Xəbər bülleteni №30



Yüklə 448.43 Kb.
səhifə2/7
tarix28.01.2017
ölçüsü448.43 Kb.
1   2   3   4   5   6   7

Bəyanatda bildirilir ki, Ermənistanın hücum xarakterli əməlləri həmçinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanmasına səbəb olub. Aprelin 10-da Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflər arasında son gərginliyin ardınca həlak olmuş şəxslərin meyitlərinin təhvil verilməsi məsələsinə köməklik göstərib. Sonradan həyata keçirilən məhkəmə-tibbi ekspertizası nəticəsində Azərbaycan hərbi qulluqçularının meyitlərində ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınıb.

Bəyanatda vurğulanır ki, beynəlxalq ictimaiyyət Ermənistanı qınamalı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxması tələbinin qoyulduğu 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsini tələb etməlidir.

Bəyanat bu sözlərlə bitir: “Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna bilər. Azərbaycan Respublikası münaqişənin siyasi yolla nizamlanmasına nail olunması və regionda sülh və ədalətin təmin olunması üçün səylərini əsirgəməyəcək”.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Dövlət komitəsinin torpaq reydləri pozuntuları üzə çıxarıb

21.04.2016

emlak komitesi
Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müfəttişləri aprelin 21-də Səbail, Abşeron və Xəzər rayonlarında torpaq reydləri və monitorinqlər aparıb. Monitorinqlər nəticəsində Səbail rayonunda dövlət mülkiyyətində olan 23 hektar torpaq sahəsində qanunsuz və hüquqi əsası göstərən heç bir sənəd olmadan özbaşına tikinti aparılması halları aşkarlanıb və onların qarşısı alınıb.

Abşeron və Xəzər rayonlarında müxtəlif şəxslərin kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qeyri-yaşayış və müxtəlif məqsədli ilkin tikinti işləri apardığı üzə çıxıb. Novxanı və Mehdiabad qəsəbələrində (Abşeron) vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq obyektlərin inşasının qarşısı alınıb. Zirə və Türkan qəsəbələrində də (Xəzər) kənd təsərrüfatı təyinatlı torpaqlarda aparılan qanunsuz tikinti işləri dayandırılıb. Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokol və aktlar tərtib edilib.

AZƏRTAC-ın məlumatına görə, bu il torpaq müfəttişləri ölkədə 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halı aşkar edib. Ümumilikdə isə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı indiyədək 929 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib, 230 halla bağlı inzibati protokol tərtib edilib, 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunub.

Dollar, avro və rubl ucuzlaşıb

22.04.2016

valyuta 1Aprelin 22-də həm dollar, həm də avro ilə rubl ucuzlaşıb. Transparency.az xəbər verir ki, Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,5128 manatdan 1,5074 manata endirib. 1 avronun rəsmi məzənnəsi 1,7087 manatdan 1,7028 manata, 1 Rusiya rublunun rəsmi kursu isə 0,0232 manatdan 0,0227 manata düşüb.

Ötən il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Manatın kursunu sabit saxlamaq üçün bu il Mərkəzi Bank hərraclarda 685,4 milyon ABŞ dolları məbləğində vəsait satıb. Hərraclarda Dövlət Neft Fondunun satdığı valyutanın həcmi isə 1 milyard 479,5 milyon dollarıdır. Ümumi xərc 2 milyard 164,9 milyon ABŞ dolları həcmindədir.

Ticarət statistikası

22.04.2016



ticaret 12016-cı ilin yanvar-mart aylarında istehlakçılara 6 milyard 793,4 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 4,8 faiz artaraq 3 milyard 429,9 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 1,9 faiz artaraq 3 milyard 363,5 milyon manata bərabər olub. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf edilib.

Dövlət Statistika Komitəsinin başqa bir hesabatına görə, 2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 132 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 82 ölkəyə məhsul ixrac olunub, 121 ölkədən məhsul idxal edilib. Ticarət dövriyyəsinin 47,7 faizi Avropa İttifaqı ölkələri, 9,4 faizi MDB üzvü dövlətləri, 42,9 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. Xarici ticarət dövriyyəsi 2 milyard 829,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1 milyard 849,5 milyon dollar, idxalın dəyəri 979,9 milyon dollar təşkil edib, nəticədə 869,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Azərbaycan-İran anlaşmaları nələri nəzərdə tutur?

22.04.2016

imza 1
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Bakı səfərində iki ölkə arasında 4 memorandum imzalanıb. Memorandumlar “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC, İranın “İran Khodro” və “Darou Pakhsh” şirkətləri arasında Azərbaycanda avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrasını nəzərdə tutur.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və “Darou Pakhsh” şirkəti arasında imzalanmış anlaşma memorandumuna əsasən, birgə yeni müəssisə yaradılacaq. Bu müəssisəni üç şirkət birgə maliyyələşdirəcək. Müəssisədə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 adda dərman preparatlarının istehsalı nəzərdə tutulur. Müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılması planlaşdırılır.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə “Darou Pakhsh” şirkəti arasında imzalanmış anlaşma memorandumu əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilməsi ilə bağlıdır. Memoranduma uyğun olaraq tərəflər əczaçılıq məhsullarının beynəlxalq standartlara uyğun istehsalı layihəsinin həyata keçirilməsi üçün “Darou Pakhsh”, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq” MMC-nin təsisçiliyi ilə yaradılacaq yeni şirkətin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçməsi üçün lazımi prosedurları həyata keçirəcəklər.

Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khodro” şirkəti arasında imzalanmış anlaşma memorandumuna əsasən, şirkətlər Azərbaycanda minik avtomobillərinin və ehtiyat hissələrinin birgə istehsalını gerçəkləşdirəcək. İlkin olaraq layihə üzrə istehsal edilməsi məqsədəuyğun olan avtomobil modelləri müəyyənləşdiriləcək, sonra isə layihə üzrə biznes planı hazırlanacaq. Layihənin Neftçala Sənaye Məhəlləsində həyata keçirilməsi nəzərdə tutulur. Zavodun 2 ilə tikilməsi planlaşdırılır.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azevrocar” MMC arasında avtomobil və müvafiq ehtiyat hissələrinin istehsalı layihəsi isə Neftçala Sənaye Məhəlləsində həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, aprelin 21-də baş tutan imzalanma mərasimindən öncə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iki ölkə arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıblar.

Şahin Mustafayev bildirib ki, prezident İlham Əliyevin 2014-cü ilin aprelində İrana səfərindən sonra iki ölkə arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 30-dan çox sənəd imzalanıb. Qeyd olunub ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb, hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Nazirin sözlərinə görə, təkcə 2016-cı ilin yanvar-mart aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 53 faiz artıb.

Prezident 5-ci dəfə prezident oldu

22.04.2016

idris debi 1
Mərkəzi Afrika ölkəsi Çadda prezident seçkisinin nəticələri elan olunub. Rəsmi nəticələrə görə, İdris Debi beşinci dəfə dövlət başçısı postuna seçilib.

Novator.az xəbər verir ki, Debi seçicilərin 62%-nin səsini toplayaraq ilk turda qalib gəlib. Onun əsas rəqibi 13% səs yığa bilib.

63 yaşlı Debi Çad prezidenti postunu 1990-cı ilin dekabrından tutur.

Hesablama Palatası sədrinin illik məruzəsindən

22.04.2016

vuqar gulmemmedovHesablama Palatasının sədri Vüqar Gülməmmədovun Milli Məclisin 15 aprel iclasındakı illik məruzəsinin mətni yayılıb. Transparency.az-ın məlumatına görə, palata sədri deyib ki, 2015-ci ildə qurum dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə 1-i ekspert-analitik təhlil olmaqla 84, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 24 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar verib: “1 audit tədbiri audit dövründə həmin qurumun vəzifəli şəxsləri ilə bağlı cinayət işinin başlanması səbəbindən dayandırılıb, 1 audit tədbiri isə növbəti ilə keçirilib. 2014-cü il üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılıb.

2015-ci ildə başa çatdırılmış nəzarət tədbirləri 175 qurumun, o cümlədən 29 rayon icra hakimiyyəti orqanının və Azərbaycanın xarici ölkələrdəki 4 diplomatik korpusunun fəaliyyətini əhatə edib.

Hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri çərçivəsində 4,2 milyard manat məbləğində vəsait əhatə olunub. 2014-cü illə müqayisədə nəzarət tədbirlərinin sayında əhəmiyyətli dəyişiklik olmasa da, 2015-ci ildə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 15,3% çoxdur.

Dövlət büdcəsinin funksional xərcləri üzrə daha çox investisiya ilə bağlı xərclərə yönəldilmiş vəsait əhatə olunub, 2015-ci ildə nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 90,9%-ni mərkəzləşdirilmiş, 9,1%-ni isə yerli xərclər təşkil edib.

Hesabat ilində büdcədənkənar dövlət fondlarının gəlir və xərcləri ilə bağlı aparılmış nəzarət tədbirlərində Dövlət Neft Fondunun 2014-ci il üçün maliyyə hesabatları, həmçinin Neft Fondundan Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna 2013-2014-cü illərdə ayrılmış vəsaitlər audit olunub. Dövlət Sosial Müdafiə Fondu ilə bağlı isə nəzarət tədbirləri ilə 128,7 milyon manat məbləğində vəsait əhatə edilib.

2015-ci ildə beynəlxalq təşkilatlardan cəlb edilmiş kreditlər hesabına icra olunmuş bir sıra layihələr üzrə həyata keçirilmiş nəzarət tədbirlərində 68,1 milyon ABŞ dolları, 17,3 milyon avro və 7 milyard yapon yeni məbləğində vəsait əhatə olunub.

Dövlət büdcəsinin xərcləri üzrə nöqsanların qruplaşdırılmasını aparsaq, əsasən əməyin ödənilməsi, əsas fondların təmiri, tikintisi və bərpası işlərində, dövlət satınalmaların həyata keçirilməsində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanların böyük xüsusi çəkiyə malik olduğunu görərik.

Ötən hesabatlarda da qeyd edildiyi kimi, dövlət satınalmalarının keçirilməsi istiqamətində buraxılmış nöqsanlara audit olunmuş bütün qurumlarda rast gəlmək mümkündür. Satınalma metodu tətbiq edilmədən müqavilələrin bağlanması, həmçinin qanunvericiliklə müəyyən olunmuş məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsi ilə yanaşı bir mənbədən satınalma metoduna üstünlük verilməsi hallarına daha çox rast gəlinib. Təhlil bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanmış birbaşa müqavilələrin əsasən təmir-tikinti ilə bağlı fəaliyyəti əhatə etdiyini göstərir. Bu sahədə qeyd edilməli əsas məqam isə bəzi hallarda zərurət olmadan bir mənbədən satınalma keçirilməsi üçün müraciətin edilməsidir.

Ümumilikdə hesabat ilində dövlət büdcəsinin gəlirləri, dövlət büdcəsinin xərcləri, Baş Prokurorluğa göndərilmiş materiallar və əvvəlki illərdə aparılmış nəzarət tədbirlərinin nəticələri nəzərə alınmaqla 10 milyon 286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib.

Hesabat ilində nəzarət tədbirləri nəticəsində artıq ödənilmiş vəsaitlərin dövlət büdcəsinə bərpası ilə yanaşı müvafiq olaraq 1,6 milyon manat məbləğində işlər və xidmətlərin görülməsi həyata keçirilib və 1,7 milyon manat məbləğində inventar və materialların natura şəklində bərpası təmin edilib. 271 ştat vahidinin azaldılması təmin olunub ki, bu da əlavə vəsaitin istifadəsinin qarşısının alınması deməkdir.

Dövlət büdcəsi ilə yanaşı Dövlət Sosial Müdafiə Fondu üzrə aparılmış 4 nəzarət tədbirinin nəticələrinə əsasən 266 min manat vəsait qurumun büdcəsinə bərpa edilib, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə az hesablanmış 636,9 min manat məbləğində vəsait sığortaedənlərin hesabatlarında əks olunub.

Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası 134 təqdimat göndərib. Kollegiya qərarları ilə 995 tövsiyə verilib. Həmin tövsiyələrin 10,8%-i yol verilmiş nöqsanlar üzrə dövlət büdcəsinə bərpa və işlərin (xidmətlərin) görülməsi, 8,5%-i debitor və kreditor borclarla bağlı olub, 80,7%-i isə müəyyən edilmiş nöqsanlara gələcəkdə yol verilməməsi, fəaliyyətin gücləndirilməsi ilə bağlı müxtəlif istiqamətləri əhatə edib. Yoxlanılan təşkilatlar 398 nəfərlə bağlı intizam tənbeh tədbirləri görüb.

Hesablama Palatası olaraq diqqət yetirdiyimiz digər məqamlar isə vəsaitlərin səmərəli istifadəsinin təmin edilməsi və vəsaitin təyinatı üzrə istifadəsi ilə bağlı olub. Audit olunan qurumların böyük əksəriyyətində müəyyən olunmuş nöqsanlardan biri də vəsaitin təyinatının dəyişdirilməsidir. Nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların təhlili vəsaitlərin Vahid Büdcə Təsnifatı ilə müəyyən olunmuş iqtisadi və funksional təsnifat koduna uyğun istifadə edilməməsi hallarına yol verildiyini göstərir. Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilib ki, audit olunan qurumlar ümumilikdə 49,2 milyon manat məbləğində vəsaiti Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi və funksional təsnifat kodu üzrə icra etməyib”.

Rusiyada yeni ombudsman

22.04.2016

tatyana 1
Rusiya Dövlət Duması aprelin 22-də yeni ombudsman seçib. Novator.az xəbər verir ki, bu postu Ədalətli Rusiya Partiyasından deputat Tatyana Moskalkova tutub. Onun namizədliyini 323 deputat dəstəkləyib, 11 nəfər isə əleyhinə səs verib.

Əvvəlki ombudsman Ella Pamfilova bu yaxınlarda Mərkəzi Seçki Komissiyasına sədr gedib.

Tatyana Moskalkova 1955-ci ildə Belarusda doğulub, hüquqçudur.

Rusiyada ombudsmanın səlahiyyət müddəti 5 ildir. Bir şəxs ardıcıl olaraq 2 dəfə ombudsman seçilə bilər.

Prezident İlham Əliyev sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

22.04.2016

Prezident İlham Əliyev aprelin 22-də Bakı Gəmiqayırma Zavodunda “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilən “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan neftçilərinin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulan sərnişin gəmiləri 80 sərnişin tutumuna malikdir. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1920 kilovat olan iki baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 35 kilometrə yaxın sürət yığmağa imkan verir. Bu, mövcud gəmilərlə müqayisədə iki dəfə çoxdur. Yeni gəmilər göyərtələrinə 10 tonadək müxtəlif yük də götürə bilir.



gemi 1

Lavrov Yerevanda Qarabağdan danışıb Türkiyəni vurdu

22.04.2016

lavrov yerevanda 1
Yerevana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 22-də ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Lavrov Qarabağ cəbhəsində 1994-cü ildə imzalanmış, 1995-ci ildə qüvvətləndirilmiş atəşkəs rejiminin müddətsiz olduğunu vurğulayıb və buna əməl etməyə, gərginliyə yol verməməyə çağırıb.

Novator.az-ın məlumatına görə, Lavrov danışıqlardan sonra mediaya açıqlamasında Türkiyəni tənqid edib. Xarici işlər naziri deyib ki, Türkiyə rəhbərliyinin Dağlıq Qarabağla bağlı açıqlamaları sülhə yox, müharibəyə yönəlib və qəti şəkildə  qəbul edilə bilməz: “Türkiyə rəhbərliyi münaqişəni hərbi yolla həll etməyə çağırır. Bu isə ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Rusiya, Fransa) və bütövlükdə dünya ictimaiyyətinin mövqeyi ilə daban-dabana ziddir”.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib.

Fırıldaqçılıqda təqsirli bilinən sabiq baş nazir müavini 5 il həbs cəzası aldı

22.04.2016

nasrutdinov 1
Rusiyanın Dağıstan Respublikasının Ali Məhkəməsi aprelin 22-də sabiq baş nazir müavini Məhəmmədhüseyn Nəsrəddinova 5 il müddətinə həbs cəzası kəsib. Novator.az xəbər verir ki, məhkəmə Nəsrəddinovu fırıldaqçılıqda təqsirli bilib. Hökmə görə, sabiq baş nazir müavini 1 milyon rubl məbləğində cərimə də ödəməlidir.

Baş nazir müavininə cinayət işi 2013-cü ildə açılıb. İstintaqın məlumatına görə, Nəsrəddinov digər şəxslərlə əlbir olaraq saxta sənədlərlə 9 bələdiyyənin qaz şəbəkəsinin əmlakını özəl şirkətin mülkiyyətinə keçirib.

