Xəbər bülleteni №20



Yüklə 0,49 Mb.
səhifə4/7
tarix06.05.2017
ölçüsü0,49 Mb.
#16986
1   2   3   4   5   6   7

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə rəsmi hesabat açıqlanıb

13.01.2016

dsk 1
2015-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 504 min nəfər olub, onlardan 879 min 4 yüz nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624 min 6 yüz nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Muzdla işləyənlərin 22,4 faizi təhsil, 19 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2015-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 462 manata çatıb.

Ötən ay qiymətlər necə dəyişib? (Rəsmi)

13.01.2016

bazar

Dövlət Statistika Komitəsi 2015-ci ilin dekabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında açıqlama yayıb. Transparency.az xəbər verir ki, açıqlamaya görə, 2015-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq məhsullarının 7,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,9 faiz artıb. Ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlər əvvəlki ayla müqayisədə 4,4 faiz bahalaşıb.

Hesabata əsasən, 2015-ci ilin dekabr ayında boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 13,5 faiz, qazın nəql olunması qiyməti isə 15,9 faiz artıb. Hava nəqliyyatı üzrə yükdaşıma 17 faiz, dəmir yolu və dəniz nəqliyyatı üzrə isə yükdaşıma müvafiq olaraq 15,6 faiz və 18,1 faiz bahalaşıb, avtomobil nəqliyyatı üzrə yükdaşımada 1,1 faiz ucuzlaşma müşahidə olunub. Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 12,4 faiz yüksəlib.

Samir Əliyev yanacağın qiymətini salmağı təklif edir

13.01.2016

samir muallif yeniİqtisadçı ekspert Samir Əliyev ölkədə bahalaşmanı cilovlamaq üçün yanacağın qiymətini endirməyə çağırır. Ekspert bu addımın daşınma xərclərinin, malların, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərinin azalmasına gətirəcəyini düşünür.

Transparency.az-ın məlumatına görə, Samir Əliyev yaxın ölkələrlə müqayisə apararaq yazır: “Qazaxıstanda Aİ-95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır. Azərbaycanda Aİ-95 benzini 0,47 avro, Aİ-98 benzini 0,56 avro, dizel isə 0,35 avroya bərabərdir. Azərbaycanda yanacağın qiyməti xırda istisna ilə hər iki ölkədən bahadır. Bizi neft idxal edən ölkələrlə müqayisə etmək isə qüsurludur. Onlarda qiymətin yuxarı olması təbiidir, bizim kimi neft ixrac etmirlər.

İndi dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Yanacaq isə hələ də 110 dollarlıq neft qiymətinədir. Benzin və dizel xammalı, istehsalı ilə birgə 100% Azərbaycan istehsalıdır. Manat neftin qiymətinə görə ucuzlaşırsa, yanacaq niyə baha saxlanır?

95 markalı benzin idxal olunduğu üçün onu ucuzlaşdırmaq mümkün olmayacaq. Ancaq Aİ-92 və Aİ-80-də, dizel yanacaqlarında bunu etmək olar. Hökumət sahibkarları süni qiymət artımında ittiham edirsə, öncə öz şirkətindən – SOCAR-dan başlamalıdır”.

Həm sənaye, həm də kənd təsərrüfatında istehsal 0,4 faiz bahalaşıb

13.01.2016

Dövlət Statistika Komitəsi istehsal sahəsində ötən ilin son ayında baş verən qiymət dəyişikliyi haqda məlumat yayıb. Transparency.az bildirir ki, məlumata əsasən, mədən sənayesi üzrə istehsalçı qiymətlərində 1 faiz artma, emal sənayesi üzrə 2,5 faiz azalma qeydə alınıb. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz artıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri əczaçılıq məhsullarının istehsalı üzrə 6 faiz, kimya sənayesi üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı və tütün məmulatlarının istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə 0,1 faiz, neft məhsullarının istehsalı üzrə 5,2 faiz, metallurgiya sənayesi üzrə 2,1 faiz, içki istehsalı üzrə isə 1,9 faiz artıb.

Ötən ilin son ayında kənd təsərrüfatı məhsulları əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

Ticarət sahəsinə dair rəsmi statistika

13.01.2016

idxal-ixracTransparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında hesabat yayıb. Hesabata görə, 2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 162 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal edilib. Ticarət dövriyyəsinin 9,6 faizi MDB üzvü dövlətləri, 48,5 faizi Avropa İttifaqı ölkələri, 41,9 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

2015-ci ilin on bir ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi 23575,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 15379,4 milyon dollar, idxalın həcmi 8196,2 milyon dollar təşkil edib, nəticədə 7183,2 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.


Qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 1461,7 milyon dollar olub.

Başqa bir hesabata görə, 2015-ci ildə istehlakçılara 25,7 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 10,9 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,1 faiz artaraq 12871,2 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 12,8 faiz artaraq 12849,9 milyon manata çatıb.

Hesabat ilində elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilə nisbətən 1,9 dəfə artaraq 12,8 milyon manat təşkil edib.

Neft 20 dollara düşərsə…

13.01.2016

qalib togrulDünya bazarında neftin ucuzlaşması Azərbaycanda hasilatın dayandırılmasını gündəmə gətirə bilər. İqtisadçı ekspert Qalib Toğrul ölkədə hasil olunan neftin maya dəyərinə nəzər salaraq bu qənaətə gəlib. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “Ölkəmizdə əsas neft hasilatçıları SOCAR və bp-dir. İkincinin hasilatdakı payı təxminən 80 faiz, çıxardığı neftin 1 barrelinin maya dəyəri 6 dollardır. bp neftinin daşındığı Bakı-Supsa ilə nəql 2 dollardan bir qədər çox, Səngəçaldan Ceyhan limanına çatdırılma xərci isə 7 dollardır. Şirkət əsas neftini ikinci kəmərlə ixrac edir.

SOCAR isə həm quruda, həm də dənizdə neft çıxarır. Qurudakı neft quyularından hasil olunan neftin maya dəyəri yüksəkdir, bəzən xərci borcunu ödəmir. Dənizdəki quyuların isə köhnə, neft ehtiyatlarının dərində olması hasilatı çətinləşdirir və maya dəyərini artırır. Ona görə də SOCAR-ın çıxardığı neftin maya dəyəri daha yüksəkdir: hər barrelə təxminən 16 dollar. SOCAR hasil etdiyi neftin 1 barrelini Bakı-Novorossiysk boru kəməri ilə 3,5 dollara ixrac edir.

Dünyada da neft hasilatının maya dəyəri fərqlidir. Rusiyanın müxtəlif yerlərində hər barrel üçün qiymət 3-15, bəzi yerlərində hətta 30 dollar arasında dəyişir. Ən ucuz neft isə Səudiyyə Ərəbistanında və İranda hasil olunur: 1 barreli 4-5 dollara. Əgər qiymətlər 20 dollara qədər düşərsə və bu hal üzün müddət davam edərsə, o zaman bəzi ölkələr, o cümlədən Azərbaycan üçün neft hasilatının dayandırılması gündəmə gələ bilər”.

Ən son məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli dünya bazarında 31,92 dollara satılır.

DSMF illik hesabat yayıb

13.01.2016



dsmf bina
Dövlət Sosial Müdafiə Fondu ötən il ərzində əlavə olaraq 203 min 836 sığortaolunana fərdi şəxsi hesab açıb. İlin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olanların sayı 6,84 faiz artıb, 3 milyon 180 min 154 nəfərə yüksəlib.

Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,2 faizi (1 882 800 nəfər) kişi, 40,8 faizi (1 297 354 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,08 faizidir (797 700 nəfər).

Bölgələrdə etirazlar

13.01.2016

agsu
Yanvarın 13-ü Ağsu şəhərinin mərkəzində etiraz aksiyası keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, aksiyaçılar Heydər Əliyev parkından rayon icra hakimiyyətinin binası qarşısına yürüş ediblər. Sakinlər işsizlik, maaş problemi və bahaçılığa etiraz bildiriblər. İcra hakimiyyətinin nümayəndələri etirazçıların bir neçəsini qəbul edərək dinləyib.

Füzuli rayonunun Bala Bəhmənli kəndində də bahalaşma və işsizliyə etiraz olaraq aksiya keçirilib.

Siyəzəndə isə bahalaşmaya və işsizliyə etiraz edən sakinlərə qarşı bibər qazı işlədilib. “Azadlıq” radiosu xəbər verir ki, Siyəzən sakinləri yanvarın 13-də rayon icra hakimiyyətinin binası qarşısına yığışıblar. Onlar unun bahalaşmasına, işsizliyə etiraz ediblər. Polis etiraz aksiyasını dağıdıb. Olay yerinə gələn Çevik Polis Alayının əməkdaşları bibər qazından istifadə edib.

“Meydan” internet televiziyasının məlumatına görə, polis rezin güllələrdən istifadə edib, Siyəzənə Daxili Qoşunların bölmələri yeridilib.

APA bildirir ki, Siyəzən Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Saxlananların olduğu bildirilir.

Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov APA-ya deyib ki, bir qrup sakin qiymət artımı, əsasən də unun qiymətinin artırılmasına etiraz olaraq icra hakimiyyətinə gəlib. Sakinləri icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qəbul edib. Başçı sakinləri dinləyib, onlara bildirib ki, süni qiymət artımının qarşısı alınacaq. Sahibkarlarla bununla bağlı görüş keçirilib. Məlumata görə, son günlər rayonda unun qiymətində artım olsa da, hazırda 50 kiloqramlıq un kisələri 27 manat 50 qəpiyə satılır.

“Füzulidə etiraz aksiyasına səbəb qiymət artımıdır”. Bunu APA-ya açıqlamasında icra hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov deyib. O qeyd edib ki, rayon icra hakimiyyəti rəhbərliyinin sakinlərlə apardığı danışıq nəticəsində etirazçılar dağılışıb: “Saxlanan və xəsarət alan olmayıb”.

APA-ya açıqlama verən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev qeyd edib ki, hazırda rayonda sakitlik bərpa olunub, hər şey nəzarət altındadır.

Yanvarın 12-də Lənkəranın Liman qəsəbəsində, Füzulinin Böyük Bəhmənli kəndində və Siyəzən rayon mərkəzində də sosial vəziyyətlə əlaqədar etiraz aksiyaları keçirilib. Həmin gün etirazçılar Lənkəranda Bakı-Astara yolunu, Siyəzəndə Bakı-Quba yolunu, Füzulidə Horadiz-Bakı qatarının hərəkətini məhdudlaşdırmağa çalışıblar. Avtomobil yollarında bir müddət hərəkət dayanıb.

Ünvanlı yardım: yeni sistemin işləri nə yerdədir?

13.01.2016

emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayaraq bəyan edib ki, 2015-ci ildə orta hesabla 112663 ailə (492337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub, bu da 2014-cü illə müqayisədə 8772 vahid (38334 nəfər) və ya 7,2 % azalma deməkdir: “Yardım alan ailələrin sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ödənilən yardımların məbləğinin artmasına imkan verib. 2015-ci ilin dekabr ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təqribən 18,7 manat və ya 14,1% artaraq 152,6 manata çatıb”.

Açıqlamaya görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı sistemi üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradıb: “Ünvanlı dövlət sosial yardımlarının təyinatı prosesi “Elektron hökumət” portalında VEMTAS vasitəsilə avtomatlaşdırılmış şəraitdə həyata keçiriləcək. Yardım üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında 20 qurumun müvafiq informasiya resurslarına çıxışı təmin olunacaq. Bununla da VEMTAS-da müxtəlif qurumların daxil olduğu çoxşaxəli elektron infrastruktur formalaşacaq. Həmin qurumların nümayəndələri ilə mütəmadi görüşlər keçirilərək bu sahədə işlərin yüksək səviyyədə təşkili üçün müzakirələr aparılır. Artıq 20 dövlət qurumundan 12-si informasiya sistemlərinin və müvafiq servislərin portala inteqrasiyasını təmin edib.

Portala qoşulan bu sistemlər vasitəsilə əldə olunan məlumatlar ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın və ailəsinin gəlirləri, aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmə aparılmasına imkan verəcək. Bütün məlumatlar ümumiləşdirilərək təhlil edildikdən sonra müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə avtomatik şəraitdə qərar qəbulu həyata keçiriləcək. Müraciət edən vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat da onun elektron ünvanına, yaxud ismarış formasında mobil telefonuna göndəriləcək.

Ünvanlı dövlət sosial yardımı təyin edildiyi halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə dair bank hesabının açılması üçün müvafiq banka avtomatik şəraitdə sifariş veriləcək. Həmçinin ünvanlı dövlət sosial yardımının alınması üçün müvafiq bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud ismarış formasında mobil telefonuna göndəriləcək”.

Arif Hacılı xəbərdarlıqdan danışdı

13.01.2016



arif hacili 1Yanvarın 13-də Müsavat Partiyasının başqanı Arif Hacılıya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xəbərdarlıq edilib. Transparency.az saytına danışan Müsavat başqanı bildirib ki, idarə rəisi partiyanı bölgələrdə keçirilən aksiyaları təşkil etməkdə günahlandırıb: “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general-mayor Seyfulla Əzimovla görüşdüm. Mənə bildirdi ki, onlarda Siyəzən, Lənkəran və digər rayonlarda başlayan aksiyaların təşkilində Müsavat Partiyasının iştirakı haqda məlumat var. Məni dəvət etməkdə də məqsəd Müsavat Partiyasına və mənə xəbərdarlıq etməkdir.

Bildirdim ki, Müsavat Partiyası bu aksiyaların təşkilatçısı deyil. Biz aksiya keçirmək haqda qərar verdikdə bu barədə əvvəlcədən aidiyyəti orqanlara məlumat veririk, bundan sonra da belə olacaq. Eyni zamanda Lənkəranda həbs olunan Müsavat və AXCP yerli təşkilatlarının sədrlərinin azadlığa buraxılması zərurətini diqqətə çatdırdım”.

Lənkəranda yanvarın 12-də keçirilmiş etiraz aksiyası ilə əlaqədar AXCP və Müsavat Partiyası rayon şöbələrinin sədrləri Nazim Həsənli və İman Əliyev həbs ediliblər. Virtualaz.org saytının məlumatına görə, Lənkəran Rayon Məhkəməsinin 13 yanvar qərarı ilə hər iki şəxsə qanunsuz aksiya təşkil etmək ittihamı ilə 1 ay müddətinə inzibati həbs cəzası verilib.

Müxalifətçilərin yaxınları isə çıxarılan qərardan narazıdırlar. Onlar deyirlər ki, Nazim Həsənli və İman Əliyev dünənki aksiyada iştirak etməyiblər. Qohumları iddia edirlər ki, Nazim Həsənli aksiya barədə məlumat yaydığına və şəkilləri “Facebook” səhifəsində paylaşdığına, İman Əliyev isə “Azadlıq” radiosuna müsahibə verdiyinə görə cəzalandırılıb.

Transparency.az-ın məlumatına görə, yanvarın 12-də Arif Hacılı “Facebook” şəbəkəsində yazıb ki, hakimiyyət illər uzunu olduğu kimi yenə də problemləri həll etmək yox, etirazları zorakılıqla susdurmaq yolunu seçir: “Bu dəfə alınmayacağı qənaətindəyəm”.

Yanvarın 13-də isə o, səhifəsində bunları qeyd edib: “Hakimiyyət yenə də problemləri zorakılıq yolu həll etmək istəyir. Ölkədə başlanan narazılıq dalğasını iqtidar-müxalifət qarşıdurması kimi təqdim etməyə çalışır. Hər etiraz aksiyasından sonra Müsavat üzvləri, digər partiyaların nümayəndələri həbs edilir. Amma indi vəziyyət başqadır. Hakimiyyətin rəzil iqtisadi siyasəti, korrupsiya və rüşvətxorluq ucbatından indi kredit borclarını ödəyə bilməyən 2 milyon 532 min ölkə vətəndaşını, bankdan kredit almaq üçün girov qoyulacaq bir şeyi olmadığı üçün kredit borcu olmayanları, 38 manata olan un kisəsini ala bilməyən yüz minləri neyləyəcəksiniz? Bir azdan hər bankomatın qarşısında bir mitinq olacaq. “Bunu da müxalifət adamları qızışdırıb təşkil etdi” deyəcəksiniz? Papağınızı qarşınıza qoyub yaxşı fikirləşin”.

İlham Əliyev vətəndaşlara gömrük güzəştini ləğv etdi

14.01.2016



prezident - yeniPrezident İlham Əliyev “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” 22 oktyabr 2015-ci il fərmanında dəyişiklik edib. Transparency.az-ın məlumatına görə, yanvarın 13-də imzalanmış yeni fərman “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” fərmanın 1-ci hissəsinin ləğvini nəzərdə tutur.

İlham Əliyevin 22 oktyabr 2015-ci il fərmanına görə, fiziki şəxslərin Azərbaycanın gömrük ərazisinə gətirdiyi və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2 min ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilməli idi.

Bölgələrdəki aksiyalara görə məsuliyyət iki partiyanın və radikal dindarların üzərinə qoyuldu

14.01.2016



aksiya 1Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, sosial-iqtisadi sahədə yaranmış mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər göstərir: “12-13 yanvarda Siyəzən rayonunun bir qrup sakini şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edib. İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilib, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnib.

Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunub, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Törədilmiş əməllərdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə cinayətlərinin tərkib əlamətləri olduğundan fakt üzrə Baş Prokurorluq Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlayıb və istintaq aparılır.

Saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilib, həmçinin əməllərində inzibati xəta tərkibi olan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Hadisə nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın həcmi, polis əməkdaşlarına yetirilmiş bədən xəsarətlərinin ağırlıq dərəcəsi və sair xüsusatların müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.

Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməlləri AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr təşkil edib”.

Birgə məlumatda ictimai asayişin, sabitliyin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş bütün hüquqazidd hərəkətlərin qarşısının qətiyyətlə alınacağı vurğulanır.

MTN-in bazasında yaradılmış qurumların statusu rəsmiləşdi

14.01.2016

mtnYanvarın 13-də dövlət başçısı İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərmanlar imzalayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanla qurumun əsasnaməsi, strukturu, dövlət büdcəsinin vəsaiti hesabına saxlanan hərbi qulluqçularının və işçilərinin ştat sayının həddi, Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı təsdiq edilir. Eyni prosedur Xarici Kəşfiyyat Xidməti üzrə də həyata keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ötən il dekabrın 14-də yaradılıb. Həmin gün Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb. Mədət Quliyev həmin il oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavini idi, nazir səlahiyyətlərini icra edirdi. Dövlət başçısı Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən oktyabrın 17-də çıxarmışdı.

Transparency.az xatırladır ki, Azərbaycanın təhlükəsizlik orqanı bir neçə dəfə adını dəyişib. 1919-cu ilin iyun ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradılmış xüsusi xidmət orqanının adı əvvəlcə Dövlət Müdafiə Komitəsi olub, ancaq cəmi iki gün sonra o, Əksinqilabla Mübarizə Təşkilatına çevrilib.

1920-ci ildə qurulan sovet rejimi illərində xüsusi xidmət orqanı əvvəl Fövqəladə Komissiya adlanıb. Sonralar ad bir neçə dəfə dəyişib: Dövlət Siyasi İdarəsi, Birləşmiş Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığı, Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı, Dövlət Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi.

SSRİ dövründə xüsusi xidmət orqanının son adı Dövlət Təhlükəsizlik Komitəsi olub. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis edilib.

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə rəhbər təyin olunub

14.01.2016



nk 1Prezident İlham Əliyev sərəncam imzalayaraq Vüsal Ağaməmməd oğlu Kərimlini Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru təyin edib.

Ötən il dekabrın 21-də prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatlara dair əlavə tədbirlərə fərman verib. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb. Agentliyə Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək tapşırılıb.

Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilib. Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti agentliyin tabeliyinə verilib.

Dolların rəsmi kursu 1 manat 57 qəpiyi keçdi

14.01.2016

fan of dollars
Yanvarın 14-də Mərkəzi Bank manatın məzənnəsini endirib. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar 1,5706 manata, 1 avro isə 1,7106 manata satılır.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.

Dövlət rüsumu qanununda yeniliklər qüvvəyə minib

14.01.2016

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Transparency.az xəbər verir ki, əsas yenilik qanunun 23-cü maddəsini əhatə edir. Həmin maddənin yeni redaksiyasına görə, lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyata keçirildikdə, habelə eyni vaxtda həm Bakı şəhərində, həm də Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir.

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə isə həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi (regional televiziya yayımı və regional radio yayımı istisna olmaqla) ödənilməlidir.

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin bir neçə alt növünün eyni vaxtda həyata keçirilməsi üçün müraciət edildikdə həmin alt növlərdən biri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir. Bu zaman həmin alt növlər üçün müəyyən edilmiş rüsumlardan ən yüksək olanı ödənilir.

Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin müvafiq növü üzrə bir və ya bir neçə iş və xidmətlərin həyata keçirilməsi üçün müraciət edildikdə iş və xidmətlərin sayından asılı olmayaraq həmin fəaliyyət növü üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir.

Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədi ilə müraciət etdikdə obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi ödənilir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmir.

Süni qiymət artıran şirkətin vəzifəli şəxsi tutulub

14.01.2016



bash-prokurorluqBaş Prokurorluğun rəsmi məlumatına görə, “Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyətinin dərman vasitələrinin qiymətini süni surətdə artırması barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib: “Belə ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakının Nəsimi rayonunda yerləşən “Novo Vita P” MMC-nin idxal etdiyi dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vasitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.

Bundan başqa cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrini ayrı-ayrı həkimlərin xəstələrə yazması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb”.

Açıqlamada qeyd olunur ki, “Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərov barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, o, şübhəli şəxs qismində saxlanıb: “Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Ölkə iqtisadiyyatına ötən il yönəldilmiş sərmayənin həcmi açıqlanıb

14.01.2016

statistika_komitesi_ 01

Dövlət Statistika Komitəsi ölkə iqtisadiyyatına ötən il yönəldilmiş sərmayə haqqında hesabat açıqlayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2015-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 15 milyard 957 milyon manatlıq vəsaitin 73,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İstifadə olunmuş vəsaitin 61,9 faizi məhsul istehsalı obyektlərinin, 31,6 faizi xidmət sahələri üzrə obyektlərin, 6,5 faizi isə ümumi sahəsi 1927,2 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 56 faizini təşkil edib.

2015-in sənaye statistikası

14.01.2016



senaye 1Dövlət Statistika Komitəsi ötən ilin sənaye istehsalı ilə bağlı məlumat yayıb. Transparency.az bildirir ki, hesabata görə, ötən il sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 26,2 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edib.

Sənaye məhsulunun 61,9 faizi mədən, 29,9 faizi emal sektorunda, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib.

Mədən sektorunda məhsul istehsalı 2 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 5,5 faiz artıb, neft hasilatı isə 0,7 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,3 faiz, kağız və karton istehsalı 7,5 faiz, poliqrafiya məhsullarının istehsalı 86,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 43,2 faiz, tikinti materiallarının istehsalı 6,3 faiz, hazır metal məmulatlarının istehsalı 54,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 1,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,6 faiz, mebel istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,7 dəfə artıb.

Toxuculuq məhsullarının istehsalı 55,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,4 faiz, geyim istehsalı 44,2 faiz, içkilərin istehsalı isə 11,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 0,4 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 1,8 faiz artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,4 faiz artıb, neft sektorunda isə ötən ilin səviyyəsində qalıb.

Sosial sığortası olan əcnəbilərin sayı 23,7 faiz artıb

14.01.2016

sosial sigortaDövlət Sosial Müdafiə Fondu fərdi uçot sistemində qeydiyyatı olan əcnəbilərin sayını açıqlayıb. Rəsmi məlumata əsasən, ötən ilin yanvarı ilə müqayisədə 23,7 faiz artım var. 2015-ci il ərzində fond əlavə olaraq 5 min 334 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açıb və nəticədə sistemdəki əcnəbilərin sayı 27 min 868-ə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,9 faizini (24 min 485 nəfər) kişilər, 12,1 faizini (3 min 383 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 116 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say Türkiyə vətəndaşlarının (13 min 797 nəfər) payına düşür. İkinci yerdə 3 min 018 nəfərlə Gürcüstan, üçüncü yerdə 1692 nəfərlə Rusiya Federasiyasının vətəndaşlarıdır.

Sonrakı sıralarda Hindistan (1036), İran İslam Respublikası (978), Çin Xalq Respublikası (856), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (580), Pakistan İslam Respublikası (546), Ukrayna (456), Banqladeş Xalq Respublikası (442), Özbəkistan (283), Filippin (256), Almaniya (256), ABŞ (244), Qazaxıstan (223), Türkmənistan (213), İtaliya (198), Koreya Respublikası (192), Bosniya və Herseqovina (162), Polşa (137), Malayziya (119) gəlir.

Valyuta mübadiləsində yeni qayda növbələr yaradıb

14.01.2016



dollar novbesi 2

Yanvarın 14-ü Bakıda bankların qarşısında böyük növbələr yaranıb. Bu, valyuta mübadilə əməliyyatlarının yalnız bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilməsi ilə bağlıdır.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, son zamanlar valyuta mübadilə əməliyyatlarının həcmi artdığı üçün kommersiya banklarının əməliyyatları daha səmərəli və çevik tənzimləməsi, əməliyyatlara nəzarət prosedurunun gücləndirilməsi, xidmət şəbəkələrinin və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində işlərin davamı olaraq mübadilə şöbələrində valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi məhdudlaşdırılıb, mübadilə şöbələrinin fəaliyyətinə əsasən xitam verilib: “Yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Hazırda əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışının təmin edilməsi üçün banklar kifayət qədər geniş xidmət infrastrukturuna malikdir. Bankların 914 filial və şöbəsi fəaliyyət göstərir, bunların da 458-i regionlarda yerləşir”.

Rusiya əhlinin yarıdan çoxu dolların kursunu izləmir

14.01.2016

rubl-dollarRusiya əhalisinin əksəriyyəti ABŞ dollarının kursunu izləmir. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi dekabrın 14-də bununla bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 48%-i dolların kursunu izləmir, 31%-i hərdən, 20%-i isə müntəzəm izləyir.

Sorğuya cəlb olunanların 43%-i əmanətlərinin olmadığını, 52% əmanətlərinin rublla, 5% dollarla, 3% isə avroyla saxladıqlarını deyiblər.

Rusiya əhalisinin əksəriyyəti yaxın rübdə və ildə dolların 76 rubl olacağını düşünür.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sorğusunda ölkənin 46 bölgəsindən 1600 nəfər iştirak edib.

Rusiya Mərkəzi Bankının bugünkü rəsmi kursuna görə, 1 dollar 76,4275 rubldur.

2014-cü ilin fevralından Rusiya Ukraynanın ərazi bütövlüyünü pozub, Krım bölgəsini özünə birləşdirib, Donbas vilayətinin bir hissəsini işğal edib. O vaxtdan bəri dünya birliyi ölkəyə iqtisadi sanksiyalar tətbiq edir. Bu basqılar rus rublunun ölməsi ilə də nəticələnib. Ukraynaya təcavüzə qədər 1 dollar 30-32 rubl idi.

Müxalif liderlər aksiya ittihamlarına cavab verdi

14.01.2016

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq bölgələrdə yanvarın 12-13-də keçirilmiş aksiyalara görə məsuliyyəti iki partiyanın və radikal dindarların üzərinə qoyub: “Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməlləri AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr təşkil edib”.

Lənkəranda yanvarın 12-də keçirilmiş etiraz aksiyası ilə əlaqədar AXCP və Müsavat Partiyası rayon şöbələrinin sədrləri Nazim Həsənli və İman Əliyev həbs ediliblər. Lənkəran Rayon Məhkəməsinin 13 yanvar qərarı ilə hər iki şəxsə qanunsuz aksiya təşkil etmək ittihamı ilə 1 ay müddətinə inzibati həbs cəzası verilib.

AXCP sədri Əli Kərimli bölgələrdəki aksiyaları müxalifətin təşkil etməsi haqda rəsmi açıqlamanı əsassız adlandırıb. O, “Azadlıq” radiosuna açıqlamasında deyib: “Azərbaycan hökuməti etiraf etmək istəmir ki, uzun müddətdir həyata keçirdiyi siyasətin nəticəsi olaraq xalqı aclıq vəziyyətinə gətirib çıxarıb. Demək olar ki, çörəyə möhtac edilmiş, ac və qəzəbli xalqla üz-üzə qalıb. Bu gün regionlardakı etirazlar sosial etirazlardır, xalqın özünün həyata keçirdiyi etirazlardır. Biz mitinq keçirəndə xəlvət keçirmirik. Mitinq keçirəndə rəsmən müraciət edirik. Bu mitinqlərsə xalqın mitinqləridir”.

Əli Kərimlinin fikrincə, Azərbaycan hökuməti məlumatsız insanlara təlqin etmək istəyir ki, guya bu mitinqləri də müxalifət keçirir və bu, siyasi hakimiyyət uğrunda mübarizənin elementidir: “Yalandır. Tək bizə yox, xalqımıza böhtandır. Xalqımız bu gün yüksək siyasi mədəniyyətlə keçirdiyi etirazları ilə nümayiş etdirir ki, bu qədər haqsızlığa rəğmən yenə təmkinlidir”.

Müsavat başqanı Arif Hacılı deyib ki, partiya siyasi aksiya keçirmək haqqında qərar qəbul etməyib, belə bir qərar veriləcəyi halda ilk növbədə qanunvericilik çərçivəsində müvafiq orqanlara müraciət olunacaq.

“Azadlıq” radiosuna açıqlamasında Arif Hacılı hakimiyyəti məntiqsiz davranmaqda suçlayıb: “İllərdir ki, siyasi hakimiyyət ölkədə müxalifətin olmadığını, partiyaların strukturlarının dağıldığını və cəmiyyətdə nüfuzunu itirdiyini iddia edir. Ancaq indi ölkə miqyasında ciddi etiraz dalğası gedir, insanlar nöqsanlara, iqtisadi böhrana, həyat səviyyəsinin birdən-birə iki dəfə aşağı düşməsinə etiraz edərək meydanlara çıxır, haqqını tələb edir, hakimiyyət bu halda prosesləri müxalifətin təşkil etdiyini iddia edir. Burda məntiq yoxdur.

Hakimiyyətin yarıtmaz iqtisadi siyasəti nəticəsində yaranmış acınacaqlı vəziyyətlə əlaqədar etirazlar təbiidir. Hakimiyyət bunu normal qarşılamalı, aksiyaların qarşısını zorakılıqla almaq əvəzinə problemləri həll etmək barədə düşünməlidir”.



aksiya yeni 1

Ekspert hökumətin bazara müdaxilə siyasətini yanlış sayır

14.01.2016

natiq ceferliMərkəzi Bankın qərarı ilə valyuta mübadilə əməliyyatları yalnız bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir. İqtisadçı ekspert Natiq Cəfərli bu addımı pisləyib. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “Bütün ölkələrdə milli valyutaya, ölkənin gələcəyinə, bank sisteminə güvənin ölməsi fəlakətlə nəticələnir. Bizdə isə həm güvən ölüb, həm də valyutaya tələb güclüdür. Çünki ölkə ərzaqdan tutmuş uşaq yeməyinə, paltardan tutmuş məişət texnikasına, avtomobildən tutmuş avadanlıqlara qədər idxaldan ciddi asılıdır. Bu məhsullara tələbatı ödəmək üçün valyuta lazımdır. Valyutadəyişmə məntəqələri valyutaya tələbi azaltmaq məqsədilə qapadılıb. Amma əks effekt verir, ajiotaj artır, qara bazar yaranır. Bir müddət sonra geri addım atılacaq, valyutadəyişmə məntəqələri yenidən açılacaq”.

Ekspert hökumətin istehlak mallarının qiymətlərinə müdaxiləsinin də əks effekt verəcəyinə əmindir: “Pərakəndə satışla məşğul olan mağazalara hücum edilir, qiymət tənzimlənir. Bu da əks effekt verəcək, qiymət daha da artacaq. Amma əvvəlcə mağazalar boşalacaq, məhsul çeşidi zəifləyəcək, vaxtı keçmiş, zay məhsullar satışa yol tapacaq, bir müddət sonra burada da qara bazar yaranacaq, camaat ərzaq almağa müxtəlif ünvanlara, ev marketlərinə üz tutacaq. Sonda hökumət yenə səhv etdiyinə görə geri addım atacaq.

Dərman bazarına inzibati müdaxilə edildi, qiymət qalxdı, keyfiyyət düşdü, dərmanlar da yoxa çıxdı. Bir azdan bazar keyfiyyətsiz və təhlükəli Hindistan dərmanları ilə dolacaq, insanların sağlamlığına ciddi təhlükə yaranacaq, sonda yenə absurd qərar ləğv ediləcək”.

Qubad İbadoğlu: “Adamlara güclə manatı sevdirmək mümkün olmayacaq”

14.01.2016

qubad-ibadogluİqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu indiki gedişlə ölkədə valyuta və ərzaq qıtlığı yarana biləcəyini düşünür. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, Mərkəzi Bankın gördüyü son tədbirlər ölkənin üzən məzənnəyə keçidə hazır olmadığını göstərir: “Mərkəzi Bankın verdiyi sistemsiz və ziddiyyətli qərarlar əhali arasında çaşqınlıq yaratmaqla yanaşı valyuta satışı üzrə qara bazarın inkişafını stimullaşdırır. Hazırda Azərbaycan iqtisadiyyatının başlıca problemi valyutanı necə satmaq deyil, onu xaricdə qazanmaq və sərbəst şəkildə ölkəyə gətirməkdir. Buna yalnız yerli istehsalın inkişafı və onların ixracatının təşviqi ilə nail olmaq mümkündür. Bu, hökumətin indiyə qədər həll etməli olduğu ən vacib problem idi. Təəssüf ki, hələ də inzibati tənzimləmə vasitələrindən başqa bir iş görülmür. Bu isə ölkədə həm valyuta və həm də ərzaq qıtlığına gətirib çıxara bilər.

Adamlara güclə manatı sevdirmək mümkün olmayacaq. Milli valyutaya olan etibarı qaytarmaq üçün valyuta bazarında tələb və təklif tarazlığı ilə manatın gerçək məzənnəsi formalaşmalı, liberal islahatlar həyata keçirilməli, gizli iqtisadiyyat leqallaşmalı, inhisarçılıq və korrupsiya aradan qalxmalı, bir sözlə, ölkədə azad bazar qanunları bərqərar olmalıdır”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.

Bu günlərdə Mərkəzi Bankın qərarı ilə valyutadəyişmə məntəqələrinin fəaliyyətinə əsasən xitam verilib. Valyuta mübadilə əməliyyatları bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir. Yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir.

19-cu “Şöhrət”

14.01.2016



zakir_qaralovTransparency.az bildirir ki, baş prokuror Zakir Qaralov hazırda ali vəzifə tutanlar arasında “Şöhrət” ordeni alan 19-cu şəxsdir. İndiyədək bu ordeni baş nazir Artur Rasizadə, baş nazirin müavinləri Abid Şərifov, İsmət Abasov, Əli Əhmədov, Əli Həsənov, nazirlər Fikrət Məmmədov, Yavər Camalov, Kəmaləddin Heydərov, Natiq Əliyev, Azad Rəhimov, Fazil Məmmədov, Oqtay Şirəliyev, Ziya Məmmədov, Hüseynqulu Bağırov, dövlət komitəsi sədrləri Mübariz Qurbanlı, Abbas Ələsgərov, Hicran Hüseynova, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev almışdılar.

Yanvarın 13-də prezident İlham Əliyev 60 yaşı tamam olan Zakir Qaralovu “Şöhrət” ordeni ilə təltif edib. Təltif Zakir Qaralovun Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyəti ilə əsaslandırılıb. Zakir Qaralov 1979-cu ildən prokurorluq orqanlarında çalışır, 2000-ci ildən baş prokurordur.

Ölkənin dövlət, hökumət adamları Azərbaycan Respublikasının başqa ordenləri ilə də təltif edilib. Baş nazir Artur Rasizadə “İstiqlal” və “Şərəf”ordenləri də alıb.

Milli Məclisin sədri Oqtay Əsədov “Şərəf” ordeni, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İstiqlal” və “Şərəf” ordenləri, baş nazirin müavini Elçin Əfəndiyev “Şərəf” ordeni, nazirlər Ramil Usubov, Zakir Həsənov “Azərbaycan Bayrağı” ordeni, Heydər Əsədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunublar.

Ən ali orden olan “Heydər Əliyev” ordenini isə ali vəzifəli şəxslərdən yalnız prezident İlham Əliyev alıb.

İndiyədək 18 MMMC dövlət qeydiyyatından keçib

14.01.2016

xirdalan
2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçib. Bununla da dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 18-ə çatıb. Hazırda İqtisadiyyat və Sənaye Nazirliyi Bakı, Sumqayıt, Xırdalan və Mingəçevirdə yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirir.

Xəbəri yanvarın 14-də Economy.gov.az yayıb.

Hökumət unun və çörəyin qiymətini aşağı saldı, cəzalar da gəlir

15.01.2016



un 1İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yayaraq bildirib ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı ildən əlavə dəyər vergisindən azad olunub: “Bunun nəticəsində unun topdansatış qiyməti azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq”.

Məlumatda unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcəyi vurğulanır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Baş Prokurorluqla birgə yaydığı başqa açıqlamada isə bildirilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinq zamanı Bərdə rayonunda yerləşən “Bərdə Çörək” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi — mağaza müdiri İlqar Həsənov və Mingəçevir şəhərində yerləşən “Kür-Çörək” Açıq Səhmdar Cəmiyyətinin sədri Rövşən Hacıyevin çörəyin çəkisini azaltmaqla vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaları üzə çıxıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işləri başlayıb, Həsənov və Hacıyev şübhəli şəxs qismində saxlanıblar.

Avro bahalaşdı, dollar yox

15.01.2016

pul 1Yanvarın 15-də Mərkəzi Bank manatın dollara məzənnəsini ötən gün olduğu kimi saxlayıb. Transparency.az bildirir ki, rəsmi kursla 1 dollar 1,5706 manata satılır.

1 avro isə bu gün 1,7106 manatdan 1,7097 manata yüksəlib.

Bir neçə digər valyuta da manatdan baha təklif olunur:

1 Avstraliya dolları – 1,0915 manat

1 ingilis funt sterlinqi – 2,2628 manat

1 İsveçrə frankı – 1,5636 manat

1 Kanada dolları – 1,0914 manat

1 Küveyt dinarı – 5,1687 manat

1 Sinqapur dolları – 1,091 manat

1 Yeni Zelandiya dolları – 1,0115 manat.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb.

“Yeni Müsavat” yenə qiymət artımına getdi

15.01.2016

yeni musavatAzərbaycanın aparıcı gündəlik nəşrlərindən olan “Yeni Müsavat” qəzeti yanvarın 15-dən satış qiymətini yenidən artırıb. Transparency.az bildirir ki, qəzetin satış qiyməti bu gün 50 qəpikdən 60 qəpiyə qalxıb. Bu, 10 gündə ikinci bahalaşmadır. “Yeni Müsavat” yanvarın 5-də satış qiymətini 40 qəpikdən 50 qəpiyə qaldırmışdı. Həmin gün ölkənin digər aparıcı gündəlik qəzeti “Azadlıq”ın satış qiyməti 50 qəpikdən 60 qəpiyə yüksəlib.

Bu iki qəzetin çap olunduğu “Azərbaycan” nəşriyyatı çap qiymətlərini 25% artırıb. Artım qərarı yanvarın 5-dən qüvvəyə minib.

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu qəzetin 12 yanvar sayına açıqlamasında manatın devalvasiyası fonunda redaksiyanın ağır duruma düşdüyünü deyib, dövriliyin azaldılacağını vurğulayıb: “Əvvəl həftədə 7 dəfə nəşr olunurduqsa, hazırda 6 dəfə nəşr olunuruq. Gələn ayın 1-dən 5 dəfəyə keçmək məcburiyyətindəyik. Eyni zamanda kənar müəlliflərlə vidalaşmağa qərar vermişik, çünki onlara qonorar ödəmək imkanımız yoxdur. Öncə illərini qəzetə vermiş yazar və əməkdaşlarımızı düşünmək zorundayıq. Eyni zamanda da qəzetin qiymətini 10 qəpik qaldırma siyasətinə getmişik”.

Ekspert: “30 dollara yuvarlanan nefti emal edib 300 dollara satardıq”

15.01.2016

natiq cafarli 1Yanvarın 15-i dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,06 dollar bahalaşaraq 30,54 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 30,49 dollar olub.

AZƏRTAC bildirir ki, “AzəriLayt” markalı neftin bir barreli isə 0,01 dollar ucuzlaşaraq 31,54 dollara düşüb.

Bu arada iqtisadçı ekspert Natiq Cəfərli bir barrel neftin istehsal yolu ilə gətirə biləcəyi gəlirləri hesablayıb. Transparency.az-ın məlumatına görə, ekspert yazır: “Bir barrel neft 159 litrdir, emaldan sonra 168 litr olur. Emal nəticəsində həmin həcmdə neftdən 102 litr benzin, 30 litr dizel yanacağı, 25 litr aviasiya kerosini, 6,8 litr mazut, 1 litr maşın yağı, 120 ədəd şam alınır.

Hökumət 22 ildə böyük, müasir neftayırma və neft-kimya zavodu tiksəydi, indi qiyməti 30 dollara yuvarlanan nefti emal edib 300 dollara satardıq. Tək elə 120 ədəd şamı 25 sentdən satsaydıq, həmin 30 dollar edərdi”.

Nazirliyin qəbul statistikası açıqlanıb

15.01.2016



emek nazirliyi 01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri ötən il 26145 nəfər vətəndaşı fərdi qaydada qəbul edib. Transparency.az-a verilən məlumata görə, həmin şəxslərin 25633 nəfəri nazirliyin qəbul otağına müraciət edənlər olub.

Vətəndaşlardan 664 nəfərini əmək və əhalinin sosial müdafiəsi naziri nazirlikdə (152 nəfər) və bölgələrdə keçirilən qəbullar zamanı (512 nəfər) fərdi qaydada qəbul edib. Digər vətəndaşların müraciətlərinə isə nazir müavinləri, aparat rəhbəri və nazirliyin məsul əməkdaşları baxıb.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi illik hesabat verib

15.01.2016



kamran eliyev
Yanvarın 15-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransı keçirib. AZƏRTAC-ın məlumatına görə, Kamran Əliyev deyib ki, ötən il baş idarəyə 10 min 654 müraciət daxil olub: “Bunun 7 min 266-sı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə edilib. Müraciətlərdən 5 min 954-ü aidiyyəti üzrə qurumlara göndərilib. Baş idarə özü 449 müraciəti araşdırıb, 30 müraciət üzrə cinayət işi başlanıb.

Daxil olan cinayət xarakterli materialların sayı 190 olub. Həmin materialların 42 faizini dələduzluq, 22 faizini qulluq mövqeyindən sui-istifadə etməklə özgə, şəxsi və bələdiyyə əmlakını mənimsəmə, 15 faizini rüşvət tələbetmə, digərlərini isə saxta sənədlər hazırlama və digər əməllər təşkil edib. Ötən il əməliyyat qurumları 609 müraciət araşdırıb. Hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanıb. 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib”.

APA bildirir ki, rəis ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qaldırılan cinayət işlərinin 165-nin maddi ziyanla bağlı olduğunu vurğulayıb: “Həmin işlər üzrə vurulan 143 milyon 883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 min manatı ödənilib. İbtidai araşdırma mərhələsində dövlət mülkiyyətinə vurulan 27 milyon 561 min manat ziyandan 4 milyon 805 min manatın, xüsusi mülkiyyətə vurulan 116 milyon 313 min manat ziyandan 31 milyon 296 min manatın, bələdiyyə mülkiyyətinə dəyən 9 min 811 manat ziyandan 900 manatın ödənilməsi təmin edilib.

2015-ci il ərzində məhkəmələrə göndərilən 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma, 13 şəxs barəsində 9 iş rüşvət vermə, 1 şəxs barəsində 1 iş nüfuz alveri, 12 şəxs barəsində 12 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 9 şəxs barəsində 6 iş vəzifə saxtakarlığı, 3 şəxs barəsində 2 iş hədə-qorxu ilə tələb etmə, 1 şəxs barəsində 1 iş qanunsuz sahibkarlıq, 2 şəxs barəsində 1 iş cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və 1 şəxs barəsində 1 iş isə digər faktla əlaqədar olub.

Əməliyyat qurumları 31 şəxs barəsində 27 cinayət işi başlayıb. 14 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 16 vəzifəli şəxs cinayət başında yaxalanıb, araşdırma nəticələrinə isə 15 şəxs barəsində 13 cinayət işi başlanıb”.

Hesabata əsasən, 2015-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib: “Həmin şəxslərin 42-si Səhiyyə Nazirliyi, 28-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 13-ü Təhsil Nazirliyi, 48-i Daxili İşlər Nazirliyi, 1-i Müdafiə Nazirliyi, 1-i Fövqəladə Hallar Nazirliyi, 1-i Gömrük Komitəsi, 35-i digər qurumlara aiddir”.

Qazaxıstan iqtisadiyyatı 2015-ci ildə: artımı azalma müşayiət edib

15.01.2016



qazaxistan bayragi2015-ci ilin nəticələrinə görə, Qazaxıstanda ümumi daxili məhsul 1,2% artıb. Novator.az xəbər verir ki, Qazaxıstan hökumətinin 15 yanvar açıqlamasında belə deyilir.

Açıqlamaya görə, iqtisadi artıma baxmayaraq 2015-ci ildə ölkədə sənaye istehsalı 1,6% azalıb. Hökumət sənaye istehsalının azalmasını mədən sənayesi həcminin 2,5% aşağı düşməsi ilə əlaqələndirir. Mədən sənayesi həcminin azalması isə, rəsmi açıqlamaya əsasən, neft hasilatının 1,7%, kömür hasilatının 5%, dəmir filizi hasilatının 22% azalması ilə bağlıdır.

2014-cü ildə Qazaxıstanda ümumi daxili məhsul 4,3%, sənaye istehsalı isə 0,2% artmışdı.

Sabiq müstəntiqə cinayət işi qaldırılıb

15.01.2016

rufet seferovZərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərova cinayət işinin qaldırıldığı təsdiqlənib. APA bildirir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 15-də jurnalistlərə bu haqda məlumat verib. Kamran Əliyev deyib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə Rüfət Səfərovla bağlı müxtəlif müraciətlər daxil olub, keçmiş müstəntiqə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun övladı olan Rüfət Səfərov ötən ay baş prokuror Zakir Qaralova istefa ərizəsi yazaraq vəzifəsindən istefa verdiyini bəyan edib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

Baş Prokurorluğun yaydığı məlumatda isə bildirilib ki, Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

Yeni Azərbaycan Partiyasının üzvü olan Eldar Sabiroğlu son vaxtlar mediaya açıqlamalarında hakimiyyətin ayrı-ayrı yüksək fiqurlarını, ən çox da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi sərt tənqid edir. Partiyanın ayrı-ayrı məsul şəxsləri buna cavab olaraq Eldar Sabiroğlunu qınayan açıqlamalar verirlər və onun ittihamlarının əsassız olduğunu vurğulayırlar.

Nazir: “Neftin qiymətindəki məqsədli tərəddüdlər təzyiq vasitəsinə çevrilib”

15.01.2016



natiq eliyev 1Energetika naziri Natiq Əliyev “Respublika” qəzetində “Azərbaycan yeni vəziyyəti yeni imkanlara çevirir” adlı məqalə ilə çıxış edib. Transparency.az-ın məlumatına görə, nazir yazır ki, 2015-ci il qlobal məkanda təzahür edən gərginliklərin daha da şiddətlənməsi, uzun illərdən bəri həllini gözləyən münaqişələr sırasına yeni təhlükə ocaqlarının əlavə olunması, siyasi qarşıdurmaların ölkə və cəmiyyətlərin normal inkişaf ahəngini pozaraq ağır iqtisadi, maliyyə böhranına rəvac verməsi kimi xoş olmayan nəticələrlə tarixə qovuşub: “Rusiya və Qərb arasındakı gərginliklər, Rusiya-Suriya-Türkiyə problemi, regionu sarmış İŞİD fəlakəti, Səudiyyə Ərəbistanı və İran qarşıdurması, eləcə də Yaxın Şərqdə — İraqda, Suriyada, Liviyada davam edən müharibələr bu konfliktlərin təsir dairəsinə daxil olan bütün ölkələrin gələcək inkişaf kursuna müəyyən təhdidlər doğurur.

Müasir dünyamızda baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi enerji amilinin yenə əhəmiyyətli rolu var. Amma qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Məzənnəsi təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan opponentə ciddi təzyiq vasitəsinə çevrilib.

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə, 3-4 dəfə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə, yəni ABŞ-ın neftə olan tələbatını tam öz hesabına ödəməsi, bu ölkənin Federal Ehtiyatlar Sisteminin hər ay dünya birjalarına buraxdığı vəsaiti azaltması, Avropa ölkələrinin iqtisadi tənəzzüldən çıxa bilməməsi, Çində iqtisadi artım tempinin zəifləməsi, OPEK ölkələrinin neft hasilatını artırması və hasilatı azalda bilməməsi, böyük neft-qaz potensialına malik İranın dünya bazarına yenidən daxil olması və sair bu kimi reallıqlarla əsaslandırılsa da, başlıca səbəblərin böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur.

Bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Bu təsir xarici valyutalar qarşısında Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə nəticələnsə də, dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin edib”.

Prezident yeni cərimələr qanununu təsdiqləyib

15.01.2016



prezident-fermanYanvarın 15-də prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Yeniliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Qaydaları pozan fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüququ şəxslər 35 min manat miqdarında cərimə ediləcək. Cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin və məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Xətalar təkrar törədildikdə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimələnəcək.

Prezident fərmanına görə, İnzibati Xətalar Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirir.

Ötən il dekabrın 18-də Milli Məclis bir neçə qanuna eyni məzmunlu dəyişikliklərə səs verib. Xəzər dənizinin sahil zolağı ilə bağlı yeniliklərə əsasən, sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu və ya yad üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və bağlanma üçün istifadə edilən konstruksiyalar qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsini məhdudlaşdırmasın, eyni zamanda həmin hasarın və tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Dövlət Gömrük Komitəsi ötən ay 200,8 milyon manat toplayıb

15.01.2016

dgk-01Dövlət Gömrük Komitəsi büdcəyə ötən ilin dekabr ayında nə qədər vəsait verdiyini açıqlayıb. Transparency.az xəbər verir ki, hesabata görə, gömrük rüsumu üzrə 36 milyon manat, ƏDV üzrə 154 milyon manat, aksizlər üzrə 8,4 milyon manat, yol vergisi üzrə — 2,2 milyon manat toplanıb.

Cəmi daxilolmaların 200,8 milyon manat təşkil etdiyi bildirilir.

Müdafiə naziri: “Erməniləri dinc oturmağa qoymayacağıq”

15.01.2016

Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin hərbi tibb fakültəsinə baş çəkib. Hərbi hissə və birləşmələrin tibb xidməti rəisləri, tibbi hərbi hissə və müəssisələrin komandirləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının şöbə və bölmə rəislərinin iştirak etdiyi toplantıda danışan Zakir Həsənov ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib: “Əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir. Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir”.

Zakir Həsənov hərbi tibb fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.

Müdafiə naziri daha sonra qeyd edib ki, Azərbaycan ordusu düşmənlə təmas xəttində tam üstünlüyü əldə edib: “Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil. Cəbhə xəttində son bir ildə ordumuz xeyli sayda düşməni məhv edib. Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyiblər, cənab prezidentin dediyi kimi, “torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır”. Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur”.

Xəbəri Mod.gov.az yayıb.



tibb1

tibb2

25 mindən çox müəllimin maaşı artırılacaq

15.01.2016

tn
Təhsil Nazirliyinin rəsmi məlumatına görə, ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib: “Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilməyib. Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.

Əməkhaqqı artımının məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq əmək haqları 30-40 faiz artırılacaq.

Müxtəlif səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və işə yeni qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsinin 2016-cı il ərzində keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələdə isə bütün şəhər və rayonlarda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq”.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin