Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə21/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   17   18   19   20   21   22   23   24   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Texnoloji təmərküzləşdirmə aqreqat və istehsal-texniki təmərküzləşdirmə 
formalarını özündə əks etdirir. Başqa sözlə, təmərküzləşdirmənin bu formasında 
qurulmuş avadanlıqların sayca çoxaldılması onlardan hər birinin gücünün 
artırılması ilə eyni zamanda baş verir. 
Müəssisədə istehsalın təmərküzləşdirilməsi aşağıdakı istiqamətdə həyata 
keçirilə bilər: 
- ixtisaslaşdırılmış istehsalın təmərküzləşməsi; 
- kombinələşmiş istehsalların təmərküzləşməsi; 
- universal müəssisələrin ölçülərinin artması. 
Bu istiqamətlər içərisində ən səmərəlisi birincisidir. Həmcins məhsullar 
istehsalının daha iri müəssisələrdə cəmləşməsi yüksək məhsuldar və ixtisaslaşmış 
avadanlıqlardan, avtomatlaşdırılmış axın xətlərindən, istehsalın təşkilinin 
mütərəqqi metodlarından istifadə etməyə imkan verir.
Təmərküzləşmənin ikinci istiqaməti də səmərəlidir. Bu istiqamət texnoloji 
prosesin yerinə yetirilməsinin ardıcıllığını, xammalın kompleks emalını, aralıq 
məhsul və tullantılardan istifadə etməyi, ətraf mühitin çirklənməsinin azalmasını 
təmin edir. 
Ən səmərəsiz variant üçüncü istiqamətdir. Bu istiqamətdə istehsalın 
təmərküzləşməsi nə istehsal proseslərinin oxşarlığına və ardıcıllığına, nə də 
xammalın kompleks emalına əsaslanır. Universal tipli müəssisələr bir-birilə az 
əlaqəli istehsalları birləşdirir.
2. İstehsalın təmərküzləşməsinin inkişafı səviyyəsini və dinamikasını 
öyrənmək üçün 2 qrup göstəricilərdən istifadə olunur.
Birinci qrup göstəricilərin köməyilə təmərküzləşmə səviyyəsini sahəyə daxil 
olan müəssisələrin orta ölçüsü kimi öyrənir, təhlil edir və qiymətləndirirlər.
İkinci qrup göstəricilər təmərküzləşmə səviyyəsini sahənin ümumi 
məhsulunun müxtəlif ölçülü müəssisələr arasında bölgüsü və ölçü qrupu 
müəssisələrinin ümumi istehsaldakı payı vasitəsilə müəyyən olunur.
Birinci qrup göstəricilər əsasən mütləq təmərküzləşməni, ikinci qrup 
göstəricilər isə nisbi təmərküzləşməni səciyyələndirirlər. Mütləq təmərküzləşmənin 
səviyyəsi aqreqatların, istehsalların və müəssisələrin maksimal və orta ölçülərini, 


nisbi təmərküzləşmənin səviyyəsi isə müxtəlif ölçülü aqreqat, istehsallar və 
müəssisə qrupları arasında sahənin ümumi həcminin bölgüsünü əks etdirir.
Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək üçün natural və 
dəyər ölçüsündə məhsul istehsalının həcmi, sənaye-istehsal heyətinin orta illik 
sayı, istehsal əsas fondlarının orta illik dəyəri, energetika avadanlıqlarının orta illik 
güçü və s. göstəricilərdən istifadə olunur.
Təmərküzləşmə səviyyəsini öyrənmək üçün istifadə edilən göstəricilərdən biri 
də “sənaye-istehsal heyətinin orta illik sayı” göstəricisidir. Lakin bu göstərici ilə 
təmərküzləşmənin səviyyəsini qiymətləndirmək əməyin texnika ilə silahlılığı 
səviyyəsindən asılıdır və həmin göstəricinin səviyyəsi də ayrı-ayrı müəssisələrdə 
müxtəlif olur. Buna görə də istehsal prosesinin mexanikləşdirmə və 
avtomatlaşdırılma dərəcəsi yüksək olan iri müəssisənin, əməyin texniki silahlılığı 
aşağı olan nisbətən kiçik müəssisə ilə müqayisədə təmərküzləşmə səviyyəsi aşağı 
qiymətləndirilə bilər. Təmərküzləşmə səviyyəsini müəyyən etmək üçün istehsal 
əsas fondlarının orta illik dəyərindən, maşın və avadanlıqların, əsas aqreqatların 
sayı və gücü göstəricilərindən istifadə etmək məqsədəuyğundur.
İstehsal əsas fondlarının orta illik dəyər göstəricisi təmərküzləşmə səviyyəsini 
və dinamikasını daha düzgün əks etdirir. 
Bəzən təmərküzləşmə səviyyəsini xarakterizə etmək üçün texnoloji prosesə 
sərf edilən enerji gücünün kəmiyyətindən istifadə edirlər.
3. Firmanın böyüməsinin başlıca mənbəyini istehsalın miqyasca artımından 
əldə olunan qənaət təşkil edir. Lakin istehsal prosesinin xüsusiyyətlərindən
istehsal olunan məhsulun həcmindən, müasir elmi-texniki tərəqqinin tələblərindən 
və s. asılı olaraq, ayrı-ayrı sahələrin bu qənaəti reallaşdırmaq imkanı müxtəlif olur. 
Buna görə də müxtəlif sənaye sahələrində firma və müəssisələrin müxtəlif ölçü 
strukturları formalaşır.
Yeni iqtisadi sistemə keçidlə əlaqədar olaraq istehsal firmaları və 
müəssisələrin optimal ölçüsü problemi yenidən, həm də daha aktual məzmunda 
meydana çıxır. Başqa sözlə, bu problemin həlli əvvəlkindən fərqli, yeni yanaşma 
tərzi tələb edir. Məsələnin bir-birilə sıx qarşılıqlı əlaqəda olan iki tərəfi ön plana 
keçir: 
a) firmanın daha yüksək son nəticə əldə etməyinə imkan verən ölçüsünün 
seçilməsi üçün əsas götürüləcək texniki, iqtisadi, sosial və s. amillərin 
müəyyənləşdirilməsi; 
b) sənayedə, onun ayrı-ayrı sahələrində, hətta ayrı-ayrı bölgələrdə firma və 
müəssisələrin optimal təsərrüfat əlaqələrinin müəyyənləşdirilməsi. Bu cür 
optimallaşdırma meyli bütün inkişaf etmiş ölkələr, o cümlədən elmi-texniki 
tərəqqinin ən yüksək templərinə malik ölkələr üçün səciyyəvidir. 


Təmərküzləşmənin iqtisadi baxımdan məqsədəuyğunluq sərhədini müəyyən 
etmək üçün firma və müəssisənin elmi-texniki cəhətdən əsaslandırılmış optimal 
ölçüsü tam dəqiqliklə müəyyən olunmalıdır. Ümumi nəzəri baxımdan firma və 
müəssisənin optimal ölçüsü az xərclə daha yüksək təsərrüfat nəticələrinə nail 
olunan həddir. Firmanın optimal ölçüsü müəyyən edilərkən həm onun daxili 
mühitinin və həm də onun xarici mühitinin yaratdığı amillərin təsiri nəzərə 
alınmalıdır.
Müəssisənin istər maksimum yol verilə bilən və istərsə də optimal ölçüsünə, 
başqa sözlə, təmərküzləşmə səviyyəsinə bir sıra xarici amillər də təsir göstərirlər. 
Bunlara xammal və nəqliyyat amillərini, demoqrafik vəziyyəti (əmək ehtiyatlarının 
mövcudluğu), iqtisadi-coğrafi amilləri (su təchizatı), regionun mənimsənilmə 
vəziyyəti, sosial infrastrukturun inkişaf səviyyəsi, ekoloji vəziyyət, vaxt amili
digər bu qəbildən olan amillər aiddir.
Hər bir konkret sahədə kiçik müəssisələrin yerinə yetirdikləri funksiyalardan 
asılı olaraq onların başqa müəssisələrlə əlaqələri formalaşır. Müxtəlif ölçülü 
müəssisələrin səmərəli uzlaşdırılması iki formada təşkil oluna bilər: 
1. Şaquli əlaqələr. Bu xüsusilə, maşınqayırma sənayesi üçün daha 
xarakterikdir. Yəni burada kiçik müəssisələr iri müəssisələrin sifarişlərini yerinə 
yetirərək onlar üçün aralıq məhsulları, hissələr, tərtibatlar, alətlər və s. istehsal 
edirlər. İri müəssisələr isə son hazır məhsulun yığılması və buraxılışı 
əməliyyatlarını həyata keçirirlər. Bu halda kiçik müəssisələrin istehsal proqramı 
həmin iri müəssisələrin sufariş portfeli əsasında formalaşır. Belə kiçik müəssisələr 
həm sərbəst, həm də baş müəssisənin tərkibində fəaliyyət göstərə bilərlər.
2. Üfiqi əlaqələr. Bu, son hazır məhsulun istehsalı ilə məşğul olan müxtəlif 
ölçülü müstəqil müəssisələr arasında yaranır. Belə əlaqələrə daxil olmaqda hər bir 
müəssisə sərbəstdir və bu, həmin müəssisələrin təsərrüfat müstəqilliklərinə ciddi 
ziyan gətirmir. Belə əlaqələr, adətən, bu və ya digər istiqamətdə həmin qrup 
müəssisələr üçün daha əlverişli xarici iqtisadi münasibətlər mühiti yaratmaq üçün 
qurulur. 
İstehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi öz əksini firma və 
müəssisənin 
ölçülərinin 
artması 
nəticəsində 
istehsalın 
texniki-iqtisadi 
göstəricilərinin yaxşılaşmasında tapır.
İri müəssisələr səmərəlilik baxımından bir çox üstünlüklərə malik olur ki, 
bunları şərtləndirən amillər aşağıdakılardır: 
1. İri müəssisələrdə daha güclü və məhsuldarlığı yüksək olan avadanlıqlar 
tətbiq etmək mümkündür. Avadanlığın fərdi gücünün artırılması həmişə texnoloji 
proseslərin intensivləşdirilməsi ilə müşayət olunur, çünki avadanlığın çəkisi və 
qabariti onun gücünə nisbətən az artır (“Gücdə tərəqqi-çəkidə tənəzzül”). Bu 
baxımdan, daha güclü avadanlığın güc vahidi nisbətən ucuz başa gəlir. 


İri istehsallarda istehsalın və əməyin mütərəqqi təşkili formalarına keçmək 
daha asan olur. İri istehsallarda məhsul buraxılışının kütləvilik səviyyəsi yüksək 
olduğundan, burada ixtisaslaşmış (xüsusi) avadanlıqların, axın xətlərinin tətbiqinə, 
avtomatlaşdırma və kompleks mexanikləşdirmə işinin həyata keçirilməsinə şərait 
yaranır; müəssisənin bütün texniki-iqtisadi və iqtisadi göstəriciləri yaxşılaşır.
İstehsalın həcmcə artımına nisbətən qeyri-mütənasib artan xərclər-binaların 
qızdırılması və işıqlandırılmasına enerji sərfi, inzibati-idarə heyətinin əmək haqqı 
və s. azaldığından iri istehsalda hazırlanan məhsulun maya dəyəri kiçik istehsallara 
nisbətən aşağı səviyyədə olur. 
Qeyd etmək lazımdır ki, təmərküzləşmənin iqtisadi üstünlükləri aqreqat 
təmərküzləşmə forması üçün daha səciyyəvidir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin