Xəbər bülleteni №27


Prezident: “Dayanıqlı inkişaf bizim hədəfimizdir”



Yüklə 2,57 Mb.
səhifə26/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   22   23   24   25   26   27   28   29   ...   77

Prezident: “Dayanıqlı inkişaf bizim hədəfimizdir”


20.03.2016

Martın 19-u Bakıda keçirilən Novruz şənliyinə qatılan prezident İlham Əliyev çıxışında iqtisadi məsələlərə də toxunub. Dövlət başçısı deyib ki, iqtisadi sahədə dərin islahatların neft amilindən asılılığı tamamilə aradan götürəcəyinə əmindir: “Bu bizim məqsədimizdir, bu məqsədə doğru gedirik. Keçən ilin sonlarından başlayaraq bu il də davam edən islahatlar siyasəti artıq gözəl nəticələr verir. Qanunvericilikdə dəyişikliklər edilib, müvafiq sərəncamlar imzalanıb. Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır. Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaq və dediyim kimi, tam aradan götürəcək. Dayanıqlı inkişaf bizim hədəfimizdir.

Biz ancaq öz resurslarımıza əsaslanırıq. Düzdür, bəzi kütləvi informasiya vasitələrində yazılıb ki, Azərbaycan xarici dəstək, xarici maliyyə yardımı istəyib. Bu, tamamilə yalan və mötəbər mətbu orqanlara yaraşmayan təxribatdır. Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq. İndi bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik. Ancaq qeyd etməliyəm ki, mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir.

Onu da qeyd etməliyəm ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə dünya miqyasında 40-cı yerə layiq görüb. Bu da çox böyük göstəricidir. İslahatlar dərinləşəcək, bütün sahələrdə şəffaflıq tam təmin ediləcək. Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq.

Qəbul edilmiş təcili tədbirlər nəticəsində təkcə ilin birinci rübündə, — hələ rüb başa çatmayıb, — dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb. Bu mənim göstərişimlə həyata keçirilən tədbirlərdir. Əlbəttə, biz yaxşı başa düşürük, hər bir ölkə çalışmalıdır ki, özəl sektorda iş yerləri açılsın. Bu istiqamətdə də işlər gedir. Biznes qurumlarına müvafiq tövsiyələr verildi. Onlara maliyyə dəstəyi də veriləcək. Xüsusilə bu il icrası nəzərdə tutulan layihələrin həcmi təxminən 1,5-2 milyard manat ətrafındadır. Yəni bu, on minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Ancaq təcili tədbirlərin görülməsi də labüd idi. Yenə də deyirəm, dövlət sektorunda, dövlət şirkətləri və dövlət qurumları 30 minə yaxın iş yeri açıb. Bax, budur bizim sosial siyasətimiz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Baxmayaraq ki, gəlirlərimiz azalıb, neftin qiyməti kəskin şəkildə aşağı düşüb, biz maaşların, pensiyaların artırılması ilə bağlı qərar qəbul etmişik, 10 faiz artıb. Hələlik bizim buna imkanımız çatır. Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər ətrafa baxsaq görərik ki, bu da nadir bir haldır, çünki xüsusilə dünya böhranı zamanı maaşlar artırılmır, kəsilir, verilmir. Biz isə sosial siyasətimizi bir daha göstəririk. Göstəririk ki, Azərbaycan inamla inkişaf edəcək. Bu əminlik var. Heç bir böhran, neftin qiymətinin ucuzlaşması bizim siyasətimizə təsir etməyəcək. Bizim kifayət qədər resurslarımız, valyuta ehtiyatlarımız var, iqtisadi göstəricilərimiz çox müsbətdir. Əlbəttə ki, aparılan islahatlar bizi daha da gücləndirəcək.

Biz yeni sahələri işə salırıq ki, o sahələr ölkəmizə böyük siyasi və iqtisadi mənfəət gətirəcək. Nəqliyyat sektorunu xüsusilə qeyd etmək istərdim. Biz indi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılması üzərində işləyirik, ilkin nəticələr var. Apardığımız siyasət, irəli sürdüyümüz təşəbbüslər nəticə verir. Biz Şərq-Qərb nəqliyyat dəhlizinin cəlbediciliyini artırmaq üçün qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə vahid tarif siyasəti aparmaq barədə təşəbbüs irəli sürmüşük. Bu təşəbbüs müsbət qarşılanıb. Artıq işlər görülür. Keçən ilin sonlarında mənim Gürcüstana, Çinə və bu yaxınlarda Türkiyəyə səfərlərim çərçivəsində həmin məsələlər müzakirə edilib. Biz yeni dəhliz yaradırıq. Asiyadan Avropaya ən qısa yol Azərbaycan ərazisindən keçəcək. Buna nail olmaq üçün biz lazımi infrastrukturu yaratmışıq və yaradırıq, eyni zamanda qonşu ölkələrlə vahid tarif siyasəti aparılmalıdır ki, burada xərclər daha da azalsın.

Şimal-Cənub nəqliyyat dəhlizinin bu yaxınlarda icrasının sürətlənməsi yenə də bizim təşəbbüsümüzlə bağlıdır. İndi həm İran, həm Rusiya ilə danışıqlar aparılır və yenə də Azərbaycan burada öz önəmli rolunu oynayır. Əminəm ki, bu dəhlizi də biz yaradacağıq. Beləliklə, bu dəhlizlər yaranandan sonra onilliklər ərzində Azərbaycan böyük siyasi və iqtisadi mənfəət götürəcək. Nəqliyyat sektorunun gəlirləri neftdən fərqli olaraq tükənən sərvət deyil.

Bu ilin fevral ayında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısı keçirilib, birgə bəyannamə imzalanıb. Bu bəyannaməni 11 ölkə — Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Xorvatiya, Monteneqro, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avropa Komissiyası imzalayıb. Bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, əlaqələndirmə işləri bundan sonra da davam etdiriləcək. Sənəddə Azərbaycanın bu işlərdə aparıcı, strateji, liderlik rolu qeyd edilib. Bunu bütün beynəlxalq ictimaiyyət qəbul edir və bilir ki, biz təşəbbüs göstərməsəydik, maliyyə vəsaiti ayırmasaydıq, “Cənub” qaz dəhlizi gözəl ideya kimi hələ qalacaqdı, bunu onilliklər bundan sonra da müzakirə edəcəkdik. Biz bu ideyanı reallığa çeviririk. “Cənub” qaz dəhlizi bizim üçün çox böyük əhəmiyyətə malik olan bir layihədir və imkan verəcək ki, zəngin qaz resurslarımızı ixrac edək. Əgər bu layihə icra edilməsəydi, bu ehtiyatlar dənizin dibində qalacaqdı. Biz onları çıxarırıq, minlərlə, on minlərlə iş yeri yaradılmaqdadır. Azərbaycanın ixrac potensialı güclənəcək. Bizim önəmimiz daha da artacaq. Azərbaycan Avropa üçün əvəzolunmaz ölkəyə çevrilir. Bizim maraqlarımız təmin ediləcək, gücümüz daha da artacaq”.


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin