Xəbər bülleteni №30



Yüklə 4.17 Mb.
səhifə4/7
tarix28.01.2017
ölçüsü4.17 Mb.
1   2   3   4   5   6   7

Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Bildirilir ki, aprelin 26-sı saat 01:05-dən başlayaraq saat 04:25-dək erməni silahlı bölmələri Tərtər şəhəri və rayonun ərazisini, eləcə də Qapanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

APA-ya açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı qeyd edib ki, Tərtərdə 20 yaşayış evinə ziyan dəyib, ölən və yaralanan yoxdur.

İlham Əliyev Bakı forumunun rəsmi açılışında çıxış edib

26.04.2016

AZƏRTAC xəbər verir ki, aprelin 26-sı Bakıda BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda qlobal forumunun rəsmi açılış mərasimi keçirilir. Prezident İlham Əliyev açılış mərasimində iştirak edərək nitq söyləyib.

Açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo və Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan çıxış ediblər, BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti nümayiş etdirilib.

Dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların, “beyin mərkəzləri”nin təmsilçiləri, elm adamları daxil olmaqla, üç mindən çox nümayəndənin iştirak etdiyi forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir.

Azərbaycan nefti büdcədəki qiymətdən 20 dollar 62 sent baha satılır

26.04.2016

neft 1Aprelin 26-da dünya birjalarında neftin qiyməti düşüb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,54 dollar ucuzlaşaraq 42,72 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar azalaraq 44,63 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 0,36 dollar ucuzlaşıb və 45,62 dollara satılır. Bu, dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 20 dollar 62 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Rusiyalıların 72%-nin xarici pasportu yoxdur

26.04.2016



passport-Rusiya əhalisinin 72%-nin xarici pasportu yoxdur. Novator.az xəbər verir ki, bunu Rusiyanın “Levada” Araşdırmalar Mərkəzinin apardığı təhqiqat üzə çıxarıb.

“Levada”nın aprelin 26-da yaydığı açıqlamada bildirilir ki, Rusiyada xarici pasportla bağlı vəziyyət 2014-cü ildən bəri dəyişməyib. O vaxt da əhalinin yalnız 28%-nin xarici pasportu olub.

Araşdırma göstərib ki, xarici pasportu olanların 60%-i rəhbər vəzifələrdə, idarəçilik sistemində çalışanlar, 37%-i isə dövlət qulluqçularıdır.

Sorğunun nəticələrinə görə, rusiyalıların 72%-i heç vaxt xaricdə işgüzar səfərdə olmayıb. Rusiyalıların 4%-i isə ildə iki-üç dəfə belə səfərlərdə olur.

Sorğuya qatılanların 9%-i ildə iki-üç dəfə, 5%-i ildə bir dəfə, 2%-i isə ildə dörd dəfədən çox xaricdə istirahət edir.

Dollar: ilin ən yuxarı və aşağı qiymətləri

26.04.2016

amb 1Transparency.az bildirir ki, aprelin 26-da ABŞ dolları 2016-cı ilin ən aşağı qiymətinə təklif olunur. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,5006 manat müəyyən edib.

Aprel ayında dolların kursunda maksimum hədd ayın 13-ü və 14-də qeydə alınıb. Həmin günlər 1 dollar 1,5264 manata satılıb. Aprelin 4-də isə dollar 1,5094 manat olub. Ayın 22-dən kurs yenidən 1 manat 51 qəpikdən aşağı düşüb.

2015-ci il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçib, rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb və yuxarı doğru istiqamət götürüb.

Bu ilin yanvarında dolların kursunda ən aşağı hədd ayın 5-də qeydə alınıb: 1,5610 manat. Ayın 25-də isə dolların rəsmi məzənnəsi 1,6054 manat olaraq ən yüksək həddə çatıb.

Fevralda dolların ən aşağı qiyməti ayın 24-nə təsadüf edib: 1,5593 manat. Ən yuxarı qiymət isə fevralın 1-də olub: 1,5972 manat.

Martda Mərkəzi Bank dolları ən aşağı qiymətə ayın 1-də satıb: 1,5687 manat. Həmin ayın 11-də isə dollara 1,6456 manat qiymət qoyulub.

Manatın kursunu sabit saxlamaq üçün bu il Mərkəzi Bank və Dövlət Neft Fondu hərraclarda 2 milyard 164,9 milyon ABŞ dolları satıb.

Müdafiə naziri Tərtərdə sakinlərlə görüşüb

26.04.2016

Aprelin 26-da müdafiə naziri Zakir Həsənov Tərtərə səfər edib. AZƏRTAC bildirir ki, nazir və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhər sakinləri ilə görüş keçiriblər. Sakinlər nazirə ermənilərin iriçaplı silahlardan açdıqları atəş nəticəsində evlərə dəyən ziyan barədə məlumatlar veriblər. Müdafiə naziri bildirib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhə boyu yaşayış məntəqələrini atəşə tutub, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri təxribatların qarşısını layiqincə alıb və düşmənə sarsıdıcı zərbələr endirib. Zakir Həsənov bildirib ki, düşmənin atəş nöqtələri məhv edilib.

Aprelin 26-sı saat 01:05-dən başlayaraq saat 04:25-dək erməni silahlı bölmələri Tərtər şəhəri və rayonun ərazisini, eləcə də Qapanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyinin məlumatına görə, Tərtərdə 20 yaşayış evinə ziyan dəyib, ölən və yaralanan yoxdur.



terter 1

terter 2

Ermənistan prezidenti Müdafiə Nazirliyinin üç rəhbərini işdən çıxardı

26.04.2016

serkisyan 1Aprelin 26-da Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinin 3 yüksək rəsmisini işdən azad edib. Transparency.az xəbər verir ki, dövlət başçısının fərmanı ilə müdafiə nazirinin müavini, Material-Texniki Təchizat Departamentinin rəisi Alik Mirzabekyan tutduğu vəzifədən çıxarılıb. 57 yaşlı Alik Mirzabekyan Azərbaycanın Xocavənd rayonunda anadan olub. 2001-ci ildən müdafiə nazirinin müavini idi.

Serj Sərkisyan Silahlı Qüvvələr Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arşak Karapetyanı, Rabitə Qoşunlarının rəisi, Baş Qərargahın Rabitə və Avtomatik Sistemlər İdarəsinin rəisi general-mayor Komitas Muradyanı da işdən götürüb.

Dövlət Neft Fondu Mərkəzi Banka 30 milyon dollar satdı

26.04.2016



dnf 01Dövlət Neft Fondu aprelin 26-da valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsaitdən 4,9 milyon dolları 5 banka, 30 milyon dolları Mərkəzi Banka satılıb.

Neft Fondunun il ərzində keçirilən hərraclarda satdığı valyutanın həcmi 1 milyard 514,4 milyon dollara çatıb. Transparency.az bildirir ki, manatın kursunu sabit saxlamağa fond və Mərkəzi Bank ümumilikdə 2 milyard 199,8 milyon ABŞ dolları sərf ediblər.

Belarus radioaktiv çirklənmə hesabatı verdi

26.04.2016



chernobil 1
Belarusun 2300-dək yaşayış məntəqəsi Çernobıl Atom Elektrik Stansiyasındakı qəzada radioaktiv çirklənməyə məruz qalmış ərazidə yerləşir. Novator.az xəbər verir ki, Milli Statistika Komitəsi belə hesabat yayıb.

1986-cı il aprelin 26-da baş vermiş Çernobıl qəzası nəticəsində Belarusun 23%-i radioaktiv çirklənməyə məruz qalıb. Həmin ərazidə 3678 yaşayış məntəqəsi yerləşir. Qəzadan ən çox Brest, Qomel və Mogilyov vilayətləri əziyyət çəkib.

Statistik məlumatda qeyd olunur ki, radiasiya vəziyyətinin yaxşılaşması ilə əlaqədar çirklənmə zonasında yerləşən yaşayış məntəqələrinin sayı xeyli azalıb. 2016-cı ilin yanvarın 1-nə Belarus ərazisində 2371 yaşayış məntəqəsi (28 şəhər və şəhərtipli qəsəbə, 2343 kənd) radioaktiv zonada yerləşir.

Hesabata görə, 2016-cı ilin əvvəlində radioaktiv çirklənməyə məruz qalmış ərazidəki 2296 yaşayış məntəqəsində yaşayan sakinlərin sayı 1 milyon 141 min 800 nəfər olub. Bu, ölkə əhalisinin 12%-i deməkdir.

Britaniyada Avropa İttifaqı tərəfdarları azalır

26.04.2016



britaniyaBöyük Britaniyada ölkənin Avropa İttifaqında qalmasına tərəfdar olanların sayı 53%-dən 51%-ə enib. ORB şirkətinin “Deyli Teleqraf” qəzeti üçün apardığı sorğunun aprelin 26-da açıqlanan nəticələri bunu göstərir.

Novator.az xəbər verir ki, 800 nəfər arasında keçirilən sorğunun nəticələrinə görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyənlərin sayı 2% artaraq 43%-ə yüksəlib.

İyunun 23-də Böyük Britaniyada Avropa İttifaqında qalıb-qalmamaq referendumu keçiriləcək.

2015-ci ilin noyabrında “İndependent” qəzetinin apardığı sorğunun nəticələrinə görə, Böyük Britaniya əhlisinin 52%-i ölkənin Avropa İttifaqından çıxmasını istəyirdi.

1957-ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya 1973-cü ildə daxil olub. Hazırda Avropa İttifaqının 28 üzvü var.

Vüqar Bayramov: “Kompensasiya verilsin”

26.04.2016

vuqar bayramovİqtisadçı ekspert Vüqar Bayramov bir daha devalvasiyalarla bağlı bank sektorunda yaşanan kredit probleminə toxunub.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Devalvasiyalardan sonra bank sektoru kreditlərlə bağlı ciddi böhran yaşayır.

Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov yazır ki, aidiyyəti qurumlar problemin həllində maraqlı görünmür, amma dövlətin dəstəyi olmadan kredit böhranından xilas olmaq mümkün deyil: “Mərkəzi Bankdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası da dollarla kredit götürənlərə bəd xəbər verdi: kompensasiya gözlənmir. Hazırda kreditlərin məbləğinin 19,7 milyard manat olduğunu və ümumi kredit portfelində xarici valyutaların payını nəzərə alsaq, söhbət ikinci devalvasiyadan sonra yaranan 3,5 milyard manatlıq fərqdən gedir. Mərkəzi Bank və palata bu fərqi banklarla vətəndaşların qarşılayacağını güman edir. Banklar heç bir güzəştə getmir. Müştərilərin isə heç də hamısının dollarla götürdüyü krediti devalvasiya şəraitində manatla qaytarmağa imkanı yoxdur.

Nəzərə almaq lazımdır ki, 2015-ci ilin əvvəlində 10 min dollar kredit götürən şəxsə bank 7800 manat vermişdisə, indi əsas məbləğ 15 min manat (faizlər hesablanmadan) edir. 10 min dollarlıq kredit üzrə təkcə elə əsas məbləğdə 7200 manat fərq var. Deməli, il yarım öncə 7800 manat kredit götürən şəxs faizlərlə birlikdə banka 20 min manatdan çox pul ödəməlidir. Aydın görünür ki, dövlətin dəstəyi olmadan bu kreditlərin qaytarılacağı inandırıcı deyil.

Qırğızıstan və Qazaxıstanda mərkəzi banklar bir sıra kredit kateqoriyası üzrə kompensasiya ödəyir. Azərbaycanın Mərkəzi Bankı bu təcrübədən yararlanmaq istəmir. Onda heç olmasa 2008-ci ildə qlobal maliyyə böhranı dövründə 1 trilyon dollar həcmində stimullaşdırıcı paket reallaşdırmış ABŞ nümunəsinə müraciət etsin. Orta aylıq əməkhaqqı 4000 dollar olan ABŞ-da kreditlərin qaytarılması üçün hökumət stimullaşdırıcı tədbirlər həyata keçirirsə, orta aylıq əməkhaqqı 330 dollar olan Azərbaycanda niyə kompensasiya verilməsin?”

Hərbi attaşelərə cəbhə xəttindəki vəziyyət məruzə olunub

26.04.2016

mn 1
Aprelin 26-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki assosiasiyasının növbəti toplantısı keçirilib. Toplantıda assosiasiyanın daxili məsələləri müzakirə olunub və bir sıra qərarlar qəbul edilib.

Mod.gov.az-ın məlumatına görə, assosiasiya üzvlərinə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyət barədə danışılıb, Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini aramsız pozmasını əks etdirən materiallar, eləcə də məsələyə dair Azərbaycan hökumətinin rəsmi mövqeyi və Müdafiə Nazirliyinin məlumatı təqdim olunub.

Bankların fəaliyyətini qiymətləndirən müsabiqənin nəticələri açıqlanıb

26.04.2016



mb 1Mərkəzi Bank bankların fəaliyyətini qiymətləndirən müsabiqənin nəticələrini açıqlayıb. Bildirilir ki, ötən ilin yekunlarına görə, nağdsız ödənişlər üzrə lider bank, elektron bankçılıq xidmətlərində lider bank, elektron ticarətin inkişafında lider bank, təmassız ödəniş kartları üzrə lider bank və təmassız POS-terminal infrastrukturu üzrə lider bank nominasiyalarının qalibləri müəyyən edilib.

Nağdsız ödənişlər üzrə lider bank nominasiyasında birinci yerə “Bank of Baku”, ikinci yerə “Bank Silk Way”, üçüncü yerə “Bank Respublika” layiq görülüb.

Elektron bankçılıq xidmətlərində lider bank nominasiyası üzrə “Bank Respublika”, “Bank of Baku”, “Turanbank” ardıcıllıqla ilk üçlükdədir.

Elektron ticarətin inkişafında lider bank nominasiyasının qalibləri “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika” və “Unibank”dır.

Təmassız ödəniş kartları üzrə lider bank nominasiyası üzrə qaliblər “Dəmirbank”, “Azərbaycan Beynəlxalq Bankı” və “Bank Respublika”dır.

Təmassız POS-terminal infrastrukturu üzrə lider bank nominasiyasında ilk yeri “Dəmirbank” tutur. Azərbaycan Beynəlxalq Bankı və “Paşa Bank” isə növbəti yerləri bölüşür.

Mərkəzi Bank bankların fəaliyyətini qiymətləndirmək məqsədi ilə 2013-cü ildən müxtəlif müsabiqələr keçirir.

Milli Qəhrəmanların sayı: rəsmi məlumat verilmir

26.04.2016

qızıl ulduz 1Bu ay prezident İlham Əliyev son Qarabağ döyüşlərində xüsusi fərqlənən bir qrup hərbçini təltif edib. Təltif edilənlər arasında Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən də var. Mediada bu şəxsin polkovnik-leytenant Şükür Həmidov olduğu xəbər verilib.

Transparency.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycanın Milli Qəhrəmanı adını alan şəxslərlə bağlı sorğu ilə müraciət edib. Ancaq nazirlik Azərbaycanda neçə Milli Qəhrəmanın olduğunu (o cümlədən neçəsinin sağ olduğunu) bildirməyib. Neçə Milli Qəhrəmana və ya ailə üzvünə prezidentin aylıq təqaüdü ödənildiyi haqda da bilgi almaq mümkün olmayıb.

Transparency.az bildirir ki, Azərbaycanın Milli Qəhrəmanı adı 1992-ci il martın 25-də təsis edilib. Həmin il iyulun 15-də təsdiqlənən əsasnaməyə görə, Milli Qəhrəman ölkənin ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycanın müstəqilliyi, tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Milli Qəhrəmana səkkizguşəli “Qızıl Ulduz” medalı və fərman təqdim edilir. Eyni şəxs Milli Qəhrəman adını bir dəfə ala bilər.

1994-cü ildə Surət Hüseynov, 2001-ci ildə Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adından məhrum ediliblər.

14 iyul 2005-ci ildən Milli Qəhrəmanlara, onlardan şəhid olmuş şəxslərin ailə üzvlərinə prezidentin aylıq təqaüdü ödənir. Bu təqaüdün məbləği hazırda 1000 manatdır.

2016-cı ilin aprelində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanmış “Milli Qəhrəmanlarımız” kitabı təqdim olunub. Kitabda Azərbaycanın ərazi bütövlüyünün, konstitusiya quruluşunun müdafiəsi uğrunda xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülmüş 211 nəfər haqqında məlumatlar yer alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ay yaydığı məlumatda 176 nəfər Milli Qəhrəmanın (həlak olanların ailə üzvlərinin) Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunduğu bildirilmişdi.

Keçmiş SSRİ məkanı ölkələrinə gəlincə, Gürcüstan və Ermənistanın hər birində 14 nəfərə Milli Qəhrəman adı verilib.

Rusiya Qəhrəmanı adına 1027 nəfər layiq görülüb.

Ukrayna Qəhrəmanı adını 418 nəfər daşıyır.

Dollar, avro və rubl bahalaşdı

27.04.2016



valyuta 1Mərkəzi Bank aprelin 27-də dollar, avro və rublu bahalaşdırıb. Transparency.az xəbər verir ki, 1 ABŞ dolları 1,5006 manatdan 1,5033 manata, 1 avro 1,69 manatdan 1,6983 manata, 1 Rusiya rublu 0,0225 manatdan 0,0229 manata qalxıb (Məzənnələr).

Ötən gün ABŞ dolları 2016-cı ilin ən aşağı qiymətinə təklif olunub. Aprel ayında dolların kursunda maksimum hədd ayın 13-ü və 14-də qeydə alınıb. Həmin günlər 1 dollar 1,5264 manata satılıb. Aprelin 4-də isə dollar 1,5094 manat olub. Ayın 22-dən kurs yenidən 1 manat 51 qəpikdən aşağı düşüb.

2015-ci il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçib, rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.

Cəbhədə yenə gərginlik olub. Nazir ön xəttə baş çəkib

27.04.2016

mn onxetde 1

Aprelin 26-sı axşamdan gecəyədək erməni silahlı bölmələri Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqeləri 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq ancaq hərbi obyektlərə adekvat cavab zərbələri endirib. Xəbəri aprelin 27-də Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti isə ötən gün cəbhə boyu zonada yerləşən hərbi hissələrdə olub. Ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub. Təmas xəttində yerləşən bölmələrdən birində qarşı tərəfi müşahidə edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.

1988-ci ildən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini mərhələ-mərhələ işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri aparılan sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

“Neftin kəskin ucuzlaşması Azərbaycanın iqtisadiyyatına ciddi təsir göstərməyib”

27.04.2016

prezident
“Neftin qiymətində kəskin düşmə bizim iqtisadiyyatımıza ciddi təsir göstərməyib və mən əminəm ki, biz 2016-cı ildə bütün əsas məqsədlərimizə nail olacağıq”. Prezident İlham Əliyev aprelin 26-sı Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII qlobal forumunda belə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan olduqca qısa zamanda, 25 il içərisində özünü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olub: “Müstəqillik illəri bizim siyasi sistemimizin transformasiyası, demokratik təsisatların yaradılması illəri olub. Biz buna nail olmuşuq, Azərbaycanda bütün azadlıqlar təmin edilir, o cümlədən media və internet azadlığı. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Toplaşma və din azadlığı, yəni bütün azadlıqlar təmin edilir. Bu isə öz növbəsində sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılıb”.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışan İlham Əliyev 1990-cı illərin əvvəlində ölkənin böyük humanitar fəlakətlə üzləşdiyini vurğulayıb: “Çünki 250 min azərbaycanlı Ermənistandan qovulmuşdu, daha 700 mindən çox məcburi köçkün isə Dağlıq Qarabağ və digər bölgələrdən idi. O zaman Azərbaycanın əhalisinin 8 milyondan az olduğunu nəzərə alsaq, adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə Azərbaycan, çox güman ki, dünyada birinci yer tuturdu.

Biz bilirik ki, onların yerləşdirilməsi, zəruri şəraitin yaradılması nə dərəcədə çətin məsələdir. O vaxt biz tamamilə maliyyə vəsaitindən məhrum vəziyyətdə, dünyanın ən yoxsul, yaşayış səviyyəsinin yoxsulluqdan aşağı olduğu ölkələrindən biri idik. Əlbəttə, o zaman bizə müəyyən beynəlxalq dəstək göstərilirdi, lakin əsasən biz bu məsələnin öhdəsindən özümüz gəldik.

Bu günə qədər 90-dan artıq qəsəbə inşa etməyimizə və hər il 20 min qaçqın və köçkünü yerləşdirməyimizə baxmayaraq, onların bəziləri hələ də çətin şəraitdə – yataqxana, məktəb və uşaq bağçalarında yaşayır. Biz onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlimizdən gələni edirik, lakin bu, uzun zaman tələb edir.

İşğala baxmayaraq ölkəmiz inkişaf edir. Biz onillik ərzində – 2004-2014-cü illərdə dünyada ən yüksək iqtisadi artım göstəricilərinə malik olmuşuq. Yoxsulluğu kəskin şəkildə, 50 faizdən təqribən 5 faizə endirə bilmişik. İşsizliyin səviyyəsi də 5 faizə yaxındır. Biz təhsilə sərmayə yatırırıq. Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır. Son illər ərzində 3 mindən artıq yeni məktəb tikilib və ya bərpa edilib. Ölkə ərazisində 500-dən artıq xəstəxana inşa edilib. Bu isə uşaq ölümlərinin kəskin şəkildə azaldılmasına yardım etdi”.

Prezident deyib ki, neftin kəskin ucuzlaşması Azərbaycanın iqtisadiyyatına ciddi təsir göstərməyib: “Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi tanınır. Ancaq bizim əsas məqsədimiz “qara qızıl”ın, yəni neftin insan kapitalına çevrilməsidir. Bu səbəbdən təhsil sahəsinə sərmayələrin qoyuluşu, sosial müdafiənin gücləndirilməsi və islahatlar elə bir vəziyyət yaradıb ki, iqtisadiyyatımız şaxələndirilib və neftdən asılılıq azalmaqdadır”.

Mətbuat azadlığı hesabatı: Azərbaycan 199 ölkə arasında 189-cudur

27.04.2016

fh 1Mərkəzi qərargahı ABŞ-da yerləşən “Freedom House” insan hüquqları təşkilatı aprelin 27-də 2016-cı il üzrə mətbuat azadlığı hesabatı açıqlayıb. Azadliq.org-un məlumatına görə, hesabatda dünyanın 199 ölkəsində və ərazisində media azadlığının səviyyəsi dəyərləndirilib. Ən azad ölkələr 0, ən qeyri-azad olanlar isə 100 bal alıb. Ölkələrə azad, qismən azad və qeyri-azad statusları verilib.

Azərbaycan 199 ölkə içində 189-cu yerdə qərarlaşıb, qeyri-azad statusu alıb. Ermənistan (139) və Rusiyada da (176) mətbuat qeyri-azaddır. Gürcüstan isə 96-cı yeri tutub və mətbuatı qismən azad hesab olunub.

Hesabata əsasən, dünya əhalisinin cəmi 13 faizi azad mətbuatdan yararlanır. Bu ölkələrdə siyasi xəbərlər hərtərəfli işıqlandırılır, jurnalistlərin təhlükəsizliyi təmin olunur, dövlət mediaya minimum müdaxilə edir, mətbuat hüquqi, yaxud iqtisadi təzyiqə məruz qalmır. Dünya əhalisinin 41 faizi mətbuatı qismən azad, 46 faiz isə qeyri-azad olan ölkələrdə yaşayır.

Mətbuatın ən qeyri-azad hesab olunduğu ölkələr və ərazilər Belarus, Krım, Kuba, Ekvatorial Qvineya, Eritreya, İran, Şimali Koreya, Suriya, Türkmənistan və Özbəkistandır.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə