2. Əsas fondların qiymətləndirilməsi
İstehsal əsas fondları həm natural, həm də dəyər ölçüsündə uçota alınır və planlaşdırılır. İstehsal əsas fondlarının natural göstəricilərlə qiymətləndirilməsi istehsal prosesinin texnoloji xüsusiyyətlərindən asılıdır və istehsal müəssisələrində əsas fondların texniki tərkibini, istehsal gücünü müəyyənləşdirmək, istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqlar və yollar müəyyən etmək, avadanlıq balansı tərtib etmək, habelə investisiyanın və yeni maşın və avadan-lıqların tətbiqi hesabına istehsalı inkişaf etdirmək üçün istifadə olunur.
Əsas fondların dəyər ifadəsində uçota alınması və planlaşdırılması müəssisənin istehsal əsas fondlarının köhnəlməsini müəyyən etmək və amortizasiyanı hesablamaq, dinamikasını uçota almaq və onların geniş təkrar istehsalını planlaşdırmaq, habelə məhsulun maya dəyərini və müəssisələrin rentabelliyini müəyyən etmək məqsədilə aparılır. Müəssisənin böyük miqdarda və müxtəlif əmək vasitələrindən ibarət olan əsas fondlarının təkrar istehsalının planlaşdırılması ancaq dəyər ifadəsində aparıla bilər.
Əsas fondların uzun müddət işləməsi, tədricən köhnəlməsi və bu müddətdə təkrar istehsal şəraitinin dəyişməsi ilə əlaqədar olaraq əsas fondlar – onların hərəkətinə nəzarət məqsədilə – üç növ dəyərdə (ilkin, bərpa və qalıq dəyəri) qiymətləndirilir.
Dostları ilə paylaş: |