Qeyri-formal qrup - həmfıkirlərin, dostların və başqalarının əhatəsidir. O, həm formal qrup çərçivəsində, həm də onsuz yarana bilər. Məsələn, məkan-ərazi yaxınlığı əsasında (qonşular, həmyerlilər); maraq birliyi əsasında (pokerlər, qeyri-formallar); şəxsi rəğbət əsasında (dostlar, tanışlar) və s. Belə qeyri-formal qruplarda şəxslərarası münasibətlər aydın əks olunur və burada ciddi təşkilatçılıq çox da vacib deyil. Burada qaydalar əksər hallarda ənənələrə, hörmətə, şəxsiyyətə, rəğbətə, adətə, maraqların ümumiliyinə əsaslanır.
İlkin və təkrar qruplar.Fərdlər arasındakı qarşılıqlı münasibətlərin fərqi ən çox ilkin və ikinci qrupda özünü büruzə verir. İlkin qruplarda qrupun hər bir üzvü başqa bir üzvü şəxsiyyət və fərd kimi görür. Belə bir görümün nailiyyəti intimliyin, şəxsiyyət təcrübəsinin bir çox elementlərini yaradan sosial münasibətlər vasitəsilə baş verir. Ailə qruplarında onların üzvləri çalışırlar ki, sosial münasibətləri qeyri-formal və mülayim etsinlər. Onlar bir-birini, ilk növbədə, şəxsiyyət kimi maraqlandırır, ümumi ümid və hisslərə malikdirlər və ünsiyyət zamanı öz tələbatlarını tamamilə ödəyirlər. Təkrar qruplarda sosial münasibətlər şəxssiz, birtərəfli və utilitar xarakter daşıyır. Burada başqa üzvlərlə şəxsi dostluq münasibətləri vacib deyil, lakin sosial rollar bunu tələb etdiyi üçün bütün kontaktlar fəaldır.
«İlkin» və «təkrar» qruplar terminləri qrupşəkilli qarşılıqlı əlaqələrin növlərini mövcud qrupun başqa qruplar sistemində əhəmiyyətinin göstəricilərindən daha yaxşı xarakterizə edirlər. İlkin qrup obyektiv məqsədlərin ifadəsi kimi, məsələn, istehsalatda özünü göstərə bilər. Lakin o, qrup üzvlərinin qarşılıqlı insani münasibətlərini, emosional təminatını daha çox ödəyə bilər, nəinki geyimi və yaxud istehsalat məhsullarının faydalılığını. Təkrar qrup isə qarşılıqlı dostluq münasibətləri şəraitində fəaliyyət göstərməsi keyfiyyəti ilə fərqlənir, lakin onun mövcudluğunun əsas prinsipi spesifık funksiyaları yerinə yetirə bilməsidir. Beləliklə, ilkin qrup həmişə qrup üzvləri arasındakı qarşılıqlı əlaqəyə, təkrar qrup isə məqsədə əsaslanır.
Referent qrup- ya real qrup, ya da şərti qrupdur. Burada fərd özünü nümunə ilə öz davranışını və özünüqiymətləndirməni əlaqələndirir. Bəzən referent qrupla inqrup uyğun ola bilər. Məsələn, yeniyetmə öz komandasına müəllimlərinin düşündüyündən də artıq dərəcədə istinad edir. Altqrup da həmçinin referent ola bilər.
Altqruplar fərdlər tərəfındən adətən stereotip kimi qavranılır. Hansısa bir qrupun hərəkətini qiymətləndirərkən çox vaxt arzularımızdan əlavə qrupun hər bir fərdinə, bizim zənnimizcə, qrupu bütövlükdə xarakterizə edən bəzi cizgiləri aid edirik. Məsələn, belə bir fikir mövcuddur ki, guya bütün zəncilər avropoid irqindən olan adamlardan daha ehtiraslıdırlar (hərçənd əslində belə deyil), bütün fransızlar - yüngül xasiyyətlidirlər, ingilislər - özlərinə qapılan və dinməzdirlər. Stereotip pozitiv (xeyirxahlıq, cəsarətlilik), neqativ (prinsipsizlik, qorxaqlıq) və qarışıq (almanlar intizamlı olsalar da, qəddardırlar, azərbaycanlılar qonaqpərvər olsalar da, unutqandırlar) ola bilər. Bir dəfə yaranan stereotip (fərdi fərqlər nəzərə alınmadan) müvafiq altqrupun bütün üzvlərinə şamil edilir. Sosial stereotiplərin yaranma mexanizmi tam tədqiq olunmayıbdır.
Stereotiplər daim yaranır, dəyişilir və yox olur; bütün bunlar sosial qrupun üzvləri üçün vacibdir. Onların köməkliyi ilə bizi əhatə edən altqruplar haqqında yığcam və lakonik məlumat əldə edirik.
Belə məlumat bizim digər qruplara münasibətimizi müəyyənləşdirir, əhatəmizdə olan qruplarsa altqrupun nümayəndələri ilə ünsiyyətdə davranış xəttini müəyyən etməyə imkan yaradır. İnsanlar stereotipləri şəxsiyyətin əsas cizgilərinə nisbətən daha tez qəbul edirlər. Beləliklə, altqrupda yalnız bəzi şəxsiyyətlər qrupun normativ və müqayisə referent funksiyalarını tam ayırd edə bilirlər, stereotiplər isə bir çox kəskin və incə mülahizənin nəticəsi kimi meydana çıxırlar.