Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Çağrı mərkəzi”nə müraciət hesabatı yayıb
06.10.2015
Sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 — “Çağrı mərkəzi”nə 9567 müraciət daxil olub. Transparency.az-a verilən rəsmi məlumata görə, müraciətlərin 3517-si (36,7%) sosial təminat, 2266-sı (23,7%) əmək qanunvericiliyi, 2016-sı (21,1%) elektron xidmətlərdən istifadə, 1058-i (11,1%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 710-u (7,4%) məşğulluq məsələlərini əhatə edib.
“Çağrı mərkəzi”nə daxil olan müraciətlərdən 92,1 faizi nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb. Digər müraciətlərdə isə vətəndaşların təklif və şikayətləri, onların əmək və ya sosial təminat növləri üzrə hüquqlarının müəyyən edilməsi və sair məsələlər ifadə olunub. Belə müraciətlər araşdırılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə təqdim olunub.
Məlumatda qeyd olunur ki, “Çağrı mərkəzi”nə digər bir sıra məsələlərlə yanaşı sosial təminat, o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciətlərin sayı azalmaqda davam edib. Ötən ay bu məsələlərlə bağlı müraciətlərin sayında avqust ayı ilə müqayisədə 5 faiz azalma müşahidə olunub. Nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə əlaqədar müraciətlərin sayı isə avqust ayı ilə müqayisədə 41 faiz çoxalıb.
Ümumilikdə yanvar-sentyabr aylarında “Çağrı mərkəzi” 78940 müraciəti cavablandırıb.
Dostları ilə paylaş: |