Qanunvericilik əsasları. Əsas qanunun 7-ci maddəsinə görə bütün məktəb təhsil sistemi dövlətin nəzarəti altındadır. Ölkənin dövlət quruluşu formasının federasiya olması ilə əlaqədar olaraq, təhsil sistemində səlahiyyətlər federasiya və əyalətlər (bölgələr) arasında bölüşdürülmüşdür. Təhsil sistemində qanunvericilik və idarəçilik əsas etibarilə əyalətlərin səlahiyyətindədir. Bu, hər şeydən əvvəl, orta və ali təhsil sisteminə, yaşlıların təhsil alması sisteminə və təhsil səviyyəsinin yüksəldilməsi sisteminə aiddir. “Məktəb təhsili sisteminin uzlaşdırılması (unifikasiyası) üzrə əyalətlərarası saziş” (14 oktyabr 1971-ci il tarixli Hamburq sazişi) bu sistemin strukturunu müəyyən edir.
Əyalətlərin mədəniyyət və təhsil nazirlərinin Daimi konfransı əlavə qərarlar qəbul etməklə, ümum-təhsil və texniki-peşə məktəblərini bitirmək haqda şəhadətnamələrin bütün əyalətlərdə tanınması üçün şərtlərin ümumi əsaslarını hazırlamışdır. Gimnaziyaların yüksək pilləsinin yenidən qurulması, kamal attestatı almaq üçün verilən imtahanlara vahid tələblər qoyulması, ümumtəhsil məktəblərini bitirmək haqda şəhadətnamələrin qarşılıqlı tanınması haqqında qərarlar bu qəbildədir.
Almaniyanın birləşdirilməsindən sonra – 1992/1993-cü dərs ilindən etibarən bütün bölgələrdə məktəb təhsilinin çoxpilləli sistemi tətbiq edilmişdir.
Dostları ilə paylaş: |