3. Məhsulun müştəriyə konkret faydasına fokuslanın. “100% təbii inqrediyentlərdən hazırlanan şampun” deyil, “Saçları gözəlləşdirən şampun”, “Kəpəyi 100%-dək yox edən şampun”. Marketinq müştəriyə məhsulun konkret faydasını izah etməkdir. Müştəriyə məhsulu almaq üçün ən az bir səbəb vermək lazımdır. Məhsulu yerli-yersiz tərifləmək metodu artıq işləmir.
4. Müştəri istəklərinin nəbzini tutun. Brendin marketinqini siz deyil, müştərinizin istəkləri yönləndirəcək. Müştərinizin fikrini alın, ona qulaq asmağı bacarın. Yüksək müştəri məmnuniyyəti və müştəri loyallığı müştərinin sizdən və məhsulunuzdan nə qədər razı qalacağından asılıdır. Bunun üçün müştəri ilə davamlı ünsiyyət qurmaq şərtdir.
5. Rəqibləri gözdən buraxmayın. Döyüş meydanında siz tək deyilsiz. Rəqibiniz (rəqiblərinizin) sizi zəiflətmək, yıxmaq üçün fürsət axtarır. Bununla yanaşı özü də güclənir, müştərinin daha çox bəyəndiyi məhsulu bazara çıxarır. Rəqibi izləmək onun üstün cəhətlərindən istifadə etmək, səhvlərini təkrar etməmək üçün də lazımdır. Eyni zamanda rəqibin müsbət addımlarını da kopyalamaq heç də pis deyil (qanunu pozmamaq və brend kimliyini qorumaq şərti ilə). Yarışda qalib gəlmək üçün rəqibdən azca sürətli qaçmaq kifayətdir, amma rəqib finiş xəttinə çatmasa da siz qalib olacaqsız.
6. Biznesinizi diversifikasiya edin. Bir məhsul ilə uğur qazandınızsa ilişib qalmayın – başqa inkişaf yolları axtarın. Nike brendini xatırlayın. İlk illərində ancaq ayaqqabı istehsal edən şirkət marketinq fəlsəfəsindən irəli çıxaraq bütün idman sektoruna yayıldı. Artıq Nike deyiləndə sadəcə ayaqqabı deyil, idman həyat tərzi ağla gəlir. Buna necə nail oldular? Müştərisini düşünərək, onun idmanla bağlı hər cür ehtiyacını qarşılamağı özünə məqsəd bilərək.
7. Dağıdıcı dərəcədə innovativ olun. İnnovasiyalar təkçə mövcud malı yaxşılaşdırmır, eyni zamanda yenisini yaradır. Yeni məhsul yeni bazar deməkdir. Yeni bazara ilk daxil olan bir müddət o bazarın sahibi olur və yüksək gəlir əldə edir. Davamlı innovativ olmaqla da öz bazarında liderliyini qoruya bilər. Onlayn musiqi xidmətlərini xatırlayın: əvvəl musiqiyə qulaq asmaq üçün nə qədər disk almaq lazım idi. İndi isə Apple Music, Spotify kimi xidmətlərə qoşulub aylıq kiçik ödəniş etməklə istədiyiniz musiqilərə qulaq asa bilərsiz. Netflix də həmçinin: yeni Televiziya modeli olaraq yeni video kontent bazarı yaradıb və liderliyini qoruyub saxlayır.
Xiaomi bir çox göstəricisinə görə iPhone-dan daha yaxşı telefondur. Amma Apple daha çox satır və daha çox qazanır. Deməli əsas şərt üstün məhsul istehsal etmək deyil, düzgün marketinq etməkdir. Xiaomi bunu çox gözəl anlayır. Apple ilə başabaş yarışmaqdansa o, öz bazarını yaradır. Unikal məhsulları ilə, davamlı innovasiyaları və ən sərfəli keyfiyyət-qiymət mütənasibliyini qorumaqla. Marketinq miopiyası barədə məqaləsində Theodore Levittin qeyd etdiyi kimi: “Şikətlər özlərini məhsul və ya xidmət istehsalçısı olaraq deyil, müştərisini ələ alan, müştərisinin onunla iş birliyi qurmasına səbəb olacaq işlər görən şirkət olaraq görməlidir“.