Dövlət Neft Fondunun büdcəsi dəyişdi: gəlir azaldı, xərc çoxaldı
18.03.2016
Martın 18-də prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə düzəliş edib.
Transparency.az bildirir ki, yeniliyə görə, Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 6 milyard 711 milyon 564,1 min manatdan 4 milyard 578 milyon 474,6 min manata endirilib.
Xərclər isə 8 milyard 181 milyon 399,7 min manatdan 10 milyard 325 milyon 623 min manata qaldırılıb.
Xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydaları təsdiqlənib
18.03.2016
Mərkəzi Bank xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydalarını təsdiqləyib. AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 min ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə ölkədən nağd şəkildə çıxara bilərlər.
Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğinədək xarici valyutanı onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən nağd şəkildə çıxara bilərlər.
Bu hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin ölkədən çıxarması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.
Yeni qaydalar martın 16-dan qüvvəyə minib.
Dostları ilə paylaş: |