Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


KLASSİK QƏRB VƏ RUSİYA PEDAQOJİ FİKRİNDƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNƏ BİR NƏZƏR



Yüklə 3,59 Mb.
səhifə74/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   443
KLASSİK QƏRB VƏ RUSİYA PEDAQOJİ FİKRİNDƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNƏ BİR NƏZƏR

Əhatə olunan məsələlər:
5.1. Avropa klassiklərinin tərbiyə və təhsil haqqında fikirləri

5.2. Rusiya klassiklərinin tərbiyə haqqında fikirləri.




5.1. Avropa klassiklərinin

tərbiyə və təhsil haqqında fikirləri
Yan Amos Komenskinin tərbiyə haqqında fikirləri. XVII əsrdə yaşamış çex pedaqoqu Yan Amos Komenski (1592-1670) elmi pedaqogikanın banisi hesab olunur. O, 92 əsərin müəllifidir. Komenskinin “Böyük didaktika” əsəri pedaqoji fikrin ən dəyərli əsər­lərindən biri hesab edilir. O bu kitabında didaktikanın nəzəri-pe­daqoji əsaslarını, kollektiv sinif dərs sisteminin pedaqoji əsas­la­rını işləmişdir.

Humanizm və demokratiklik Komenski dünyagörüşünün əsa­sı­nı təşkil edir. Y.A.Komenski pedaqogikasını təbiətəmüvafiqlik pe­da­qogikası adlandırırlar. Onun fikrinsə insan təbiətin bir hissəsi ol­du­ğundan onun tərbiyəsi də təlimi də təbiətin qaydalarına tabe ol­ma­lıdır: “Təbiət hər yerdə bizə nümunə göstərir”. O, təbiəti müəllim hesab edir və Siseronun “.... əgər bir rəhbər kimi biz təbiətin arxasınca getsək, heç bir zaman azmarıq” – fikrinə haqq qazandırır. Buradan belə nəticə çıxır ki, uşaq da təbiətin bir hissəsi olduğundan, onun tərbiyəsi də təbii yolla getməlidir. Məktəb bütün qaydalarını dəqiq olaraq təbiətdən götürməlidir. “Balıqlar suya, ağaclar me­şə­yə, otlar çəmənliyə toplaşdığı kimi, uşaqlar da məktəbə top­laş­malıdır”. Komenski fərdi təlimin əleyhinə çıxmış, sinif-dərs sis­te­mini, kollektiv təlimin zəruriliyini əsaslandırmışdır. Y.A.Ko­menski dövrünün məktəb sistemini yaratmış, onun məqsəd və vəzifələrini müəyyənləşdirmişdir. O, məktəbi insanlıq, humanizm, əməksevərlik tərbiyə edən iş emalatxanası adlandırmışdır. O, elə məktəblər açmağı tələb edirdi ki, orada hər iki cinsdən olan bütün gənclər bir yerdə elmləri öyrənə bilsinlər. Məktəbin əsas vəzifəsi cəmiyyətdə ümumi müdrikliyi yaymaqdan ibarətdir. Y.A.Komenski yaş dövrlə­ri­nə uyğun olaraq məktəb sistemini belə vermişdir: 1) 0-6 yaşa qədər – uşaqlıq – “Ana qucağı məktəbi” – ailədə tərbiyə; 2) 6-12 yaş – yeniyetmə - ana dili məktəbi – hər hansı yaşayış məntəqəsində yerləşən məktəb; 3) 12-18 yaş – gənclik – latın dili məktəbi – (gim­na­ziya) – hər şəhərdə; 4) 18-24 yaş – kişiləşmə - akademiya – universitetlər.

Birinci mərhələ üçün Komenski “Ana qucağı məktəbi” adlı vəsait də yazmışdır. “Ana qucağı məktəbi”ndə uşaqların ətraf aləm­lə tanışlığı, xarici hiss üzvlərini inkişafı nəzərdə tutulurdu.

Y.A.Komenski təlim prinsiplərinin mahiyyətini izah edərək, aşağıdakı kimi təsnif etmişdir:

1) əyanilik;

2) şüurluluq;

3) biliklərin möhkəmləndirilməsi;

4) sistemlilik və ardıcıllıq;

5) gücəmüvafiqlik.

Y.A.Komenski əyanilik prinsipini müəllimlər üçün “Qızıl qayda” adlandıraraq yazırdı: “Mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, yəni görünəni – görmə duyğusuna, səsi – eşitmə duyğusuna, iyi – iybilmə duyğusuna, dadı olanı – dad duyğusuna, toxunula biləni – lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun”.

Y.A.Komenski tərbiyə məsələlərinə öz pedaqoji nəzəriy­yəsin­də xüsusi yer ayırmışdır. O, hər bir xalqın gələcəyini və rifahını yeniyetmələrin düzgün tərbiyəsində görürdü.

Y.A. Komenski uşaqların tərbiyəsində nümunəyə böyük əhə­miy­yət verir və deyirdi: “Axı uşaqlar meymun kimidirlər. Onlar yaxşı və pis nə görsələr kənardan təhrik olmasa da, onu təqlid etməyə səy edirlər. Bu yolla onlar dərketmədən qabaq təqlid et­məyi öyrənirlər. Mən bu zaman istər həyatdan, istərsə də tarix­dən götürülmüş nümunələri nəzərdə tururam və ilk növbədə həyatdan alınmış nümunələri əsas götürürəm. Çünki onlar uşaqlara yaxındır və daha qüvvətli təsir göstərir. Belə ki, hər kəsdən əvvəl qoy valideynlər nümunə göstərsinlər. Özləri ev inti­zamını ciddi gözləsinlər. Müəllimlər isə qoy başqaları arasında öz əxlaqı ilə seçilən ən yaxşı adamlar olsunlar”.

Y.A. Komenski, tərbiyənin qarşısına aşağıdakı vəzifələri qo­yurdu:

1. Bizi əhatə edən xarici aləmi dərk etdirmək;

2. İnsanın nə etməli olduğunu öyrətmək;

3. Dinə sadiq, mömin insanlar yetişdirmək.

Y.A.Komenskiyə görə tərbiyənin aşağıdakı metodları vardır: 1) Şəx­si nümunə; 2) nəsihət; 3) təmrinlər; 4) rəğbətləndirmə; 5) cəza.

Y.A.Komenski öz dövrü üçün əhəmiyyətli olan bir neçə dərs kitablarının müəllifidir. Bu dərsliklər içərisində “Dillərin açıq qa­pısı”, “Real aləm şəkillərdə” xüsusilə fərqlənir. “Dillərin açıq qa­pısı” həm dilin qrammatikasını, həm də bilik sahələrini əhatə edir. “Real aləm şəkillərdə” kitabı Komenskinin “Pansofiya” (hamıya, hər şeyi öyrətmək) ideyasına uyğun tərtib edilən, ibtidai bilikləri əhatə edən uşaq ensiklopediyasıdır. Pedaqogika tarixçilərinin fik­rincə bu kitab məktəbi həyata, həyatı məktəbə gətirməkdir.

Y.A.Komenski təlim-tərbiyə prosesində müəllimin roluna yüksək qiymət verir. O deyirdi ki, sən ata kimi hərəkət etməyi bacarmırsansa, müəllim kimi fəaliyyət göstərə bilməzsən. Müəllim uşaqları öz nümunəsi ilə tərbiyələndirməlidir. Y.A.Komenski peda­qoji aləmdə ümumbəşəri fenomendir. Üç əsrdən artıqdır ki, onun pedaqoji sistemi, ideyaları yaşayır.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin