-gər: peşə və sənətlə məşğul olan şəxs məzmunu yaradır: misgər, kimyagər, zərgər və s.
-kən: cansız əşya anlayışı bildirir: yelkən;
-tuq: qoltuq və s.
2) İkinci qismə daxil olan isimlər fars və ərəb dillərinə məxsus şəkilçilərlə həmin dillərin isim və məsdərlərindən düzəlir.
-iyyat (iyyət): Bu şəkilçilər vasitəsilə ümumilik, elm, nəzəriyyə anlayışları formalaşdırılır. Məsələn, fəaliyyət, qabiliyyət, ədəbiyyat, külliyyat;
-dar: Bu şəkilçi vasitəsilə vəzifə, peşə anlayışlı isimlər yaradılır. Məsələn, hökmdar, xəzinədar, hesabdar;
-at (ət): Bu şəkilçi vasitəsilə mücərrəd məzmunlu, sosial mənalı isimlər yaradılır. Məsələn, təşviqat, təbliğat, mühacirət;
-i (vi): Bu şəkilçi vasitəsilə təxəllüs, soyad, mənsubluq anlayışı yaradılır. Məsələn, Nəsimi, Həbibi, Gəncəvi;
-keş: Bu şəkilçi əlamət, cansız əşya məzmunu yaradır. Məsələn, azarkeş, dəmkeş və s.
-kar: sənətkar;
-stan: yer, məkan anlayışlı isimlər formalaşır: Əfqanıstan, Hindistan, Gürcüstan;
-dan: güldan, qənddan, şamdan;
-xana: kitabxana, həbsxana, toyxana;
-şünas: müxtəlif elm sahələri ilə məşğul olan şəxs: şərqşünas, musiqişünas, ədəbiyyatşünas;
-ban: bağban;
-baz, -paz: kəndirbaz, aşpaz və s.
Yeri gəlmişkən, aşpaz sözündəki -paz şəkilçisi çox vaxt -baz şəkilçisi ilə qarışıq salınır. Qeyd edək ki, -baz şəkilçisi fars dilinə məxsus olan “baxtən” felinin kökü olub “həvəsli” mənasını ifadə edir (kələkbaz, qumarbaz, sözbaz, quşbaz və s.) Lakin -paz şəkilçisi yenə də fars dilində müstəqil feildir, “puxtən” felinin köküdür və “bişirmək” deməkdir. Aş isə qədim türk sözü olub ümumi yemək anlayışını ifadə edirdi, yəni hər cür yemək aş adlanırdı: Bir səyatət zamanı ac qalsam, susuz qalsam, Bir aşxana qapısını ötənlərdən xəbər alsam... . (S.Vurğun) Aş leksik vahidinin müasir ədəbi dil üçün isə semantikası daralmışdır və əsasən plov mənasında işlənir. Bəzi yemək adlarının tərkibində də qalmaqdadır: südlüaş, dovğa aşı və s. Beləliklə, aşpaz ismi müasir ədəbi dilimizdə öz ilkin semantikasını saxlamaqla “yemək bişirən şəxs” anlayışını ifadə edir. Onu da bildirək ki, püxtələşmək sözünün kökündə də həmin feil dayanır. Məcazi mənada işini, sənətini gözəl bilən insanlar haqqında deyilir: püxtələşib, yəni işində tam bişib, sənətinin əsl ustasıdır.