Azay Quliyev yenə QHT Şurasının sədri oldu

22.04.2016



azay quliyevAprelin 22-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Azay Quliyev növbəti müddətə şura sədri seçilib. APA-nın məlumatına görə, Vüsal Quliyev sədr müavini, Nərgiz Eyvazova isə katib postunu tutub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni üzvləri aprelin 20-də təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla dövlət orqanlarından Vüsal Quliyev (Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri), İlqar Məmmədov (Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi), Zakir Hacıyev (Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini) QHT Şurasına üzv olublar.

Qeyri-hökumət təşkilatlarından isə üzvlər Sahib Məmmədov, Nərgiz Eyvazova, Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev, Şahin İsmayılov, Anar Xəlilov, Əliməmməd Nuriyevdir.

Azay Quliyev 2008-ci ildə yaradılmış QHT-lərə Dövlət Dəstəyi Şurasına həmin vaxtdan sədrlik edir. O, 1971-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini, həmin təhsil ocağının doktoranturasını bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. 2005-ci ildən Milli Məclisin üzvüdür.

20 sahibkara 6,4 milyon manat güzəştli kredit verildi

22.04.2016

Aprelin 22-si Xırdalan şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına görə, forumda Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 6,4 milyon manat güzəştli kredit verilib. Kreditlərin əsasən heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, quşçuluq, dondurma, hava kompressorları istehsalı sahələrinin inkişafına yönəldiləcəyi qeyd edilib.

Kreditlərin reallaşdırılması nəticəsində 150-dən çox yeni iş yerinin açılması gözlənir.

200-ə yaxın sahibkarın iştirak etdiyi forumda bildirilib ki, indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə (bugünkü işgüzar forumda verilən kreditlər də daxil olmaqla) 312,5 milyon manat güzəştli kredit ayrılıb.

sahibkar

sahibkar 2

Doha görüşü niyə uğursuz oldu?

22.04.2016

natiq eliyev 1
Energetika naziri Natiq Əliyev neft ixrac edən ölkələri birləşdirən OPEK üzvləri və neft hasil edən qeyri-OPEK ölkələri təmsilçilərinin aprelin 17-də Qətərin paytaxtı Dohada keçirilən görüşünü qiymətləndirib. Nazirin sözlərinə görə, dünya bazarında neftin qiymətini sabitləşdirmək məqsədilə Dohada imzalanacağı planlaşdırılan saziş hasilat həcminin oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanmasını nəzərdə tuturdu: “Belə bir sənədin qəbulu həm OPEK-ə üzv, həm də qeyri-üzv ölkələr üçün ciddi siqnal ola bilərdi. Görüşə dəvət edilən istehsalçı və ixracatçı ölkələrə təqdim edilən saziş layihəsində iştirakçıların neft qiymətlərinin bundan sonra da düşməsinin qarşısını almaq məqsədilə hasilatı dondurmaqla bağlı razılaşdıqları, bu qərarı qəbul edən ölkələrin götürdüyü öhdəliklərə sadiqliyinə nəzarət edilməsi və digər ölkələrin də bu prosesə cəlb olunması istiqamətində tədbirlərin görülməsi ilə əlaqədar yüksək səviyyədə monitorinq komitəsinin yaradılması kimi məqamlar əksini tapırdı.

Bizə təqdim edilmiş, razılaşdırılmış və müzakirəyə çıxarılacaq layihə bundan ibarət olsa da, elə aprelin 16-da Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuela təmsilçiləri arasında görüşdən sonra səsləndirilən bəyanatların məzmunu, üstəlik, sammitin Səudiyyə Ərəbistanı, Qətər və İran hökumətləri ilə məsləhətləşmələrin aparılması səbəbindən 6 saat gecikmə ilə başlanması Doha görüşünə olan ümidlərin artıq özünü doğrultmayacağından xəbər verirdi. Toplantıda iştirakçılara yeni saziş layihəsinin təqdim olunması bunu təsdiqlədi”.

Natiq Əliyevin sözlərinə görə, layihənin yeni variantında OPEK üzvü olan bütün dövlətlərin neft hasilatını dondurmaq haqqındakı razılaşma sənədini imzalamasının mütləqliyi, yalnız bundan sonra sazişin işlək sayılacağı vurğulanıb. Səudiyyə Ərəbistanının nümayiş etdirdiyi belə bir mövqe iştirakçı ölkələrin narazılığı ilə qarşılanıb.




1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə