Rusiya prezidenti Vladimir Putinin AZƏRTAC-a müsahibəsindən
– Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin indiki səviyyəsini və bu münasibətlərin dərinləşməsi perspektivlərini necə qiymətləndirərdiniz?
– Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir.
İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu, avtomobilqayırma, səhiyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.
Regionlarımız arasında kooperasiya çox yüksək səviyyəyə qalxıb. Bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətlərinin sizin ölkə ilə xarici ticarət münasibətləri var.
Biz Cənubi Qafqazda MDB və aparıcı beynəlxalq strukturlar çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstəririk. Xəzərdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial görürük — ilk növbədə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın daxil olduğu “Xəzər beşliyi” və İranın iştirakı ilə formalaşmaqda olan üçtərəfli partnyorluq çərçivəsində.
Humanitar əlaqələr dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Məsələn, təhsil sahəsində əlaqələrin dinamikası durmadan artır. Hazırda 15 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır, Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir.
Bizim birgə layihəmiz – Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu müasir dövrün aktual problemlərinin müzakirəsi üçün öz əhəmiyyətini və ona tələbat olduğunu nümayiş etdirir. Nisbətən qısa müddətdə – 2011-ci ildən bəri bu forum regional və beynəlxalq ictimai həyatın mühüm hadisəsinə çevrilib. İndi azərbaycanlı həmkarlarımızla birlikdə bu ilin sentyabr ayına planlaşdırılmış beşinci görüşə fəal hazırlaşırıq.
Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.
– Qlobal böhran Rusiya ilə Azərbaycan arasında ticarətin həcminə də təsir göstərib, onun azalmasına səbəb olub. Siz bunu iyun ayında Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə də qeyd etmişdiniz. Sizin fikrinizcə, əmtəə dövriyyəsinin artırılması və sənaye kooperasiyası, qarşılıqlı sərmayə qoyuluşu da daxil olmaqla bütövlükdə iki ölkənin iqtisadi əməkdaşlığının stimullaşdırılması üçün nə etmək lazımdır?
– Dünya iqtisadiyyatının mürəkkəb, əlverişsiz konyunkturu həqiqətən bizim işgüzar əlaqələrə də təsir göstərib. Bununla belə, Rusiyanın MDB ölkələri ilə xarici ticarətində Azərbaycan Belarus, Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra beşinci yeri tutur. Rusiya isə Azərbaycan mallarının idxalında liderlik edir.
Federal Gömrük Xidmətinin məlumatına görə, 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2014-cü ildəki 4 milyard dollar ilə müqayisədə 30 faiz azalaraq 2,8 milyard dollara düşüb. Bu il vəziyyətdə hələlik dönüş edə bilməmişik: yanvar-may aylarının yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 568,5 milyon dollar olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,8 faiz azdır.
Düşünürük ki, bizim bazarda tələbat duyulan Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya satışının, həmçinin Rusiyadan Azərbaycana əkin sahələrinin genişləndirilməsi üçün zəruri olan gübrə və kənd təsərrüfatı texnikası ixracının artırılması qarşılıqlı ticarətin genişlənməsində mühüm rol oynaya bilər.
Hesab edirik ki, “Uralvaqonzavod”un Azərbaycana dəmir yolu nəqliyyatı göndərməsi, “Krasnoye Sormovo” zavodunun Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün iki tankerin tikintisi, Rusiyanın “R-Farm” şirkətlər qrupunun iştirakı ilə birgə əczaçılıq istehsalatının təşkili üzrə planlar tam həcmdə yerinə yetiriləcək.
Nəqliyyat, maliyyə, sığorta, telekommunikasiya, mədəniyyət və istirahət sahələrində xidmətlərin qarşılıqlı ticarətinin genişlənməsi ticari-iqtisadi əlaqələrin inkişafının daha bir mühüm istiqaməti ola bilər. Bu sahələr elə indi əmtəə dövriyyəsinin ümumi göstəricilərinə təxminən 20 faiz – 0,5 milyard dollar əlavə edir.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tam istifadə edilməsi üçün yeni perspektivlər açılır.
Rusiya Ticarət-Sənaye Palatası nəzdində təşkil edilmiş Rusiya-Azərbaycan İşgüzar Şurası çərçivəsində ölkələrimizin biznes dairələri arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini vacib hesab edirik. Ümidvarıq ki, Azərbaycanda da analoji qurum yaradılacaq.
Əmtəə dövriyyəsinin azalması fonunda dövlətlərimizin investisiya sahəsində əməkdaşlığı tamamilə sabit inkişaf edir. Bu gün Rusiyanın 600-ə yaxın şirkəti, o cümlədən yüz faiz Rusiya kapitalı əsasında işləyən iki yüzə yaxın şirkət Azərbaycan bazarında fəaliyyət göstərir. Eyni zamanda Rusiyanın Azərbaycana birbaşa investisiyaları 1,4 milyard dollara yaxındır.
Hazırda ölkələrimizin şirkətləri arasında qarşılıqlı hesablaşmalar əsasən dollarla aparılır. Biz bu şirkətlərin qarşılıqlı hesablaşmalarının milli valyutalara keçirilməsini stimullaşdıran şərait yaradılması işini davam etdirəcəyik.
Şübhəsiz ki, ikitərəfli ticari-iqtisadi əlaqələrdə bugünkü mənfi hallar müvəqqəti xarakter daşıyır. Əminik ki, biz tərəfdaşlar kimi sıx birgə fəaliyyət göstərməklə qarşılıqlı ticarəti davamlı artım trayektoriyasına çıxara biləcəyik.
– Hazırda yeni inteqrasiya konfiqurasiyası – Azərbaycan-İran-Rusiya regional əməkdaşlıq formatı yaranmaqdadır. Bu üçtərəfli qarşılıqlı fəaliyyətin özəyi “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi hesab edilir. Sizin fikrinizcə, üç ölkənin əməkdaşlığının həyat qabiliyyətli və səmərəli olmasını daha hansı sahələrdəki layihələr təmin edə bilər? Üçtərəfli səviyyədə əlaqələr, məsələn, Xəzər dənizinin bölgüsü, onun energetika və bioloji resurslarından istifadə edilməsi məsələsində mövcud olan bəzi ziddiyyətlərin aradan qaldırılmasına kömək edə bilərmi?
– Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 8-də biz iqtisadiyyatdan və humanitar əlaqələrdən başlamış, təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərinə qədər ən müxtəlif sahələrdə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə etmək üçün ilk dəfə üç dövlət başçısı səviyyəsində Bakıda toplaşacağıq.
Ümumi uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi flaqman layihəsi bizim danışıqların fokusunda olacaq. Bu layihə Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiya Federasiyasının ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəlib.
2015-ci ilin yekunlarına görə, “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin iştirakı ilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi 7,3 milyon ton olub. Bu, 2014-cü ilin müvafiq göstəricisindən 4,1 faiz və ya 0,3 milyon ton çoxdur.
Energetika, nəqliyyat infrastrukturu sahələrində strateji investisiya layihələrinin reallaşdırılması qarşılıqlı fəaliyyətin digər perspektivli istiqamətləridir. Xidmətlər ticarətinin, o cümlədən turizm, səhiyyə, təhsil sahələrində genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
Üçtərəfli dialoqun Xəzər tərkib hissəsi də olacaq. Son illərdə Xəzəryanı ölkələr Xəzərdə əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən onun energetika və bioloji resurslarından istifadə edilməsi ilə bağlı məsələlərin razılaşdırılmasında xeyli irəliləyişə nail olublar. Müvafiq sazişlər imzalanıb, onlar uğurla reallaşır. Xəzər dənizinin hüquqi statusu barədə əsas konvensiya üzərində iş başa çatmaq üzrədir.
– Son vaxtlar dünyada, o cümlədən ölkələrimizin sərhədlərinin bilavasitə yaxınlığında terrorizmin və zorakılığın görünməmiş dərəcədə artması müşahidə olunur. Sizcə, ümumi təhlükəsizliyi təmin etmək və təhdidlərə qarşı mübarizə aparmaq üçün Rusiya, Azərbaycan və İran nə edə bilər?
– Əlbəttə, Rusiya, Azərbaycan və İran sərhədlərinin bilavasitə yaxınlığında Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması bizi narahat etməyə bilməz. Bu regionlardan ilk növbədə narkotiklərin axınının, silah qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə bağlı beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq təhlükəsi yaranır.
Bu yaxınlarda dünyanın müxtəlif regionlarında törədilmiş terror aktları bir daha göstərir ki, terrorizmə qarşı yalnız birlikdə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT əlaqələndirici rol oynamaqla mübarizə aparmaq olar. Burada ikili standartlar olmamalıdır, terrorçuları “yaxşılara” və “pislərə” bölmək olmaz. Əlbəttə, terrorçu, radikal və ekstremist qruplaşmalardan siyasi və ya geosiyasi maraqlar üçün istifadə etməyə çalışmaq yolverilməz və son dərəcə təhlükəlidir.
Ölkələrimiz beynəlxalq birlikdə məhz bu prinsipləri fəal surətdə önə çəkir, istər siyasi səviyyədə, istərsə də hüquq mühafizə və xüsusi xidmət orqanları xətti ilə çoxtərəfli əməkdaşlığı maksimum genişləndirməyə və möhkəmləndirməyə çalışır.
Bu gün Rusiya, Azərbaycan və İranın bu sahədə sıx dialoq yaratmasından danışmaq olar. Belə ki, biz Bakı ilə MDB-nin Antiterror Mərkəzi çərçivəsində, habelə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstəririk. Mühüm yanaşmalarda Tehranla da mövqelərimizdə yaxınlaşma var. Şanxay Əməkdaşlıq Təşkilatının xətti ilə çoxtərəfli antiterror əməkdaşlığının dərinləşməsində əlavə imkanlar görürük.
İranlı tərəfdaşlarımızla birlikdə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması kanallarının kəsilməsi üzrə “Təmiz Xəzər” adlı əməliyyat keçiririk. “Xəzər antinarkotik beşliyi” forumunun böyük potensialı var.
Üçtərəfli formatda da terror və narkotiklər əleyhinə qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün çox yaxşı perspektivlər var.
– Son vaxtlar Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini fəallaşdırıb. Hamıya məlumdur ki, aprel ayında gərginliyin eskalasiyasından sonra təmas xəttində atəşkəs məhz Rusiya tərəfinin vasitəçiliyi ilə bərpa olunub. Azərbaycan ilə Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilən, tərəflərin faydalı və səmərəli adlandırdıqları görüşün təşəbbüskarı da Rusiya olub. Belə bir fikir var ki, Qarabağ düyününün açılmasında həlledici rolu məhz Rusiya oynaya bilər. Siz bununla razısınızmı?
– Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin.
Bunun üçün nə mümkündürsə edirik. Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə Moskva bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb.
Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.
Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq.
Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun.
Öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.
Daha bir mövzuya toxunmaq istərdim. Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışır. Bu, yanlış təsəvvürdür. Rusiya prezidentinin iştirakı ilə Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, – onların sayı iyirmidən çoxdur, – münaqişənin tənzimlənməsi üzrə ATƏT-in həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır. Qeyd edim ki, Sankt-Peterburqda yuxarıda adı çəkilən üçtərəfli zirvə görüşünün yekun hissəsində Amerika və Fransa nümayəndələri də iştirak ediblər.
Öz növbəsində bu il mayın 16-da Vyanada ABŞ-ın təşəbbüsü ilə İlham Əliyevin və Serj Sərkisyanın görüşünə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə dövlət katibi Harlem Desir dəvət ediliblər.
Belə yanaşma beynəlxalq münaqişələrin həllində necə işləməyin mümkün və lazım olmasının nümunəsidir. Ümidvaram ki, tərəflərin hamını qane edən həllə nail olmalarına birgə səylərlə kömək edə biləcəyik.
7 aylıq vergi hesabatı
05.08.2016
Vergilər Nazirliyi 7 aylıq vergi daxilolmaları haqqında hesabat yayıb. Transparency.az-a verilən rəsmi məlumata görə, 2016-cı ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 849 milyon 942,5 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,4 faiz əməl edilib.
Hesabat dövründə 62 min 496 vergi ödəyicisi qeydiyyata alınıb.
2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma nəzərdə tutulur.
Ekoloji pozuntulara görə cəza statistikası açıqlanıb
05.08.2016
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyulun 16-dan 31-dək ölkə ərazisində araşdırma aparıb. Rəsmi məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. 169 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 müddətli göstəriş verilib.
Ümumilikdə 29 iş üzrə 47400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 6 iş üzrə 936,81 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 190 iş üzrə 60446,18 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 19, icra qurumlarına isə 26 iş göndərilib.
İqtisadçı referendum layihəsindəki üç bəndi standartlara zidd sayır
05.08.2016
İqtisadçı Qubad İbadoğlu konstitusiyanın 32-ci maddəsinə təklif olunan əlavələri Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü standartlarına zidd sayır.
Sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 32-ci maddəsinə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilib:
VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Transparency.az-ın məlumatına görə, Qubad İbadoğlu sosial şəbəkədə yazıb ki, bu təkliflər mülkiyyət sahibləri və dövlət şirkətlərinin fəaliyyəti haqda informasiyalara çıxış imkanlarını məhdudlaşdırır: “Azərbaycanın qoşulduğu Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) beynəlxalq idarə heyətinin bu ilin fevralında Limada keçirdiyi iclasında qəbul edilmiş qərarda göstərilir ki, üzv ölkələr mülkiyyət sahibliyinin açıqlanması ilə bağlı yol xəritəsi hazırlamalı, 2020-ci ilədək bu sahədə milli qanunvericilikdə olan bütün hüquqi baryerləri aradan qaldırmalı və 2020-də təşəbbüsü məcburi tətbiq etməlidir. Hətta MHŞT üzrə çoxtərəfli qrupun 29 iyun iclasında benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsini hazırlayacaq şirkət də seçilib”.
Qubad İbadoğlu hesab edir ki, konstitusiyanın 32-ci maddəsinə təklif edilən əlavələr MHŞT-nin benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair tələbinin Azərbaycanda tətbiqinə mane olacaq: “Dövlət şirkətlərində payı olanlar, həmin şirkətlərin fəaliyyətindən bəhrələnənlər haqda məlumatların əldə edilməsi mümkün olmayacaq. Aydındır ki, 32-ci maddəyə təklif edilən əlavələr məhz mülkiyyət sahiblərinin və ondan faydalananların mənafeyinə xidmət edir və beynəlxalq təşəbbüslərlə ziddir”.
Ekspert sözügedən əlavələrin konstitusiyanın “Məlumat azadlığı” maddəsi ilə də ziddiyyət təşkil etdiyini bildirir: “Həmin maddənin I hissəsində deyilir ki, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Eyni zamandakonstitusiyanın 155-ci maddəsinə görə, insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Ona görə də konstitusiyanın 32-ci maddəsinə təklif olunan VI, VII, VIII hissələr qəbuledilməzdir”.
Mərkəzi Bank uçot dərəcəsini 2,5% qaldırdı
05.08.2016
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%-dən 9,5%-ə qaldırılır. Qərar avqustun 8-dən qüvvəyə minəcək.
Mərkəzi Bank bəyan edib ki, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır: “Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq”.
Transparency.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri bu il fevralın 15-dək 3% dərəcəsi ilə verib. Həmin gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 5% müəyyən etmək barədə qərar çıxarıb. Martın 4-də isə uçot dərəcəsi 7%-ə qaldırılıb.
Nazirlik elektron xidmət hesabatı yayıb
05.08.2016
İyul ayında vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 440 min 768 dəfə faydalanıb. Rəsmi məlumata görə, müraciətlərin 132 min 470-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib, bu da iyun ayı ilə müqayisədə 9 faiz çoxdur.
İyun ayı ilə müqayisədə iyulda “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 17 faiz, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” e-xidmətindən 59 faiz, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 28,6 faiz, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 20,7 faiz çox istifadə qeydə alınıb.
“Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 25 faiz, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 13,5 faiz, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” e-xidməti üzrə 8,7 faiz artım var. “İş yerinə dair arayış”, “Pensiya kalkulyatoru”, “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” e-xidmətlərindən istifadə göstəricilərində də artım müşahidə edilib.
Bu ilin yanvar-iyul aylarında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən ümumilikdə 3,6 milyon dəfəyə yaxın istifadə edilib.
Müəllimlərin işə qəbulu: ikinci mərhələ başa çatıb
05.08.2016
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başa çatıb. Təhsil Nazirliyi bildirir ki, 22 iyul-3 avqust aralığında keçirilən test imtahanı mərhələsində elektron ərizəsi təsdiq edilən 31 min 779 nəfərdən 27 min 814 nəfər iştirak edib.
Müsabiqənin növbəti mərhələsi olan vakansiya seçimi avqustun 7-nə qədər davam edəcək. Növbəti mərhələyə keçmək hüququ əldə etmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Ölkənin ümumi təhsil müəssisələrində 3 min 381 vakansiya müsabiqəyə çıxarılıb.
Dolaşığa düşmüş torpaq sahələrinin sənədləşdirilməsinə başlandı
05.08.2016
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın asan qeydiyyatını nəzərdə tutan “Kütləvi çıxarış” kampaniyasını avqustun 5-də Xızının Yeni Yaşma kəndində keçirib. Rəsmi məlumatda deyilir ki, kampaniyanın özəlliyi vaxtilə kənddə 295 ailəyə ayrılmış, lakin faktiki və sənəd uyğunsuzluğu səbəbindən çıxarış verilməsi mümkün olmayan həyətyanı torpaq sahələrinin sənədləşdirilməsi olub: “Torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq yerquruluşu, inventarlaşdırma və kadastr işləri aparılıb. Bununla da faktiki və sənəd uyğunsuzluqları aradan qalxıb və əmlak hüquqlarının qeydiyyatı hüquqi cəhətdən mümkün vəziyyətə gəlib.
Kampaniya çərçivəsində ilkin mərhələdə kəndin 100-ə yaxın sakininə onların mülkiyyətinə dair hazır çıxarışların verilməsi ilə kəndin bütün sakinlərinin torpaqlarının tamamilə sənədləşdirilməsinə başlanıb. Kəndin qalan sakinlərindən isə çıxarışla əvəz olunması üçün ilkin hüquqi sənədlər qəbul edilib. Bu tədbirlərin yekunlaşması ilə Yeni Yaşma kəndindəki bütün torpaqların sənədləşdirilməsi işi bitmiş olacaq”.
