Gəncədə hərbi qulluqçular üçün şəhərcik açılıb
18.02.2016
Fevralın 17-də prezident İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışına qatılıb. Dövlət başçısına məlumat verilib ki, yaşayış kompleksi 14 çoxmənzilli binadan ibarətdir: “Kompleks şəhərin Yeni Gəncə yaşayış massivində 2-ci mikrorayonda yaradılıb. Doqquzmərtəbəli binalardan ibarət kompleksdə ümumilikdə 696 mənzil var. Onların 48-i birotaqlı, 224-ü ikiotaqlı, 312-si üçotaqlı, 112-si isə dördotaqlıdır. Mənzillər su, işıq, qaz və istilik sistemi ilə təmin olunub”.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış olarkən deyib ki, orduda 20 il qüsursuz xidmət etmiş 750 hərbçi pulsuz mənzillə təmin olunub: “Bu proses davam etdirilir. Hər il hərbçilərə mənzillər veriləcək ki, onlar özlərini yaxşı hiss etsinlər, ailələri yaxşı şəraitdə yaşasın, gözəl övladlar böyütsünlər və ordumuz üçün yeni kadrlar yetişdirsinlər. Gənclər də görəndə ki, hərbçilərə, xüsusilə hərbi xidmətdə fərqlənmiş insanlara yüksək qiymət verilir, onlar da bu işlərə daha böyük həvəslə qoşulacaqlar. Beləliklə, bizim çox gözəl gənc kadrlarımız yetişəcək”.
Dollar və avro ucuzlaşıb, neft bahalaşıb
18.02.2016
ABŞ dollarının kursu fevralın 18-də də düşüb. Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə 1 dollar 1,5644 manata təklif olunur. Dünən rəsmi kurs 1,5675 manat idi.
Transparency.az xəbər verir ki, avro da ucuzlaşıb. Fevralın 17-də 1 avro 1,7506 manata satılıb, bu gün isə rəsmi kurs 1,7424 manatdır.
100 Rusiya rublu 2 manat 8 qəpiyə satılır.
Bu arada AZƏRTAC dünya birjalarında neftin bahalaşdığını xəbər verir. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 2,34 dollar qalxaraq 34,88 dollar olub.
18.02.2016
Venesuela prezidenti Nikolas Maduro fevralın 18-dən milli valyutanın – bolivarın 58,73% devalvasiyaya uğradığını elan edib. Novator.az xəbər verir ki, Maduro 1 ABŞ dollarının 6,3 bolivardan 10 bolivara qalxdığını bildirib.
Dövlət başçısı valyuta kursu dəyişikliyini səhiyyə, ərzaq, sosial təminat sahələrində milli iqtisadiyyatın müdafiəsi və istehsalat sisteminin dollarla təminatı zərurəti ilə əsaslandırıb.
Maduro dünya bazarında neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına ağır zərbə vurduğunu, son 6 ildə neft satışından valyuta daxilolmalarının 4200% azaldığını deyib.
İş yerindən arayış xidmətindən 240 min dəfəyə yaxın istifadə olunub
18.02.2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, yanvar ayında “İş yerinə dair arayış” elektron xidmətindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz çox, 13261 dəfə istifadə olunub: “2014-cü ilin dekabrında istifadəyə verilən bu e-xidmətdən cari ilin 1 fevralınadək ümumilikdə 240 min dəfəyə yaxın istifadə qeydə alınıb”.
“Elektron hökumət” portalında “İş yerinə dair arayış” e-xidmətini seçən istifadəçi avtomatik olaraq formalaşdırılan arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək həmin quruma təqdim etmək imkanına malikdir. Vətəndaşın işlədiyi müəssisənin müvafiq məsul şəxsinə müraciət etməsinə ehtiyac qalmır. İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, eləcə də işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti əksini tapır.
Qubad İbadoğlunu yeni işində iki çətinlik gözləyir
18.02.2016
İqtisadçı alim Qubad İbadoğlu Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) beynəlxalq idarə heyətinə tamhüquqlu üzv seçilib. Qubad İbadoğlu mərkəzi qərargahı Norveçin paytaxtı Osloda yerləşən idarə heyətində Avrasiya regionundan yeganə azərbaycanlıdır, onun fəaliyyət dövrü 2016-2019-cu illəri əhatə edəcək.
Transparency.az-ın məlumatına görə, Qubad İbadoğlu açıqlama yayaraq bildirib ki, 2013- 2016-cı illərdə beynəlxalq idarə heyətində Dövlət Neft Fondunun icraçı direktoru, MHŞT üzrə hökumət komissiyasının sədri Şahmar Mövsümov təmsil olunub: “Növbəti 3 il üçün hakimiyyət nümayəndəsinin seçilməməsi idarə heyətində mənim üzərimə ən azı iki məsələ üzrə məsuliyyət qoyur. İdarə heyətinin bu ilin yazında keçiriləcək iclasında Azərbaycanın öhdəliklərinin icrası müzakirə olunacaq, ölkənin statusu yenidən dəyərləndiriləcək. Ötən il yerli vətəndaş cəmiyyətinin bu təşəbbüsdə iştirak imkanlarını dəyərləndirən beynəlxalq missiyanın hesabatı əsasında ölkəyə erkən qiymətləndirmə komandası göndərilib, onun rəyi əsasında aprel toplantısında Azərbaycanın statusu tamhüquqlu üzvdən namizəd səviyyəsinə endirilib. Bundan sonra idarə heyəti Azərbaycan hökumətinə 1 il üçün islahedici plan təqdim edib. Bu ilin aprel ayında həmin planın müddəti başa çatır. Onun icrası ilə bağlı idarə heyətində yenidən müzakirələr aparılaraq ölkənin statusuna dair təkrar qərar veriləcək. Hər şey hökumətin öhdəliklərə necə əməl etməsindən asılı olacaq”.
Ekspert MHŞT-nin idarə heyətində Azərbaycanın təmsilçiliyini vacib hesab edən ikinci amil kimi Ermənistanın üzlüklə bağlı müraciətini göstərib: “Böyük ehtimalla idarə heyəti yeni tərkibdə Ermənistanın üzvlük məsələsinə baxacaq. Ermənistanın üzv olmasına dair danışıqlar 3 il öncə başlanıb, yekun mərhələyə çatıb. Keçənilki müzakirələr zamanı Ermənistanın MHŞT-yə qoşulmasına qarşı çıxan Azərbaycan nümayəndə heyətinin tələbi əsasında qəbul edilib ki, ölkənin hesabatları yalnız bu ölkənin tanınmış sərhədləri çərçivəsindəki fəaliyyətinə aid ola bilər, işğal olunmuş ərazilərdə fəaliyyət, birbaşa və ya dolayı, hesabata salına bilməz.
Bu il MHŞT-nin icrası üzrə Avrasiya regionuna daxil olan Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Monqolustan və Əfqanıstanda qiymətləndirmələr aparılacaq. Göründüyü kimi, idarə heyətinin növbəti dönəmindəki fəaliyyətim çox həssas və mürəkkəb dövrə təsadüf edəcək”.
Dostları ilə paylaş: |