Həyadır birisi, biri ədəbdir,
Biri dəxi nədir: xövfi-qiyamət.
Dəxi könlü edər üç nəsnə qəmgin,
Qulaq ur kim, edəm sana hekayət.
Yaman qonşu, yaman yoldaşi-bədxu,
Yaman övrət siyasətdir, siyasət.
Nəsimi, sən yəqin əhli-nəzərsən,
Bu üç nəsnəyi qıl kəndunə adət:
Biri lütfü kərəm, həm xülqi-niku,
Biri – heç kimsəyə baxma həqarət.
Bu sözlər xoş nəsihətdür bilənə,
Səadətdir, vəli eyni-səadət.
Hürufilik təsəvvüf xətti ilə orta əsrlərin tərbiyə və təhsilində, pedaqoji fikrində, ədəbiyyatında öz qüvvətli təsirini buraxmışdır.
4.9. Əxilikdə tərbiyə
Əxilik qədim türk mədəniyyətinin bir qoludur. Türk toplumunun dini, əxlaqi, mənəvi dəyərləri, fəlsəfəsi, sosial -iqtisadi anlayışı əxilikdə öz əksini tapmışdır. Əxiliyin məqsədi insanların dünya və axirətdə rahatlıq içində olmalarını təmin etmək və bununla bərabər İslam adət və ənənələri ilə səsləşən kamil insan tipini tərbiyə etməkdir. Əxiliyin bir məqsədi də bu olmuşdur ki, zənginlə kasıb, istehsalçı ilə istehlakçı, əməklə sərmayə, xalq ilə dövlət arasında sıx və sağlam əlaqələr quraraq “Sosial ədalət”i gerçəkləşdirməkdir.
Əxilik dini-fəlsəfi təlim kimi XII əsrdə İranda, Anadoluda, Azərbaycanda yayılmış və insanların təlim-tərbiyəsində, dünyagörüşündə böyük rol oynamışdır. XII əsrdə Anadoluda Əxiliyi təşkilandıran, onu inkişaf etdirən “Əxi Evrən” adı ilə məşhur olan azərbaycanlı Şeyx Nəsirəddin Mahmud olmuşdur. O 1171-ci ildə Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. “Əxi” sözünün izahmda iki mülahizə vardır. “Əxi” ərəbcə “Qardaş” və ya türkcə “Aki”-“Alicənab” (Aka, qədim türk sözü olub “Alicənab”, “Comərd”, “Əliaçıq”) mənalarını verir. İnsanpərvərlik, əliaçıqlıq, xeyirxahlıq Əxiliyin təməl görüşlərindən biridir. Bu görüşə bağlı olaraq, Əxilik bir sinfin, bir zümrənin və ya bir adamın hökmranlığına qarşı çıxmamış, insanlar arasında ayrılıq güdməmiş, əksinə onların bərabərliyini qoruyub saxlamışdır.
Əsasən şəhər sənətkarlarını, ticarətlə məşğul olanları birləşdirən Əxi təşkilatlarının xüsusi nizamnamələri olmuşdur ki, buna "Fütuvvətnamə" (Ərəbcə “Fəda” sözünün cəmidir. Yəni - "mərdlik", "igidlik", "səxavətlilik") demişlər. Onların toplaşdığı yerə “Təkyə” və ya “Zaviyə” deyilmişdir. İslam qaydalarına müvafiq özlərinə məxsus düşüncə və davranış tərzləri, ədəb və əxlaq qaydaları olmuşdur. Fütuvvətnaməyə əsasən dörd dini əxlaq normasına - şəriətə, təriqətə, mərifətə, həqiqətə əməl etməli, yoxsullara, kimsəsizlərə, qəriblərə yardım göstərməli, istismarçılara qarşı mübarizə aparmalı, əxlaqı daim saflaşdırmalı idilər.
Əxiliyə girənlər bellərinə bağladıqları qurşağa “Vəfa şəddi” deyirdilər. Bunun mənası belə idi: «Belimə bağlayıram ki, sözümdə durum. Şeytana uymayın və daim ona düşmən olun. Dünya malına göz dikməyim. Tanrının qəzavü-qədərinə səbr edim. Haraya getsəm bu qurşaq məndə olsun. Tanrının bunda hikməti vardır”.
