, yaşıdları arasında əxlaqi münasibətləri cilalayır;
- məktəblilərin sağlamlığını möhkəmləndirir;
- məktəblilərin ictimai fəaliyyət və əmək vərdişləri ilə silahlanmasına kömək edir ;
- məktəblilərin potensial qüvvələrini, intellektual imkanlarını üzə çıxarır, yaradıcılıqlarını inkişaf etdirir, özlərini dərindən tanımalarına kömək edir;
- məktəblilərin elm, texnika, ədəbiyyat, incəsənət və s. sahələr üzrə əlavə məlumat əldə etmələrinə şərait yaradır;
Sinifdənxaric və məktəbdənkənar tərbiyə işi həm məktəblilərin hərtərəfli və ahəngdar inkişafına xidmət edir, həm də onların fərdi istedad və qabilliyyətlərini daha vüsətlə formalaşdırmalarına optimal yardım göstərir.
Dostları ilə paylaş: |