Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi
İbrahimov İlham Sadət oğlu
Naxçıvan Şəhər Məhkəməsi
Allahverdiyev Mehman Dünyamalı oğlu.
Professor: “Bu, monopoliyanın tədricən aradan qalxmasına gətirib çıxaracaq”
27.10.2015
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov prezident İlham Əliyevin gömrük sahəsində yoxlamaların sadələşdirilməsi haqqında fərmanını şərh edib. O, AZƏRTAC-a deyib ki, prezidentin oktyabrın 22-də imzaladığı fərmanla fiziki şəxslərin ölkənin gömrük ərazisinə gətirdiyi və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2 min ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək: “Bu günə qədər mövcud olan qaydalara əsasən, vətəndaşlar ölkədən 10 min dollara qədər vəsait apara bilsələr də, ölkəyə cəmisi hər bir nəfər üçün 1500 dollar (müşayiət edən hər bir həddi buluğa çatmayan üçün isə 500 dollar) ekvivalentində mal-məhsul gətirə bilərdilər. Məsələnin bu qaydada qoyuluşunda yanlışlıq var idi. Hər dəfə ortaya sual çıxırdı ki, ölkədən 10 min dollar aparan vətəndaş bu pulun cəmi 1500 dollarına mal-məhsul alıb gətirə bilərsə, onda o həmin pulun yerdə qalan hissəsindən necə istifadə etməlidir?
Prezidentin imzaladığı fərman təkcə bu uyğunsuzluğu aradan qaldırmadı. Hər bir vətəndaşın ölkəyə 10 min dollar, onu müşayiət edən həddi buluğa çatmayanların hər birinin isə 2 min dollar məbləğində mal-məhsul gətirmək şansının olması o deməkdir ki, idxal edilən analoji məhsulların ölkə daxilində qiymətləri avtomatik aşağı düşəcək. Buna qədər vətəndaş həmin malları və məhsulları ölkəyə özünə lazım olan miqdarda gətirə bilmədiyindən onları xaricdən topdan ticarət yolu ilə gətirib daxili bazarda satan monopolistlərin diktə etdikləri qiymətlərlə — yəni bəzən öz real dəyərindən bir neçə dəfə baha almaq məcburiyyətində qalırdılar. İndi isə vətəndaş həmin malı gömrük vergisi ödəmədən xaricdən real qiymətlə alıb gətirə biləcək. Bu isə ölkədə monopoliyanın tədricən aradan qalxmasına gətirib çıxaracaq. Prezidentin fərmanı bu problemin həllinə yönələn çox mühüm addımdır.
Fərmanda aksizli malların, avtonəqliyyat vasitələrinin və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olunur. Aksizli malların gömrük vergisi ödəməkdən azad olunacaq 10 min ABŞ dolları məbləğindəki mal və məhsulların sırasına aid edilməməsini sosial şəbəkələrdə şişirdib insanlara yanlış izahat verənlər bilməlidirlər ki, bizdə yalnız pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr aksiz vergilərinə cəlb olunur. Göründüyü kimi, bu sırada insanları narahat edə biləcək əsas istehlak malları yoxdur”.
Ekspert: “Milli təhlükəsizlik siyasi fəaliyyətdən ayrılmalıdır”
27.10.2015
“Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyində baş verən olaylar ölkənin milli təhlükəsizlik durumuna cavabdeh qurumların işində ciddi böhranın yarandığını göstərir və bu, milli təhlükəsizliyin heç də bəyan edildiyi qədər güclü əllərdə olmadığının əlamətidir”. Minval.az saytına danışan “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru, hərbi ekspert Cəsur Sümərinli belə deyib.
Cəsur Sümərinli bildirib ki, adətən milli təhlükəsizlik strukturlarının fəaliyyəti ilə bağlı təlatümlər iki halda ortaya çıxa bilər: “Birincisi rəngli inqilabların baş verdiyi ölkələrdə ordu və digər güc strukturlarının mövcud siyasi hakimiyyətə dəstək verməkdən imtina etməsinə bağlıdır. Demokratik dəyişikliklərə səbəb olan faktor kimi bunu Gürcüstanda, Ukraynada və bir sıra ərəb ölkələrində müşahidə etdik.
İkinci məqam isə totalitar cəmiyyətlərində hüquq mühafizə orqanlarının, milli təhlükəsizliyə cavabdeh qurumların faktiki olaraq “reketçilik”lə məşğul olmasıyla əlaqəlidir. Belə ölkələrdə milli təhlükəsizlik qurumlarında çalışanların sahibkarları, jurnalistləri, siyasi fəalları, QHT təmsilçilərini, siyasi vəzifə tutanları qorxutmaq, nəzarətdə saxlamaq, şantaj etmək, öldürmək üçün çoxsaylı vasitə, silah və istinad edəcəyi silsilə qanunvericilik bazası var.
Avtoritar ölkələrdə milli təhlükəsizlik orqanları iqtidarın sədaqətli arxası rolundadır. Hakimiyyətin siyasətini bəyənməyən bu və digər qüvvələrə qarşı məhz milli təhlükəsizlik qurumları çıxış edir, onları “düzgün yola” istiqamətləndirirlər. Azərbaycanda da siyasi hakimiyyət təhlükəsizlik orqanlarına arxalanıb, amma son 12 ildə icraedici və qanunverici qurumların güc strukturlarından kəskin asılılığı problemi ortaya çıxıb. MTN faktiki Azərbaycanda əsas söz sahibi olub. İndiyədək minlərlə sahibkar, jurnalist, siyasi fəal, QHT fəalını MTN qorxudub, onlara təzyiq edilib, həbsə atılıb və ya külli miqdarda pul ödəməyə vadar olublar”.
Ekspertin fikrincə, dünyada hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ortaya çıxan yeniliklər Azərbaycanda cəmiyyəti təzyiq altında saxlamağa yönəldilib: “Məsələn, Anti-Terror Mərkəzinin (ATM) fəaliyyətə başlaması Azərbaycanın NATO və ABŞ-la əməkdaşlığı nəticəsində mümkün olub. 2001-ci ilin 11 sentyabr hadisəsindən, yəni Nyu-York və Vaşinqtonda terror törədiləndən sonra Azərbaycanda, MTN-in tərkibində yaradılan Anti-Terror Mərkəzinin formalaşmasına texniki və nəzəri dəstək NATO və ABŞ-dan gəlmişdi. Məqsəd regionda mövcud və ehtimal olunan təhlükələrə qarşı Azərbaycanın müdafiə imkanlarını gücləndirmək idi. Amma Azərbaycanın siyasi rəhbərliyi ATM-i öz cəmiyyətinə qarşı yönəltdi. ATM-də vəzifə tutanların əsas hədəfi mövcud və mümkün terrorçular deyil, siyasi partiyalar, jurnalistlər, siyasi fəallar, QHT fəalları və sahibkarlar oldu. Minlərlə şəxsi məhz ATM sorğu-sual edib, onlar şantaj, zorakılıq, təzyiq, təhdid və təhqirlərə məruz qalıblar.
İndi Azərbaycan Qərblə təhlükəsizlik sahəsində informasiyaların bölüşdürülməsi üzrə əməkdaşlığı qeyri-müəyyən müddətədək dayandırıb. Bunu çox ciddi problem hesab edirəm. Qərbdən informasiyaların alınmasına son verilməsi Azərbaycanda ciddi neqativ hadisələrin baş verməsinə gətirib çıxarda bilər”.
Cəsur Sümərinlinin sözlərinə görə, Azərbaycanın NATO və Qərblə əməkdaşlığı nəticəsində ortaya çıxmalı olan, xalqa xeyir verməli olan bir sıra proseslər reallaşmadı və buna səbəb iqtidarın yanlış siyasətidir: “Bu dövrdə Azərbaycan hakimiyyəti Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirdi. Bunun da anti-demokratik bir əməkdaşlıq olduğunu söyləmək çətin deyil.
Qərbdə, NATO-da hüquq mühafizə orqanları, xüsusilə də təhlükəsizlik qurumlarının fəaliyyəti xalqın, dövlətin təhlükəsizliyini təmin etməyə, terroru qabaqlamağa hədəflənir. Azərbaycan, Rusiya, Belarus kimi ölkələrdə isə bu fəaliyyət siyasi elitanın qeyri-qanuni əməllərini təmin etməyə, xalqdan gələn demokratiya qığılcımlarını zərərsizləşdirməyə yönəlib”.
Cəsur Sümərinlinin fikrincə, demokratik sistem bərqərar olunmayınca güc strukturlarının — Silahlı Qüvvələrin və hüquq mühafizə orqanlarının fəaliyyətində hər zaman böhran olacaq: “Məsələnin kökü korrupsiya və qeyri-humanitar fəaliyyətdə, eyni zamanda qeyri-hesabatlılıqdadır. Azərbaycanda güc strukturlarının tam yenidən qurulması vacibdir. Hakimiyyət xalqdan qorxmamalı, xalq qarşısına üzüaçıq çıxmalı, etimad yiyəsi olmalıdır.
Güc strukturlarının parlament qarşısında hesabatlılığı lazımdır. Amma necə parlament qarşısında? Sözsüz, demokratik qaydada seçilmiş parlament qarşısında. Amma Azərbaycanda bu da yoxdursa, onda hər hansı bir müsbət perspektivi cızmaq mümkünsüz görünür.
Azərbaycanda güc strukturlarının yenidən qurulması, fəaliyyətlərinin müasirləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı üzvü olduğum Respublikaçı Alternativ Hərəkatının proqramında konkret müddəalar əksini tapıb. Təhlükəsizlik sahəsində islahatlar hüquq mühafizə orqanlarının fəaliyyətinin effektivləşdirilməsi və ictimai etimadın bərpa edilməsi məqsədilə həyata keçirilməlidir. Geniş struktur dəyişikliyi, funksiyaların yenidən bölüşdürülməsi və iş prinsiplərinin yenilənməsi hədəfi var. Bu qurumların əhali arasında yaranmış güvənilməyən, zora dayanan və effektiv işi olmayan obrazının dəyişdirilməsi islahatın əsas məqsədidir. İslahat hüquq mühafizə orqanlarının fəaliyyətinin hər dörd istiqamətinə (ictimai asayiş, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq) aiddir”.
Üzvü olduğu hərəkatın islahatlar proqramından danışarkən Cəsur Sümərinli onu da deyib ki, milli təhlükəsizlik siyasi fəaliyyətdən ayrılmalı, bu sahədə fəaliyyət göstərəcək qurum nazirlik statusu daşımamalıdır: “Milli Təhlükəsizlik Nazirliyinin bazasında Əks-Kəşfiyyat İdarəsi və Baş Kəşfiyyat İdarəsi yaradılmalıdır. Bu qurumlar birbaşa ölkə prezidentinə tabe olmalıdır. Lakin bu qurumlar hökumətlə işgüzar əməkdaşlıq etməli və Milli Məclis qarşısında hesabat verməlidir. Bütün bunlardan sonra Azərbaycanda xalqın etimad bəsləyəcəyi həqiqi milli təhlükəsizlik qurumlarının yaranacağına inanırıq.
Bizim istinad etdiyimiz təcrübə NATO ölkələrinin modern təcrübəsidir. Düşünürük, bu və digər islahatlar reallaşdıqdan sonra Azərbaycanda həqiqi milli təhlükəsizliyin real möhkəm əllərdə olduğunu bəyan etmək olacaq”.
Sağlamlıq imkanları məhdud hesab edilən uşaqlarla bağlı statistika açıqlanıb
27.10.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına nəzarətin gücləndirilməsi uşaqlar arasında sağlamlıq imkanları məhdud hesab edilənlərin sayının azalması ilə müşahidə olunur. Açıqlamada bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında nazirliyin Tibbi-Sosial Ekspert Komissiyalarında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min nəfərə yaxın və ya 35 faizədək azalıb: “Bu dövrdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənlər sırasında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilənlərin xüsusi çəkisi 35,7 faizdən 23,7 faizə enib.
Uşaqların bərpa-müalicəsi istiqamətində də müvafiq işlər aparılır. 9 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən illə müqayisədə 52,1 faiz çox şəxsin, yəni 245 nəfərin xaricdə bərpa müalicəsini təşkil edib, onlardan 130 nəfəri (53%) sağlamlıq imkanları məhdud uşaqlar olub. Bu da ötən illə müqayisədə 52,9 faiz çoxdur. Həmin uşaqlar valideynlərindən birinin müşayiəti ilə Türkiyə Respublikasının Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə göndərilərək ixtisaslaşmış bərpa müalicəsi kursu keçiblər.
Cari ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində müvafiq xidmətlərlə təmin olunan 5 min nəfərə yaxın və protez-ortopedik bərpa xidməti göstərilən 7,2 min nəfərə yaxın şəxslərin bir hissəsini də sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib”.
Qaydalar işləmir, qadağalar gəlir
27.10.2015
Dostları ilə paylaş: |