Əxilikdə yüksək mərtəbəyə çatanlara “Əxi Ata” statusu verilmişdir ki, bu öz xüsusiyyətlərinə görə qədim şamançılara çox yaxın olmuş və hamısı “Kəramət” sahibi sayılmışdır. Əxi birliklərində sənətkarlıq yüksək qiymətləndirilmiş və sənətə "hikmət" adı verilmiş və bu hikmətin kimsələrdən qorunması tövsiyə edilmişdir. Əxilər gündüz çalışar, axşamlar isə “Təkyəyə”yə gəlib, ibadətlərini edər, söhbətlər keçirər, yeməklərini birlikdə yeyərdildər. Bu təkyələrdə qonaq, yolçu heç vaxt əksik olmazdı. Əxilər zalım və haqsızlara qarşı mübarizə apardıqları kimi, öz aralarında da hər hansı biri Əxi prinsiplərini pozarsa, müştərilərini aldadarsa, yalan söylərsə dərhal Əxi -Ata tərəfəindən mühakimə edilib cəzalandırılardı. Bu cəhətdən də Əxilik təşkilatı islami ticarət anlayışını qoruyan, bir iman, igidlik, cihad, əxlaq və mənəviyyat ocağı olmuşdur.
Əxilərin özlərinə məxsus məktəbləri, təlim mərkəzləri olmuş və burada təhsil alanlara aşağıdakılar öyrədilmişdir: Dinin əsaslarını oxuyub öyrənmək, yazmaq; insanlıq tərbiyəsi-təmizlik, paklıq və əxi ocağının qanunlarına əməl etmək; ilahilər- şeirlər, rəqslər və nağıllar öyrənmək; yeddi müxtəlif formada qurşaq bağlamağı və açmağı öyrənmək ki, bunun da mənası belədir: Nəfs və tamah qapısını bağlayıb, mərdlik qapısını açmaq; zülm etmək qapısını bağlayıb, yaxşılıq etmək qapısını açmaq; qəzəb və kin qapısını bağlayıb, səbr və qənaət qapısını açmaq; həzz qapısını bağlayıb, nəfsi qorumaq qapısını açmaq; xalqdan bir şey ummaq qapısını bağlayıb, haqq qapısını açmaq; çox danışmaq qapısını bağlayıb, Tanrını anma qapısını açmaq; şeytana uymaq qapısını bağlayıb, Tanrıya xidmət qapısını açmaq.
Əxi birliklərinin tərbiyəedici və maarifləndirici fəaliyyətləri islam dininin elm və tərbiyə haqqındakı qaynaqlarından irəli gəlmişdir. Həmin fəaliyyətin istiqaməti aşağıdakılardır:
-
Hər bir fərdə özünü tanıma yollarını göstərmək. Tərbiyə və elm insanın özünü tanıma yollarnı, özünü dərketməyi öyrətməlidir. Əks təqdirdə elm və tərbiyənin heç bir əhəmiyyəti qalmaz.
-
İnsan fitrətini qorumaq.
-
Kamil insan yetişdirmək. Belə insan yalnız vətənində deyil, hər yerdə, hər zaman doğru, düzgün insandır.
-
Fərddəki gizli bacarıqları üzə çıxarmaq və onlara istiqamət vermək.
Göründüyü kimi bütün bunlar müasir pedaqoji fikrin əsas ideyaları ilə səsləşir.
Əxi birliklərinin təlim-tərbiyə sisteminin təməl qaydaları aşağıdakılardır: 1) İnsan bütöv olaraq, dünyaya gəlmiş və ona görə də, ona sənət, peşə öyrətməklə yanaşı dini, əxlaqi və sosial bilgi verilməlidir; 2) görülən əməli işlər nəzəri məsələlərə uyğun olmalıdır, 3) təlim-tərbiyə müəyyən bir vaxta qədər deyil, bütün ömrü boyu davam etdirilməlidir: 4) dərslər bilikli, bacarıqlı müəllimlər tərəfindən öyrədilməlidir.
Əxilər qız uşaqlarının tərbiyəsinə xüsusi diqqət yetirmiş və onlara belə öyüdlər də vermişlər. “İşinə diqqətli ol”, “Aşına diqqətli ol”, “Eşinə diqqətli ol”, (“Eş” həyat yoldaşı).
Əxi ocaqlarında müəllimlər təlim alan uşaq və yeniyetmələrə aşağıdakı hərəkət və davranışları etməməyi tövsiyə edirdilər: Tüpürmək, qiybət etmək, iftira etmək, lovğalanmaq, ayıb və qüsur araşdırmaq, əmanətə xəyanət etmək, kinli olmaq, yalan danışmaq.
Fütüvvət qaydalarına görə Əxinin üç açıq, üç bağlı keyfiyyəti olmalıdır: Əli açıq olmalı (səxavətli, çomərd olmalıdır); qapısı açıq olmalı (qonaqsevər olmalıdır); süfrəsi açıq olmalı (ac gələni doydurmalıdır).
