Xəbər bülleteni №13



Yüklə 467,97 Kb.
səhifə5/5
tarix29.11.2016
ölçüsü467,97 Kb.
#437
1   2   3   4   5

Valyuta ehtiyatları əriyir

10.11.2015

merkezi bankOktyabrda Mərkəzi Bankın valyuta ehtiyatları 180,1 milyon dollar azalaraq 6 milyard 834,6 milyon ABŞ dolları olub. Mərkəzi Bankın açıqladığı məlumata görə, ehtiyatlar bu ilin əvvəli ilə müqayisədə 5 milyard 846,2 milyon dollar azalıb.

Transparency.az bildirir ki, bu il Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları belə dəyişib:

Yanvar — 12680,8 milyon ABŞ dolları

Fevral — 11004,4

Mart — 9472,1

Aprel — 8387,9

May — 8430,8

İyun — 8520,2

İyul — 8501,5

Avqust — 7315,4

Sentyabr — 7014,7

Oktyabr — 6834,6.

Bu il fevralın 21-dək 1 ABŞ dolları təxminən 78 qəpik olub. Mərkəzi Bankın 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

“Elektron təhsil” müsabiqəsinin birinci mərhələsi başa çatıb

10.11.2015

tn-bina“Elektron təhsil” respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb. Müsabiqəyə 900 layihə qəbul edilib. Onların 545-ni müəllimlər, 355-ni isə şagirdlər göndərib. Edu.gov.az-ın məlumatına görə, layihələr ikinci mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirmə üçün Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları noyabrın sonunda elan ediləcək.

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub. Məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.

Müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların  metodist mütəxəssisləri və şagirdlər qatılıblar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,8 faiz bahalaşıb

10.11.2015

koeien staan in een weiland te grazen.Oktyabrda bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,9 faiz artıb. Transparency.az Dövlət Statistika Komitəsinə istinadla xəbər ki, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşıb.

Birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin istehsalçı qiymətləri artıb, göy lobyanın istehsalçı qiyməti azalıb. Komitənin məlumatına görə, digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində çoxillik bitkilərdən heyvanın, narın, üzümün, armudun, qozun, almanın istehsalı ucuzlaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.

Heyvandarlıq məhsullarından yumurtanın, ev quşlarının, südün istehsalı bahalaşıb, digərlərinin qiymətlərində ciddi dəyişikliklər olmayıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament respublikasına keçməyə çağırır

10.11.2015

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti 1 noyabr parlament seçkisi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, BAXCP seçkiyə 77 namizədlə qatılıb, onlardan 25-i qeydə alınıb, seçki prosesində 3 nəfər namizədliyini geri götürüb.

BAXCP seçkilərin daha ədalətli və şəffaf keçirilməsi üçün seçki qanunvericiliyini təkmilləşdirməyə çağırır: “Seçki Məcəlləsində yer alan bir sıra məhdudiyyətlər seçkilərin daha dinamik və rəqabətlilik əsasında keçirilməsinə imkan vermir. Mövcud qanunvericiliyə görə, siyasi partiyalar yalnız 60-dan artıq seçki dairəsində deputatlığa namizədləri qeydə alındıqda ödənişsiz efir vaxtından istifadə edə bilər. Namizədlərin qeydə alınması prosedurunun mürəkkəbliyi BAXCP-nin və digər müxalifət partiyalarının seçkidə lazımi sayda namizədlə iştirak etmək imkanlarını məhdudlaşdırıb. Seçkiyə lazımi sayda namizədlə qatılmaq imkanı olmayan siyasi partiyalar isə son nəticədə ödənişsiz efir vaxtından istifadə edə bilməyiblər. Hakim partiya isə seçki debatlarının alternativsiz olacağını əsas gətirərək ödənişsiz efir vaxtından imtina edib.

Namizədlərin təbliğat-təşviqat kampaniyası üçün ödənişli efir vaxtını yalnız İctimai Televiziya təqdim edib. İctimai Televiziyanın təqdim etdiyi qiymətlər yüksək olduğu üçün siyasi partiyaların və deputatlığa namizədlərin ödənişli efir vaxtından istifadə etmək imkanı olmayıb. Bu isə öz növbəsində ölkədə daha rəqabətli seçki atmosferinin yaranmasına imkan verməyib.

Müşahidələrimizə görə, seçki prosesi ərzində, o cümlədən səsvermə günü müxtəlif səpkili qanun pozuntuları baş verib. Həmin pozuntular hazırda Mərkəzi Seçki Komissiyası və müvafiq seçki komissiyalarında araşdırılır. Artıq 2 seçki məntəqəsində nəticələr ləğv olunub.

Hesab edirik ki, ayrı-ayrı seçki məntəqələrində baş verən qanun pozuntuları seçkinin yekun nəticəsinə təsir göstərəcək həddə deyil, nəticələr xalqın iradəsini əks etdirir.

Seçkinin elan olunmuş ilkin nəticələrinə əsasən, hakim Yeni Azərbaycan Partiyası parlamentdə 71 deputatla təmsil olunacaq. Bitərəf namizədlər 42, 11 siyasi partiyanın təmsilçiləri isə 12 yer qazanıb. Beləliklə, Azərbaycan müxalifəti növbəti dəfə parlamentdə fraksiya yaratmaq imkanı qazana bilməyib”.

APA-nın məlumatına görə, bəyanatda qeyd olunur ki, siyasi motivlərlə həbs edilmiş şəxslər azadlığa buraxılmalı, seçki qanunvericiliyi təkmilləşdirilməli, çoxpartiyalı sistemin inkişafı üçün proporsional seçki sisteminin tətbiqinə başlanmalı, ölkədə ciddi siyasi-hüquqi islahatlar aparılmalıdır: “Hökumətin siyasi islahatları gecikdirməsi milli demokratik, dünyəvi siyasi qüvvələrin alternativ siyasi güc mərkəzləri kimi formalaşmasına mane olur, nəticədə xaricdən idarə olunan və dindən öz siyasi məqsədləri üçün istifadə edən ekstremist dairələrin önə çıxmaq cəhdlərinə zəmin yaradır. Bunun təzahürləri isə son zamanlar özünü daha qabarıq şəkildə büruzə verməkdədir.

BAXCP bir daha Azərbaycan hökumətini parlament respublikasına keçid etməyə, ölkədə köklü siyasi-hüquqi islahatlar aparmağa, çoxpartiyalı sistemin inkişafı üçün ardıcıl və konseptual qərarlar qəbul etməyə çağırır”.

Yeni parlamentdə BAXCP 1 mandatla təmsil olunacaq. Partiyanın sədri Qüdrət Həsənquliyev Milli Məclisə 7 saylı Ordubad-Culfa dairəsindən seçilib.

Siyasi məhbus sayılan şəxslərin yenilənmiş siyahısı hazırlanır

10.11.2015

mehbesAzərbaycanın bəzi hüquq müdafiə qurumları və vəkilləri siyasi məhbus sayılan şəxslərin yenilənmiş siyahısını hazırlayır. Siyahı dekabr ayında açıqlanacaq. Transparency.az bildirir ki, hazırda siyahıda 79 nəfərin adı var.

Siyahının jurnalistlər və bloqçular bölümündə 12 nəfərin adı yer alır: Əbdül Əbilov, Nicat Əliyev, Pərviz Həşimli, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Fərəc Kərimov, Hilal Məmmədov, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu.

Hüquq müdafiəçilərindən 7 nəfər həbsdədir: Anar Məmmədli, Əliabbas Rüstəmov, Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Taleh Xasməmmədov.

Siyahıya görə, 4 gənc fəal siyasi məhbus sayılır: Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, İlkin Rüstəmzadə.

Müxalif siyasətçilərdən 5 nəfərin adı siyasi məhbus siyahısına salınıb: İlqar Məmmədov, Yadigar Sadıqov, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev.

Siyahının keçmiş dövlət məmurları bölümünə 5 nəfər daxildir: Əli İnsanov, Nicat Quliyev, Asif Lətifov, Akif Muradverdiyev, Nemət Pənahlı.

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi üzvlərinin işi üzrə 3 nəfər siyasi məhbus sayılır: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.

1 nəfər 2013-cü ilin İsmayıllı etirazlarına görə həbs edilib: Vasif İbrahimov.

Siyahının siyasi girovlar bölümünə 4 nəfərin adı salınıb: Elnur Seyidov, Sirac Kərimli, Murad Adilov, Mübariz Abdullayev.

İnanclı fəallardan isə hazırda 38 şəxsin siyasi motivlərlə həbsdə saxlandığı bildirilir. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov da var.

Azərbaycanda 183 alman şirkəti fəaliyyət göstərir

10.11.2015

Almaniyanın paytaxtı Berlində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 5-ci iclası keçirilib. İclasa Azərbaycandan İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev, Almaniyadan Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik ediblər.

Economy.gov.az-ın məlumatına görə, iclasda Azərbaycanla Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 4-cü iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda 183 alman şirkəti fəaliyyət göstərir. Almaniya əsas kapitala 475,5 milyon ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 345,2 milyon ABŞ dolları həcmində investisiya qoyub. Almaniya şirkətləri ölkədə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər. 2013-cü illə müqayisədə 2014-cü ildə ticarət dövriyyəsi 21% artıb.

İclasda bəzi alman şirkət və təşkilatlarının Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyəti diqqətə çatdırılıb, həmin şirkətlər haqqında məlumatlar qarşı tərəfə təqdim olunub və onların qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. Almaniya tərəfi bu məsələnin araşdırılacağını qeyd edib.

Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupu Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi arasında 2011-ci ildə imzalanmış memoranduma əsasən yaradılıb.

Dövlət Miqrasiya Xidməti oktyabr ayına olan statistik məlumatları yayıb

10.11.2015



dmx
Dövlət Miqrasiya Xidməti oktyabr ayı ərzində 2297 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozduğunu müəyyən edib. 19 nəfərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri yenisi ilə əvəz olunub, 191 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1570 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 517 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

İşəgötürənin iş icazəsi alınmadan əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi haqqı ödənilən əmək fəaliyyətinə cəlb etməsi hallarının qarşısının alınması məqsədilə 20 halda yoxlama aparılıb, 17 halda qanun pozuntusu aşkar edilib və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Rusiyada avtomobil satışı bir ildə 33,6% geriləyib

10.11.2015



mashinÖtən ay Rusiyada minik maşınlarının və kiçik yük avtomobillərinin satışı 2014-cü ilin oktyabr ayı ilə müqayisədə 38,5% azalıb. Transparency.az bildirir ki, bu, 129 958 maşın azalma deməkdir.

2015-ci ilin 10 ayı ərzində Rusiyada avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% aşağı düşüb. Məlumata görə, bu il Rusiyada 1 milyon 322 min 681 ədəd minik və kiçik yük avtomobili satılıb.

İqbal Ağazadənin deputat olduğu dairə ilə bağlı yeni qərar verildi

10.11.2015



iqbal agazade 1Mərkəzi Seçki Komissiyasının 10 noyabr iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçki ilə əlaqədar müraciətlərə baxılıb. 35 saylı Xətai seçki dairəsindən namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin 17 saylı seçki məntəqəsində nəticələrin ləğvi barədə müraciəti təmin olunmayıb. MSK apardığı araşdırmalara əsaslanaraq 21 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv edib.

APA-nın məlumatına görə, iclasda bildirilib ki, dairə seçki komissiyası şikayətlərin araşdırılması prosesində 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız sayıb.

Transparency.az bildirir ki, ilkin nəticəyə görə, 35 saylı Xətai seçki dairəsindən ASDP sədri Araz Əlizadə deputat seçilib.

İqbal Ağazadə hazırda 35 saylı dairənin deputatıdır, 2005, 2010-cu illərdə bu dairədən Milli Məclisin üzvü seçilib, 2000-ci ildə isə 10 saylı Xətai ikinci dairəsindən mandat alıb.

Ekspert 100 minlik qadağanı gecikmiş addım sayır

10.11.2015



ekrem hesenov 1Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlama yayaraq qeyd edib ki, Mərkəzi Bankın banklara şifahi göstərişi əsasında müştərilərin 100 min manatdan çox nağd pul çıxarması və xaricə 100 min manatdan çox pul köçürməsi qadağan olunub. Ekspertin fikrincə, bu addım ölkədən xarici valyuta axınının qarşısını almaq üçün atılıb: “Dəfələrlə deyilib ki, Mərkəzi Bank növbəti devalvasiyaya getməmək üçün təcili olaraq valyuta axınının qarşısını almalı, bu yöndə normativ tələbləri sərtləşdirməlidir. Amma Mərkəzi Bank bunu çox gec, valyuta ehtiyatlarının xeyli hissəsini itirəndən, valyutanın böyük hissəsinin xaricə qaçmasından və növbəti devalvasiya üçün tam şərait yaratdıqdan sonra etməyə başlayıb”.

Əkrəm Həsənov qeyd edib ki, Mərkəzi Bankın şifahi göstəriş verməsi qanunsuzdur: “Mərkəzi Bankın banklar üçün qayda müəyyən etməsinin yalnız bir qanuni forması var: normativ xarakterli akt qəbul etmək və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına aldırmaq. Banklar hər hansı şifahi göstərişə əməl etməyə məcbur deyil.

Həm də bank müştərisinə bu qadağanı necə izah etsin? Axı bankın müştəriyə 100 min manatlıq qadağa qoyması qanunvericiliyə ziddir. Müştəri buna görə həmin bankı məhkəməyə versə, Mərkəzi Bank onunla məsuliyyəti bölüşəcəkmi? Əlbəttə, yox! Bankları müştərilərlə üz-üzə qoyurlar. Bu isə bank sistemini daha da zəiflədir, əhalini təlaşa salır”.

Bu il fevralın 21-dək 1 ABŞ dolları təxminən 78 qəpik olub. Mərkəzi Bankın 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.



Transparency.az bildirir ki, oktyabrda Mərkəzi Bankın valyuta ehtiyatları 180,1 milyon dollar azalaraq 6 milyard 834,6 milyon ABŞ dolları olub. Mərkəzi Bankın açıqladığı məlumata görə, ehtiyatlar bu ilin əvvəli ilə müqayisədə 5 milyard 846,2 milyon dollar azalıb.
Yüklə 467,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin