3) Sifətlə ismin birləşməsindən əmələ gələn mürəkkəb isimlər: Ağdam, Ağsu, Göyçay, istiot, Böyükkişi və s.
4) Bir isimlə mənsubiyyət şəkilçili digər ismin birləşməsi ilə yaranan mürəkkəb isimlər: suiti, itburnu, quşüzümü, kəklikotu və s.
5) isimlə feli sifətin birləşməsi ilə: otbiçən, tozsoran, əlüzyuyan, günbatan və s.
6) 1-ci ixtisar edilməklə iki sözün birləşməsindən əmələ gələn mürəkkəb isimlər: Azərnəşr, raykom və s.
7) Təkrar olunan felin arasına -ha,-a ünsürlərini artırmaqla mürəkkəb isim əmələ gəlir: basabas, vurhavur, gəlhagəl və s.
8) Mənaca bir-birinə yaxın olan, həm nisbətən, həm də mütləq antonimlik yaradan isimlər defislə yazılıb, mürəkkəb isim əmələ gətirir: yer-göy, qaş-göz, var-yox, dost-düşmən, dost-aşna və s.
9) Bir tərəfin leksik mənası olmayan sözlər birləşib mürəkkəb isim əmələ gətirir: çör-çöp, sür-sümük və s.
İsmin mənaca növləri və sintaktik vəzifəsi Müxtəlif lüğəvi məna qruplarına ayrılan isimlər mənaca üç qismə bölünür:
1) Ümumi və xüsusi isimlər. Ümumi isimlər eynicinsli əşyaların, hadisələrin, mücərrəd anlayışların adlarını bildirir: dəniz, çay, göl, dağ, dərə, ağac, oğlan, qız və s.
Xüsusi isimlər eynicinsli əşya, şəxs, coğrafi məkan, yer, yurd və s. adlarını digərindən fərqləndirmək üçün işlədilir. Xüsusi adlardan bəhs edən dilçilik bölməsi onomalogiya adlanır. Xüsusi adlar təsnif edilərkən, başlıca olaraq, məna və məzmun nəzərə alınmadır. Belə ki, eyni xarakterə malik və eyni səciyyəli mənanı bildirən onomastik vahidlər xüsusi cərgədə və müəyyən başlıq altında qruplaşdırılır. Deyilən cəhətlər nəzərə alınaraq dilimizdəki xüsusi sözləri hələlik aşağıdakı müstəqil qruplara bölmək olar:
1. antroponimlər – şəxs adları;
2. Etnonimlər – tayfa, qəbilə, tirə adları;
3. Toponimlər – yer adları;
4. Hidronimlər – su, dəniz, çay, arx, bulaq adları;
5. Zoonimlər – heyvanlara verilən xüsusi adlar;
6. Kosmonimlər – səma cisimlərinə verilən adlar;
7. Ktematonimlər – maddi -mənəvi abidələrin, elm, texnika və mədəniyyətlə bağlı əsərlərin, xüsusi əşyaların, fəxri adların, inzibatı idarə, təşkilat və s. adları.
2) Konkret və mücərrəd isimlər: Konkret isimlər canlı və cansız varlıqların adlarını bildirir. Belə isimləri tələffüz edərkən insan şüurunda müəyyən bir varlıq dərk edilir. Məsələn, dağ, dərə, kitab, dəftər, qələm, stol, lövhə və s.
Konkret məfhumları bildirən isimlər mənşə etibarilə mücərrəd anlayışları bildirən isimlərdən əvvəl yaranmışdır. Bu da təbiidir. Çünki insan hər şeydən əvvəl, gözlə gördüyü, təmas etdiyi konkret varlıqları dərk etmişdir.
Mücərrəd isimlər bu xüsusiyyətlərə malik deyil. Mücərrəd isimlər əşyaya məxsus keyfiyyəti, işi, vəziyyəti əşyadan xaric bildirir. Məsələn, xəyal, pislik, yaxşılıq, xeyirxahlıq, insanlıq və s.
Belə isimlərin dildə böyük əhəmiyyəti var. Obrazlılıq, emosional çalar yaradan vasitə kimi bədii əsərlərə poetik ovqat bəxş edir. Məs.: – Yenə göylərdədir, şair, xəyalın! – Əzəldən hüdudu yoxdur kamalın! (S.V.) Dənizlərdən dənizlərə uç, romantikam! (M.M.) Gözəlliksoy iləndir, Şahmar da soy ilandır... (Bayatı)
3) Təklik və topluluq bildirən isimlər: yalnız tək bir varlığın adını bildirənlər tək isimlər adlanır. Məs.: oğlan, qız, kitab, stul, qapı, ağac, bulaq, dağ, dərə, quzu və s. Bəzi isimlər isə heç bir morfoloji əlamət qəbul etmədən çoxluq anlayışını bildirir. Məs.: sürü, ilxı, naxır, camaat, külfət, dəstə, xalq, ordu, batalyon, tabor, el, qəbilə, tayfa və s. Topluluq, çoxluq anlayışı bu isimlərin daxili məzmunundadır. Bu isimlər də digər ümumi isimlər kimi kəmiyyət kateqoriyasının morfoloji əlamətini qəbul edə bilir: sürülər, ordular, naxırlar və s.