Anahtar kelimeler: felsefe, akide, ideya istikameti, ruh, maneviyat.
Fəlsəfə tarixi
Şah Vəliyullah Dehləvi:
islahatçılıq fəaliyyəti və fəlsəfəsi
Qəmər Mürşüdlü
Şah Vəliyullah kimdir
Fəlsəfi-tarixi ədəbiyyatımızda haqqında az bəhs olunan (və ya heç bəhs olunmayan) islam düşünürlərindən biri də daha çox Şah Vəliyullah adı ilə məşhur olan Qütbəddin Əhməd ibn Əbdürrahim Dehləvidir. Şah Vəliyullah bütün müsəlman aləmində durğunluq və geriliyin hökm sürdüyü, şirk və xurafatın yayıldığı bir dönəmdə müqəddəs torpaqlardan uzaqda – Hindistanda Quran və hədisin yenidən canlandırılması, dini elmlərin dirçəldilməsi, islamın mövhumat və bidətlərdən təmizlənməsi və ilkin saflığına qaytarılması məqsədilə böyük bir islah və yeniləmə fəaliyyəti göstərmiş, islamın fəlsəfəsini yaratmışdır. M.İqbalın sözləri ilə desək, Şah Vəliyullah keçmişlə əlaqəni tam kəsmədən bütün islam sistemini yenidən nəzərdən keçirmə arzusunu hiss etmiş ilk müsəlmandır (6, 136).
Qütbəddin Əhməd Şah Vəliyullah (1703-1763) elmi, imanı, irfan sahibi olması və cəsurluğu ilə məşhur olan bir nəslə mənsubdur. Onun soy kökü ata tərəfdən Hz. Ömərə, ana tərəfdən isə imam Musa Kazıma çatır. Ulu babaları h. YII əsrin sonları YIII əsrin əvvəllərində Hindistana köçmüş, Dehli yaxınlıqlarındakı Ruhtək şəhərində məskunlaşmışlar. Atası Şah Əbdürrahim dövrünün dərin biliyi və bacarığı, dinə bağlılığı, yüksək mənəvi keyfiyyətləri və təsəvvüfi mərifəti ilə seçilən alimlərindən olmuşdur. Hökmdar Aləmgirin (öl.1707) göstərişi ilə hazırlanan məşhur əl-Fətava’l Hindiyyəni tərtib edən üləma heyəti sırasında idi. O, Dehlidə Rahimiyyə adlandırdığı mədrəsə açmış və burada ilk dəfə olaraq təfsir mətnindən istifadə etmədən Quran ayələrinin oxunmasını təşkil etmişdi. Və şübhəsiz ki, Şah Vəliyullahın təlim və tərbiyəsində, mükəmməl bilik və mənəvi üstünlüklər əldə etməsində atasının rolu və təsiri böyük olmuşdur.
Vəliyullah yazıb-oxumağa erkən yaşlarından başlamış, adı mədrəsəyə qeyd etdirilsə də, təhsili evdə almış və atasının onun üçün tərtib etdiyi xüsusi proqram əsasında dövründə tədris olunan hədis, təfsir, islam hüququ, təsəvvüf, hesab, məntiq, kosmoqrafiya, tibb, fəlsəfə və s. elmləri dərindən mənimsəmişdir. Ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Nadir zehni qabiliyyətə malik olan Vəliyullah artıq yeddi yaşlarında Qurani-Kərimi əzbərdən bilmişdir. Fitri bacarığı sayəsində çeşidli elm sahələrində əldə etdiyi biliyi on beş yaşlarında olarkən başqalarına da öyrətməyə başlamış və bununla öz elmini daha da dərinləşdirmişdir. Atasının ölümündən sonra (1719) isə gənc Vəliyullah onun Rahimiyyə mədrəsəsində hədis, təfsir, məntiq kimi elmlərin tədrisi ilə məşğul olmuş və tezliklə elmi və mənəvi keyfiyyətləri sayəsində ətrafına çoxsaylı tələbələr toplaya bilmişdir. Özünün yazdığı kimi, on iki il davam edən bu fəaliyyəti boyunca o, dini kitabları və rasional biliklərə aid kitabları tədris edir və hər elmdə dərin bilik və düşüncə sahibi olma fürsəti qazanır (3, 127).
Əhməd Şah Vəliyullah iyirmi yeddi yaşında olarkən müqəddəs torpaqlara səfərə çıxır və onun dünyagörüşünün formalaşmasında, dini-elmi biliyinin dərinləşməsində, habelə islam aləmini yaxından tanımasında həcc ziyarəti məqsədilə etdiyi bu səfərin böyük rolu olmuşdur. Səfəri zamanı o, təxminən bir il yarım islam aləminin dini, mədəni və elmi mərkəzində - müqəddəs Məkkə və Mədinə şəhərlərində qalmış, həcc ziyarətini yerinə yetirməklə bərabər, müxtəlif islam ölkələrindən gəlmiş böyük və nüfuzlu bilginlərdən hədis elmini, fiqhi və sufizmi daha geniş və hərtərəfli öyrənmiş, bu sahələrdə biliyini təkmilləşdirmişdir. Dərs aldığı ustadlardan Şeyx Əbu Tahir Məhəmməd əl-Mədəninin və Şeyx Tacəddin əl-Kalinin onun elminə və düşüncəsinə böyük təsiri olmuşdur.
Hicazda aldığı biliklər Şah Vəliyullahın gələcək fəaliyyətinin müəyyənləşməsinə və niyyətlərinin gerçəkləşməsinə önəmli təsir göstərmişdir. Hədis sahəsindəki biliyi onun islamı yeniləmə və islah fəaliyyətinin əsasını təşkil etmiş, hədis elmi ilə islam hüququnu birləşdirmək səylərinin gerçəkləşməsini təmin etmiş, ictihad sahəsində düşüncəsinə aydınlıq gətirərək, yüksək müctəhid səviyyəsinə qaldırmışdır.
Həcc ziyarətindən döndükdən sonra Şah Vəliyullah dini-maarifçilik fəaliyyətinə başlayır və Rahimiyyə mədrəsəsində müəllimlik işini daha geniş bilik, təcrübə və enerji ilə davam etdirir. Qısa bir zaman içində tələbələrin sayı artdığından mədrəsədə yer darlıq edir. Bundan xəbər tutan Sultan Məhəmməd Şah (öl. 1750) Dehlinin mərkəzində mədrəsə üçün böyük bir bina ayırır. Və az sonra “Elm evi” adı ilə məşhur olan bu mədrəsə Hindistan müsəlmanları üçün bir elm ocağına çevrilir.
Şah Vəliyullah ərəb və farsca bir çox əsər (əsərlərinin sayı dəqiq məlum deyil, elmi ədəbiyyatda məktub və şeirləri istisna olmaqla, böyüklü-kiçikli qırxa qədər əsəri olduğu göstərilir) qələmə almışdır. Onun əsərləri mövzu və məzmununa görə zəngindir və dini elmlərlə yanaşı islam çərçivəsində siyasi, iqtisadi, sosial və metafizik məsələləri əhatə edir. Tədqiqatlarda bunların sırasında ən önəmli yer tutan üç əsərin adı ayrıca qeyd olunur: birincisi, mütəfəkkirin ən mühüm görüşlərinin yer aldığı, islam dininin fikri, siyasi, hüquqi, əxlaqi, mədəni və s. bütün tərəfləri ilə nizam və bütünlük içində ələ alındığı və islamın fəlsəfəsinin açıqlandığı “Hüccətullahi’l-baliğa”; ikincisi, islamın tarixi ilə müsəlmanların tarixinin bir-birindən ayrı olaraq nəzərdən keçirildiyi “İzalətu’l-hafa ən xilafəti’l-xuləfa”; üçüncüsü, təsəvvüfi duyğuların qələmə alındığı “ət-Təfhimatu’l-ilahiyyə”. Şah Vəliyullahın digər əsərləri də öz mövzusuna və məzmununa görə orijinaldır və tədqiqatçılar tərəfindən yüksək qiymətləndirilir.
Təqdim olunan məqalə əsasən Şah Vəliyullah Dehləvinin “Hüccətullahi’l-baliğa” (“Allahın tutarlı dəlilləri”) – I cild və “İkdü’l-cid fi ehkami’l-ictihadi və’t-təqlid” (“İctihad və təqlidin hökmləri haqqında boyunbağı”) əsərləri üzrə yazılmışdır.
Bir neçə söz də Şah Vəliyullah Dehləvinin düşüncə və görüşlərinin qaynaqları haqqında. Şah Vəliyullahın bütün mənəviyyatı, fəaliyyəti, səyləri və fikri sistemi Quran və Sünnə ilə sıx bağlıdır və onlardan qaynaqlanır. Quran və Sünnənin böyük mənəvi gücünü dərk etməkdə, bu böyük elmi mənimsəməkdə və həyatının ilham mənbəyinə çevirməkdə isə o, bir sıra müəllimlərinə, ustadlarına borcludur. Bu mənada Şah Vəliyullahın dünyagörüşünün formalaşmasına onun ilk Quran və hədis müəlliminin – atasının təsiri böyük olmuşdur. Atasından sonra isə o, ən çox müraciət etdiyi müəllimi Şeyx Məhəmməd Əfdalın məsləhətlərindən faydalanmışdır. Şah Vəliyullahın Qurani-Kərimə və Sünnəyə bağlılıqda İbn Teymiyyədən təsirləndiyi açıq görünməkdədir. Bu özünü onun haqsız tənqid və təhqirlərə məruz qalmış İbn Teymiyyəni müdafiə etməsində və gözəl sözlərlə tərifləməsində də göstərir. Mütəfəkkir bununla əlaqədar “ət-Təfhimatü’l-ilahiyyə” əsərində yazmışdır: “Şeyxülislam İbn Teymiyyənin Kitabdan, Sünnədən və sələfin sözlərindən əlində dəlili olmayan heç bir sözü, iddiası yoxdur. Dünyada belə bir alimin varlığı çox böyük bir nemətdir. Yazma və anlatmada onun səviyyəsinə çata biləcək olan kim vardır? Ona qarşı çıxan insanlar onun məziyyətlərinin, üstünlüklərinin onda birinə sahib deyildirlər” (sitat üçün bax: 3, 191).
Əhməd Şah Vəliyullahın Məkkə və Mədinədəki ustadları da onun düşüncə və görüşlərinin inkişafında və genişlənməsində dərin izlər buraxmışlar. Bundan başqa mütəfəkkir dini prinsiplərin əsaslandırılmasında Əşəridən ağıl və məntiqi, imam Qəzalidən isə fəlsəfəni tətbiq etməyin yollarını öyrənmişdir. “Hüccətullahi’l-baliğa” da o, təsirləndiyi digər islam alimlərindən İzzəddin ibn Əbdüssəlamın, əl-Həttabın, Həsən əl-Bəsrinin, Maturidinin və b. adlarnı böyük hörmətlə xatırlayır.
Təsəvvüfə dair baxışlarında Şah Vəliyullah İbn Ərəbinin və Şeyx Əhməd Sirhindinin təlimlərindən faydalanmış və onları uzlaşdırmağa çalışmışdır.
Beləliklə, Şah Vəliyullah Dehləvinin düşüncə sistemi və fəaliyyəti böyük hikmət, möhkəm və dərin bilik təməli üzərində qurulmuşdur.
Dostları ilə paylaş: |