Ədliyyə Nazirliyinin qulluğa qəbulla bağlı test imtahanında 258 nəfər uğur qazanıb (Siyahı)
21.12.2015
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə üzrə dekabrın 19-da keçirilmiş test imtahanının nəticələrini açıqlayıb. Rəsmi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə vahid auditoriyada — Bakı İdman Zalında keçirilmiş imtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.
Transparency.az bildirir ki, 522 namizədin iştirak etdiyi imtahanda 258 nəfər müvəffəqiyyət qazanıb (Siyahı). Uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti,1) təqdim etməlidirlər.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.
Dostları ilə paylaş: |