Xəbər bülleteni №9



Yüklə 409,29 Kb.
səhifə2/5
tarix26.02.2017
ölçüsü409,29 Kb.
#9837
1   2   3   4   5

      Bəkir Nərimanoğlu

Qanunlar lisenziya qaydalarında nəzərdə tutulandan əlavə sənədlərin alınmasını qadağan etsə də, Azərbaycanda lisenziyalaşdırma və icazələrin verilməsi prosesi region ölkələri ilə müqayisədə çox uzundur.

Prezidentin 26 oktyabr 2011-ci ildə imzaladığı “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” fərmanda da qeyd edilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif dövlət orqanlarından çox icazə tələb edilir, bu isə sahibkarlığın inkişafına, məşğulluğun artmasına və iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir göstərir, mövcud vəziyyət sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sisteminin təkmilləşdirilməsini zəruri edir.

2002-ci ildə vəziyyət daha yaxşı olub

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, sahibkar lisenziyanın qüvvədə olduğu müddətdə onun əlavəsində göstərilməyən işlər və xidmətlərlə məşğul olmaq üçün yenidən müraciət etdikdə fəaliyyət növünə lisenziya verilməsinə görə nəzərdə tutulan dövlət rüsumunun 50 faizini ödəyir. Qurumun ekspertlərinin fikrincə, bəzi fəaliyyət sahələrinə lisenziyaların verilməsini tənzimləmək məqsədilə 2002-ci ildə imzalanmış prezident fərmanı lisenziyalaşdırma sahəsində əsas islahat hesab edilə bilər. Tədqiqatda deyilir: “Həmin sənədlə həm lisenziyaların müddətləri uzadıldı, həm də lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayı bir xeyli azaldıldı. Ancaq 2002-2012-ci illərdə hökumət tədricən lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayını artırdı. Bununla da lisenziyalaşdırma ölkədə xüsusən kiçik və orta sahibkarlıq subyektləri qarşısında bürokratik əngəllərdən birinə çevrilməyə başladı.

Lisenziyaların verilməsi prosesinin uzunluğu, səbəb göstərilmədən lisenziya verilməsindən imtina, korrupsiya riski və resurs itkisi bu sahədə sahibkarların şikayətləndiyi əsas məsələlərdir. Azərbaycanda kiçik və orta sahibkarlıq da daxil olmaqla özəl sektorun fəaliyyətinin dövlətdən tənzimlənən aspektlərini, konkret olaraq biznesin qeydiyyatı və yoxlamaları əhatə edən islahatlarla müqayisədə lisenziyalaşdırma islahatları çox ləng gedib. Halbuki lisenziyalaşdırma sahəsindəki islahatlar müəssisələrin satış həcminə, innovasiya səviyyəsinə və məhsuldarlığa təsir etmək imkanına sahibdir. Hesablamalar göstərir ki, lisenziya sahəsi üzrə islahatlar Azərbaycanda özəl sektorun ildə milyonlarla manat vəsaitə qənaət etməsinə şərait yarada bilər.

Bundan sonrakı mərhələdə ölkə üçün lisenziyalaşdırma sisteminin islahatlarında hüquqi və institusional dəyişikliklərlə yanaşı daha bir mühüm istiqamət inzibati sadələşdirmə ola, bu da lisenziya əldə etməyin xərcini və prosesdəki vaxt itkisini müəyyən qədər azaltmağa yönələ bilər”.

Hazırda alt fəaliyyət növləri ilə birlikdə 100-dən artıq lisenziya tələb edilir.

Yenilik mesajları

Prezidentin 26 oktyabr 2011-ci il fərmanında deyilir ki, Nazirlər Kabineti “Lisenziyalar və icazələr haqqında” qanun layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib: “Hazırda qanun layihəsinin son versiyasının razılaşdırılması istiqamətində birgə müzakirələr davam etdirilməkdədir”.

Prezidentin 31 avqust 2015-ci il fərmanında İqtisadiyyat və Sənaye Nazirliyinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə “Elektron lisenziya” portalının yaradılması tapşırılıb.

Nazirlikdən bildiriblər ki, bu istiqamətdə islahatların davamlı aparılmasında əsas məqsəd biznes mühitinin daha da yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, müasir və çevik idarəetməni təmin etməkdir: “Portal fəaliyyətə başlayanda sahibkarlar qısa vaxt ərzində xüsusi razılıq (lisenziya), sertifikat və digər müvafiq sənədləri elektron qaydada əldə etmək imkanı qazanacaqlar. Digər tərəfdən sahibkarlıq sahəsində yekun hüquqi sənədin müraciət edən şəxsə verilməsi vətəndaş məmnunluğuna və əlavə inzibati tələblərə yol verilməməsinə gətirib çıxaracaq”.



Nələr dəyişməlidir?

İqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, mövcud icazə və lisenziya sistemi iqtisadiyyatın inhisarlaşmasına xidmət edir: “Lisenziyaları ayrıayrı qurumlar deyil, vahid bir dövlət qurumunun vermәsi yaxşı olardı. Lisenziya o fəaliyyətlərə tələb olunmalıdır ki, insan həyatı üçün təhlükəli olsun, ekologiyaya mənfi təsir göstərsin. Ancaq Azərbaycanda insan həyatı üçün vacib olan sahələrdə lisenziyalara rüsum aşağıdır. Əksinə, elə sahələr var ki, dünya praktikasına görə lisenziya lazım deyil. Bizdə məmurlar lisenziyaya sadəcə qazanc mənbəyi kimi baxırlar. Lisenziya verən qurumlar bu və digər sektora yalnız özlərinə yaxın sahibkarları buraxıb iqtisadiyyatı monopoliyaya alırlar. Bu, iqtisadiyyat üçün təhlükəlidir”.

“Lisenziyalaşdırma fəaliyyəti: beynəlxalq təcrübə və Azərbaycan reallığı” adlı tədqiqatın müəllifi Kənan Aslanlı deyir ki, Azərbaycanda lisenziyalaşdırma sahəsində ciddi islahatların aparılmasına, lisenziya və icazələrin sayının daha da optimallaşdırılmasına ehtiyac var. Onun fikrincə, mövcud qaydaların mürəkkəbliyi, lisenziya və icazələrin sayının çoxluğu ölkədə kiçik və orta sahibkarlığın inkişafına maneələr yaradır. Xüsusilə də lisenziyalaşdırma prosedurunun uzun çəkməsi, ödənişlərin məbləğinin yüksək olması sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənləri qeydiyyatdan çəkindirir: “Hər şeydən əvvəl lisenziya legitim tənzimləyici məqsəd daşımalıdır və ondan bürokratik əngəl kimi istifadə edilməməlidir. Lisenziyalaşdırma fəaliyyətinin iki əsas səbəbi və ya əsaslandırması var: ictimai maraqları qorumaq və məhdud təbii resurslardan səmərəli istifadə etmək. Lisenziyalaşdırma qaydalarının hazırlanması və tətbiqi zamanı bu amillər mütləq nəzərə alınmalıdır ki, istənilən şəxs öz biznesini rahat şəkildə qura bilsin”.

İcra başçısının yeri dəyişdirildi

22.09.2015

arif qasimov 3

Sentyabrın 22-də prezident İlham Əliyev Arif Qasımovu Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Bakının Nizami Rayon İcra Hakimiyyətinə başçı təyin edib.

Nizami Rayon İcra Hakimiyyətinin bundan əvvəlki başçısı Tahir Budaqov idi. Tahir Budaqov avqustun 13-də icra baçısı vəzifəsindən azad olunaraq Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Arif Adil oğlu Qasımov 1965-ci ildə Şərurun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı, Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.

Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Bakının Nizami bələdiyyəsinin sədri olub.

Arif Qasımov 19 iyul 2011-ci ildən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı idi.

Azərbaycan internetdən istifadə göstəricisinə görə 192 ölkə arasında 63-cüdür

23.09.2015



internetAzərbaycan internetdən istifadə göstəricisinə görə 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Mincom.gov.az-ın məlumatına görə, BMT-nin 2015-ci il üçün “Genişzolaqlı internetin vəziyyəti” adlı hesabatında belə deyilir.

Hesabata əsasən, 3,2 milyard insanın internetə çıxış imkanı var, bu da dünya əhalisinin 43 faizini təşkil edir.

İnternetə çıxış inkişaf etməkdə olan ölkələrdə əhalinin yalnız 35 faizi üçün əlçatandır. BMT-nin daha az inkişaf etmiş ölkələr kimi müəyyənləşdirdiyi 48 ölkədə vəziyyət xüsusilə ağırdır: əhalinin 90 faizindən çoxu internetə qoşulma imkanına malik deyil.

İnternetdən istifadə göstəricisinə görə Azərbaycan reytinq cədvəlində 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Bu rəqəm ölkə əhalinin 61 faizinin internetdən istifadə etməsi anlamına gəlir.

Belarusda əhalinin 59, Qazaxıstanda 54, Gürcüstanda 48, Ermənistanda 46 faizinin internetə çıxış imkanı var.

2015-ci il üzrə məlumatlara əsasən, Koreya Respublikası ev təsərrüfatlarında genişzolaqlı rabitənin ən yüksək nüfuzetmə səviyyəsi ilə fərqlənir. Bu ölkədə ev təsərrüfatlarının 98,5 faizi internetə çıxış imkanına malikdir; Qətər (98 faiz) və Səudiyyə Ərəbistanı (94 faiz) bu göstərici üzrə ikinci və üçüncü pillələrdə qərarlaşıb. İslandiyada internetdən istifadə edənlərin sayı 98,2 faiz, Norveçdə 96,3 faiz, Danimarkada 96 faiz təşkil edir.

Genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsinə görə lider olan Monako İsveçrəni cüzi olaraq qabaqlayır. Hazırda Monako, İsveçrə, Danimarka, Niderland, Lixtenşteyn və Fransada stasionar genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsi 40 faizi ötür.

Ümumilikdə dünyanın 79 ölkəsində yaşayan əhalinin 50 faizindən çoxu internetə çıxış imkanına malikdirlər.

İnternetə çıxışın ən aşağı səviyyəsi Afrikada Saharadan cənubda yerləşən ölkələrdə qeydə alınıb.

Vladimir Putin Yaqub Eyyubovu ordenlə təltif etdi

23.09.2015

yaqub eyyubovAZƏRTAC xəbər verir ki, baş nazirin birinci müavini Yaqub Eyyubov Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə “Dostluq” ordeni alıb. Təltif Yaqub Eyyubovun “dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfəsi” ilə əsaslandırılıb.

Gələn ay Yaqub Eyyubovun 70 yaşı tamam olur. 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olan Yaqub Eyyubov inşaat mühəndisi, texnika elmləri doktoru, professordur. 1999-2003-cü illərdə baş nazirin müavini olub. 2003-cü ildən baş nazirin birinci müavinidir.



Arıçılıq yarmarkası: Kənd Təsərrüfatı Nazirliyi şərtləri açıqlayıb

23.09.2015

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 10-dan noyabrın 10-dək Bakıda, Nizami küçəsi, 92-də (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkasını keçirəcək.

Agro.gov.az xəbər verir ki, iştirak etmək istəyən arıçılardan bu sənədlər tələb olunur:

- Şəxsiyyət vəsiqəsi

-  Arıxananın baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi)

-  Rayon (şəhər) baytarlıq idarəsindən verilən baytarlıq şəhadətnaməsi (Forma № 2)

-  Sərgi-satış yarmarkasına gətirilmiş arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi barədə ekspertiza rəyi

Yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan (yəni arı saxlayan şəxslər) iştirak edə bilərlər. Müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.

Arıçılar öz məhsullarını tam həcmdə oktyabrın 1-dən 9-dək yarmarkanın müvəqqəti saxlanma anbarına təhvil verməlidirlər.

Sənaye istehsalı haqqında rəsmi hesabat

23.09.2015



komiteDövlət Statistika Komitəsi sənaye istehsalı haqqında rəsmi hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2015-ci ilin yanvar-avqust aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal edib.

Sənaye məhsulunun 63,1 faizi mədən, 29,1 faizi emal, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal olunub.

Mədən sənayesində məhsul istehsalı 1,3 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 4,2 faiz artıb, neft hasilatı isə 2,5 faiz azalıb.

Emal sənayesində qida məhsullarının istehsalı 3,5 faiz, neft məhsullarının istehsalı 1,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 72,4 faiz, tikinti materiallarının istehsalı 13,7 faiz, metallurgiya məhsullarının istehsalı 6 faiz, hazır metal məmulatlarının istehsalı 53,7 faiz, elektrik avadanlıqlarının istehsalı 29,4 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 3,8 faiz çoxalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,3 faiz artıb, neft sektorunda isə 0,9 faiz azalıb.

Kredit faizlərində bölgə fərqi nədən yaranır?

23.09.2015

vuqar bayramovMərkəzi Bankın hesabatına görə, Azərbaycanda kreditlər orta hesabla 13,4 faizlə təklif edilir. Paytaxt sakinləri kreditləri orta hesabla 12 faizlə alır. Abşeron iqtisadi rayonunda bu göstərici 19 faizədək yüksəlir.

Rəsmi statistikaya əsasən, Lənkəran iqtisadi rayonunda orta kredit faizləri Bakı ilə müqayisədə 2 dəfə çoxdur. Dağlıq Şirvan və Aran iqtisadi rayonlarında da vəziyyət fərqlənmir: rəsmi göstəricilər 23 və 22,9 faizdir.

Şəki-Zaqatala iqtisadi rayonunda isə kreditə görə orta hesabla 22,1 faiz ödəyirlər.

Transparency.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, Mərkəzi Bankın hesabatı iki mühüm məqamı gündəmə gətirir: niyə rayonlarda orta kredit faizi Bakıya nisbətən 2 dəfə yüksəkdir və doğrudanmı paytaxtda 12 faizlə kredit təklif edilir?

Ekspertin fikrincə, rayonlarda faizlərin yüksək olmasının əsas səbəblərdən biri bölgələrin biznes kreditlərindən daha az faydalanması ilə bağlıdır: “Risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Nisbətən aşağı faizli ipoteka kreditlərinin daha çox paytaxtın payına düşməsi də kredit faizlərinə təsir göstərir. İndiyədək təqdim edilən 17079 ipoteka kreditinin 11679-u paytaxtın, 1563-u Sumqayıtın, 773-ü Abşeron və Xırdalanın, 599-u Gəncənin, 142-i Naxçıvanın payına düşüb. Mingəçevir 65, Lənkəran isə 35 ipoteka kreditindən faydalana bilib. Son 9 ildə rayonların əksəriyyətinin aldığı ümumi ipoteka kreditlərinin sayı 10-dan az olub”.

İqtisadçı qeyd edib ki, rayonlarda bank filiallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir.

Vüqar Bayramov onu da deyib ki, rəsmi orta kredit faizləri ilə vətəndaşların cəlb etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur: “Aydındır ki, Bakıda 12 faizlə nəinki istehlak krediti, hətta əksər hallarda biznes krediti cəlb etmək xeyli müşküldür. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərin də faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faizlə real faiz arasında fərq yaradır”.

Dövlət fondunda qeydiyyata alınan əcnəbilərin sayı 16 faizdən çox artıb

23.09.2015

dsmf sonSentyabrın 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,21 faiz artıb. Fondun ictimaiyyətlə əlaqələr sektorunun yaydığı məlumata görə, avqust ayı ərzində əlavə olaraq 558 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 175 nəfərə yüksəlib.

Ümumilikdə 114 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 326 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci olan Gürcüstan vətəndaşlarının sayı 2 873 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 546 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (954), Hindistan (881), Çin Xalq Respublikası (837), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (532), Pakistan İslam Respublikası (520), Ukrayna (378), Banqladeş Xalq Respublikası (345), Özbəkistan (264), Almaniya Federativ Respublikası (231), ABŞ (220), Filippin Respublikası (220), Türkmənistan Respublikası (205), Qazaxıstan Respublikası (196), Koreya (188), İtaliya Respublikası (184) qərarlaşıb.

AŞPA missiyası seçki bəyanatı yaydı: “Ölkə təcrid edilməməlidir”

23.09.2015

ashpaSentyabrın 21-22-də Bakıya səfər etmiş Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyəti bəyanat yayıb. APA-nın məlumatına görə, bəyanatda qeyd olunur ki, AŞPA-nın seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və 1 noyabr parlament seçkisini müşahidə etmək üçün beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilən dəvətləri alqışlayır: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Azərbaycan rəhbərliyi müşahidəçilərin sayı və metodologiyası məsələsində razılığa gələ bilməyib və bu səbəbdən də bu missiya seçkinin müşahidəsindən imtina edib. AŞPA-nın seçkiqabağı missiyası tam sayda müşahidə missiyası həyata keçirməkdə təkid edir, monitorinq altında olan ölkədə seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin qanunla müəyyən edilmiş vəzifəsidir.

Heyətin Azərbaycanda görüşdüyü həmsöhbətlər qeyd ediblər ki, 5 il əvvəlki parlament seçkisindən sonra irəliləyiş əldə olunub və buna görə də ölkə təcrid edilməməlidir. Seçkiöncəsi missiya Mərkəzi Seçki Komissiyasında parlament seçkisinə hazırlığın müxtəlif mərhələləri barədə məlumatlandırılıb. Komissiyanın verdiyi məlumata əsasən, indiyə kimi heç bir şikayət daxil olmayıb. Parlamentə daxil olmayan müxalif partiya nümayəndələri bütün namizədlər üçün bərabər imkanın yaradılmasının, o cümlədən sərbəst şəkildə imzaların toplanmasına imkan yaradılması və hakim partiyanın xeyrinə olaraq administrativ resurslardan sui-istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Seçki Məcəlləsi dövlət televiziya və radiosunda bütün siyasi partiyalar üçün pulsuz efir vaxtının və dövlətdən maliyyələşən çap mediasında pulsuz yerin ayrılmasını nəzərdə tutur. Bu baxımdan nümayəndə heyəti bütün seçki iştirakçılarına eyni şərtlərin və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün fikir azadlığı və azad medianın təmin olunmasının vacibliyini qeyd edir.

Azərbaycan rəhbərliyi AŞPA-nın nümayəndə heyətinin əmin edib ki, səsvermə və səslərin sayılması prosesi daxil olmaqla seçki prosesinin şəffaflığını təmin etmək üçün bütün vacib tədbirləri görəcək”.

Siprasın hökuməti and içdi

23.09.2015



sipras
Yunanıstanda SİRİZA Partiyasının lideri Aleksis Siprasın baş nazirliyi ilə qurulmuş yeni hökumətin üzvləri sentyabrın 23-ü Afinadakı prezident sarayında and içib. Transparency.az qeyd edir ki, yeni hökumətdə 46 nəfər yer alır.

Sentyabrın 20-də keçirilmiş növbədənkənar parlament seçkisində radikal solların SİRİZA Partiyası 300 yerlik parlamentdə 145 mandata sahib çıxıb. SİRİZA-nın müttəfiqi olan ANEL (Azad Yunanlar) Partiyası 10 mandat qazanıb. Bununla da SİRİZA yenidən hökuməti formalaşdırmaq hüququ əldə edib.

Bu ilin yanvarında hakimiyyətə gələn Aleksis Sipras hökuməti avqustun 20-də daxili ziddiyyətlər üzündən istefaya getmiş, ardınca növbədənkənar parlament seçkisi təyin olunmuşdu.

IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi toplaşıb

23.09.2015

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi sentyabrın 23-də birinci iclasına toplaşıb. İclasa prezident İlham Əliyev sədrlik edib.

İlham Əliyev İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini deyib, bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğulayıb.

AZƏRTAC-ın məlumatına görə, Avropa Oyunlarının nəticələrini qeyd edən dövlət başçısı bu yarışların standartlarının Azərbaycanda müəyyən olunduğunu deyib: “Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”.

Prezident Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını deyib, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib. Dövlət başçısı bu səylərin boşa çıxdığını deyərək bildirib ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə gördülər, ölkənin multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərdən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkarlığının şahidi oldular. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət apardığını və sürətlə inkişaf edən ölkə olduğunu deyib, gələcəkdə belə bayramların daha çox olacağına əminliyini ifadə edib.

İclasda IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və gənclər və idman naziri Azad Rəhimov da çıxış ediblər.



iclas

İcra başçılarının doğum yerləri

23.09.2015

Azərbaycanın şəhər və rayonlarının icra hakimiyyəti başçıları harada anadan olublar? Transparency.az/cnews bununla bağlı arayış hazırlayıb.

Paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbov Türkmənistanda dünyaya gəlib.

Bakının rayonlarından Xətainin icra başçısı Razim Məmmədov, Pirallahının icra başçısı Vasif İmanov, Suraxanının icra başçısı İlqar Abbasov Ermənistan Respublikasında doğulublar.

Qaradağın icra başçısı Süleyman Mikayılov və Nəsiminin icra başçısı Asif Əsgərov Naxçıvan şəhərində anadan olublar.

Paytaxtın digər rayonlarına gəlincə, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov Goranboyda, Xəzərin icra başçısı Gülağa İslamov Bakıda, Nərimanovun icra başçısı Abdin Fərzəliyev və Nizaminin icra başçısı Arif Qasımov Şərurda, Sabunçunun icra başçısı Adil Vəliyev Qubadlıda, Səbailin icra başçısı Eldar Əzizov Bakıda, Yasamalın icra başçısı İbrahim Mehdiyev Ağdaşda doğulub.

Ölkənin ikinci böyük şəhəri Gəncənin icra başçısı Elmar Vəliyev Yevlaxda dünyaya göz açıb.

Sumqayıtın icra başçısı Zakir Fərəcov Laçında, Mingəçevirin icra başçısı Niyazi Bayramov Bakıda doğulub.

Şirvana rəhbərlik edən Mərdan Camalov isə elə həmin şəhərdə dünyaya gəlib.

Digər bölgələrin icra başçıları bu şəxslərdir:

Abşeron — İradə Gülməmmədova, Şuşa

Ağcabədi — Şahin Məmmədov, Bərdə

Ağdam — Raqub Məmmədov, Ağdam

Ağdaş — Tofiq İbrahimov, Qəbələ

Ağstafa — Məhərrəm Quliyev, Lənkəran

Ağsu — Ənvər Seyidəliyev, Ağsu

Astara — Qəzənfər Ağayev, Naxçıvan şəhəri

Balakən — İslam Rzayev, Göyçay

Beyləqan — Vaqif Abdullayev, Ermənistan Respublikası

Bərdə — Vidadi İsayev, Ermənistan Respublikası

Biləsuvar — Mahir Quliyev, Kəlbəcər

Cəbrayıl — Mahmud Quliyev, Cəbrayıl

Cəlilabad — Əziz Əzizov, Cəbrayıl

Daşkəsən — Əhəd Abıyev, Masallı

Füzuli - Alı Alıyev, Füzuli

Gədəbəy — Ramiz Yediyarov, Ermənistan Respublikası

Goranboy — Nizaməddin Quliyev, Goranboy

Göyçay — Mübariz Ağayev, Ucar

Göygöl — Arif Seyidov, Göygöl

Hacıqabul — Əhməd Muxtarov, Yevlax

Xaçmaz — Şəmsəddin Xanbabayev, Ordubad

Xızı — Xəzər Aslanov, Bakı

Xocalı — Şahmar Usubov, Xocalı

Xocavənd — Eyvaz Hüseynov, Xocavənd

İmişli — Vilyam Hacıyev, Göygöl

İsmayıllı — Mirdaməd Sadıqov, İsmayıllı

Kəlbəcər — Aqil Məmmədov, Kəlbəcər

Kürdəmir — Ceyhun Cəfərov, Yevlax

Qax — Musa Şəkiliyev, Qax

Qazax — Ayaz Əsgərov, Tovuz

Qəbələ — Səbuhi Abdullayev, Bakı

Qobustan — Adil Məmmədov, Oğuz

Quba — Yaşar Məmmədov, Bakı

Qubadlı — Malik İsaqov, Qubadlı

Qusar — Şair Alxasov, Qusar

Laçın — Akif Səlimov, Laçın

Lerik — Rövşən Bağırov, Bakı

Lənkəran — Taleh Qaraşov, Kürdəmir

Masallı — Rafil Hüseynov, Bərdə

Naftalan — Natiq Aslanov, Naftalan

Neftçala — İsmayıl Vəliyev, Gəncə

Oğuz — Eyvaz Qurbanov, Oğuz

Saatlı — Siraqəddin Cabbarov, İmişli

Sabirabad — Nazim İsmayılov, Göyçay

Şabran — Novruz Novruzov, Lerik

Salyan — Tahir Kərimov, Sədərək

Şamaxı — Asif Ağayev, Sabirabad

Samux — Alı Qocayev, Qazax

Şəki — Elxan Usubov, Mingəçevir

Şəmkir — Alimpaşa Məmmədov, Salyan

Şuşa — Bayram Səfərov, Şuşa

Tərtər — Müstəqim Məmmədov, Yevlax

Tovuz — Tofiq Zeynalov, Tovuz

Ucar — Mənsur Məmmədov, Ucar

Yardımlı — Sevindik Hətəmov, Laçın

Yevlax — Qoca Səmədov, Yevlax

Zaqatala — Mübariz Əhmədzadə, Qax

Zəngilan — Ramiz Həsənоv, Cəbrayıl

Zərdab — Lütvəli Babayev, Zərdab.

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.

Neft Fondu Tokioda daşınmaz əmlak alıb

23.09.2015



fond 1Dövlət Neft Fondu Yaponiyanın paytaxtı Tokioda 52,3 milyard yen (100 yapon yeni 0.8751 manatdır) dəyəri olan “Kirarito Ginza” ticarət obyektini satın alıb. Alğı əməliyyatı yerli “Mitsubishi UFJ Trust and Banking Corporation” şirkəti ilə birgə həyata keçirilib.

Fonddan Transparency.az-a verilən məlumata görə, bu, Yaponiyada ilk daşınmaz əmlak investisiyasıdır.

“Kirarito Ginza” ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb. Ümumi sahəsi 15 647 kvadratmetr olan binanı 47 şirkət icarəyə götürüb.

İbrahim Məmmədov Azteleradio sədrinin müavini vəzifəsindən çıxarıldı

23.09.2015

ibrahim mememdov

Prezident İlham Əliyev sentyabrın 23-də sərəncam imzalayaraq İbrahim Məmməd oğlu Məmmədovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edib.

İbrahim Məmmədov ixtisasca tarixçidir. Jurnalist fəaliyyəti ərzində “Çağ”, “Azadlıq” qəzetlərində, ANS televiziyasında çalışıb. Azteleradio sədrinin müavini vəzifəsinə bir neçə il əvvəl təyinat almışdı.

111 nəfərin namizədliyi qeydə alınıb

23.09.2015

msk 01Sentyabrın 23-dək 1183 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. APA-nın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov belə deyib.

MSK sədrinin sözlərinə görə, 543 nəfərin namizədliyini siyasi partiyalar, 57 nəfərin namizədliyini “Azadlıq-2015” siyasi partiyalar bloku, 3 nəfərin namizədliyini təşəbbüs qrupları, 680 nəfərin namizədliyini özləri verib, bu günədək 111 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Parlament seçkisi noyabrın 1-də 125 dairə üzrə keçiriləcək.

Əli Kərimli yenidən AXCP sədri seçilib

28.09.2015

eli kerimli
Azərbaycan Xalq Cəbhəsi Partiyası sentyabrın 27-də Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət sarayında VI (IX) qurultayını keçirib.

“Azadlıq” qəzetinin yazdığına görə, qurultayda hesabat məruzəsi ilə çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, ölkədə müxalifətin məhv edilməsi, vətəndaş cəmiyyətinin sıradan çıxarılması, azad mətbuatın qapadılması siyasəti aparılır, 80 nəfər tanınmış ictimai-siyasi xadim həbsdədir: “Ölkədə müxalif olmaq, müstəqil söz demək kriminal hərəkətə bərabər tutulur, müxalifətin sıralarını seyrəltmək üçün hər cür çirkin vasitədən istifadə olunur. Müxalifətçiləri həbs etmək, hədələmək, ələ almaq, müxtəlif vasitələrlə əqidəsindən imtinaya sövq etmək geniş yayılmış praktikadır. Bunun nəticəsidir ki, Azərbaycanın ictimai-siyasi həyatının böyük bir hissəsi 22 illik avtoritar rejimin faktiki nəzarətindədir. Lakin belə bir vəziyyətdə də AXCP öz prinsiplərinə, dəyərlərinə sədaqətlə ölkədə real müxalifətçiliyi davam etdirir”.

AXCP sədri sosial məsələlərə toxunaraq qeyd edib ki, neftin qiymətinin düşməsi Azərbaycanın iqtisadi siyasətinin iflası ilə nəticələnib: “Azərbaycanın dövlət rezervləri bir il ərzində 52 faiz azalıb. Mərkəzi Bankın 8 milyard rezervi xərclənib. Ölkə iqtisadi fəlakətə gedir. Azərbaycanın iqtisadi siyasəti iflasa uğrayıb”.

Əli Kərimli hökumətin Qarabağ siyasətinin də iflasa uğradığını vurğulayıb: “İyirmi iki il ərzində bir qarış da torpaq əldə edə bilməyiblər. Azərbaycan xalqına hər il vəd verirdilər ki, problem həll olunacaq. Amma nəticə yoxdur. Nəticə də ola bilməzdi. Çünki bu hökumətin məqsədi Qarabağ problemini həll etmək deyil, varlanmaqdır”.

Qurultayda AXCP sədrliyinə açıq seçki olub. AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Sahib Kərimov partiya sədrliyinə namizədliyini geri götürüb, Əli Kərimli yekdilliklə sədr seçilib. Əli Kərimli yekun çıxışında qeyd edib ki, bir neçə il qabaq sədrlikdən getmək barədə düşünüb, amma indiki repressiyalar şəraitində mübarizəni davam etdirməyi üstün tutur.

Əli Kərimli 1965-ci ildə Saatlı rayonunda anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əbülfəz Elçibəy hakimiyyəti zamanı Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi təyin olunub.

1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.

Kataloniyada seçkini separatçılar uddu

28.09.2015

kataloniya
İspaniyanın muxtar Kataloniya vilayətinin parlamentinə sentyabrın 27-də keçirilmiş seçkinin ilkin nəticələri açıqlanıb. Transparency.az xəbər verir ki, bölgənin İspaniyadan ayrılmasının tərəfdarı olan “Birlikdə “hə” koalisiyası (Junts pel Si) 135 yerlik parlamentə 62 mandat qazanıb. Bu koalisiya ilə eyni mövqedə dayanan Xalq Birliyi Partiyası 10 mandat götürüb. Mandatların qalanı bölgənin İspaniyanın tərkibində qalmasını istəyən partiyalara qismət olub.

Separatçı koalisiyanın lideri, muxtar vilayətin başçısı Artur Mas bəyan edib ki, Kataloniyanın İspaniyadan ayrılması üçün proses başladacaq.

Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb. Ərazisi 32 min 114 kvadrat kilometr, əhalisi 8 milyon nəfərə yaxındır.

Muxtar vilayətdə ötən il noyabrın 9-da keçirilmiş rəy sorğusunda iştirak edənlərin 80,76 faizi Kataloniyanın müstəqil dövlət olmasına səs verib. İspaniya hökuməti bu rəy sorğusunu qanunsuz elan edib.

Metroda pul xırdalamaq mümkün olmayacaq

28.09.2015



baki_kartOktyabrın 1-dən Bakı Metropolitenində “Metrokart”ın istifadəsi dayandırılacaq, gediş yalnız “Bakıkart”la mümkün olacaq. Transparency.az-a açıqlama göndərən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yeni sistemin tətbiqi ilə əlaqədar stansiyalarda pul xırdalama fəaliyyəti göstərən xəzinələrin fəaliyyəti dayandırılır: “Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “Baku Bus” MMC-nin dayanacaqlarında, həmçinin mətbuat yayımı köşklərində quraşdırılan terminallar vasitəsilə həyata keçirilir. Vətəndaşlardan metropolitendən istifadə edərkən karta yükləyəcəyi məbləğdə xırda pul götürməsi xahiş olunur.

“Bakıkart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət etmək mümkündür”.

Avqustun 8-dən “Bakı Metropoliteni” QSC-də vahid ödəniş kartı olan “Bakıkart” və “Bakıkart — məhdud istifadə üçün” kartları tətbiq olunur. “Bakıkart”ın (plastik kart) qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. Qiyməti 20 qəpik olan “Bakıkart — məhdud istifadə üçün” kartına yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 20 qəpikdir. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil.

Daşkəsənin nəyi yoxdur…

28.09.2015

rovshen_agayevTransparency.az-a danışan iqtisadçı ekspert Rövşən Ağayev deyib ki, ölkənin bir çox bölgəsi təbii imkanları və resursları müqabilində acınacaqlı durumdadır. O, Daşkəsən rayonunu misal gətirib: “Bu rayon ölkənin meşə ehtiyatlarının təxminən 3%-nə sahibdir. Turizm üçün əvəzsiz potensialı var. Ölkənin polad sənayesi üçün 1 nömrəli xammal bazasıdır. Rəsmi statistikaya görə, ölkədə istehsal olunan dəmir filizinin hamısı bu rayonun payına düşür. Son illər dəmir filizinin illik istehsalı 250 min tona çatıb.

Eyni zamanda Daşkəsən mərmər istehsalının aparıcı rayonudur.

Daşkəsən kənd təsərrüfatına yararlı torpaqların adambaşına düşən həcminə görə kənd rayonları arasında 5-ci sıradadır. Adambaşına 2,32 hektar yararlı torpaq düşür. Ölkə üzrə orta göstərici 0,50 hektardan da azdır.

Bu qədər resursun qarşılığında, rəsmi statistikaya görə, Daşkəsəndə əhalinin adambaşına gəlirləri ölkə üzrə orta göstəricinin heç 55%-i qədər də deyil. Yerli vergilərin adambaşına həcminə görə Daşkəsən ən pis 10-luqda yer alır. Rayon ərazisinin hər kvadrat kilometrinə düşən bərk örtüklü yolların həcmi, təbii qazla təminat, genişzolaqlı internetə çıxış göstəricilərində də oxşar vəziyyətdir.

Ən fəlakətlisi isə təhsillə bağlıdır. Daşkəsən təhsil göstəricisində son 10-luqdakı rayonlar sırasındadır. Təhsil göstəriciləri hesablanarkən 9-cu sinif buraxılış imtahanlarının nəticələri və 17 yaşlı uşaqların ali məktəbə qəbul əmsalı nəzərə alınıb”.

Hansı dairədən neçə namizəd qeydə alınıb?

28.09.2015

sechki1 noyabr parlament seçkisində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu oktyabrın 2-də baş çatır. Sentyabrın 28-də Transparency.az/cnews dairələr üzrə neçə nəfərin namizədliyinin qeydə alındığına nəzər salıb:

1 saylı Şərur-Sədərək — 3 nəfər

2 saylı Şərur — 1 nəfər

3 saylı Babək-Kəngərli-Naxçıvan — 3 nəfər

4 saylı Naxçıvan şəhər — 2 nəfər

5 saylı Şahbuz-Babək — 3 nəfər

6 saylı Culfa-Babək — 4 nəfər

7 saylı Ordubad-Culfa — 3 nəfər

8 saylı Binəqədi — 1 nəfər

9 saylı Binəqədi — 3 nəfər

10 saylı Binəqədi — 2 nəfər

11 saylı Qaradağ — 1 nəfər

12 saylı Qaradağ-Binəqədi-Yasamal — 1 nəfər

13 saylı Xəzər-Pirallahı — 2 nəfər

14 saylı Xəzər — 1 nəfər

15 saylı Yasamal — 1 nəfər

16 saylı Yasamal — qeydə alınan yoxdur

17 saylı Yasamal — qeydə alınan yoxdur

18 saylı Nərimanov-Nizami — 2 nəfər

19 saylı Nərimanov — 3 nəfər

20 saylı Nərimanov — 2 nəfər

21 saylı Nəsimi — 2 nəfər

22 saylı Nəsimi — 2 nəfər

23 saylı Nəsimi-Səbail — 2 nəfər

24 saylı Nizami — 1 nəfər

25 saylı Nizami — 1 nəfər

26 saylı Sabunçu — 2 nəfər

27 saylı Sabunçu — 2 nəfər

28 saylı Sabunçu — 2 nəfər

29 saylı Səbail — 1 nəfər

30 saylı Suraxanı — 1 nəfər

31 saylı Suraxanı — 3 nəfər

32 saylı Suraxanı — 2 nəfər

33 saylı Xətai — 1 nəfər

34 saylı Xətai — 5 nəfər

35 saylı Xətai — 2 nəfər

36 saylı Xətai — 1 nəfər

37 saylı Nizami (Gəncə) — 1 nəfər

38 saylı Nizami (Gəncə) — 1 nəfər

39 saylı Kəpəz (Gəncə) — 1 nəfər

40 saylı Kəpəz (Gəncə) — 2 nəfər

41 saylı Sumqayıt — 1 nəfər

42 saylı Sumqayıt — 1 nəfər

43 saylı Sumqayıt — 2 nəfər

44 saylı Sumqayıt-Xızı — 2 nəfər

45 saylı Abşeron — 2 nəfər

46 saylı Şirvan — 2 nəfər

47 saylı Mingəçevir — 1 nəfər

48 saylı Yevlax — 1 nəfər

49 saylı Yevlax-Mingəçevir — 1 nəfər

50 saylı Abşeron-Qobustan — 1 nəfər

51 saylı Qusar — 2 nəfər

52 saylı Quba — 3 nəfər

53 saylı Quba-Qusar — 1 nəfər

54 saylı Şabran-Siyəzən — 1 nəfər

55 saylı Xaçmaz şəhər — 2 nəfər

56 saylı Xaçmaz kənd — 2 nəfər

57 saylı Kürdəmir — 2 nəfər

58 saylı Hacıqabul-Kürdəmir — 3 nəfər

59 saylı Salyan — 3 nəfər

60 saylı Salyan-Neftçala — 2 nəfər

61 saylı Neftçala — 1 nəfər

62 saylı Saatlı — 4 nəfər

63 saylı Sabirabad — 4 nəfər

64 saylı Sabirabad — 2 nəfər

65 saylı Saatlı-Sabirabad-Kürdəmir — 3 nəfər

66 saylı Biləsuvar — 5 nəfər

67 saylı Cəlilabad şəhər — 5 nəfər

68 saylı Cəlilabad kənd — 4 nəfər

69 saylı Cəlilabad-Masallı-Biləsuvar — 6 nəfər

70 saylı Masallı şəhər — 2 nəfər

71 saylı Masallı kənd — 3 nəfər

72 saylı Yardımlı-Masallı — 1 nəfər

73 saylı Lənkəran şəhər — 2 nəfər

74 saylı Lənkəran kənd — 3 nəfər

75 saylı Lənkəran-Masallı — 2 nəfər

76 saylı Lənkəran-Astara — 3 nəfər

77 saylı Astara — 1 nəfər

78 saylı Lerik — 2 nəfər

79 saylı İmişli — 3 nəfər

80 saylı İmişli-Beyləqan — 4 nəfər

81 saylı Beyləqan — 3 nəfər

82 saylı Ağcabədi — 1 nəfər

83 saylı Ağcabədi-Füzuli — 3 nəfər

84 saylı Füzuli — 1 nəfər

85 saylı Şamaxı — 2 nəfər

86 saylı İsmayıllı — 2 nəfər

87 saylı Ağsu-İsmayıllı — 8 nəfər

88 saylı Göyçay — 2 nəfər

89 saylı Göyçay-Ağdaş — 1 nəfər

90 saylı Ağdaş — 2 nəfər

91 saylı Ucar — 3 nəfər

92 saylı Zərdab-Ucar — 4 nəfər

93 saylı Bərdə şəhər — 2 nəfər

94 saylı Bərdə — 2 nəfər

95 saylı Tərtər — 3 nəfər

96 saylı Goranboy-Naftalan — 4 nəfər

97 saylı Goranboy-Ağdam-Tərtər — 2 nəfər

98 saylı Şəmkir şəhər — 1 nəfər

99 saylı Şəmkir kənd — 1 nəfər

100 saylı Şəmkir-Daşkəsən — 1 nəfər

101 saylı Göygöl-Daşkəsən — 2 nəfər

102 saylı Samux-Şəmkir — 2 nəfər

103 saylı Gədəbəy — 1 nəfər

104 saylı Gədəbəy-Tovuz — 1 nəfər

105 saylı Tovuz — 2 nəfər

106 saylı Tovuz-Qazax-Ağstafa — 3 nəfər

107 saylı Qazax — 4 nəfər

108 saylı Ağstafa — 3 nəfər

109 saylı Balakən — 1 nəfər

110 saylı Zaqatala — 3 nəfər

111 saylı Zaqatala-Balakən — 1 nəfər

112 saylı Qax — 5 nəfər

113 saylı Şəki şəhər — 1 nəfər

114 saylı Şəki kənd birinci — 4 nəfər

115 saylı Şəki kənd ikinci — 2 nəfər

116 saylı Qəbələ — 1 nəfər

117 saylı Oğuz-Qəbələ — 3 nəfər

118 saylı Ağdam şəhər — 5 nəfər

119 saylı Ağdam kənd — 7 nəfər

120 saylı Cəbrayıl-Qubadlı — 1 nəfər

121 saylı Laçın — 1 nəfər

122 saylı Xankəndi — 2 nəfər

123 saylı Kəlbəcər — 1 nəfər

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd — 1 nəfər

125 saylı Zəngilan-Qubadlı — 2 nəfər.

8 ayda xarici müəssisə və təşkilatlar ölkəyə 4 milyard 473,6 milyon manat sərmayə qoyub

28.09.2015



statkom
Azərbaycanda fəaliyyət göstərən xarici müəssisə və təşkilatlar bu ilin 8 ayında 4 milyard 473,6 milyon manat sərmayə qoyub. Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

AZƏRTAC-ın məlumatına görə, xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəltdiyi vəsaitin 3 milyard 809 milyon manatı (85,1 faizi) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsusdur.

Cəbhədə ağır döyüşlər: Azərbaycanın 3 hərbi qulluqçusu şəhid oldu

28.09.2015

Sentyabrın 28-də Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Qeyd olunur ki, sentyabrın 27-də və 28-nə keçən gecə Silahlı Qüvvələrin bölmələri qoşunların təmas xəttində erməni birləşmələrinin fəallaşmaq cəhdinin qarşısını alıb: “Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrin 3 hərbi qulluqçusu — Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub”.

Sentyabrın 25-də də qoşunların təmas xəttində ağır və qanlı döyüş baş vermiş, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olmuş, 3 hərbi qulluqçu yüngül qəlpə yaraları almışdı.

Silahlı Qüvvələrin bölmələrinin adekvat tədbirlər zamanı endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilmiş, 16 nəfər yaralanmışdı.

Ermənistan Silahlı Qüvvələri 22 ildir Azərbaycanın bütün cənub-qərbini (Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayılı tam, Ağdərə, Xocavənd, Füzuli və Ağdamı qismən) işğal altında saxlayır.

Nazirlik vətəndaş müraciətləri əsasında 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görüb

28.09.2015

sehiyye-nSəhiyyə Nazirliyinin “Qaynar xətt” (9103) və “Elektron səhiyyə” xidmətlərinə 2015-ci ilin keçən dövrü ərzində 28 mindən artıq müraciət daxil olub. Xəbəri sentyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Rəsmi hesabata görə, “Qaynar xətt”ə və “Elektron səhiyyə”yə müraciətlərin 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib. Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb.

Yanan binada təmir başa çatdı

28.09.2015



binaBu il mayın 19-u Bakının Binəqədi rayonunda yanmış binada (Azadlıq prospekti, 200/36) aparılan təmir-tikinti işləri tam başa çatdırılıb. Sentyabrın 28-dən sakinlərin binaya köçürülməsinə start verilib.

“Azəraqrartikinti” şirkətinin sahə rəisi Vüqar Əliyev APA-ya bildirib ki, may ayından bəri 500 fəhlə və usta 24 saat fasiləsiz iş rejimində çalışıb və Qurban bayramı ərəfəsində əsaslı təmir işləri tam yekunlaşıb. Onun sözlərinə görə, ümumilikdə binada 59 mənzil əsaslı təmir olunub. Mənzillər mebel və məişət avadanlıqları ilə təmin edilib.

Tezalışan materialla üzlənmiş çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb. Nazirlər Kabineti binada əsaslı təmir və yenidənqurma işləri üçün 3 milyon manat ayırıb.


Yüklə 409,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin