Türkiyədəki seçkinin təfsilatlı nəticələri
03.11.2015
Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisinin təfsilatlı nəticələri yayılıb. Transparency.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyası 550 yerlik parlamentdə 317 mandat əldə edərək təkbaşına hökumət qurmaq hüququ qazanır, Cümhuriyyət Xalq Partiyası 134 mandat, Xalqların Demokratik Partiyası 59 mandat, Milliyyətçi Hərəkat Partiyası 40 mandat götürür.
Seçkinin təfsilatlı nəticələri
Torpaqdan təyinatına uyğun olmayan istifadəyə görə cərimələr artdı
04.11.2015
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinin 88-1-ci və 88-3-cü maddələrinə əlavə və dəyişiklikləri imzalayıb. Transparency.az bildirir ki, 88-1-ci maddədə yeniliyə əsasən, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300, vəzifəli şəxslər 600, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə ediləcək. İnzibati xəta kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə fiziki şəxsləri 500, vəzifəli şəxsləri 1000, hüquqi şəxsləri 5000 manat miqdarında cərimə gözləyir.
88-3-cü maddəyə edilən dəyişikliyə görə, torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması 1500 manat miqdarında cərimə tətbiqinə gətirəcək.
Səməd Seyidov Avropa Konservatorlar Partiyasının sədri oldu
04.11.2015
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Konservatorlar Partiyasının sədri postuna gətirilib. Xəbəri yayan AZƏRTAC qeyd edir ki, AŞPA-da 5 siyasi partiya fəaliyyət göstərir, Azərbaycan nümayəndələrinin çoxu Avropa Konservatorlar Partiyasının üzvüdür.
Noyabrın 3-də qurumun Siyasi Komitəsinin büro iclasında Avropa Konservatorlar Partiyasının sədri Kristofer Çopun səlahiyyətlərinə xitam verilib və o, sədr vəzifəsindən geri çağırılıb. Avropa Konservatorlar Partiyasının sədr müavini Səməd Seyidov 2016-cı il yanvarın 25-dək sədr təyin edilib.
DSMF-də şəxsi hesabı olanların sayı 6 faizədək artıb
04.11.2015
Oktyabr ayında 16 min 147 sığortaolunana fərdi hesab açılıb. Dövlət Sosial Müdafiə Fondundan Transparency.az-a verilən məlumata görə, 2015-ci ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,92 faiz artıb.
Hazırda şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyon 152 min 503 nəfərdir. Sığortaolunanların 59,19 faizi (1 865 815 nəfər) kişi, 40,81 faizi (1 286 688 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,02 faizini (788 890 nəfər) əhatə edir.
İlham Əliyev Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun açılışında iştirak edib
04.11.2015
Zaqatalaya səfər edən prezident İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri istismara hazırdır. AZƏRTAC-ın məlumatında 12 yaşayış məntəqəsini birləşdirən yolun 15,6 min insanın rahatlığını təmin edəcəyi vurğulanır.
Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verilib. Görülən işlər Zaqatala şəhərinin qədim hissəsinin – tarixi mərkəzinin bərpası və yenidən qurulması layihəsinin davamıdır. Bu ərazidəki binaların böyük əksəriyyəti XIX əsrdə inşa edilib. 2014-cü ildən başlanan yenidənqurma və bərpa işləri çərçivəsində 28 May və Qarabağ küçələrində 60-dan çox yaşayış binasında, sahibkarlıq obyektlərində bərpa işləri aparılıb, 5400 kvadratmetr asfalt örtüyü salınıb, yağış sularının axıdılması üçün arxlar qazılıb, yaşıllıq və işıqlandırma işləri görülüb.
Dövlət başçısına həmçinin Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verildi. Əsaslı təmir zamanı Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Avtomobil yolunun Yuxarı Tala və Aşağı Tala kəndləri ərazisindən keçən hissəsində ikitərəfli yola keçid üçün yolun genişləndirilməsi məqsədilə 2 min metr uzunluğunda ikitərəfli istinad divarı və səki inşa edilib. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.
Rumıniyanın baş naziri istefa verdi
04.11.2015
Rumıniyanın baş naziri Viktor Ponta noyabrın 4-də istefa verib. Novator.az-ın məlumatına görə, Ponta paytaxt Buxarestdəki “Colectiv” gecə klubunda 32 nəfərin ölümü, 200-ə qədər adamın yaralanması ilə nəticələnən yanğın fonunda istefaya məcbur olub.
Oktyabrın 31-nə keçən gecə baş verən hadisədən sonra Buxarestdə kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar daxili işlər naziri Qabriel Oprinin də istefasını tələb edirlər. Aksiyaçılar hesab edir ki, gecə klubunda faciəyə hökumət başçısı və nazirin korrupsiyaya rəvac verən hərəkətləri səbəb olub.
“Colectiv” gecə klubunda faciənin təhlükəsizlik qaydalarına riayət olunmaması üzündən baş verdiyi açıqlanıb, Buxarestin digər analoji obyektlərinin də durumunun bərbad olduğu aşkara çıxıb.
Azərbaycanla Qazaxıstanın müdafiə nazirləri əməkdaşlıq planı imzaladı
04.11.2015
Qazaxıstanda rəsmi səfərdə olan müdafiə naziri Zakir Həsənov noyabrın 4-də həmkarı İmanqali Tasmaqambetovla görüşüb. Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə vurğulanıb ki, indi diqqəti Azərbaycanın və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltmək vacibdir. “Həmin istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur” — Qazaxıstanın müdafiə naziri belə deyib.
Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin birgə təlimlərə hazır olduğunu qeyd edib.
Görüşdə hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına diqqət yetirilib. Yekunda 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.
Xəbəri Mod.gov.az yayıb.
Zaqatalada yeni obyektlər istifadəyə verilib
04.11.2015
Prezident İlham Əliyev noyabrın 4-də Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. Burada 1 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Binada müəllimlər, tibb, qəbul, yataq, kompüter otaqları, idman, oyun, musiqi zalları yaradılıb. Körpələr evi-uşaq bağçasında 28 pedaqoji işçinin çalışması nəzərdə tutulub.
AZƏRTAC-ın məlumatına görə, prezident Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasına da baş çəkib. Bina 6 min 700 kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binada linqafon otağı, kompüter mərkəzi tələbələrin ixtiyarına veriləcək. Təhsil ocağının bütün otaqları, auditoriyaları zəruri avadanlıqla təchiz olunub. Filialın yeni binasında kitabxana, akt zalı və muzey fəaliyyət göstərəcək, tələbələr tibb və iaşə xidmətlərindən yararlanacaq.
İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib.
Yeni parlamentin vəzifəli deputatları
04.11.2015
Azərbaycan Konstitusiyasına görə, icra və ya məhkəmə hakimiyyətində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti çıxılmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməz. Seçki Məcəlləsində isə deyilir ki, deputat seçilmiş şəxs ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduğu barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edir.
Transparency.az/cnews bildirir ki, noyabrın 1-də parlamentə seçilmiş bir çox şəxs digər hakimiyyət qollarında vəzifə tutur və ya ödənişli rəhbər vəzifələrdə çalışır. Parlament üzvləri arasında vəzifəyə dövlət başçısının sərəncamı ilə təyin olunanlar da var: 24 saylı Nizami dairəsindən Rövnəq Abdullayev (YAP) Dövlət Neft Şirkətinin prezidenti, 123 saylı Kəlbəcər dairəsindən Cavid Qurbanov (YAP) “Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir.
Yeni deputatlardan ikisi Prezident Administrasiyasında çalışır. 91 saylı Ucar dairəsindən Vüsal Hüseynov (YAP) Prezident Administrasiyasında böyük məsləhətçi, eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi, 100 saylı Şəmkir-Daşkəsən dairəsindən Kamran Bayramov (YAP) bələdiyyələrlə iş sektorunun müdiridir.
Milli Məclisə düşənlər arasında icra hakimiyyətinin başqa strukturlarında çalışanlar da var. 63 saylı Sabirabad dairəsindən Elçin Quliyev (YAP) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, 11 saylı Qaradağ dairəsindən Aydın Hüseynov (YAP) Dövlət Xəzinədarlığı Agentliyinin 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi, 42 saylı Sumqayıt dairəsindən Tahir Mirkişili (YAP) İqtisadiyyat və Sənaye Nazirliyində müşavir postunu tutur.
38 saylı Nizami (Gəncə) dairəsindən Naqif Həmzəyev (YAP) Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 99 saylı Şəmkir kənd dairəsindən Sona Əliyeva (YAP) Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, 55 saylı Xaçmaz şəhər dairəsindən Eldəniz Səlimov (YAP) Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının şəhər nümayəndəsidir.
Yeni deputatların bir neçəsi kommersiya qurumlarında yüksək postlar tutur. 43 saylı Sumqayıt dairəsindən Muxtar Babayev (YAP) “Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, 41 saylı Sumqayıt dairəsindən Mirzəcan Xəlilov (YAP) “Azərsutəchizat Tikinti” ASC-nin sədri, 68 saylı Cəlilabad kənd dairəsindən Mirkazım Kazımov (YAP) “Qasid” Mətbuat Yayımı ASC-nin rəhbəridir.
121 saylı Laçın dairəsindən Mahir Abbaszadə (YAP) “Zaminbank”ın Gənclik filialının müdiri, 107 saylı Qazax dairəsindən Kamran Nəbizadə (partiyasız) NKH MMC-də İdarə Heyətinin sədridir.
14 deputat isə tibbi və elmi müəssisələrdə rəhbər vəzifələrdə çalışır:
9 saylı Binəqədi dairəsindən Kəmaləddin Qafarov (YAP) — Milli Onkologiya Mərkəzi baş direktorunun müavini;
77 saylı Astara dairəsindən Rəşad Mahmudov (YAP) — Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Mərkəzinin rəhbəri;
2 saylı Şərur dairəsindən İsa Həbibbəyli (YAP) — Milli Elmlər Akademiyasının vitse-prezidenti;
93 saylı Bərdə şəhər dairəsindən Gövhər Baxşəliyeva (partiyasız) — Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru;
58 saylı Hacıqabul-Kürdəmir dairəsindən Rafael Hüseynov (VHP) — Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru;
16 saylı Yasamal dairəsindən Aytən Mustafayeva (partiyasız) — Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru;
65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairəsindən Əhliman Əmiraslanov (YAP) — Azərbaycan Tibb Universitetinin rektoru;
28 saylı Sabunçu dairəsindən Eldar Quliyev (partiyasız) — Azərbaycan Kooperasiya Universitetinin rektoru;
36 saylı Xətai dairəsindən Səməd Seyidov (YAP) — Azərbaycan Dillər Universitetinin rektoru;
32 saylı Suraxanı dairəsindən Ağacan Abiyev (YAP) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru;
117 saylı Oğuz-Qəbələ dairəsindən Aqiyə Naxçıvanlı (YAP) — Azərbaycan Müəllimlər İnstitutunun rektoru;
98 saylı Şəmkir şəhər dairəsindən Sahibə Qafarova (YAP) — Bakı Slavyan Universitetinin prorektoru;
37 saylı Nizami (Gəncə) dairəsindən Pərvin Kərimzadə (YAP) — Gəncə Dövlət Universitetinin prorektoru;
27 saylı Sabunçu dairəsindən Dilarə Cəbrayılova (YAP) — Bakıdakı 295 saylı tam orta məktəbin direktoru.
Dövlət başçısı Şəkidə çıxış edib
04.11.2015
Noyabrın 4-də Zaqatala səfərini bitirib Şəkiyə gedən prezident İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Uzunluğu 35 kilometr olan avtomobil yolu Şəki və Qax şəhərləri arasında 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yol 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə edir. Yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb.
İlham Əliyev Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasiminə qatılıb. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasına da baş çəkib. Kompleksdə Şəki Apellyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. 1 milyon 370 min əhaliyə xidmət göstərəcək kompleksdə 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq. Kompleksin əsas binasında 16 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal fəaliyyət göstərir.
Dövlət başçısı mərasimdə çıxış edib.
Daha sonra prezident Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Paytaxtda dövlət reyestrindən çıxarışlar təqdim olunub
04.11.2015
Bakının Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində dövlət reyestrindən çıxarışlar təqdim olunub. Noyabrın 4-də Əmlak Məsələləri Dövlət Komitəsindən Transparency.az-a bildiriblər ki, 88 mənzilli binadakı 30 mənzil sahibinə çıxarışlar verilib. 50-dən çox vətəndaşdan isə mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin hüquqi sənədlər qəbul edilib.
Məlumatda deyilir ki, indiyədək 20-dən çox şəhər və rayonda eyni cür kampaniya keçirilib.
İlham Əliyev “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub
04.11.2015
Noyabrın 4-də prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Ümumi sahəsi 3490 kvadratmetr olan bina üçmərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun və musiqi zalı, metodiki kabinet və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Binanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, attraksionlar quraşdırılıb. Körpələr evi-uşaq bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev həmin gün Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Ərazisi 30 hektar olan kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa edilir. Burada 126 birotaqlı, 52 ikiotaqlı nömrələr olacaq. Kompleksdə 250 nəfərlik restoran, lobbi bar, 6 ticarət mağazası, 2 kinoteatr zalı, konfrans, uşaqlar üçün əyləncə zalları qonaqların ixtiyarına veriləcək. Ərazidə 600 nəfərlik restoran, 40 nəfərlik yay kafesi, həmçinin 164 yerlik 27 ikimərtəbəli kottec də tikiləcək.
Müalicə və istirahət kompleksinin inşasının gələn il başa çatdırılması nəzərdə tutulub. Kompleks istifadəyə veriləndən sonra burada 310 nəfər işlə təmin ediləcək.
Yeni parlamentdə ən populyar soyadlar hansılardır?
04.11.2015
Noyabrın 1-də Azərbaycan parlamentinə seçilmiş şəxslər arasında ən populyar soyad Əliyevdir. Novator.az bildirir ki, yeni seçilmiş deputatlardan 8 nəfəri Əliyev, 1 nəfəri Əliyeva soyadı daşıyır. Daha 1 nəfərin soyadı Əlizadədir.
Yeni Milli Məclisdə ikinci populyar soyad Quliyevdir. 7 deputatın soyadı belədir.
4 nəfərin soyadı Hüseynov, 1 nəfərin soyadı Hüseynova, daha bir nəfərin soyadı Hüseynlidir.
Məmmədov soyadı daşıyan deputatların sayı 5 nəfərdir.
Məhkəmə qapalı olacaq
04.11.2015
Noyabrın 4-ü Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə hazırlıq iclası keçirilib. APA bildirir ki, jurnalistin vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi, bəzi sübutların cinayət işindən çıxarılması barədə vəsatətlər veriblər.
Dövlət ittihamçısı Mübariz Miriyev məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. Prokurorun prosesin qapalı keçirilməsi barədə vəsatəti isə təmin olunub.
2014-cü il aprelin 19-da tutulan jurnalist dövlətə xəyanətdə günahlandırılır. Prokurorluğun apardığı istintaqa əsasən, jurnalist Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluq edib.
Bu iş üzrə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da ittiham edilir. Bu il avqustun 13-ü Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib. Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirli bilinib. Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.
Transparency.az bildirir ki, Rauf Mirqədirov 1961-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Rauf Mirqədirov uzun illər “Zerkalo” qəzetinin siyasi icmalçısı olub, 2010-cu ildən qəzetin Türkiyədə xüsusi müxbiri postunda çalışıb.
Rauf Mirqədirov 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb.
Ötən ilin dekabr ayında İsveçrədə Rauf Mirqədirovun həyat yoldaşına, iki qızına siyasi sığınacaq verilib.
“Sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır”
05.11.2015
Prezident İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində çıxış edib. Transparency.az çıxışı ixtisarla diqqətə çatdırır:
- Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir şura fəaliyyət göstərir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarıb.
Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı şikayətlərin sayı azalır. Bu onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır.
Görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol oynayır. Xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, — bu binada artıq bu sistem tətbiq olunur, — həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcək.
Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda həm narazılıq yarana, həm də ümumiyyətlə cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır, eyni zamanda həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.
Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişaf üçün çox önəmli bir şərtdir.
Əlbəttə, hər bir ölkədə problemlər də, qüsurlar da, mənfi hallar da var. Bəzi hallarda biz Azərbaycanda, Avropada mövcud olan vəziyyətlə, qüsurlarla bağlı fikirlərimizi ifadə edirik. Yəni biz də tənqidə açığıq və hər bir ölkə tənqidə açıq olmalıdır. Heç bir ölkə kamil deyil. Hər bir ölkədə qüsurlar, nöqsanlar var. Son vaxtlar Avropa qitəsində siyasi sahədə, beynəlxalq məsələlərin həllində çox ciddi səhvlər buraxılıb. Ancaq hesab edirəm ki, Avropa ölkələrində məhkəmə sistemi nümunə ola bilər. Burada biz bunu açıq deməliyik. Bu müsbət təcrübəni biz Azərbaycanda tətbiq etməliyik. Yəni bu praktika göz qabağındadır. Burada heç bir şey icad etməyə ehtiyac yoxdur. Sadəcə olaraq işin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar, atılan addımlar düzgün istiqamətdə olmalıdır. Eyni zamanda bunu qanunvericilik də, prezidentin imzaladığı sərəncamlar da tənzimləyir. Əsas odur ki, bu, həyatda öz əksini tapsın. Bu qərarların düzgün icrası Azərbaycanda məhkəmə sisteminin şəffaflığını artıracaq və xoşagəlməz hallara qarşı bizim siyasətimizi daha da təsirli edəcək.
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilib. Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. İnzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək.
Çünki əfsuslar olsun ki, buna hələ ehtiyac var. Ancaq bununla bərabər, əlbəttə ki, sistem xarakterli, institusional islahatların aparılmasına böyük ehtiyac var. Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün.
Son illər ərzində şəffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya, rüşvətxorluq üçün meydanı böyük dərəcədə daraldıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur və məhkəmə-hüquq sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir. İlk növbədə məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var. Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar — söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər.
Azərbaycanda yüzlərlə mətbu orqan, azad internet mövcuddur. Əhalinin 75 faizi internet istifadəçisidir. Sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. O başqa məsələdir ki, bəzi siyasi qrupların mitinqlərinə 200-300 adam yığışır. Ancaq fakt budur ki, heç bir məhdudiyyət yoxdur.
Son parlament seçkiləri bir daha onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə inamla, uğurla gedir. Son parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edibdir. Yüzlərlə xarici müşahidəçi seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər. Bu, dövlətimizin, xalqımızın növbəti böyük qələbəsidir və bir daha onu göstərir ki, Azərbaycanda demokratik inkişaf sürətlə gedir.
Bu gün Azərbaycan o ölkələrdəndir ki, burada gedən prosesləri xalq müəyyən edir. Xalq da öz sözünü seçkilər vasitəsilə ifadə edir. Xalq-iqtidar birliyi, gözəl ictimai iqlim və demokratik proseslər ölkəmizi gücləndirir. Məhz buna görə Azərbaycanda sabitlik maksimum dərəcədə təmin edilir, ölkəmizin inkişafı ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Çünki bizim apardığımız siyasət xalqın maraqlarını tam ehtiva edir. Bizim siyasətimiz xalqın maraqları üzərində qurulubdur. Təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf, sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasət — bizim əsas prinsiplərimiz bunlardan ibarətdir və hər istiqamət üzrə biz çox uğurlu mənzərənin uğurlu nəticələrini görürük.
Bu gün Azərbaycan dünya miqyasında iqtisadi və sosial inkişafla bağlı seçilən ölkələrdəndir. Heç bir böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz. Amma müəyyən dərəcədə təsir edə bilər. Bütövlükdə builki iqtisadi-sosial göstəricilərimiz göz qabağındadır. İqtisadiyyat artır, sosial layihələr, infrastruktur layihələri icra edilir, o cümlədən bu bölgədə. Bu gün Zaqatalada infrastruktur layihələrinin açılışını qeyd etmişik, Şəkidə, bütün bölgələrdə, bütün şəhər və rayonlarımızda tikinti-quruculuq işləri aparılır.
Bununla bərabər, beynəlxalq nüfuzumuz artır, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi öz rolunu oynayır. Bizim siyasətimizə çox böyük maraqla və rəğbətlə yanaşırlar. İlk növbədə ona görə ki, biz müstəqil xarici siyasət aparırıq və bizim siyasətimizin təməlində Azərbaycan xalqının iradəsi dayanır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var, düzdür, azalır. Ancaq buna baxmayaraq biz öz yolumuzla gedirik və nəticə də göz qabağındadır.
Bu gün dünyada gedən proseslər, qanlı toqquşmalar, müharibələr artıq dünya gündəmini zəbt edir. Yəni bu, adi hala çevrilib. Ona görə Azərbaycanda sabitliyi, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək doğrudan da çox təqdirəlayiq bir haldır. Bu şəraitdə müstəqil siyasət yürütmək, iqtisadi-sosial inkişafa nail olmaq onu göstərir ki, düzgün siyasət aparılır, xalq da bunu görür, bəyənir və seçkilərdə öz sözünü deyir.
Ona görə Azərbaycanda aparılan işlər və gələcəkdə bizim planlarımızın reallaşması ölkəmizi daha da gücləndirəcək. Mən gələcəkdə sosial və iqtisadi inkişafla bağlı heç bir ciddi problem görmürəm. Bizim maliyyə vəziyyətimiz, manatın məzənnəsi sabitdir, kifayət qədər valyuta ehtiyatımız var, bütün sosial layihələr — infrastruktur layihələri, tikinti-quruculuq işləri icra edilir.
Enerji sektorunda Azərbaycanın dünyadakı rolu getdikcə artmaqdadır və bu gün biz “Cənub” qaz dəhlizi kimi nəhəng layihəni — Avropanın bir nömrəli enerji layihəsini icra edirik və həm də liderlik göstəririk. Yəni bütün bu işlər davam etdiriləcək. Bu işləri sürətləndirmək və daha da böyük nəticələr əldə etmək üçün cəmiyyətdə hələ ki, mövcud olan, bizi — iqtidarı və xalqı narahat edən problemlər aradan qaldırılmalıdır. Bunların içində korrupsiya, rüşvətxorluq birinci yerdədir. Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada çox böyük rolu var. Bir daha demək istəyirəm, ilk növbədə məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir.
İslahatlar arasında onu da qeyd etməliyəm ki, hakimlərin maddi təminatı da son illər ərzində böyük dərəcədə yaxşılaşıb. Nəyə görə? Ona görə ki, normal yaşasınlar. Yəni dövlət tərəfindən təminat yüksək səviyyədədir, imkan daxilində daha da artırılacaq. Məhkəmə sistemi elə olmalıdır ki, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli, səmərəli olsun və inkişafımıza mane olan bu əngəllər aradan götürülsün.
Buna nail olmaq üçün çox güclü siyasi iradə var — dövlət tərəfindən göstərilən iradə. Eyni zamanda çox böyük ictimai dəstək var — xalq tərəfindən göstərilən dəstək. O ki qaldı dövlət məmurlarına — vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaqdır.
Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir.
Heç bir cəmiyyət kamil deyil. Hər bir ölkədə pozuntular var. Misal üçün, inkişaf etmiş ölkələrdə gizli həbsxanalar yaradılıb. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdi. İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar. Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır.
Yəni, bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu istəyir.
Ona görə də məhkəmə işçilərinin fəaliyyətindən çox şey asılıdır. Yenə də demək istəyirəm, son vaxtlar bu sahədə aparılan islahatlar və verilmiş qərarlar, onların icrası müsbət dinamikanı təmin edir. Ancaq hələ görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq. Nə vaxt məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik.
Vergilər Nazirliyində struktur və kadr dəyişiklikləri aparılıb
05.11.2015
Vergilər Nazirliyində ərazi vergi orqanları ilə iş üzrə idarə yaradılıb. Bu addımın ərazi vergi orqanlarının fəaliyyətinə nəzarətin səmərəliliyinin artırılması, vergilərin tam həcmdə və vaxtında ödənilməsinin təmin olunması, yerlərdən daxil olan vətəndaş müraciətlərinə baxılmasına nəzarətin gücləndirilməsi məqsədilə atıldığı açıqlanıb.
