Aclıq, yoxsa yoxsulluq həddi?
22.12.2015
Rövşən Ağayev
Böyük neft pulları dövründə sosial müdafiənin təşkili bir mövzu kimi aktual deyildi. Hərçənd ölkədə sosial vəziyyətə yaxşı demək olmazdı.
Kiçik ölkə üçün kifayət qədər iri məbləğə çatdırılmış büdcə vasitəsilə xərcləmələr, neft pulları hesabına həddən artıq böyük qazanc əldə etmək imkanı qazanmış oliqarxiyanın bir çox halda yalnız sosial sabitlik məqsədilə həyata keçirdiyi rentabelsiz iqtisadi layihələr hərəni bir tərəfdə ovundurmağa yetirdi. Xüsusilə də tikinti və xidmət sektoru işsizlər ordusu ilə bərabər sosial problemləri də öz içərisinə çəkmişdi. Üstəlik, bahalı manat-ucuz dollar tandemi çox əlverişli sosial şərait yaratmışdı: inflyasiya yox, xaricdən gələn ərzaq və geyim də ucuz — 500 manat verib az qala 700 dollarlıq mal alırdın.
Belə şəraitdə yaşayış minimumu, ərzaq səbəti, yoxsulluq həddi, minimum əməkhaqqı kimi vacib sosial normativlərin nə dərəcədə beynəlxalq praktikaya uyğun hesablanıb-hesablanmadığı hamının yadından çıxmışdı…
Amma indi vəziyyət dəyişib: sosial müdafiənin təşkili məsələləri yaxın illərdə ən aktual mövzu olaraq qalacaq. Ona görə indi və indən belə hamı üçün maraqlı olan köhnə bir mövzuya diqqət çəkmək vacibdir…
Azərbaycanda hökumət yoxsulluq həddini yaşayış minimumunun dəyəri əsasında müəyyən edir. Yaşayış minimumunun dəyərini isə hər il parlament təsdiqləyir. 2016-cı il üzrə orta statistik vətəndaş üçün bu məbləğ 136 manat müəyyən edilib. Həmin 136 manat bir nəfərin ay ərzində həm ərzağa, həm geyimə, həm sağlamlıq, təhsil, istirahətlə bağlı xidmətlərə, həm də nəqliyyat, rabitə, kommunal xidmətlərə çəkdiyi xərclərə yetməlidir. Sizcə, yetərmi?
Problem ondadır ki, bizim hökumət rəsmi olaraq ərzaq və qeyri-ərzaq səbətinin dəyərini ayrı-ayrılıqda təsdiqləmir, amma beynəlxalq təcrübədə onlar ayrıca təsdiqlənir.
Təxminən 1 ay öncə hökumətin “Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” 23 iyun 2005-ci il qərarında nəzərdə tutulan istehlak normativləri əsasında kiçik bir hesablama aparmışdım. Məlum oldu ki, 1 nəfərin o zamankı qiymətlərlə ərzağa olan minimum tələbatını ödəmək üçün 100 manat tələb olunur. Yerdə qalan 36 manatın isə insanların yerdə qalan tələbatını nə dərəcədə ödəyə biləcəyi bir ayrı mövzudur. Sadəcə mən Türkiyə təcrübəsinə diqqət edəndə bizdə insanların sosial müdafiəsinin effektiv təşkili üçün sosial normativlərin tətbiqində çox mühüm bir boşluq gördüm: Türkiyədə aclıq həddi və yoxsulluq həddi ayrıca hesablanır. Aclıq həddi insanların yalnız ərzağa olan tələbatının dəyəridir. Hazırda Türkiyədə 4 nəfərlik ailə üçün aclıq həddinin dəyəri 480 dollardır — yəni 1 nəfər üçün 120 dollar. Amma yoxsulluq həddi göstəricisi ərzaqla yanaşı ən zəruri xidmətlər dəstinin minimum dəyərini ifadə edir. 4 nəfərlik ailə üçün yoxsulluq həddinin dəyəri 1570 dollardır — yəni 1 nəfər üçün 392,5 dollar. Türkiyədə hazırda minimum əməkhaqqı 340 dollar ətrafındadır. Bu o deməkdir ki, 4 nəfərlik ailədə bir nəfər minimum əməkhaqqı alacağı təqdirdə ən azından ailənin ərzaq minimumunun 70-75%-ni ödəyə bilər. Amma bizdə minimum əməkhaqqı (105 manat) ailədəki 4 nəfərin deyil, yalnız 1 nəfərin minimum ərzaq tələbatını ödəyə bilir.
Fikir verirsiniz, Türkiyədə 1 nəfərin yoxsulluğu qarşılamaq üçün müəyyən edilən dəyərdə ərzağın payı cəmi 30%-dir. Bizdə isə hökumətin yoxsulluq həddi kimi müəyyən etdiyi 136 manatın 74%-i ərzaq tələbatı ilə bağlıdır. Eyni zamanda bizdə yoxsulluq həddi göstəricisinin dəyəri Türkiyədəki aclıq həddi göstəricisinin dəyərinə uyğundur. Yəni bizdə hökumətin elan elədiyi 5,5% yoxsulluq əslində aclıq həddi göstəricisidir.
Bu qeydlərdən çıxan nəticələr:
- hökumət ərzaq səbətinin və bütövlükdə yaşayış minimumunun dəyərini ayrıca hesablayıb rəsmən elan etməlidir;
- inflyasiyanın səviyyəsi müəyyən bir həddi (məsələn, 5%-i) keçdikdə həm ərzaq səbətinin, həm də yaşayış minimumunun dəyərinə ildə bir dəfə deyil, hər rübdə baxılmalıdır;
- ərzaq səbəti ailə üçün hesablanmalıdır;
- minimum əməkhaqqının həcmi ailənin ərzaq səbətinə uyğunlaşdırılmalı, inflyasiyaya uyğun müntəzəm indeksasiya olunmalıdır. Minimum əməkhaqqının həcminin ailənin ərzaq səbətinə uyğunlaşdırılmasının bir məntiqi izahı var: əmək qabiliyyətli yaşadək övladlar valideynin öhdəliyi altındadır və onların minimum yaşayışına da ata-ananın minimum qazancı çərçivəsində təminat verilir. Yeri gəlmişkən, Beynəlxalq Əmək Təşkilatının Azərbaycanın da qoşulduğu 122 saylı “Minimum əməkhaqqının təyin edilməsi haqqında” konvensiyasında birbaşa göstərilir ki, işçinin aldığı minimum əməkhaqqı onun və öhdəsində olan ailənin minimum ehtiyaclarını ödəməlidir.
Dostları ilə paylaş: |