Prezidentlərin görüşü, yeni razılaşmalar
08.08.2016
Azərbaycana rəsmi səfərə gələn İran prezidenti Həsən Ruhani avqustun 7-si Bakıda dövlət başçısı İlham Əliyevlə təkbətək görüşüb. Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə də bir araya gəliblər. Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin daha da artırılması, hökumətlərarası komissiyanın fəaliyyəti, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsi, qarşılıqlı investisiya qoyuluşu və turizmin inkişaf etdirilməsi, hava nəqliyyatı, dəmir yolu, səhiyyə, əczaçılıq, bank sahələrində, o cümlədən Xəzər dənizində əməkdaşlıq, “Şimal-Cənub” layihəsinin önəmi məsələləri müzakirə olunub.
AZƏRTAC-ın məlumatına görə, geniş tərkibdə görüşdən sonra prezidentlərin iştirakı ilə Azərbaycan-İran sənədləri imzalanıb. Həmin sənədlər “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikasının Mərkəzi Bankı arasında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019)”; “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”; “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”dir.
İlham Əliyev və Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər. Azərbaycan prezidenti deyib ki, son bir neçə il ərzində İran-Azərbaycan əlaqələrinin inkişafında çox böyük irəliləyiş var: “Qarşılıqlı rəsmi səfərlərin təşkili də bu istiqamətdə atılan çox önəmli addımlardır. Mən bu ilin fevral ayında İranda rəsmi səfərdə idim. İndi Siz bizim qonağımızsınız. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, əlaqələr çox sürətlə, dinamik şəkildə inkişaf edir və yaxşı nəticələr var.
Mənim İran İslam Respublikasına rəsmi səfərim çərçivəsində 10-dan çox sənəd imzalanıb. İndi altı ay keçməmiş yenə 6 sənəd imzalanıb və bu sənədlər gələcək fəaliyyətimiz üçün çox böyük əhəmiyyət daşıyır. İranda fevral ayında imzalanmış sənədlərin, razılaşmaların icrası təmin edilir. Bu gün də həm təkbətək görüşdə, həm nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşdə ikitərəfli əlaqələrimizin bütün sahələri müzakirə edildi və müzakirələr çox konstruktiv şəkildə aparıldı. Əminəm ki, əldə edilmiş razılaşmalar bizim birliyimizi, əməkdaşlığımızı daha da gücləndirəcək”.
Dövlət başçısı iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb: “Geniş tərkibdəki görüşdə məlumat verildi ki, bu il ticarət dövriyyəsi 66 faiz artıb. Bu, çox gözəl göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyada iqtisadi-maliyyə böhranı hələ də davam edir, bu şəraitdə bu nailiyyəti əldə etmək üçün, hesab edirəm, böyük səylər qoyulmalı idi və qoyuldu. Hökumətlərarası birgə komissiya çox uğurla, fəal işləyir.
Avqustun 6-da Neftçala şəhərində “İran Khodro” şirkətinin istehsal edəcəyi avtomobil zavodunun təməl daşı qoyuldu. Bu da əməkdaşlığımızın çox gözəl nümunəsidir. Hər il 10 mindən çox avtomobil istehsal ediləcək və bu, əməkdaşlığın yeni formasıdır.
Digər sahələrdə də birgə fəaliyyət haqqında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə yaxın zamanlarda Azərbaycanda İran texnologiyası ilə çalışacaq dərman preparatları zavodunun tikintisi də nəzərdə tutulur.
Energetika və nəqliyyat problemlərinin həlli üçün yeni imkanlar açılır. Şadam ki, İmişli-Parsabad xətti birləşdi. Bu xətt həm iki ölkə arasındakı əlaqələrə, həm də regional əməkdaşlığa çox müsbət təsir göstərəcək.
“Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində də çox önəmli addımlar atılıb. Keçən il fevral ayında İrandan qayıdandan sonra mən müvafiq göstərişlər vermişəm, onlar icra edilir. Söz verdiyim kimi, bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Bununla bərabər bu il İran və Azərbaycan rəsmilərinin iştirakı ilə Astaraçay üzərində körpünün tikintisi başlanıb və işlərin böyük hissəsi görülüb. “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrasını sürətləndirmək üçün memorandum imzalanıb və Azərbaycan tərəfi bu layihənin gələcək maliyyələşməsində iştirak etmək arzusundadır”.
Həsən Ruhani qeyd edib ki, hökumətlərarası müştərək komissiyanın rüsumların azaldılması istiqamətindəki fəaliyyəti müvafiq sazişin bağlanmasına gətirib çıxarmalıdır: “Bizim əsas məqsədimiz iki ölkə arasında azad ticarətin bərqərar olmasıdır. Avrasiya ölkələri arasında əlaqələrimizin genişlənməsi baxımından rüsumların azaldılması ilə bağlı apardığımız məsləhətləşmələr Azərbaycanla da aparılsa, müəyyən məsələlər barədə razılığa gələ bilər və sazişlər imzalaya bilərik.
Ölkələrimiz arasında bank sahəsində əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Bu məsələ iqtisadi əlaqələrin, eləcə də ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından möhkəm əsas kimi qəbul edilir. Bu gün Mərkəzi bankların rəhbərlərinin iştirakı ilə bank sektoru ilə bağlı sənəd imzalandı. Biz istəyirik ki, ölkələrimizin bank sahəsindəki əlaqələri elə bir səviyyəyə uyğunlaşdırılsın ki, bütün sahələrdə iqtisadi və ticari əlaqələrin genişlənməsi üçün zəmin yarada bilsin”.
İran prezidenti deyib ki, iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, bu sahəyə sərmayə qoyuluşu, qarşılıqlı uçuşların yerinə yetirilməsi gediş-gəlişin artmasına səbəb olacaq: “Bununla əlaqədar vizaların verilməsi prosesinin asanlaşdırılması məqsədilə zəruri tədbirlər görülməlidir. Vətəndaşlarımız hər iki ölkəyə səfər etmək istəyir və bu səfərlər onların mənafeyinə cavab verir.
Əsas məsələlərdən biri də tranzit məsələsidir. Xüsusilə “Şimal-Cənub” dəhlizi həm iki ölkə, həm də region ölkələri üçün əhəmiyyət kəsb edir. Bu dəhlizin reallaşması üçün ilk addım Astara-Astara dəmir yolunun birləşdirilməsi və bu məsələ ilə əlaqədar İranda inşa ediləcək terminal olacaq. İkinci məsələ Astara-Rəşt dəmir yolunun bir-birinə bağlanmasıdır ki, ölkələrimiz bu sahəyə sərmayə yatıracaq, ortaq bir iş görüləcək, sərmayə qoyuluşunun 50 faizi İrandan, 50 faizi isə Azərbaycandan təmin ediləcək. İnşallah, hər iki tərəfin göstərdiyi səylər nəticəsində bu dəmir yolu tezliklə istifadəyə veriləcək və Azərbaycanın Fars körfəzinə çıxışı təmin olunacaq. Qafqaz ölkələrinin, Rusiyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışını təmin edəcək bu dəhliz böyük iqtisadi dividendlər verəcək”.
Həmin gün prezident İlham Əliyevin adından Həsən Ruhaninin şərəfinə ziyafət verilib.
Dollar 1 manat 60 qəpik həddini keçib
08.08.2016
Mərkəzi Bank avqustun 8-də ABŞ dollarını bahalaşdırıb. 1 dolların rəsmi kursu 1,598 manatdan 1,6005 manata yüksəlib.
Rusiya rublunun da məzənnəsində artım var. Ötən həftənin son iş günü 0,0242 manata təklif olunan 1 rubla 0,0244 manat qiymət qoyulub.
Avro isə ucuzlaşıb. Transparency.az-ın məlumatına görə, 1 avronun rəsmi kursu 1,7797 manatdan 1,7774 manata enib (Məzənnələr).
Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il dolların ən aşağı qiyməti mayın 25-i və 26-da qeydə alınıb: 1 dollar 1,4900 manata satılıb. ABŞ dollarının ən yüksək rəsmi qiyməti marta düşüb. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub.
Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bank və Dövlət Neft Fondu üst-üstə 3 milyard 741,3 milyon dollar satıblar.
Vergilər Nazirliyi islahatlar planı qəbul edib
08.08.2016
Vergilər Nazirliyində kollegiya iclası keçirilib. Transparency.az-a verilən rəsmi məlumata görə, avqustun 5-də keçirilən iclas prezidentin vergi sahəsində islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsinə dair sərəncamında qoyulmuş tapşırıqlara həsr olunub.
İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, son 10 ildə vergi orqanları sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə qeydiyyatı, sahibkarların elektron qeydiyyatı, elektron xidmətlərin sayının artırılması, e-auditin tətbiqi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirib, ümumilikdə vergi qanunvericiliyinin, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə mühüm addımlar atılıb: “Ötən dövr ərzində görülən işlərin nəticəsində 2015-ci il ərzində dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 7 milyard 118,2 milyon manat, o cümlədən neft sektorundan daxilolma 2 milyard 89,9 milyon manat (29,4%), qeyri-neft sektorundan daxilolma 5 milyard 28,3 milyon manat (70,6%) təşkil edib. 2016-cı ilin ilk yarısı ərzində bu göstəricilər müvafiq olaraq 3 milyard 190,1 milyon manat, o cümlədən qeyri-neft sektoru üzrə 2 milyard 495,4 milyon manat (78,2%) təşkil edib, bu da ötən ilin müvafiq hesabat dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 9,7% artdığını göstərir”.
Fazil Məmmədov qeyd edib ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev vergi sahəsində ciddi islahatlar aparıldığını, proqnozdan 2 faiz artıq vergi yığılmasının təmin edildiyini, bununla yanaşı büdcəyə daha çox vəsait toplanması üçün böyük ehtiyatların olduğunu deyib və bu ehtiyatların aşkarlanması, aparılan vergi islahatları nəticəsində ilin sonuna qədər bu sahədəki vəziyyətin tam şəffaflaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Vergilər naziri prezidentin 4 avqust 2016-cı il sərəncamına toxunaraq bildirib ki, həmin sərəncamla 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri təsdiq edilib: “Sərəncam cari ildə vergi inzibatçılığı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərə və vergitutma bazasının genişləndirilməsi, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, nümunəvi vergi ödəyicilərinin müəyyən edilməsi, vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, risk qiymətləndirilməsi sisteminin yaradılması, vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi istiqamətində vergi islahatlarının davam etdirilməsi və sair aiddir”.
Fazil Məmmədov ölkə başçısının vergi islahatlarının həyata keçirilməsi istiqamətində verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, o cümlədən sərəncamda müəyyən edilmiş islahatların həyata keçirilməsi üçün vergi orqanlarının fəaliyyət istiqamətlərinə uyğun tədbirlər planının təsdiq edilməsinə zərurət yarandığını vurğulayıb.
Kollegiya iclasında müzakirələrin nəticəsi olaraq “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə tədbirlər planı” qəbul edilib.
Xədicə İsmayılın cəzası azaldıldı
08.08.2016
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 8-də belə qərar çıxarıb.
Qərarı ötən il sentyabrın 1-də jurnalistin 7 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm oxumuş Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası verib. Jurnalistə verilmiş külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq ittihamı külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq ittihamı ilə əvəzlənib. Xədicə İsmayıl ittihama xitam verilməsini istəyirdi.
2014-cü il dekabrın 5-də həbs olunan jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə 2016-cı il mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və Xədicə İsmayıl 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.
Xədicə İsmayıl ittihamları qəbul etmir və korrupsiya mövzusunda araşdırmalarına görə cəzalandırıldığını bildirir.
“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb
08.08.2016
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti ilə bağlı yeni məlumat açıqlanıb. Qeyd olunur ki, bu e-xidmətdən istifadə sayı cari ilin iyun ayı müqayisədə iyul ayında 36 faiz artaraq 21808-ə çatıb.