Analitik-informasiya şöbəsindən Transparency.az-a verilən məlumata görə, yeni idarə nazirliyin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin, audit və operativ nəzarət sahələri üzrə müşavir xidməti şöbəsinin, habelə audit və operativ nəzarət sahələri üzrə nazirin müşaviri vəzifələrinin ləğv olunması və onların ştat vahidləri hesabına formalaşdırılıb.
Vergilər Nazirliyinin iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəis müavini, vergi xidməti müşaviri Elçin Bəylərov ərazi vergi orqanları ilə iş üzrə idarənin rəisi vəzifəsinə keçirilib.
Vergilər nazirinin digər əmrləri ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavini, baş vergi xidməti müşaviri Rövşən Əhmədov nazirliyin vergi auditi baş idarəsinin rəisi, vergi auditi baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Müsavər Nəbiyev nazirin müşaviri vəzifəsinə təyin olunub.
Azərbaycanın müdafiə naziri Qazaxıstanda hərbi bazaya baş çəkib
05.11.2015
Qazaxıstana rəsmi səfər edən müdafiə naziri Zakir Həsənov noyabrın 4-də hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan “Kazakhstan Aselsan Engineering”də olub.
Yüksək texnologiyaların tətbiqinə əsaslanan elektron-optik cihazların istehsalı sahəsində ixtisaslaşan müəssisənin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti məhsulların hazırlanması sahələrinə və sınaq sexlərinə də baxıb.
Mod.gov.az-ın məlumatına görə, həmin gün müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birini ziyarət edib. Burada Zakir Həsənov hərbi desant kompleksi, hərbi hissənin silah və texnika sərgisi ilə tanış olub. Müdafiə naziri binaya hücum, gecə və gündüz rejimində müxtəlif silahlardan atəş açma və maneələr zolağının dəf edilməsi məşqlərini də izləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşları qəbul hesabatı verib
05.11.2015
Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri 19 min 367 vətəndaşı fərdi qaydada qəbul edib. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, yanvar-oktyabr ayları ərzində 523 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib. Bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı ümumilikdə 50-dək rayon və şəhərin sakinlərinin müraciətlərinə baxılıb.
Nazirliyin digər rəhbər şəxslərinin (nazir müavinləri və aparat rəhbəri) qəbul etdiyi vətəndaşların sayı 700 nəfərdir. Digər vətəndaşları isə nazirliyin aidiyyəti məsul şəxsləri qəbul edib.
Sanitar-epidemioloji xidmət orqanları nələr aşkarlayıb?
05.11.2015
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, sanitar-epidemioloji xidmət orqanları 2015-ci ilin sentyabr ayında yeyinti məhsullarının istehsalı, satışı, saxlanması, daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 29 müəssisənin sahibkarını cərimələyib, 11 obyektin istismarını dayandırıb, 1 nəfəri işdən müvəqqəti kənarlaşdırıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulunun nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən edilib.
Şadlıq evləri və iaşə müəssisələrindən 885 yaxma götürülüb, yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanmayıb.
Sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsi baş verib, 66 nəfər zərər çəkib. 2 botulizm hadisəsində 2 zərərçəkən olub .
Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.
Ekspert sığortalanmış əmanətlərə təhlükə görmür
05.11.2015
Əmanətlərin Sığortalanması Fondundakı pulun sığortalanmış əmanətlərin 2,2%-ni təşkil etməsi (Sığorta fondunda əmanətlərin yalnız 2,2 faizini ödəməyə pul var) depozitlərin qorunması baxımından problem yaradırmı? Ümumiyyətlə, fondda nə qədər pul saxlanmalıdır?
Transparency.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, beynəlxalq praktikada bu tip fondların aktivlərini sığortalanan əmanətlərin həcminə bağlamaq ənənəsi, belə bir standart yoxdur: “Bu məsələ fondun öz maliyyə siyasətindən və istifadə etdiyi alətlərin xarakterindən asılı olaraq müəyyənləşdirilir. Əksər oxşar fondların aktivləri ilə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal qəbul edilir. Məsələn, Rusiyada Əmanətlərin Sığortalanması Fondunun aktivlərinin həcmi 1 milyard 326 milyon dollar, sığortalanan əmanətlərin həcmi isə 290 milyard 476 milyon dollardır. Aktivlərin ümumu sığortalanan əmanətlərdə payı cəmi 0,45 faizdir. Rusiyada bütün vətəndaşların əmanətləri təhlükədədirmi? Təbii ki, yox”.
Vüqar Bayramov qeyd edib ki, fondun aktivlərin genişləndirilməsi daha çox bankların üzvlük haqqının artırılması yolu ilə mümkündür, bu da məsləhət deyil: “Çünki bu, bankların xərclərinin artmasına və bir sıra məhsullarının bahalaşmasına səbəb olar. Fondun vəsaitlərini nisbətən risksiz alətlərə sərmayə etməklə gəlirin həcmini artırmaq mümkündür. Qurumun maliyyə bazarında daha aktiv iştirakı yaxşı olar”.
Ekspert əlavə edib ki, hər hansı bankın müflis olması sığorta hadisəsinin baş verməsi anlamına gəlmir: “Sığorta hadisəsi müflis olan bankın öhdəlikləri mövcud aktivlərindən çox olduğu halda baş verir. Ona görə də bir neçə bankda olan əmanətlərin həcmini fondun aktivləri ilə müqayisə etmək olmaz. 29 milyard manatdan çox aktivi olan banklarda əhalinin cəmi 7,6 milyard manat əmanəti olduğunu nəzərə alsaq, gələcəkdə hər hansı təhlükə olduğu halda heç də bütün banklarda sığorta hadisəsinin baş verməyəcəyi aydın görünür.
Hazırda banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələrində 100 min avroyadək bütün əmanətlər sığortalanır. Bizdə isə qorunan əmanətin maksimum həcmi sözügedən ölkələrlə müqayisədə 3 dəfədən də azdır. Bu da evdə saxlanan pulların banklara əmanət kimi cəlb edilməsinə maneə olur. Fondun mövcud siyasəti hələ də əmanətlərin sığortalanan faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmayıb”.
Dövlət büdcəsi 7 aydır kəsirlə icra olunur
05.11.2015
2015-ci ilin 9 ayında Azərbaycanda dövlət büdcəsinin kəsiri 92,1 milyon manat (ÜDM-in 0,2 faizi) olub. Ötən ilin analoji dövründə büdcə 1,38 milyard manat profisitlə icra edilmişdi.
“Trend”in məlumatına görə, dövlət büdcəsi ardıcıl 7 aydır kəsirlə icra olunur. Yanvarda dövlət büdcəsinin profisiti 421,6 milyon manat (ÜDM-in 11,6 faizi) həcmində qərarlaşıb, ötən ilin analoji dövrü ilə müqayisədə 16,9 dəfə artım qeydə alınıb. Yanvar-fevralda büdcə 80,1 milyon manat profisitlə icra edilib, bu da ötən ilin eyni dövrünün göstəricisini 61,8 faiz üstələyib.
Yanvar-martda büdcə ötən ildəki 108,4 milyon manat profisitə qarşı 251 milyon manat kəsirlə, yanvar-apreldə 402,6 milyon manat profisitə qarşı 822,5 milyon manat kəsirlə, yanvar-mayda 654,5 milyon manat profisitə qarşı 905,8 milyon manat kəsirlə, yanvar-iyunda 615 milyon manat profisitə qarşı 770,9 milyon manat kəsirlə, yanvar-iyulda 774 milyon manat profisitə qarşı 595,7 milyon manat kəsirlə, yanvar-avqustda isə 938,4 milyon manat profisitə qarşı 127 milyon manat kəsirlə icra olunub.
2015-ci ilin 9 ayı ərzində dövlət büdcəsinin mədaxil hissəsinə faktiki daxilolmalar 12,07 milyard manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,2 faiz azdır. Dövlət büdcəsinin xərcləri 4,2 faiz azalmaqla 12,16 milyard manat olub.
Daxilolmalar strukturunda 42,2 faiz (5,09 milyard manat) Vergilər Nazirliyinin xətti üzrə təmin edilib. Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,12 milyard manat (9,3 faiz) köçürüb. Qeyd edilən dövrdə vergi daxilolmaları 4,7 faiz, gömrük ödənişləri isə illik hesablamada 0,9 faiz azalıb.
Dövlət büdcəsinin məxaric strukturunda 39,4 faiz və ya 4,79 milyard manat iqtisadi fəaliyyətlə bağlı xərclərin payına düşüb, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,5 faiz və ya 687,1 milyon manat azdır. Bu məbləğin 4,01 milyard manatı (12 faiz azalma ilə) sənaye, tikinti və faydalı qazıntılar sahələrinə, 317,2 milyon manatı isə (14,5 faiz azalma ilə) kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsinə ayrılıb.
2015-ci ilin yanvar-sentyabr aylarında sosial təminat və müdafiə ilə bağlı xərclərin payı 2 faiz azalma ilə 11,8 faiz (1,43 milyard manat), səhiyyə ilə bağlı xərclər isə 0,9 faiz artımla 3,7 faiz (454 milyon manat) olub.
2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində təsdiq edilib. Büdcə proqnozları 1 barrel neftin 90 dollar qiyməti əsasında formalaşdırılıb.
Səfir Aqşin Mehdiyev yeni vəzifəyə qəbul olundu
05.11.2015
Xarici İşlər Nazirliyi bəyan edib ki, noyabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən nota daxil olub. Notada baş katibin səfir Aqşin Mehdiyevi təşkilatın Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbulunu təsdiqlədiyi vurğulanır. Səfir vəzifə səlahiyyətlərinin icrasına 2015-ci il dekabrın 1-dən başlayacaq.
Aqşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında daimi nümayəndəsi olub.
Rumıniya prezidenti müvəqqəti hökuməti təhsil nazirinə tapşırdı
05.11.2015
Rumıniya prezidenti Klaus Yohannis ölkəyə müvəqqəti baş nazir təyin edib. Novator.az xəbər verir ki, noyabrın 5-də keçirdiyi brifinqdə Rumıniya prezidenti yeni hökuməti təhsil naziri Sorin Kımpyanuya həvalə etdiyini açıqlayıb. Kımpyanu Nazirlər Kabinetinə yeni hökumət formalaşanadək rəhbərlik edəcək.
Rumıniyanın baş naziri Viktor Ponta noyabrın 4-də istefa verib. Ponta paytaxt Buxarestdəki “Colectiv” gecə klubunda 32 nəfərin ölümü ilə nəticələnən yanğından sonrakı xalq etirazları fonunda istefaya məcbur olub.
Klaus Yohannis yeni kabinetin formalaşdırılması üçün parlamentdə təmsil olunan siyasi partiyalarla məsləhətləşmələr apardığını vurğulayıb. Məsləhətləşmələrin həftə sonuna kimi davam edəcəyini deyən dövlət başçısı yeni hökuməti formalaşdırarkən vətəndaş cəmiyyəti nümayəndələri və etirazçıların liderləri ilə də müzakirələr aparacağını qeyd edib.
Deputatların ixtisas dairəsi
05.11.2015
Noyabrın 1-də keçirilmiş parlament seçkisinin YAP-çı qalibləri arasında bir neçə hüquqçu var. Transparency.az/cnews bildirir ki, Əli Hüseynli, Ziyafət Əsgərov hüquq təhsili alıblar. Vasif Talıbov, Siyavuş Novruzov, Bahar Muradova, Məlahət İbrahimqızının isə ikinci ixtisas üzrə hüquqçu sayılırlar.
Şəmsəddin Hacıyev, Muxtar Babayev (ikinci ixtisas), Rövnəq Abdullayev, Hüseynbala Mirələmov, Oqtay Əsədov, Xanlar Fətiyev, Ağalar Vəliyev, Cavid Qurbanov, Eldar İbrahimov, Arif Rəhimzadə, Hadı Rəcəbli, Astan Şahverdiyev, Mahir Abbaszadə, Mixail Zabelin, Mirzəcan Xəlilov iqtisadiyyatla bağlı sahələrin mütəxəssisləridir.
YAP-çı parlament üzvləri arasında həkimlərin az olmadığı diqqət çəkir: Mehriban Əliyeva, Sədaqət Vəliyeva, Musa Quliyev, Əhliman Əmiraslanov, Rafiq Məmmədhəsənov, Kəmaləddin Qafarov, Rəşad Mahmudov…
Filoloqlar, tarixçilər, jurnalistlər və başqa humanitar ixtisas sahibləri daha çoxdur: İsa Həbibbəyli, Sevinc Fətəliyeva, Səməd Seyidov, Naqif Həmzəyev, Yevda Abramov, Elman Nəsirov, Yaqub Mahmudov, Ülviyyə Həmzəyeva, Sahibə Qafarova, Hikmət Babaoğlu, Bəxtiyar Sadıqov, İmamverdi İsmayılov, Nizami Cəfərov…
İxtisası riyaziyyatçı olan Elman Məmmədovla mühəndis Aydın Mirzəzadənin sonradan politoloq təhsili aldıqlarını qeyd etmək də olar.
Azlıq partiyalarını təmsil edən deputatlardan Qüdrət Həsənquliyev, Fazil Mustafa, Tahir Kərimli hüquqşünas, Asim Mollazadə və Fərəc Quliyev həkim, Araz Əlizadə və Rafael Hüseynov şərqşünas, Fəzail Ağamalı və Fəzail İbrahimli tarixçi, Xanhüseyn Kazımlı iqtisadçıdır.
Partiyasız deputatlardan Aytən Mustafayeva, Rafael Cəbrayılov, Elşad Həsənov, Çingiz Qənizadə, Rövşən Rzayevin hüquq təhsili var. Hüquq Adil Əliyev, Ülvi Quliyev, Jalə Əliyeva, Qənirə Paşayeva və Hacı Salayevin ikinci ixtisasıdır.
İqtisadi sahədə təhsil almış partiyasız deputatlar arasında Səttar Mehbalıyev, Madər Musayev, Ziyad Səmədzadə, Eldar Quliyev, Fuad Muradov, Vahid Əhmədov, Çingiz Əsədullayev, Zahid Oruc, Valeh Ələsgərov, Əli Məsimlini göstərmək olar.
Əflatun Amaşov, Elmira Axundova, Musa Qasımlı, Aqil Abbas, Elxan Süleymanov, Gövhər Baxşəliyeva, Sahib Alıyev, Bəxtiyar Əliyev humanitar sahənin adamlarıdır.
Politoloq Rasim Musabəyov isə ixtisasca mühəndisdir.
Rusiyada maaşlar 10%-ə qədər azalıb
05.11.2015
2015-ci ildə Rusiyada real maaşların məbləği 8-9% azalıb. Novator.az xəbər verir ki, Rusiyanın əmək naziri Maksim Toplin noyabrın 5-də hökumətin iclasında belə deyib.
Nazir bildirib ki, işəgötürənlər maaşların məbləğinin azalmasını iqtisadi böhranla əlaqələndirir: “Əvvəlki böhran zamanı əhalinin gəlirləri stabil səviyyədə qalmışdı. Bu il isə real maaşların həcmi 8-9% aşağı düşüb”.
Nazir onu da qeyd edib ki, hazırda vəziyyət düzəlməyə doğru gedir, real maaşlar bərpa olunur.
Avropa Məhkəməsi Tofiq Yaqublunun işi üzrə qərarını açıqladı
05.11.2015
Noyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun işi üzrə qərarını açıqlayıb.
Novator.az xəbər verir ki, Avropa Məhkəməsi Tofiq Yaqublunun hüquqlarının pozulduğu qənaətinə gələrək şikayəti təmin edib. Məhkəmənin qərarına görə, məhbus müsavatçı dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona ümumilikdə 24 min avro təzminat ödəməlidir.
2013-cü ilin fevralında İsmayıllı hadisələrinə görə tutulan Tofiq Yaqublu 5 il həbs cəzası alıb.
1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-cu ildən partiya başqanının müavini postunu tutur.
Dövlət standartları və təsnifatı təsdiqlənib
05.11.2015
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə dövlət standartını və bir təsnifatı təsdiq edib.
AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” standartı avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.
AZS 848-2015 (ISO 22000-2005) “Qida təhlükəsizliyi idarəetmə sistemləri — Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər” standartı qida zəncirində iştirak edən bir təşkilatda qidanın istehlakı zamanı onun təhlükəsiz olmasını təmin etmək və qida təhlükəsizliyinə yönəlik təhdidlərə nəzarət etmək qabiliyyətini nümayiş etdirmək üçün zəruri olan qida təhlükəsizliyinin idarəetmə sisteminə aid tələbləri müəyyən edir.
AZS 853-2015 (QOST R 50838-95) “Qaz kəmərləri üçün polietilen borular. Texniki şərtlər” standartı sənaye və kommunal-məişət istifadəsi üçün xammal və yanacaq qismində nəzərdə tutulan yanar qazları nəql edən polietilen yeraltı qaz kəmərlərinə şamil edilir.
AZS 854-2015 (EN 13476-3+A1) “Təzyiqsiz yeraltı drenaj və çirkab suları üçün plastik boru sistemləri. Daxili səthləri hamar və xarici səthləri profilli B tipli borular, birləşdirici hissələr və sistem üçün xüsusiyyətlər” standartı təzyiqsiz, yeraltı, drenaj və çirkab su sistemlərində istifadə edilən, plastikləşdirilməmiş polivinilxlor (PVC-U), polipropilen (PP) və polietilendən (PE) əsaslı, profil divarlı borular, birləşdirici hissələr və sistemlər üçün təriflər və xüsusiyyətləri əhatə edir.
AZT 049-2015 “Bələdiyyələrin statistik ərazi təsnifatı”nda hər bir bələdiyyənin adı və həmin bələdiyyənin əhatə etdiyi ərazi vahidlərinin və onların müvafiq kodlarının siyahısı verilib.
Xəbəri Azstand.gov.az yayıb.
Prezidentin Tiflis bəyanatları
06.11.2015
Prezident İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfər edib. Paytaxt Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkını, Qəhrəmanlar Memorialını ziyarət edəndən sonra İlham Əliyev Gürcüstan prezidenti Georgi Margvelaşvilinin iqamətgahında rəsmən qarşılanıb. Prezidentlər əvvəl təkbətək, sonra geniş tərkibdə görüşüb iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparıblar.
AZƏRTAC xəbər verir ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlər birgə bəyannamə imzalayıblar, ardınca mətbuata bəyanatlarla çıxış ediblər.
Georgi Margvelaşvili deyib ki, Azərbaycan hər zaman Gürcüstana həm iqtisadi, həm də humanitar sahədə dəstək verir: “Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir. Bunlara misal olaraq uşaq bağçaları, kilsələr, idmançılarla bağlı xeyriyyə layihələrinin həyata keçirilməsinə verilən dəstəyi və köməyi qeyd edə bilərik. Bu əməkdaşlığa görə Azərbaycana öz təşəkkürümüzü bildiririk. Gürcü xalqı da hər zaman dost Azərbaycan xalqının yanında olacaq”.
Gürcüstan prezidenti Azərbaycanla Gürcüstanın birgə həyata keçirdikləri layihələrin Avropa üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən danışıb.
İlham Əliyev qeyd edib ki, prezidentlərin imzaladığı birgə bəyannamə əlaqələrin inkişaf perspektivlərini müəyyən edir: “Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, birgə tariximiz və qardaşlığımız dayanır. Bəyannamədə isə inkişaf perspektivləri haqqında çox konkret müddəalar əksini tapıb. Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir. Bütün məsələlərdə, xüsusilə ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birimizə daim dəstək, arxa oluruq. Beynəlxalq təşkilatlarda gələcək əməkdaşlıq üçün də çox gözəl imkanlar var. Əminəm ki, iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək.
Bəyannamədə münaqişələrin həlli ilə bağlı da çox dəqiq ifadələr əksini tapıb. Bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı — Dağlıq Qarabağ və ətrafda yerləşən yeddi rayon işğal altındadır. Bu münaqişə bu günə qədər həllini tapmayıb, baxmayaraq ki, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar və qətnamələr qəbul ediblər.
Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Çox istəyirik ki, ticarət dövriyyəsi daha da artsın və əlbəttə, qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük həcmdə sərmayə qoyur. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Sizin ölkənizdə çox gözəl sərmayə iqlimi yaradılıb”.
Prezident gürcü həmkarı ilə enerji və nəqliyyat məsələlərini geniş şəkildə müzakirə etdiyini deyib: “Bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər, bu layihələr tezliklə həllini tapsın. Xüsusilə, “Cənub” qaz dəhlizi ki, bu gün uğurla icra edilir. “Cənub” qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası var. Bu layihə uğurla icra edilir. Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq.
Əlbəttə ki, Gürcüstanın və Azərbaycanın birgə fəaliyyəti, gələcəkdə bir mövqedən çıxış etməyimiz bu dəhlizi çox etibarlı dəhliz kimi ortaya qoyacaq. Beləliklə, ölkələrimizin geosiyasi əhəmiyyəti artacaq. Əlbəttə ki, gəlirlərimiz də çoxalacaq.
Bu yaxınlarda Azərbaycanda tranzit yüklərlə bağlı Koordinasiya Şurası yaradılıb. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşıma sahəsində bir mövqedən çıxış etsinlər. Biz ölkə ərazisindən keçən yüklərin həcmini böyük dərəcədə artırmaq üçün vahid tarif siyasəti apara bilərik. Bu mümkündür. Hesab edirəm ki, gələcəkdə yük göndərməsi mümkün olan ölkələrdə birgə təqdimat mərasimləri də keçirilə bilər. Bu gün dünyada yüklər uğrunda mübarizə gedir. Əsas məsələ ondan ibarətdir ki, bu, sağlam mübarizə, sağlam rəqabət olsun. Əgər belə olarsa, onda Gürcüstanın və Azərbaycanın təklif etdiyi tranzit imkanları əlbəttə ki, üstünlük təşkil edəcək”.
Həmin gün İlham Əliyevin şərəfinə Georgi Margvelaşvilinin adından rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir: “Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında yer alır. Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri ölkələrimizin nəinki regionda, hətta dünyada əhəmiyyətini və nüfuzunu artırır.
Humanitar sahədə də münasibətlərimiz uğurla davam etməkdədir. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu sahədə əlaqələrin inkişafında körpü rolunu oynayır. Bu baxımdan onların vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, xalqlarımız və ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir”.
Neftin qiyməti yenə enib
06.11.2015
Dünya birjalarında neftin ucuzlaşması davam edir. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,88 dollar ucuzlaşaraq 45,48 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar azalaraq 48,29 dollar olub.
AZƏRTAC xəbər verir ki, London birjasında “AzəriLayt” markalı neftin bir barreli 0,31 dollar ucuzlaşaraq 49,04 dollara satılır.
Dərman bazarında yeniliklər nələrə gətirib?
06.11.2015
Economy.gov.az-a danışan Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin gedişi barədə məlumat verib (Müsahibə). O deyib ki, qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3 mini ötüb: “Təsiredici maddə qrupuna aid olan 1151 dərman vasitəsinin qiyməti artıq qüvvədədir. Rəqabət mühitinin pozulmaması və əczaçılıq subyektləri üçün qiymətlərin dərman vasitələrinin üzərində yerləşdirilməsi, mal qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılmasının vaxt tələb etməsi nəzərə alınaraq yeni təsiredici maddələr üzrə qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabrdan, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabrdan qüvvəyə minəcək. Ümumilikdə dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin 2015-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur”.
İlkin Məcidov qeyd edib ki, dərman bazarı bir sıra xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və burada sərbəst rəqabətin olması heç də öz-özlüyündə qiymətlərin aşağı düşəcəyinə zəmanət vermir: “Sərbəst rəqabət bazarının dörd əsas şərti mövcuddur. Bunlardan birincisi bazarda alıcı və satıcının çox olması, ikincisi firmaların bazara asanlıqla daxil olması, üçüncüsü məhsulların eyni (homogen) olması və nəhayət dördüncüsü, hər kəsin bazar haqqında tam informasiyaya sahib olmasıdır.
Dərman bazarının xüsusiyyətlərinə görə üçüncü və dördüncü şərtlərin təmin olunmaması ümumilikdə dərman bazarında sağlam rəqabət mühitini formalaşdırmağa imkan vermədiyi üçün əksər ölkələr, o cümlədən iqtisadiyyatı kifayət qədər liberal olan Avropanın inkişaf etmiş ölkələri dərman bazarını tənzimləmək məcburiyyətindədirlər.
Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da istehlakçılar dərman bazarı və dərman vasitələri barədə yetərli informasiyaya malik deyil. Bundan istifadə edən marketinq firmaları öz aralarında rəqabət artdıqca qiymətləri aşağı salmaq əvəzinə qaldırır və vətəndaşın hesabına tanıtma xərclərini artıraraq rəqibləri ilə eyni tərkibdə (homogen) olan dərman vasitəsini heterogen, yəni “fərqli dərman” kimi başqa adda satışa çıxarırlar. Tanıtma xərclərinin son həddi olmadığından dərmanların qiyməti dəfələrlə şişirdilmiş olur. Dolayısı ilə rəqabət artdıqca paradoksal olaraq qiymətlər də artır.
Bu kimi xüsusiyyətlər nəzərə alınaraq dərman vasitələrinin qiymətlərini bir sıra ölkələrdə, o cümlədən əksər Avropa ölkələrində bu və ya digər formada dövlət tənzimləyir. Tənzimlənmə həm də izafi tanıtma xərclərinin korrektə edilməsinə və nəticədə optimal qiymətlərin formalaşmasına xidmət edir.
Bu eyni zamanda sivil ölkələrdə qəbuledilməz hesab edilən idxalçı-həkim-aptek sövdələşməsinə də son qoymaqla yanaşı, orijinal və generik dərman vasitələri istehsal edən qabaqcıl əczaçılıq şirkətləri üçün daha əlverişli mühitin yaradılması deməkdir”.
Tarif (qiymət) Şurasının katibi əlavə edib ki, 3010 dərman vasitəsinin qiyməti tənzimlənib, bunun nəticəsində satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 50% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 26% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, bütövlükdə isə həmin dərman vasitələrinin 96%-i üzrə qiymətlər endirilib.
Məsələn, təzyiq əleyhinə olan amlodipin, xolestirin tənzimləyici atorvastatin, qan durulaşdırıcı klopidoqrel tərkibli dərmanların qiymətləri 6-8 dəfə aşağı salınıb. Şuranın son qərarı ilə həmçinin öskürək əleyhinə olan, xolesterin tənzimləyici, ağrıkəsici, mədə-bağırsaq sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri ilə əlaqədar dərmanların qiymətləri dəfələrlə endirilib”.
Qiymətləri təsdiq edilən bəzi dərmanların satışda olmamasına toxunan İlkin Məcidov deyib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi tanıtma xərclərini artıraraq hər hansı bir adda dərmanı 3-5 dəfə, bəzən 8-10 dəfəyədək baha qiymətə satmaqla məşğul olan marketinq firmalarının imkanlarını məhdudlaşdırır və firmalar hazırkı şərtlərlə razılaşmaya və həmin adda olan dərmanı ölkəyə gətirməyə bilərlər: “Buna baxmayaraq dünyanın aparıcı şirkətlərinin istehsalı olan və həmin dərmanla eyni tərkibə malik çox adda dərmanlar ölkəmizə idxal olunur və vətəndaşlar bu dərmanları daha optimal və aşağı qiymətə alacaqlar”.
Asan lisenziyaların siftəsi
06.11.2015
Prezidentin 19 oktyabr 2015-ci il fərmanına (Lisenziya fərmanı: azaldılsın və sadələşdirilsin) uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi “ASAN xidmət” mərkəzlərində lisenziyaların verilməsinə başlayıb. Noyabrın 5-də 5 saylı “ASAN xidmət” mərkəzində avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları və taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində fəaliyyət göstərən müəssisələrə ilk lisenziyalar verilib.
Economy.gov.az-ın məlumatına görə, noyabrın 2-dən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanıb, lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləmək tövsiyə edilib. İqtisadiyyat və Sənaye Nazirliyi lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya) verilməsi qaydasının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə təkliflər hazırlayır.
Güzəştli şərtlərlə pensiya çətinləşə bilər
06.11.2015
Güzəştli şərtlərlə pensiya üçün xidmət müddəti 25 ilə qaldırıla bilər. Bunu APA-ya müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Hərbi qulluqçuların güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 20 ildən 30 ilə qaldırılması barədə yayılan informasiyalara aydınlıq gətirən fond sədri bildirib ki, Silahlı Qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur: “Bu təklif ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri idi və hazırda müzakirə olunmur”.
Elman Mehdiyev islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyini önə çəkərək bildirib ki, hazırda Silahlı Qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir: “Təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə (Pensiyaya nə vaxt çıxırlar?) şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcək. Buna görə də təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatçılığa heç bir əsas yoxdur”.
Ətraf Mühitin Mühafizəsi Departamenti 15 günlük qanun pozuntularını açıqlayıb
06.11.2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti 16-31 oktyabrda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumata görə, qanun pozuntuları ilə bağlı 165 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 49 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 35 iş üzrə 58200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 1679.32 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 182 iş üzrə 56485.42 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 10, icra qurumlarına 36, məhkəmələrə 2 iş göndərilib.
Prezidentlər Marneulidə Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər
06.11.2015
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Georgi Margvelaşvili Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olublar.
2012-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə istifadəyə verilən “Çay evi” tədris mərkəzinin binası müasir memarlıq üslubunda inşa olunub. Tədris mərkəzində il ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından olan gənclərə gürcü, ingilis və fransız dilləri pulsuz tədris edilir. Burada həmçinin şahmat kursları, rəqs dərnəyi və xalçaçılıq kimi qədim milli sənətimizin sirləri öyrədilir.
Layihə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi və Marneuli Gənclər Mərkəzi arasında bağlanmış memoranduma əsasən həyata keçirilib. Üç mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Burada Azərbaycan mətbəxinin təbliğinə də mühüm önəm verilir. Mərkəzdəki “Muğam” restoranında Azərbaycan milli mətbəxinin təamları təqdim edilir.
“Çay evi” memarlıq layihəsi 2013-cü ildə Londonda keçirilən və Avropanın nüfuzlu beynəlxalq qurumu olan “European Property Awards”ın təsis etdiyi “Sosial memarlıq” nominasiyasında qalib gələrək birinci yerə layiq görülüb.
“Çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra İlham Əliyev və Georgi Margvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Azərbaycan vətəndaşlığına qəbul edilən 276 nəfər and içdi
06.11.2015
Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin andiçmə mərasimi keçirilib. Migration.gov.az-ın 6 noyabr məlumatına görə, prezident İlham Əliyevin sərəncamları ilə vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslərin qarşısında çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır: “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyinə və ya Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsinin 318-2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
Vətəndaşlığa qəbul edilmiş 267 və bərpa edilmiş 9 şəxs Azərbaycan Respublikasının dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla Azərbaycan dilində dövlətə sadiq olacaqları barədə and içiblər.
Andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 30 dekabr 2014-cü ildə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən ilk dəfə keçirilib. And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanır.
Parlament seçkisinin qəti nəticələri nə vaxt məlum olacaq?
06.11.2015
Noyabrın 1-də keçirilmiş parlament seçkisinin qəti nəticələri nə vaxt məlum olacaq? Transparency.az bildirir ki, Azərbaycan Konstitusiyasına görə, Milli Məclisə seçkilərin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.
Konstitusiya Məhkəməsi sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər. Dairə seçki komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
Azərbaycan Konstitusiyasına görə, icra və ya məhkəmə hakimiyyətində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti çıxılmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməz. Seçki Məcəlləsinə əsasən, deputat seçilmiş şəxs ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduğu barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edir.
Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.
1 noyabr seçkisinin ilkin nəticələrinə görə, Milli Məclisə 12 partiyadan 83 deputat düşür. Onların 71-i YAP-ı, 12-si digər 11 partiyanı təmsil edir. Parlamentin potensial deputatlarından 42-si partiyasızdır (Lider namizədlər).
Mərkəzi Seçki Komissiyası noyabrın 21-dək dairə seçki komissiyalarının protokollarını (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayıb Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Bundan sonra Konstitusiya Məhkəməsinin sənədləri yoxlamağa 10 gün vaxtı var. Amma yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi müddəti artıra bilər.
Dövlət başçıları Marneulidə Azərbaycanın investisiyası ilə yaradılmış obyektə baş çəkiblər
06.11.2015
Noyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Georgi Margvelaşvili Marneuli rayonunda fəaliyyət göstərən soyuducu anbar kompleksi ilə tanış olublar. Dövlət başçılarına məlumat verilib ki, “Aqroinvest 146” Məhdud Məsuliyyətli Cəmiyyətin soyuducu anbar kompleksi bu il aprelin 18-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Candar qəsəbəsində istifadəyə verilib. İki hektar ərazini əhatə edən kompleksə ofis və yardımçı binalar, 12 soyuducu və bir saxlama kamerası, transformator və təhlükəsizlik binaları, çəki məntəqəsi və su anbarı daxildir. Bu müəssisə Gürcüstanda fəaliyyət göstərən ən böyük soyuducu anbar kompleksidir.
Soyuducu kameraların sahəsi 4250 kvadratmetrdir. Ət və balıq məhsulları üçün nəzərdə tutulan iki kameranın -5°C-dən -20°C-dək soyutma imkanı var. Temperaturun -5°C-dən +5°C-dək dəyişdiyi digər 10 kamerada isə meyvə-tərəvəz və çərəz saxlanacaq. Soyuducu anbar kompleksi 2100 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və min ton çərəzin saxlanılması üçün nəzərdə tutulub.
Kvemo-Kartli regionuna xidmət göstərən kompleks Azərbaycanın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib. Tikintisinə 2013-cü ilin martında başlanan obyektdə inşaat işlərini “Akkord Georgia” şirkəti həyata keçirib.
Xəbəri AZƏRTAC yayıb.
Lukaşenkonun yeni dönəmi başladı
06.11.2015
Noyabrın 6-da Belarus lideri Aleksandr Lukaşenko yenidən prezident kimi and içib.
Lukaşenko bu il oktyabrın 11-də keçirilən prezident seçkisində 83,5% səs çoxluğu ilə qalib gəlib.
Novator.az xəbər verir ki, paytaxt Minskin Müstəqillik sarayında baş tutan andiçmə mərasimindən sonra Lukaşenko prezident səlahiyyətlərinin icrasına başlaması haqda aktı imzalayıb. Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina prezident vəsiqəsini ona təqdim edib.
60 yaşlı Lukaşenko 1994-cü ildən prezident kürsüsünü tutur. İlk dəfə 5 il müddətinə seçilən Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qoyulmuş məhdudiyyət götürülüb, nəticədə Lukaşenko 2006 və 2010-cu illərin seçkisində də dövlət başçısı postunu əlində saxlayıb.
Ermənistanda seçicilərin sayı açıqlanıb
06.11.2015
Noyabrın 6-da Ermənistan Polisi konstitusiya referendumunda iştirak etmək hüququ olan vətəndaşların sayını açıqlayıb. Transparency.az xəbər verir ki, hazırda 2 milyon 554 min 332 seçici var. Referenduma 20, 10 və 1 gün qalmış da seçicilərin sayı bəyan olunacaq.
Ermənistanda konstitusiya referendumu bu il dekabrın 6-da keçiriləcək. Layihə prezident-parlament respublikasından parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur.
Sənədə görə, dövlət başçısını – Ermənistan prezidentini parlament 7 il müddətinə seçəcək. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.
Konstitusiya islahatı layihəsinə əsasən, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq, müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək.
Layihəyə görə, 101 yerlik parlament proporsional sistemlə formalaşacaq. Nəzərdə tutulan islahata əsasən, parlament seçkisində heç bir partiya hökumət qurmaq üçün çoxluq əldə edə bilməsə, ilk iki sırada qərarlaşan partiyalar arasında ikinci tur keçiriləcək, həmin turun qalibi əlavə mandatlar alacaq.
Bank sektorunda vəziyyət ağırlaşa-ağırlaşa gedir
06.11.2015
Bu ilin əvvəlində bank sektorunu haqlayan böhran yeni mərhələyə qədəm qoyub. Transparency.az-a danışan iqtisadçı ekspert Samir Əliyev deyir ki, əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərq azalıb: “Banklar sərt addımlar atmağa məcbur olub. Xərclərin optimallaşdırılması çərçivəsində filialların bağlanması prosesinə başlanıb. Belə davam edərsə, bank sektorunda ixtisarlar geniş vüsət alacaq”.
Ekspertin fikrincə, sektorun dayanıqlığı sual altındadır: “Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğunu deməyə əsas verir. Dərc olunmuş 9 aylıq ümumi göstəricilər bank sektorunda pisləşmə tendensiyasını qabarıq göstərir”.
Samir Əliyev bank sektoru ilə bağlı bəzi göstəriciləri belə sıralayır:
- Bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı həddə, 6,3 milyard manata düşüb;
- Kredit qoyuluşu, xüsusilə milli valyutada verilən kreditlərin həcmi kəskin azalıb. Manat kreditlərinin həcmi 2013-cü ilin sentyabr ayına olan səviyyəyə enib;
- Problemli kreditlər müstəqillik tarixində ən yüksək həddə, 1,4 milyard manata çatıb. Belə kreditlərin ümumi kreditlərdə payı 7,1%-ə çatmaqla son 11 ilin rekordunu vurub;
- Əmanət qoyuluşu devalvasiyadan əvvəlki səviyyəyə qədər azalıb. Dollarlaşmanın artması nəticəsində manat əmanəti 2015-ci ildə 2,5 dəfə azalmaqla yanaşı onun ümumi əmanətlərdə payı 24%-ə düşüb;
- 2015-ci ilin təkcə üçüncü rübündə özəl banklara məxsus ən azı 6 filial bağlanıb;
- Ləğvetmə prosesində olan bankların sayı 5-dən 7-yə qalxıb;
- Kredit kartlarının sayı 2014-cü ilin may ayında bəri ən aşağı həddə, 1,13 milyona enib;
- Plastik kartlarla aparılan əməliyyatların həcmi 2015-ci ilin yanvarından sonra ən aşağı həddə (962 milyon manat) düşüb.
Ekspert deyir ki, oxşar problemlər bank olmayan kredit təşkilatlarında (BOKT) da müşahidə edilir: “Mərkəzi Bankın komisyon haqlarının və faiz dərəcələrinin yuxarı həddinə tətbiq etdiyi limit daha çox BOKT-lara zərbə vurub. Banklar hələ ki, filialların birləşdirilməsi, işçilərin sayının ixtisarı hesabına xərcləri azaltmağa müvəffəq olur. Ancaq ixtisarların başa çatdığını söyləmək olmaz. Proses davam edəcək və daha geniş vüsət alacaq. Hətta devalvasiya olmayacağı təqdirdə bank sektorunda ixtisarlar gələn ilin yaz aylarına kimi davam edəcək. Müştərilərin məhdudlaşması, asan neft pullarının azalması banklar arasında amansız rəqabət mühiti yaradır ki, bu da bəzi bankların, o cümlədən BOKT-ların bazarı tərk etməsi ilə nəticələnəcək. İlkin dövrdə BOKT-ları bankların udması baş verə bilər. Sonrakı dövrdə isə bəzi problemli iri bankların əvvəlcə əridilərək təsirinin minimuma endirilməsi, sonra isə ləğv edilməsi mümkündür”.
Necə vətəndaş olurlar?
06.11.2015
Noyabrın 6-sı Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş 267 və bərpa edilmiş 9 şəxs and içib. Azərbaycan vətəndaşlığına necə qəbul və bərpa olurlar? Transparency.az “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanundan (Qanun) seçmələri təqdim edir:
Dostları ilə paylaş: |