Xəbər bülleteni №30



Yüklə 448.43 Kb.
səhifə7/7
tarix28.01.2017
ölçüsü448.43 Kb.
1   2   3   4   5   6   7

Aprelin ilk günündə Azərbaycan nefti 41,29 dollara satılıb. Ayın 5-də “AzəriLayt” 38,86 dollara, 12-də 43,47 dollara, 19-da 43,42 dollara, 26-da 45,62 dollara təklif olunub.

Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

May havası

29.04.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 18-20 dərəcə isti (bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Orta aylıq temperatur digər bölgələr üzrə belə proqnozlaşdırılır:

Naxçıvan Muxtar Respublikasında 16-20 dərəcə isti (bəzi günlərdə 30-35 dərəcəyədək yüksələcək);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 11-15 dərəcə isti (bəzi günlərdə 22-27);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 17-20 dərəcə isti (bəzi günlərdə 28-33);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 15-19 dərəcə isti (bəzi günlərdə 27-32);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 19-22 dərəcə isti (bəzi günlərdə 30-34);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 15-19 dərəcə isti (bəzi günlərdə 27-32).

517 boş iş yerinin 21-nə göndəriş verildi

29.04.2016

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində növbəti əmək yarmarkası təşkil olunub. Yarmarkaya 51 təşkilatdan 517 boş iş yeri çıxarılıb. AZƏRTAC xəbər verir ki, yarmarkada 21 nəfərə işə göndəriş verilib.

yarmarka

Nazirlik 300 nəfərədək şəxsi kvota üzrə iş yerləri ilə təmin edib

29.04.2016

emek nazirliyi 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərlə bağlı hesabat açıqlayıb. Hesabata görə, Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-mart aylarında bu kateqoriyadan olan 300 nəfərədək vətəndaşı kvota üzrə iş yerləri ilə təmin edib. Həmin insanlardan 75 nəfəri əlilliyi olan şəxslər, 74 nəfəri qaçqın və məcburi köçkünlər, 62 nəfəri 20 yaşadək gənclər, 39 nəfəri yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, digərləri müharibə veteranları, şəhid ailəsi üzvləri, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış vətəndaşlardır.

Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri həmin insanlar üçün müəyyən edilir.

Rusiyada rüblük iqtisadi göstəricilər açıqlanıb

29.04.2016



iqtisadiRusiyada ümumi daxili məhsul (ÜDM) mart ayında 0,1% azalıb. Novator.az xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi aprelin 29-da belə hesabat yayıb.

Nazirlik bildirir ki, 2015-ci ilin martı ilə müqayisədə ölkədə ümumi daxili məhsulun həcmi 1,8% aşağı düşüb. Bu ilin ilk ayı ÜDM-də 2,6% azalma olub, fevralda isə dəyişiklik qeydə alınmayıb.

Ümumilikdə rüb ərzində 2015-ci ilin uyğun dövrünə nisbətdə ümumi daxili məhsul 1,4% azalıb.

Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, 2015-ci ildə ÜDM-də 3,7% azalma qeydə alınıb.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin başqa bir məlumatına görə, 2016-cı ilin yanvar-mart aylarında ticarət balansının müsbət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 52,7% azalıb. Üç ayda ölkədən mal ixracı 2015-ci ilin eyni dövrünə nisbətdə 34,2% azalaraq 59,3 milyard dollara düşüb. 2016-cı ilin yanvar-mart ayılarında isə mal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% azalmaqla 37,8 milyard dollar olub.

“Qrant müqavilələrinin qeydə alınması ilə bağlı iş gedir”

29.04.2016

elimemmed nuriyevQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev APA-nın suallarını cavablandırıb. Əliməmməd Nuriyev hazırda koalisiya üzvlərindən 8-nin hesabından həbsin götürüldüyünü, 20-yə qədər qrant müqaviləsinə bildiriş verildiyini deyib. Koalisiyanın koordinatoru ümumilikdə 12 qeyri-hökumət təşkilatının hesabı üzərindəki həbsin ləğv olunduğunu, 4-nün isə probleminin qaldığını bildirib.

2014-cü ildə hüquqi proseduralarla bağlı problemlərə görə bir sıra QHT-nin bank hesabına həbs qoyulub. Bir çox təşkilat isə Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyi üçün bank hesabına köçürülən məbləği çıxara bilməyib.

Ötən ilin noyabrında qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin xarici maliyyə mənbələri hesabına xidmətlər göstərməsi və ya işlər görməsi haqqında müqavilələrin qeydiyyata alınması qaydası təsdiq edilib. Qaydaya əsasən, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı müqavilələri bağlandığı tarixdən 15 gündən gec olmayaraq qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir. Müqavilələrin qeydiyyatı bildirişlə təsdiqlənir. Əks halda bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Əliməmməd Nuriyev qeyd edib ki, 2013-2014-cü illər üzrə üst-üstə bildiriş verilən qrant müqavilələri ilə bağlı vəsaitin ümumi həcmi 1 milyon dollara yaxın olub: “Bəzi QHT-lər qeydiyyat üçün qrant müqaviləsi təqdim etməsinə baxmayaraq onların hesabına hələ vəsait daxil olmayıb. Bəzi QHT-lərin hesablarına köçürülmüş vəsaitlərin donorların öz təşəbbüsü ilə geri qaytarılması halları var. Bir neçə qrant müqaviləsini isə donorlar artıq ləğv edib.

Qrant müqavilələrinin qeydə alınması ilə bağlı proses davam edir. Koalisiyaya daxil olan təşkilatlar, o cümlədən digər QHT-lərlə bağlı problemlərin aradan qaldırılması üçün mütəmadi müzakirələr aparılır. Koalisiyanın problemləri əsasən həllini tapıb, bir neçə məqamla bağlı əlavə araşdırma aparılır. Ölkə üzrə vətəndaş cəmiyyətinə gəlincə, bir çoxlarının qrant müqavilələrinin qeydə alınması ilə bağlı iş gedir”.

Gömrük yığımlarının məbləğləri bəlli oldu

29.04.2016

nk 1
Nazirlər Kabineti gömrük yığımlarının məbləğlərini təsdiq edib. Transparency.az xəbər verir ki, qərar aprelin 29-da dərc olunub.

Qərara əsasən, gömrük yığımları bunlardır:

- gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları:

- malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları;

- gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımları;

- malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları;

- gömrük müşayiətinə görə gömrük yığımları;

- malların saxlancına görə gömrük yığımları;

- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları;

- bankların və bank olmayan kredit təşkilatlarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları.

Ermənistan əhalisi bir ildə 0,4% azalıb

29.04.2016

2016-cı ilin aprelin 1-nə Ermənistanda daimi yaşayanların sayı 2 milyon 944 min 400 nəfər olub. Milli Statistika Xidmətinin hesabatında belə deyilir.

Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, aprelin 1-nə Ermənistan əhalisinin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,4%, yəni 12 min 300 nəfər azalıb. İlin əvvəlindən 4 min 200 nəfər azalma qeydə alınıb. Səbəb miqrasiya axınının çoxalmasıdır. Əhalinin təbii artımı 1500 nəfər olub, miqrasiya axını isə 5 min 700 nəfər təşkil edib.

Milli Statistika Xidmətinin hesabatında bildirilir ki, bu il 1970-ci illərdən bəri Ermənistan əhalisinin sayı ilk dəfə 3 milyon nəfərdən azdır.

2016-cı ilin yanvar-mart aylarında ölkədə doğulan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azalaraq 9 min 171 nəfər olub. Hesabatda ölüm hallarının da 1,4% azalaraq 7 min 647 nəfər təşkil etdiyi bildirilir.



ehali

Prezident Ağsuda xəstəxana və yol açılışlarına qatılıb

29.04.2016

agsuda
Prezident İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfər edib. O, Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışına qatılıb. 160 çarpayılıq xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, poliklinika şöbələri fəaliyyət göstərəcək. Şüa-diaqnostika, hemodializ, patoloji-anatomiya və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq.

Dövlət başçısı sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Əsaslı şəkildə yenidən qurulan yolun hərəkət hissəsinin eni 7,5 metrdir.

Xəbəri AZƏRTAC yayıb.

Statistika: Gürcüstanda 233 min nəfər azərbaycanlı yaşayır

29.04.2016

tbilisi 1
Gürcüstanda 2014-ci il siyahıyaalmasının yekun nəticələri açıqlanıb. Siyahıyaalma Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiya əhalisini əhatə etməyib.

Azadliq.org xəbər verir ki, hesabata görə, Gürcüstanda 3,7 milyon nəfər yaşayır. Onların 86,8 faizi, yəni 3,22 milyonu gürcüdür.

İkinci yerdə 6,3 faiz və ya 233 min nəfərlə azərbaycanlılar gəlir.

Sonrakı yerlərdə ermənilər (4,5 faiz və ya 168 min nəfər), ruslar (0,7 faiz və ya 26,5 min nəfər) durur.

Əhalinin 83,4 faizi pravoslav xristian, 10,7 faizi müsəlmandır.

Paytaxt Tbilisinin əhalisi 1,1 milyon nəfərdir.

Tərtərdə işgüzar forum

29.04.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aprelin 29-u Tərtər rayonunda işgüzar forum keçirib. Rəsmi məlumata görə, 120-yə yaxın sahibkarın iştirak etdiyi forumda rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq təsərrüfatlarının, 3 ulduzlu otelin və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələri təqdim olunub.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il 577 sahibkara 45,5 milyon manat güzəştli kredit verilib, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 950-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə 29,3 milyon manat güzəştli kredit alıb.

İşgüzar forum çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 260 min manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən pambıqçılıq, heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.

terter 1

terter 2

Parlamentə insan alveri hesabatı verildi

29.04.2016

mm
Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov Milli Məclisin 29 aprel iclasında 2015-ci il üzrə hesabat verib. Report.az-ın məlumatına görə, Vilayət Eyvazov bildirib ki, ötən il “Qaynar xətt” telefon xidmətinə 13 mindən çox müraciət daxil olub. Hesabata əsasən, ötən il 2014-cü illə müqayisədə 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb, 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib, insan alveri ilə məşğul olan 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib.

Milli koordinator deyib ki, müvafiq cinayətlərdə təqsirləndirilərək axtarılan 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib: ”Müəyyənləşən 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı). Qurbanlardan 51-i sığınacağa yerləşdirilib. 63 qurbana birdəfəlik müavinət verilib, 42 nəfərə maddi yardım göstərilib, 22 nəfər işlə təmin edilib, 31 nəfər peşə kursuna göndərilib.

Həyata keçirilən profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıdıb, 51 qurban sosial xidmətlə əhatə olunması üçün qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib, 56 qurbana hüquqi və psixoloji yardım, 16 qurbana tibbi xidmət göstərilib, 13 nəfər şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunub.

Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 2 uşağın alimentlə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilib, 7 nəfər müvəqqəti sığınacağa yerləşdirilib”.

Hesabata görə, ötən il 450 azyaşlının küçə həyatına məruz qalması, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Seçki fondlarına nəzarət xidməti yaradıldı

29.04.2016

msk1
Aprelin 29-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Qurumun media və ictimai əlaqələr şöbəsinin məlumatına görə, iclasda seçki fondları vəsaitlərinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədilə MSK-nın nəzarət-təftiş xidməti yaradılıb. Nəzarət-təftiş xidmətinə MSK üzvü Ramiz İbrahimov rəhbər təyin edilib.

Komissiyanın iclasında Milli Məclisə 90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş təkrar seçkidə Yeni Azərbaycan Partiyasının və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci ilin noyabrında olub. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub.

Ümid Partiyasının sədri İqbal Ağazadə bu dairədən təkrar seçkiyə qatılır. İqbal Ağazadə 2015-ci ilədək Milli Məclisin üzvü olub. O, 2000-ci ildə 10 saylı Xətai dairəsindən mandat alıb, 2005, 2010-cu illərdə 35 saylı Xətai dairəsindən deputat seçilib.

İlqar Məmmədov həbsdə qaldı

29.04.2016



ilqar mammadov 2
Aprelin 29-u Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun işləri üzrə proses keçirilib. Hər iki şəxs bəraət istəyirdi. APA-nın məlumatına görə, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb.

İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulublar, müvafiq olaraq 7 il və 5 il azadlıqdan məhrumetmə cəzası alıblar. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2016-cı il martın 17-də Tofiq Yaqublu prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.



2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarını ləğv etmiş, iş həmin instansiyaya qaytarılmışdı.

1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub. REAL Hərəkatını 2008-ci ildə yaradıb.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə