Sahibkarlığa Kömək Milli Fondu 2015-ci ilə 248,5 milyon manatla yekun vurdu
25.12.2015
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu dekabrın 24-də Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirib. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Suraxanıda həyata keçirilməsi məqsədəuyğun sayılan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
90-a yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, dam örtükləri, dəmir qapı, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2015-ci ildə fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, bu il 5230-dan çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 248,5 milyon manat güzəştli kredit ayrılıb: “Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 12000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır”.
Şirzad Abdullayev bildirib ki, 2016-cı ildə logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 21 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, çörək, un məmulatları, mebel, qapı-pəncərə, transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.
Xəbəri Economy.gov.az yayıb.
Dostları ilə paylaş: |