XI MÖVZU: Cümlə üzvləri. Baş üzvlər Plan: 1) Cümlə üzvlərinin əsas mahiyyəti və bölgüsü 2) Baş üzvlər. Mübtəda və onun ifadə vasitələri 3) Əvəzliklə ifadə olunan mübtədanın işlənmə məqamları 4) Xəbərin mahiyyəti və ifadə üsulu 5) Xəbərin ifadə vasitələri 6) Baş üzvlərin quruluşca növləri Dilin sintaktik quruluşunun əsas vahidi olan cümlə ayrı-ayrı sözlərin və söz birləşmələrinin məna və qrammatik cəhətdən əlaqəsi əsasında formalaşaraq bitmiş, vahid bir fikir ifadə edir. Cümlənin tərkibini təşkil edən sözlər lüğəvi mənaya malik olmaqla cümlə daxilində sintaktik suala cavab verir və qrammatik cəhətdən əlaqələnir. Cümlə daxilindəki həmin söz və söz birləşmələri cümlə üzvü adlanır. Məsələn, Mən bu gün dərsə yaxşı hazırlaşmışam. Cümlədəki hər bir söz lüğəvi mənaya malikdir, suala cavab verir və aralarında sintaktik əlaqə mövcuddur. Mən (uzlaşma) hazırlaşıram. Dərsə (idarə) hazırlaşıram; yaxşı (yanaşma) hazırlaşıram; bu gün (yanaşma) hazırlaşıram. Verilmiş cümlədəki cümlə üzvləri bir-birindən fərqli məna və vəzifə yükü daşıyır. Cümlə daxilindəki tutduğu mövqe, yer də fərqlidir. Cümləyə nəzər salsaq, görərik ki, mən və hazırlaşmışam sözləri digər sözlər (bu gün, dərsə, yaxşı) olmadan belə, bitmiş fikir ifadə edərək cümləni formalaşdırır. Hazırlaşmışam sözü mən sözünə tabedir. Şəxsə və kəmiyyətə görə onunla uyğunlaşır, deməli, mən sözü daha müstəqildir. Digər sözlər isə birbaşa hazırlaşmışam sözünə tabedir. İzah edən, aydınlaşdıran həmin üzvlərin özü də müxtəlif vəzifə daşıyır. Bu gün zaman zərfliyi olaraq xəbəri (hazırlaşmışam) aydınlaşdırır və aydınlaşdırdığı üzvdən ayrı düşünülmür, müstəqil üzv şəklində işlənmir, ona görə də asılı üzv adlanır. Bu dediklərimizə əsaslanaraq cümlə üzvlərini belə qruplaşdırmaq mümkündür. Cümlə daxilində daşıdıqları məna və vəzifəyə, tutduqları mövqəyə görə 2 yerə bölünür: 1) Baş üzvlər; 2) 2-ci dərəcəli üzvlər. Baş üzvlər cümlənin qrammatik əsasını, bazasını təşkil edir. Cümlə bunlarsız qurula bilməz. Hər iki üzvün iştirakı ilə qurulan cümlələr cüttərkibli, yalnız birinin əsasında qurulan cümlələr isə təktərkibli adlanır. Daha çox xəbər əsaslı təktərkibli cümlələr geniş fəaliyyət göstərir.