Gözü bağlı olmalı (kimsəyə kəm gözlə baxmamalı, kimsənin qüsurunu araşdırmamalıdır); dili bağlı olmalı (hər gördüyünü deməməli, çox danışmamalı); beli bağlı olmalı (etibarlı, əmin adam olmalı, haramdan uzaq olmalı). Bu qaydalara əməl edən adam pis xasiyyətlərdən arınır, yaxşı keyfiyyətlərə sahib olur, çox geniş işlənən bir deyimlə əlinə, belinə, dilinə, gözünə hakim olur.
Fütüvvət üzvlərinin dörd təməl əxlaq prinsipi vardır: 1) qüvvətli və qalib vəziyyətdə ikən əfv etmək.; 2) hiddətli zamanda yumşaq davranmaq: 3) pisliyə qarşı yaxşılıq etmək; 4) özünə ehtiyac olduğu halda başqasına əl tutmaq.
Fütüvvət üzvləri üç qola ayrılmışdır: 1) Qılınclı qol. Bu qola daxil olanlar həm nəfslərinə, həm də kafirlərə qarşı savaşırlar. Bu Həzrəti Məhəmmədin Həztəti Əliyə qılınc bağışlamasının simvolu kimi qəbul edilir; 2) sözlü qol. Bu qola bağlananlar qılınc daşımazlar. Onlar söz sahibidirlər; 3) fütüvvət qədəhindən içənlər qolu. Bu qola daxil olanlar təşkilata şərbət içərək qatılanlardır ki, onlar təşkilatın qayda-qanunlarını inkişaf etdirirlər.
Əxilik haqqında yazılan bir sıra əsərlərdən, əlimizə keçən məlumatlardan əxiliyin özəlliklərni ümumi şəkildə aşağıdakı kimi şərh edə bilərik:
-
Səxavətli olmalı.
-
Doğru olmalı.
-
Torpaq kimi aşağı könüllü, təvazökar olmalı.
-
Xeyirxah olmalı.
-
Öz həyatını xalqın işinə həsr etməli.
-
Qonaqpərvər olmalı.
-
Əməksevər və bir sənət sahibi olmalı.
-
İnsanlara sevgi və məhəbbət göstərməli.
-
Dinini sevməli və ona hörmət etməli.
-
Utanc, həya duyğusuna sahib olmalı.
-
Yalan söyləməməli, insanlarda qüsur aramamalı.
-
Mərhəmətli olmalı.
-
Kimsəyə qarşı düşmənçilik və kin bəsləməməli.
-
Yoxsullara yardım etməli, zənginlərlə minnətsiz dolanmalı.
-
Böyüklərə hörmət, kiçiklərə şəfqət göstərməli.
-
Fütüvvət əlamətlərini və geyimini daşımalı.
-
Nəfsinə hakim olmalı.
-
Ayna kimi sirr saxlayan olmalı.
Əxilərin sosial həyatdakı yaşamı xüsusi əxlaq qaydalarına müvafiq olmalıdır. Bu qaydalar yemək yeyərkən, su içərkən danışarkən, alış-veriş edərkən, hamama gedərkən, yataqda yatarkən və s. haqqındadır.
Məsələn, yemək yeməyə dair qaydalar belə şərh olunur:
-
Yeməkdən əvvəl və sonra əlləri yumalı.
-
Süfrədə böyüklərdən öncə yeməyə başlamamalı.
-
Yalnız öz qarşısndan və kiçik tikələrlə yeməli.
-
Başqalarından tez yeyib, kənara çəkilməməli.
-
Yeyərkən və içərkən səssizliyə əməl etməli.
-
Payından çox və doyunca yeməməli.
Əxiliyin 740-a qədər görk qaydaları vardır. Əxiliyin son mərtəbəsinə “Övliya” deyilir. Ovliya bu qaydaların hamısını yaxşı bilir və ona əməl edir. Göründüyü kimi Əxilikdə əxlaq anlayışı böyük bir sistem şəklindədir.
Əxilik vaxtilə Azərbaycanda geniş yayılmış özünəməxsus bir əxlaqi təlim olmuşdur. Bəzi mənbələrə görə Nizami Gəncəvi də Əxi təşkilatının üzvü olmuşdur. Bu barədə “Təzkireyi-Devletşah”da yazılmışdır: “Şeyx Nizami Əxi Fərəcin müridlərindən idi”.
Dostları ilə paylaş: |