İnstitut (ali məktəb) – müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.
İnsayt– problemin həlli prosesində onun həllinin gözlənilmədən tapılmasına deyilir.
İnterpretasiya – mənanın izah edilməsi prosesidir.
İntellekt – (latınca intelectus – dərketmə, dərrakə, anlama) – fərdin əqli qabiliyyətinin nisbətən sabit strukturuna deyilir. Müasir psixologiyada intellektin strukturu müxtəlif aspektlərdə öyrənilir.
İradə– insanın işin icrası prosesində çətinlikləri şüurlu surətdə dəf etməsi prosesidir. Fəallığın təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.
İstedad – 1) fəaliyyəti müvəffəqiyyətlə icra etmək imkanı verən qabiliyyətlərin keyfiyyətcə özünəməxsus uzlaşmasına deyilir; 2) ümumi qabiliyyətlər və intellekt anlamlarının sinonimi kimi də işlədilir.
İxtisas– müvafiq təhsil sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət növüdür.
Kampus – müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksidir (şəhərciyidir).