“İş yerinə dair arayış” e-xidməti istifadəçiyə real vaxt rejimində öz iş yeri haqqında onun istəyinə uyğun olaraq ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün, əməkhaqqı göstərilməklə və ya göstərilmədən e-arayış əldə etmək imkanı verir. Avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək mümkündür. Arayışda işçi və işəgötürənə aid məlumatlar, əmək müqaviləsinin bağlandığı tarix və sair əksini tapır.
Arayışın təqdim edildiyi qurum arayışdakı ştrix-kod vasitəsilə və portaldakı müvafiq xidmətdən istifadə edərək bu sənəddə əksini tapan məlumatların həqiqiliyini yoxlaya bilir.
“İş yerinə dair arayış” elektron xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir. Həmin vaxtdan cari il avqustun 1-nə qədər olan dövrdə vətəndaşlar bu e-xidmətdən ümumilikdə 336 min 35 dəfə faydalanıblar.
Neftin qiyməti ilə bağlı yeni proqnoz
08.08.2016
“Qlobal bazardakı təklif çoxluğu və azalan tələbata baxmayaraq neftin qiyməti bu ilin sonuna doğru və gələn ilin əvvəlindən artmağa başlayacaq”. AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi Londonda yerləşən müstəqil araşdırma şirkəti “Capital Economics”in mütəxəssisi Tomas Puq belə deyib.
İyulun əvvəlindən indiyədək neftin 15 faizdən çox ucuzlaşdığını deyən Tomas Puq buna Kanadadakı meşə yanğınlarının söndürülməsi ilə bu ölkənin neft istehsalının gündəlik orta hesabla 1 milyon barrel artaraq köhnə səviyyəsinə qayıtması, həmçinin Liviyada əsas limanlardan gündəlik orta hesabla 900 min barrel neft ixrac edilməyə başlanmasının təsir etdiyini vurğulayıb: “Neft bazarı bu ilin sonunda özünü kompensasiya etməlidir. Keçən ildən bu vaxtadək qeyri-OPEK ölkələrinin ümumi təklifi gündəlik orta hesabla 1 milyon barreldən çox azalıb. Qlobal neft tələbi də həmin dövrdə bir o qədər artıb. Neftin qiymətinin bu ilin əvvəlindəki kimi 30 dollardan aşağı düşməsini proqnozlaşdırmırıq. “Layt” və “Brent” markalı xam neftlərin barrel qiymətlərinin bu ili 45 dollar səviyyəsində tamamlamasını gözləyirik. 2017-ci ilin sonunda isə qiymətlərin 60 dollaradək artacağını təxmin edirik”.
Avqustun 8-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 42,04 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 44,53 dollara satılır.
Naxçıvanda əmək yarmarkası
08.08.2016
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində növbəti əmək yarmarkası təşkil olunub. Yarmarkada şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov təqdimat çıxışları ediblər.
69 təşkilatdan 558 boş iş yerinin çıxarıldığı yarmarkada 40 nəfərə işə göndəriş verilib.
Xəbəri avqustun 8-də AZƏRTAC yayıb.
“Elektron imza” hesabatı
08.08.2016
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi iyul ayı ərzində dövlət qurumları üzrə 1242, hüquqi şəxslər üzrə 350, fiziki şəxslər üzrə isə 68 olmaqla ümumilikdə 1660 “Elektron imza” sertifikatı istifadəyə verib. “Elektron imza” həmçinin “Elektron hökumət” portalının audentifikasiya vasitələrindən biridir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, indiyədək Milli Sertifikat Xidmətləri Mərkəzindən ümumilikdə 94 min 662 “Elektron imza” sertifikatı alınıb. Bunun 62 min 264-ü dövlət qurumlarının, 16 min 140-ı hüquqi şəxslərin, 16 min 258-i isə fiziki şəxslərin payına düşür.
Kreditlərin və əmanətlərin həcmi artıb
08.08.2016
Mərkəzi Bankın yeni hesabatına görə, 2016-cı il iyulun 1-nə Azərbaycanda kreditlərin həcmi 17 milyard 885,4 milyon manat olub. Transparency.az bildirir ki, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 237,1 milyon manat çoxdur. İyunun 1-nə kreditlərin həcmi 17 milyard 648,3 milyon manat idi.
2016-cı il yanvarın 1-nə kreditlərin həcmi 21 milyard 164,5 manat idi. 6 ayda 3 milyard 279,1 milyon manat azalma qeydə alınıb.
Mərkəzi Bankın başqa hesabatına əsasən, bu il iyulun 1-nə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 815,6 milyon manata qalxıb. İyunun 1-nə əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 566 milyon manat idi. Bir ayda 249,6 milyon manat artım olub.
Vaxtı keçmiş kreditlər: yeni rəqəmlər açıqlanıb
08.08.2016
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bir ayda 25,6 milyon manat artaraq iyulun 1-nə 1 milyard 539,8 milyon manata çatıb. Transparency.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə göstərilir.
İyunun 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 514,2 milyon manat idi.
Hazırda vaxtı keçmiş kreditlərin 760,8 milyon manatı xarici valyutada olan kreditlərdir.
Böhranın dəxli yoxdur: milyarderlər daha da varlanıb
08.08.2016
2015-ci ildə dünyada iqtisadi böhrana, bazardakı təlatümlərə baxmayaraq milyarderlər öz varidatlarını artıra biliblər. Novator.az-ın məlumatına görə, “The Wall Street Journal”da dərc olunmuş araşdırma bunu göstərib.
“Wealth-X” analiz şirkətinin araşdırması nəticəsində üzə çıxıb ki, dünyada var-dövləti 1 milyard dollar və daha çox olan adamların varidatının ümumi həcmi 5,4% artaraq ən yüksək həddə — 7,7 trilyon dollara çatıb. Şirkətin araşdırmasında müqayisə üçün xatırladılır ki, ABŞ-ın ümumi daxili məhsulu 17 trilyon dollar həcmindədir.
Araşdırmaya görə, 2015-ci ildə milyarderlərin sayı da artıb: 6,4%. Beləliklə, həmin il dünyada milyarderlərin ümumi sayı 2473 nəfərə çatıb. “Wealth-X” şirkətinin təmsilçisi Devid Barks bunu belə izah edir ki, pul pul gətirir, zənginlik daha çox var-dövlət toplamağa kömək edir.
2015-ci ilin yekun hesablamasına görə, milyarderlərin çoxu, daha dəqiqi, 1013 nəfəri Avropa, Yaxın Şərq və Afrikada yaşayır. İkinci yerdə Şimali və Cənubi Amerika gəlir — burada 782 nəfər milyarder var. Sonrakı yeri Asiya-Sakit Okean bölgəsi tutur. 2015-ci ildə bu bölgədə milyarderlərin sayı xeyli artaraq 678 nəfərə çatıb.
Varidatının həcminə görə ABŞ milyarderləri hamıdan öndə gedir. Bu ölkədə milyarderlərin ümumilikdə 3 trilyon dolları var.
Azərbaycan və Rusiya prezidentləri görüşüb
08.08.2016
Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycan Respublikasına səfərə gəlib. Bakının beynəlxalq aeroportunda ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, həmin gün prezident İlham Əliyevin Vladimir Putinlə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.
Korrupsiya ilə mübarizə planı necə icra olunub?
08.08.2016
Avqustun 8-i Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinq hesabatının təqdimatı keçirilib.
Transparency.az-ın məlumatına görə, “Konstitusiya” Araşdırmalar Fondunun təşkil etdiyi təqdimata dövlət orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və media quruluşlarının təmsilçiləri qatılıb.
Təqdimatda bildirilib ki, monitorinqin metodologiyasını “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin sifarişi ilə “Transparency İnternational-Russia” Antikorrupsiya Təşəbbüsləri və Tədqiqatları Mərkəzinin ekspertləri hazırlayıb. Metodologiya ilə hər bir tədbirin icra vəziyyətini 0-dan 6-ya və ya 9-a kimi qiymətləndirmək mümkün olub.
Monitorinqin aparıldığı 2012-2015-ci illər ərzində milli fəaliyyət planında qeyd olunan 125 bənddən 124-ü qiymətləndirilib. 124 tədbirin 55-də icraya görə bir, 69-da iki və daha çox qurum məsuliyyət daşıyıb. Nəticələrə əsasən, milli fəaliyyət planının 3 il 4 ay müddətində orta göstəricisi 83 faiz təşkil edib. 125 tədbirdən 79-nun icrası başa çatdırılıb, 38 tədbir 50 faiz və ondan yuxarı, 7 tədbir 50 faiz səviyyəsindən aşağı icra olunub. Milli fəaliyyət planının icrası ilə əlaqədar 18 qanun layihəsi, 1 məcəllə, 2 konsepsiya, müxtəlif sahələrin tənzimlənməsi ilə əlaqədar 4 yeni qayda layihəsi hazırlanıb, 7 yeni qayda təsdiqlənib.
Məlumat verilib ki, milli fəaliyyət planında əks olunan 28 istiqamət üzrə ən yaxşı nəticə “Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi”, “Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması”, “Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması”, “Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi” istiqamətlərində qeydə alınıb.
Təqdimat mərasimində o da bildirilib ki, yaxın gələcəkdə onlayn monitorinq mexanizmi işə salınacaq, hər bir dövlət qurumu milli fəaliyyət planından irəli gələn tədbirlər haqqında bütün məlumatları burada yerləşdirə biləcək.
Müzakirələrdə çıxış edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bəzi islahatlar milli fəaliyyət planından deyil, ölkədəki mövcud vəziyyətdən irəli gəlib və həmin məqamların monitorinqin nəticələrində qeyd olunması zəruridir: “Ona görə də metodologiya üzərində təkmilləşmə işi aparılmalıdır. Nəzərə alsaq ki, statistik rəqəmlər heç də hər zaman reallığı əks etdirmir, ekspert rəyləri də çox zaman subyektiv olur, bu zaman dəyişiklik qaçılmazdır. Növbəti monitorinqlərdə metodologiyanın düzgün qurulmasına çalışmalıyıq, çünki metodologiya necə quruldusa, nəticə də ona uyğun olacaq.
Növbəti illərdə açıq hökumətin təşviqinə dair prioritetlərdən biri təkcə hökumətin açıqlığı deyil, vətəndaşın bu açıqlıqdan əldə edəcəyi fayda olmalıdır. Vətəndaşın yaradılmış xidmətlər haqqında məlumatlara əlçatanlığı üçün nə edilib? Bu suala cavab tapa bilsək, həyata keçirilən milli fəaliyyət planları uğurlu olacaq”.
Ekspertin fikirlərinə əlavə olaraq bildirilib ki, monitorinq zamanı təkcə statistik məlumatlar əsasında hesabat hazırlanmamalı, müşahidələrə, araşdırmalara da yer verilməli, alternativ metodologiyanın tətbiqi ilə real vəziyyətin üzə çıxarılmasına, monitorinqin həqiqəti əks etdirməsinə xidmət edilməlidir. Eyni zamanda vətəndaşların dövlət qurumlarının yeni elektron xidmətləri haqqında məlumatlara əlçatanlığını təmin etmək üçün elektron sosial reklamların hazırlanması zəruridir.
Tədbirdə o da vurğulanıb ki, dövlət orqanları hesabatlara, təqdimat və müzakirələrə cəlb edilsələr də, əksər halda bu prosesi formal qəbul edir və laqeyd yanaşırlar.
İcbari tibbi sığortanın tətbiqi istiqamətində addımlar atılmamasının, “Maraqlar toqquşması haqqında” qanunun 2 ildir qəbul olunmamasının, Rəqabət Məcəlləsinin qəbul edilməməsinin korrupsiyaya qarşı mübarizə siyasətinin daha effektiv aparılmasına ciddi maneə olduğu qeyd edilib. Eyni zamanda vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməməsinə qarşı mexanizmin olmaması çox ciddi əngəl kimi diqqətə çatdırılıb.
Bildirilib ki, dövlət müəssisələrinin hesabatlılığı, büdcə vəsaitlərindən səmərəli istifadə olunmasına işlək nəzarət mexanizminin yaradılması ilə bağlı problemlər də qalmaqdadır. O cümlədən hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, qanunvericiliyin antikorrupsiya ekspertizası, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları, korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsi, lombardların və daşınmaz əmlak alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ aktların layihələri, hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması üzrə təkliflər hazırlansa da, bunların təsdiqlənməsi və tətbiqi prosesi ləngiyir.
Bakı sammiti bəyannamə ilə yekunlaşıb
09.08.2016
“Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır”. Avqustun 8-i Bakıda dövlət başçısı İlham Əliyevlə görüşən Rusiya prezidenti Vladimir Putin belə deyib.
Görüşdə çıxış edən İlham Əliyev deyib ki, çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış Azərbaycan-Rusiya münasibətləri bütün sahələri əhatə edir: “Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir. Sentyabr ayında Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunlar bizim münasibətlərimizin inkişafı üçün möhkəm zəmin yaradır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm”.
Vladimir Putin qeyd edib ki, iki ölkənin münasibətləri kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malikdir: “Ən vacibi odur ki, bizim münasibətlərimiz xeyli şaxələndirilib, onlar bütün istiqamətlər üzrə inkişaf edir”.
Rusiya prezidenti ölkəsinin Azərbaycanda təxminən 600 şirkətinin işlədiyini vurğulayıb: “Birbaşa investisiyaların həcmi 1,5 milyard dollara yaxındır. Amma diqqəti bəzi məqamlara cəlb etmək istərdim: bilirik ki, müxtəlif səbəblər üzündən, o cümlədən dünya iqtisadiyyatında, bizim iqtisadiyyatda böhran vəziyyəti, ənənəvi ixrac mallarımızın qiymətinin azalması, bununla əlaqədar məzənnə fərqləri ilə bağlı məlum problemlər dəyər ifadəsində ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb. Bu məsələlərin həlli yollarını axtarmaq çox yerinə düşəcək. Nəzərə almaq lazımdır ki, bunun üçün həqiqətən çox yaxşı baza yaradılıb və Sizinlə tam razıyam ki, bütövlükdə fiziki həcmi qoruyub saxlayırıq.
Əlbəttə, perspektiv üçün yaxşı layihələrimiz var. Özü də bu, təkcə energetika sahəsinə aid deyil. Başqa sahələrdə — maşınqayırma, yüksək texnologiyalar sahələrində də belədir. Fikrimcə bu, son dərəcə vacibdir. Xəzərdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız davam edir”.
Vladimir Putin deyib ki, Qarabağ problemi sovet keçmişindən miras qalıb: “Bunun Azərbaycan və Ermənistan üçün nə qədər kəskin məsələ olduğunu bilirəm. Biz bir məqsədə nail olmağa çalışacağıq: Ermənistan və Azərbaycan kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır, qalib gələn iki ölkənin xalqları olmalıdır. Hər iki dövlət hiss etməlidir ki, onlar bu mürəkkəb məsələni bu günümüzün mənafeyi və gələcək nəsillər üçün həll ediblər”.
AZƏRTAC-ın məlumatına görə, həmin gün Heydər Əliyev Mərkəzində Azərbaycan prezidenti İlham Əliyevin, İran prezidenti Həsən Ruhaninin və Rusiya prezidenti Vladimir Putinin görüşü olub. Söhbət zamanı ilk üçtərəfli görüşün əhəmiyyəti qeyd edilib, ölkələr arasında siyasi, iqtisadi, energetika, nəqliyyat sektorları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra prezidentlər üçtərəfli zirvə görüşündə bir araya gəliblər. Prezident İlham Əliyev deyib ki, İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər: “Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir.
Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir”.
Dövlət başçısı qeyd edib ki, üçtərəfli format iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq: “Rusiya və İran bizim əsas ticarət tərəfdaşlarımızdandır. Əminəm ki, üçtərəfli format ölkələrimizin biznes strukturları üçün də faydalı olacaq. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın yaxşı perspektivləri var. Ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik.
Azərbaycanda sərmayə qoyuluşu üçün münbit şərait yaradılıb. Son 20 ildə Azərbaycana 200 milyard dollar investisiya yatırılıb. Bunun yarısı xarici sərmayədir. Kənd təsərrüfatı, turizm, telekommunikasiya sahələri sərmayə qoyuluşu üçün böyük potensiala malikdir. Davos Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətliliyi indeksində Azərbaycan 40-cı yerə layiq görülüb.
Elektroenergetika sektorunda əməkdaşlıq uğurla aparılır. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkə ilə enerji mübadiləsinin həcmi ildən-ilə artır.
Nəqliyyat sektorunda əməkdaşlığın çox gözəl və ümidverici gələcəyi var. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İran sərhədinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, biz yaxın aylarda buna nail olacağıq. Bu yaxınlarda Azərbaycan-İran sərhədində Astaraçay üzərində dəmiryolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur layihələri “Şimal-Cənub” nəqliyyat dəhlizinin ayrılmaz tərkib hissəsidir.
“Şimal-Cənub” nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi var. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq”.
İran və Rusiya prezidentləri də zirvə görüşündə çıxış ediblər. Sonda İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin zirvə görüşünün birgə bəyannaməsini imzalayıblar.
Avqustun 8-də İlham Əliyevin adından ali qonaqların şərəfinə rəsmi ziyafət verilib. Daha sonra İlham Əliyev Vladimir Putini evinə çay süfrəsinə dəvət edib. Prezidentlər çay süfrəsi arxasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Rubl bahalaşıb, avronun kursu düşüb, dollar yerində qalıb
09.08.2016
Avqustun 9-da ABŞ dollarının rəsmi məzənnəsi dəyişməz qalıb. Mərkəzi Bank 1 dolları ötən gün olduğu kimi 1,6005 manata təklif edir.
Avronun kursu isə yenilənib. Transparency.az-ın məlumatına görə, avqustun 8-də 1,7774 manata satılan 1 avro 1,7738 manatadır. Amma Rusiya rublunun məzənnəsində artım var. 1 rubl 0,0244 manatdan 0,0247 manata qalxıb.
Bu gün Mərkəzi Bank digər valyutalara belə qiymət qoyub:
1 gürcü larisi – 0,6811 manat
1 ingilis funt sterlinqi – 2,0805 manat
1 İsveçrə frankı – 1,6277 manat
1 türk lirəsi – 0,5366 manat.
Dostları ilə paylaş: |