Xəbər bülleteni №12


Xankəndi seçiciləri 13, leriklilər 108, laçınlılar 102 məntəqədə səs verəcək



Yüklə 6,18 Mb.
səhifə2/13
tarix26.12.2016
ölçüsü6,18 Mb.
#3547
1   2   3   4   5   6   7   8   9   ...   13
www.sspf.gov.az

Milli təhlükəsizlik qurumunun statusu necə olmalıdır?

21.10.2015

Azərbaycanın milli təhlükəsizlik qurumu hökumətin tərkibində olmalıdır, yoxsa dövlət başçısının tabeliyində ayrıca təsisat kimi fəaliyyət göstərməlidir? Transparency.az-ın sualını cavablandıran təhlükəsizlik məsələləri eksperti, istefada olan polkovnik-leytenant İlham İsmayıl deyib ki, milli təhlükəsizlik qurumu indiki kimi hökumətin tərkibində olmalı, amma məxfiliyi gözləmək şərti ilə parlament qarşısında da hesabat verməlidir.

2004-cü ildə təsdiqlənmiş əsasnaməsinə görə, Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirliyin strukturunu və hərbi qulluqçularının, işçilərinin ümumi say tərkibini Azərbaycan prezidenti, onun strukturuna daxil olmayan tabe qurumların siyahısını Nazirlər Kabineti təsdiqləyir.

Milli təhlükəsizlik nazirini prezident vəzifəyə təyin və vəzifədən azad edir. Nazir müavini vəzifələrinə, habelə ali zabit hərbi rütbəsi nəzərdə tutulmuş digər vəzifələrə təyin və vəzifələrdən azad etməni nazirin təqdimatına əsasən prezident həyata keçirir.

Azərbaycanın müxalif təşkilatlarından olan Respublikaçı Alternativ Hərəkatının proqramında milli təhlükəsizlik qurumunun nazirlik statusu daşımayacağı barədə müddəa yer alır. REAL-ın fikrincə, Milli Təhlükəsizlik Nazirliyinin bazasında Əks-Kəşfiyyat İdarəsi və Baş Kəşfiyyat İdarəsi yaradılmalı, bu qurumlar birbaşa prezidentə tabe olmalı, hökumətlə işgüzar əməkdaşlıq etməli və Milli Məclis qarşısında hesabat verməlidir.

MTN-in istefada olan zabiti, politoloq Ərəstun Oruclu Transparency.az-a deyib ki, dünya praktikasında milli təhlükəsizlik qurumlarının müxtəlif statusları var: “Əksər ölkədə təhlükəsizlik təsisatı idarə və ya xidmət şəklindədir. Bir çox dövlətdə kəşfiyyat və əks-kəşfiyyat qurumları ayrıca formalaşdırılıb.

Tabeçilik məsələsinə gəlincə, məsələn, ABŞ-da Federal Təhqiqatlar Bürosu Ədliyyə Nazirliyinin tərkibindədir, Mərkəzi Kəşfiyyat İdarəsi isə birbaşa prezidentə tabedir. Rusiyada Xarici Kəşfiyyat və Federal Təhlükəsizlik xidmətlərinin hər biri hökumətdən kənardır və prezidentə hesabat verirlər.

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyatla bir təhlükəsizlik qurumu məşğul olur. Bu formanı dəyişməyə ehtiyac yoxdur. Amma milli təhlükəsizlik qurumu nazirlik statusu daşımamalı, prezidentə tabe olan ayrıca xidmət kimi fəaliyyət göstərməlidir”.

İranın dini lideri sanksiyaların ləğvinə çağırdı

21.10.2015



İranın dini lideri Seyid Əli Xamneyi oktyabrın 21-də prezident Həsən Ruhaniyə məktub ünvanlayaraq 5+1 qrupu və Avropa İttifaqı ilə imzalanmış razılaşmaya xeyir-dua verib və hökumətə onu icra etməyi tapşırıb.

Novator.az xəbər verir ki, Xamneyi razılaşmalarda müəyyən çatışmazlıqların olduğunu da vurğulayıb və qeyd edib ki, ABŞ-la Avropa İttifaqı İrana sanksiyaları aradan qaldırmalıdır.

Tehranın atom enerjisi proqramı ilə bağlı illər ərzində aparılmış danışıqlar bu il iyulun 14-nə İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa İttifaqı arasında yekun razılaşma ilə başa çatıb. Həmin gün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında saziş də bağlanıb.

Birgə razılaşma İranın üzərindən ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi iqtisadi sanksiyaları götürür. İran isə əvəzində nüvə obyektlərini beynəlxalq yoxlamalara tam açır. Oktyabrın 18-də razılaşma rəsmi qüvvəyə minib.

Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülən işlərin yekunları müzakirə olunub

21.10.2015




Oktyabrın 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin 9 ayında tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində görülmüş işlərin, bu sahədə islahatların yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib. Rəsmi məlumata görə, iclasda hesabat məruzəsi ilə çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının məqsədyönlü təşkilinə ciddi nəzarət tədbirlərinin davam etdirildiyini bildirib: “Görülən tədbirlərin müsbət nəticəsi kimi 9 ayda ilkin əlillik təyin olunan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3284 nəfər (13,9%), təkrar olaraq əlillik təyin edilən şəxslərin sayı isə 4440 nəfər (3,1%) azalıb. Təkrar əlillik müayinələri zamanı 2961 nəfərin hissəvi reabilitasiyası təmin olunub”.

Xidmət rəisi hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayının da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26%, yəni 3 min nəfərə yaxın azaldığını qeyd edib.

Qurbanov 9 ayda bərpa-müalicə müəssisələrində 5 min nəfərə yaxın şəxsə bərpa-müalicə xidməti göstərildiyini diqqətə çatdırıb.

Xidmət rəisi hesabat dövründə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin yaradılmasının diqqətdə saxlandığını, ilin ortalarından Tibbi-Sosial Ekspert Komissiyaları ilə aidiyyəti idarə, müəssisə və təşkilatlar arasında əlillik müayinəsi barədə məlumatların elektron mübadiləsinin təmin olunduğunu qeyd edib: “Prezidentin 14 sentyabr 2015-ci il fərmanı bu sahədə mühüm irəliləyişə imkan yaradır. Fərmanın icrası olaraq görülən işlər nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində mükəmməl proqram təminatlarına malik Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılmasına, tibbi-sosial ekspertiza xidmətinin elektron əsaslarla avtomatlaşdırılmış infrastrukturunun qurulmasına yönəlib. Yeni elektron sistem əlillik təyinatı prosesinin avtomatlaşdırılması nəticəsində bu sahədə məmur-vətəndaş təmaslarının minimallaşmasına və şəffaflığın təminatına şərait yaracaq.

Fərmanla birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılması üçün əlilliyin müəyyən olunması meyarlarında dəyişikliklər edilməsi də nəzərdə tutulub. Belə bir mühüm tədbir bir il ərzində əlillik müayinələrindən keçən şəxslərin sayının 7 dəfə azalmasına imkan verəcək”.

Tədbirdə görülən işlərin yekunları ətraflı müzakirə edilib. Qeyd olunan sahədə əldə edilən müsbət nəticələrlə yanaşı yol verilən nöqsan və çatışmazlıqlara da toxunulub, işlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib.

Mədət Quliyevə ali hərbi rütbə verildi

21.10.2015



Oktyabrın 21-də prezident İlham Əliyev milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Mədət Quliyev oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavinidir.

Buna qədər o, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi olub. Həmin vəzifədə çalışarkən o, ədliyyə general-leytenantı rütbəsini almışdı.

Dövlət başçısının 21 oktyabr sərəncamı Mədət Quliyevin yeni vəzifəsinə uyğun olaraq hərbi rütbə ilə təmin edilməsi deməkdir.

Bakıda yeni küçə açılıb

21.10.2015

Oktyabrın 21-də prezident İlham Əliyev Bakıda Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışında iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezidentə bildirib ki, paytaxtın Həsən Seyidbəyli, Nəriman Nərimanov, Mikayıl Müşfiq, İsmayıl bəy Qutqaşınlı, Mehdi Hüseyn, Kazım Kazımzadə, Məmməd Rahim küçələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni küçə — Qurban Xəlilov küçəsi və ərazidə yeni parklar salınıb.

Yeni salınan Qurban Xəlilov küçəsində uzunluğu 610 metr, eni 17 metr olmaqla ümumi sahəsi 10 min 370 kvadratmetr olan əraziyə asfalt beton örtüyü döşənib.

Prezident İlham Əliyev Qurban Xəlilov küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.







“Qısa müddətdə erməni tərəfinə güclü zərbə vurmuşuq”

21.10.2015

“Hazırda dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan gələn il üçün hərbi xərclərini yenə də artırdı. Silahlı Qüvvələrin möhkəmləndirilməsi ali baş komandan, Azərbaycan dövləti və xalqı tərəfindən önəm verilən məsələlərdən ən əsasıdır”. Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 21-də Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən yaşayış binasının açılış mərasimində çıxış edərkən belə deyib.

Novator.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Zakir Həsənov torpaqlarımızın işğal altında saxlanması problemini ali baş komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrin həll edəcəyini vurğulayıb. Nazir deyib: “Əsas problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Bu problem ali baş komandanın rəhbərliyi ilə Silahlı Qüvvələr tərəfindən həll olunacaq.

Qısa bir müddətdə erməni tərəfinə güclü zərbə vurmuşuq və qarşı tərəf panikadadır. Torpaqlarımızın azadlığı uğrunda düşmənə vurulacaq zərbədə əsas rolu o cümlədən Hərbi Hava Qüvvələri yerinə yetirəcək”.

Aviabazada yeni inşa edilən yaşayış binası 5 mərtəbəli, 50 mənzilli, 5 blokludur. Bina 3 otaqlı mənzillərdən ibarətdir. Burada su, qaz, elektrik, telefon, rəqəmsal televiziya xətləri çəkilib və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Müasir standartlara cavab verən tam təmirli mənzillər yataq, qonaq, mətbəx mebelləri və digər lazımi avadanlıqlarla təchiz olunub.

Müdafiə naziri bildirib ki, ilin sonuna kimi yalnız Bakı qarnizonunda 500-dən artıq yeni xidməti mənzillərin istifadəyə verilməsi planlaşdırılır. Hərbi Hava Qüvvələrinin digər aviabazalarında isə hazırda 3 yaşayış binasının tikintisi davam etdirilir. General-polkovnik Zakir Həsənovun verdiyi məlumata görə, 2015-ci ilin sonunadək 10-dək yeni hərbi hissə açılacaq.





Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradıldı

21.10.2015

Oktyabrın 21-də prezident İlham Əliyev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərman imzalayıb.

Transparency.az-ın məlumatına görə, fərmanda bildirilir ki, şura ölkədə dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədilə yaradılır.

Dövlət başçısı fərmanında şuranın əsasnaməsini, tərkibini də təsdiq edib.

Fərmanda bu tapşırıqlar da yer alıb:

- Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipi tətbiq olunsun.

- Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına həvalə edilsin.

Prezident İlham Əliyev fərmanda İqtisadiyyat və Sənaye Nazirliyinə bunları tapşırıb:

- dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

- Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birlikdə ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların vahid tariflərini, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilələrin şərtlərini və bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın yaradılmasını təmin etsin.

Fərmana əsasən, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Tarif (qiymət) Şurasının katibliyi tərəfindən həyata keçirilir.

Yeni şura ölkədə dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində görülən işlər barədə dövlət başçısına ildə iki dəfə məlumat verməlidir.

Şahin Mustafayev sədr oldu (Koordinasiya Şurasının əsasnaməsi və tərkibi)

22.10.2015

Prezident İlham Əliyevin 21 oktyabr fərmanı ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının əsasnaməsi və tərkibi açıqlanıb. Transparency.az bildirir ki, əsasnaməyə görə, Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və daşınmasını təmin etmək məqsədi ilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.

Koordinasiya Şurası dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətləri göstərilməsinə görə tariflərin dövlət tənzimlənməsini həyata keçirir, bu sahədə daşıma prosesinin bütün iştirakçılarının, o cümlədən sərhədkeçmə prosedurlarını həyata keçirən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir (ƏSASNAMƏ).

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sədrlik etdiyi Koordinasiya Şurasının üzvləri bunlardır:

Aydın Əliyev — Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev — Dövlət Sərhəd Xidmətinin rəisi

Qüdrət Qurbanov — Dövlət Dəniz Administrasiyasının rəisi

Musa Pənahov — nəqliyyat nazirinin müavini

Toğrul Musayev — ədliyyə nazirinin müavini

Xələf Xələfov — xarici işlər nazirinin müavini

Cavid Qurbanov — “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Elşad Nəsirov — Dövlət Neft Şirkətinin vitse-prezidenti

Taleh Ziyadov — “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru.

Rusiyada dövlət qulluqçularının pensiya yaşı artır

22.10.2015


Rusiya hökumətinin qanunvericilik komissiyası dövlət qulluqçularının pensiya yaşını qaldıran layihəni təsdiqləyib. Novator.az xəbər verir ki, oktyabrın 22-də Nazirlər Kabinetinin açıqladığı layihədə dövlət qulluqçularının pensiya yaşını tədricən 60-dan 65-ə çatdırmaq müddəası yer alır.

Layihəyə əsasən, xidmət illərinə görə təqaüdə çıxmaq qaydası da dəyişdirilir. Hazırda 15 il xidmət edən dövlət qulluqçusunun pensiyaya çıxmaq hüququ var, indi müddət 20 ilə qaldırılır.

Dövlət qulluğu səlahiyyətlərinin icrasına görə 75% yüksək pensiya almaq qaydasında da yenilik tətbiq olunur. Bunun üçün tələb olunan 3 il xidmət müddəti 10 ilə yüksəldilir.

Dövlət qulluğunda çalışmanın son həddi 60 yaşdan 65 yaşa altı aydan bir artırılacaq.

İKT sektorunun gəlirləri 9,6 faiz artıb

22.10.2015




Bu ilin 9 ayında informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 1280,9 milyon manata çatıb. Sektorun ümumi daxili məhsulda payı 2,1 faiz, qeyri-neft sektorunda isə 3 faiz olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin doqquz ayının yekunlarına dair kollegiya iclasında belə məlumat verilib.

İclasda olunub ki, sektorda əldə olunan gəlirlərin 81,1 faizi özəl sektorun payına düşüb. Telekommunikasiya sektorunda isə əldə olunan gəlirlərin 60,1 faizi mobil operatorların payına düşüb. Bu dövrdə İKT sektoruna 209,8 milyon manat, o cümlədən RYTN-in tabeli müəssisələrindən 61,2 milyon manat investisiya yatırılıb. Sahə üzrə ötən ilin 9 ayı ilə müqayisədə investisiyanın həcmi 2,2 dəfə çoxdur.

Xəbəri AZӘRTAC yayıb.

Kəndi dirçəldən aqropark

22.10.2015



Yüklə 6,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin